Məhkəmə qərarları › İş №e-2(005)-3778/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3778/2025

12.03.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3778/2025 12.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və s.) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və s.“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh MTK-ya qarşı “əmək haqqı və s.“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023–cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş əmək haqqını və əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənci ödəniş gününə qədər hesablanmaqla Cavabdeh MTK-dan alınaraq ödənilməsi; Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 30.06.07-ci il tarixli əmri ləğv edilərək əvvəlki vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “01 avqust 2023-cü il tarixində Cavabdehndə rəsmi olaraq hüquqşünas kimi işləməyə başladım. Diplomun surətini, əmək kitabçasını təqdim etdim. Cavabdeh MTK tərəfindən mənə rəsmi olaraq “X3” təqdim edildi. Əmək haqqım aylıq 400 manat təşkil edirdi. Bundan əlavə olaraq mükafat kimi mənə mənzil veriləcəyinədə söz verilmişdir. Lakin əmək haqqım verilməmişdir. Cavabdeh MTK-i 13 fevral 2024-cü il tarixli əmri ilə məni qanunsuz işdən azad etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3409/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və mənim hüquqşünas vəzifəsinə bərpa olunmağım, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Həmçinin, sözügеdən qətnаmə əsаsındа vеrilmiş isrа sənədini icrа еtmədiyinə görə Nərimanov Rayon Məkhəməsinin 3(005)- 241/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh MTK-nın rəhbəri X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi də qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin İş № e-2(005)-1599/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2024-cü il tаriхdən ödənilməmiş məcburi iş buraxma müddəti üçün əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənci ödəniş gününə qədər hesablanmaqla Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməsi qət edilmişgir. Beləki, CavabdehMTK-i Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3409/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini bu günə kimi icra etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İş № 3(103)-465/2025 saylı xx.xx.2025-ci il tarixli CavabdehMTK –nın inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Məcburi iş buraxma müddəti üçün əmək haqqımı ödəməmişdir. Bunlara baxmayaraq yenidən CavabdehMTK xx.xx.2025-ci il tarixli əmri ilə mənimlə bağlanmış Əmək müqaviləsinə xitam vermişdir. Yəni ki, MTK-nın məqsədi mənimlə razılaşmaq deyil, mənim bütün ödənclərimi ödəmədən əmək müqaviləsinə xitam verilməsini hazırki iş ilə qanuniləşdirmək istəyir. Nərimanov Rayon Məkhəməsinin 3(005)-241/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh MTK-nın rəhbəri X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır; Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki; CavabdehMTK- qanunsuz, əsassız olaraq yenidən mənimlə bağlanmış əmək müqaviləsinə «AR ƏM-nin 70. “b”işçilərin sayı və ya ştatları ixtisar edildikdə» maddəsinə əsasən 30.06.07-ci il tarixində xitam verilməsi barədə əmr imzalamışdır. Həmin əmrin 2-ci bəndinə əsasən mənim xx.xx.2023 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 42 məzuniyyət gününün son-haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinin /departamentinə həvalə edilmişdir. Ə/h. 1,4 misli ilə 509 manat. 42 məzuniyyət günü 553 manat. Cəmi 1062 Həmin Əmrin aşağısında əmək kitabçası ilə birlikdə əmr də mənə göndərilir. Məndən tələb olunur, gedim bankların birində fərdi hesab açım ki, mənə çatan pulları ilk növbədə 1062 AZN və digər pulları bank vasitəsi ilə mənə göndəriləcəyi qeyd edilmişdir. Cavabdeh MTK-nın tərtib etdiyi 30.06.07-ci il tarixli əmri və əmək kitabçam ilə birlikdə 05 iyun 2025-ci il tarixində poçt vasitəsi ilə aldım. Mediyasiyada iştirak barədə 23 iyul 2025-ci il tarixli arayış vardır. Aşağıda göstərdikləri arqumentlərə, faktlara və maddi qanunvericiliyə əsasən hesab edirəm ki, Cavabdeh MTK tərəfindən mənimlə bağlanmış əmək müqaviləsinə «AR ƏM-nin 70. “b”işçilərin sayı və ya ştatları ixtisar edildikdə» maddəsinə əsasən tarixində xitam verilməsi barədə əmri tam əsassız, qanunsuz olduğundan, özünə məxsus tərzdə mülahizələrlə əsaslandırıldığından və mənim konistitusiya ilə təmin edilmiş əmək hüququmun kobud pozulması və məhdudlaşdırılması məqsədi daşıdığından “xx.xx.2023–cü il tarixdən ödənilməmiş əmək hağımı və həmin tarixdən əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənci ödəniş gününə qədər hesablanmaqla Cavabdeh MTK-dan alınaraq mənə ödənilməsi və Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 30.06.07-ci il tarixli əmri ləğv edilərək mənim əvvəlki vəzifəmə bərpa olunmağım və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qеyd еdilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3409/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qаnuni qüvvəsini аlsа dа, hаzırki vахtа kimi icrа еdilməmişdir. Göründüyü kimi qətnamənin icra olunması məcburi olduğu halda Cavabdeh MTK- qərəzli qətnaməni icra etməyərək, işə bərpa olunaraq əmək haqqımı ödəmədiyi halda yenidə qanunsuz olaraq Cavabdeh MTKnın xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 30.06.07-ci il tarixli əmri imzalayır. Mənim Əmək kitabçamda Cavabdeh MTK- qərəzli olaraq qeyd edir ki, guya Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3409/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi nəzərə alınaraq xx.xx.2025-ci il tarixində əvvəlki vəzifəmə bərpa edilmişəm. Lakin mənə xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilə kimi əmək haqqım verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İş № 3(103)- 465/2025 saylı xx.xx.2025-ci il tarixli CavabdehMTK –nın inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin İş № e-2(005)-1599/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, cаvаbdеh Cavabdeh MTK nümаyəndəsi iddiаçının hаzırki vахtа kimi işə bərpа еdilməməsini təsdiq еtmiş və bunun tехniki cəhətdən mümkün оlmаmаsı, yəni, bu hаlı аrаdаn qаldırmаq üçün Əmək Müfətişliyinin оnlаrа еlеktrоn sistеmə giriş vеrməmələri ilə əsаslаndırmışdır. Habelə əgər mən həmin tarixdən işə bərpa olunmuşamsada mübahisələndirilən xx.xx.2025-ci il tarixli əmrdə əmək haqqımla bağlı son haqq-hesab dügün hesablanmayaraq ödənilməmişdir. Əlavə edir ki, Bakı şəhəriNərimanov Rayon Məhkəməsi 06 dekabr 2024-cü il tarixində İş № e-2(005)-3409/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi verilmişdir. Beləki, qətnamənin icrası mərhələsində Cavabdeh MTK-nın rəhbəri T.Abbasov Nərimanov Rayon Məhkəməsinin hakiminə və Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevə 19 dekabr 2024-cü il tarixində MTK-nın möhürü ilə təsdiqlənmiş Ərizə ünvanlayaraq bildirmişdir ki; “İş fəaliyyəti başlayan kimi, İddiaçı həm işə bərpa ediləcək və İddiaçı xx.xx.2023-ci il dən xx.xx.2024-cü ilə kimi də əmək haqqı ödəniləcəkdir. Cavabdeh MTK rəsmi ərizəsi ilə təsdiq edir ki, mənə Cavabdeh MTK-da işlədiyim xx.xx.2023-ci il dən xx.xx.2025-ci ilə kimi əmək haqqı ödənilməməsini təsdiqlənmişdir. Cavabdeh MTK tərəfindən işlədiyim dövrlərdə əmək haqqımı verməməklə maddi ziyan vurmuşdur. Göründüyü kimi xx.xx.2023-ci il tarixindən bu günə kimi mənim əmək haqqımın almadığım təsdiqini tam tapmışdır. Həmin əmək haqqımın yəni 1 il 8 ay müddətində mənim əmək haqqım, hər gecikdirilən gün üçün 1% ödənişin hesablanaraq verilməsi tələbi təmin edilməlidir.” Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2(005)- 3778/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və s.“ tələbinə dair mülki iş üzrə icraata “xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş əmək haqqı və əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc” hissələrində xitam verilməsi qərara alınmışdır. Qərardaddan şikayət verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh MTK hazırda fəaliyyət göstərmir. Müəssisə 31 iyun tarixdə bağlanılıb. Qeyri-rəsmi olaraq iddiaçıya əmək haqqı ödənilib. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3409/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddiа tələblərinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissələrində təmin еdilmiş, qаlаn hissədə, yəni, gеcikdirilmiş məbləğin üzərinə gündəlik 1% оlmаqlа hеsаblаnmış ödənc məbləğinin tutulmаsı hissəsində təmin еdilməmişdir. -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3409/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə müəyyən olunur ki, iddia qismən təmin edilərək, Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1599/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı xx.xx.2024-ci il tarixdən hazırki vaxta kimi əmək haqqının gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi və 2400 manat ödənilməmiş əmək haqqının və xx.xx.2023-cü ildən bu günə kimi hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc olaraq cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsinə əsasən, xx.xx.2024-cü il tаriхdən ödənilməmiş məcburi iş buraxma müddəti üçün əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənci ödəniş gününə qədər hesablanmaqla Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 3(005)- 241/2025 nömrəli qərarı ilə Cavabdeh MTK-nin rəhbəri X2 İXM-in 528.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-465/2025 saylı qərarı ilə müəyyən olunur ki, Cavabdeh MTK-nin rəhbəri X2 və müdafiəçisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməmiş, Cavabdeh MTK-nin rəhbəri X1 İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 3(005)-241/2025 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. -Cavabdeh MTK-nın 06 fevral 2025-ci il tarixli 1 №-li sərəncamından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3409/2024 nömrəli qətnaməsi nəzərə alınmaqla İddiaçı əvvəlki vəzifəsinə bərpa edilmişdir -0023013 saylı əmək kitabçasının surəti ilə müəyyən olunur ki, Cavabdeh MTK-nın xx.xx.2025-ci il tarixli 1 №-li əmrinə əsasən, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilmişdir. -Əmək müqaviləsinin bağlanması ilə bağlı X3ndən görünür ki, işçinin aylıq əmək haqqının məbləği 400 manatdır. - Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, müəssisə öz fəaliyyətini dayandırdığından iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş, iddiaçıdan yazılı münasibət bildirməsi xahiş olunmuşdur. -Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 02 №-li əmrdən görünür ki, hüquqşünas vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR ƏM-nin 70. “b” – işçilərin sayı və ya ştatları ixtisar edildikdə maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2023 tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 42 məzuniyyət gününün son haqq-hesabının ödənilməsi əmr edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə arayışla müəyyən olunur ki, Cavabdeh MTK-nın fəaliyyəti xx.xx.2025-ci il tarixdən xx.xx.2075-ci il tarixədək dayandırılmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -11-ci maddəsinin b bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. -68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. -77-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. -77-ci maddəsinin 4-cü hissəsinə əsasən, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. - 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. - 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 154-cü maddəsinin 2-ci bəndnə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. - 172-ci maddəsinin 4-cü hissəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. - Həmin maddənin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.2-ci maddəsinə görə vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Həmin Məcəllənin və 16.3-cü maddəsinə görə vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına əsasən O da qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür...Göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir. Göründüyü kimi iddiaçının iddia tələbi aşağıdakı hissələrdən ibarətdir:

1. əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı.

2. xx.xx.2025-xx.xx.2025-ci il tarixədək ödənilməmiş əmək haqqı (icraata xitam verilməsi barədə məhkəmə qərardadı nəzərə alınmaqla);

3. əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc. Məhkəmə, iddia tələbinin birinci hissəsinin hüquqi əsaslandırılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdehin mübahisələndirilən xx.xx.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin "xxxx" bəndində nəzərdə tutulub. Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və s. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Hazırki iş materialları ilə müəyyən olunur ki, Cavabdeh MTK tərəfindən işçi İddiaçı ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, müəssisə öz fəaliyyətini dayandırdığından iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş, iddiaçıdan yazılı münasibət bildirməsi xahiş olunmuşdur. İşəgötürən Cavabdeh MTK-nın fəaliyyəti xx.xx.2025-ci il tarixdən xx.xx.2075-ci il tarixədək dayandırılmışdır (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə arayış). Göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilənədək işçi ilə əmək müqaviləsinin tərəfi olmuş hüquqi şəxsin fəaliyyətinin xx.xx.2075-ci il tarixədək dayandırılması halı baş vermişdir ki, bu da cavabdeh müəssisənin iş yükünün azalması, onun müəyyən işçilərə (o cümlədən “hüquqşünas” ştatına) ehtiyacının qalmaması üçün əsaslı səbəbdir. İşəgötürən işçilərin sayı və ya ştatları ixtisar etmək hüququndan istifadə edərək əmək müqaviləsinə xitam verilməmişdən öncə işçiyə yazılı qaydada rəsmi xəbərdarlıq etdiyindən, qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət edildiyindən və əmək müqaviləsinə xitam verilməsini istisna edən hallar mövcud olmadığından Əmək Məcəlləsinin tələblərinin pozulması halları baş verməmişdir. Beləliklə hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qanunvericiliklə müəyyən olunmuş tələblərlə uzlaşdırılması zamanı uyğunsuzluq aşkar olunmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh müəssisə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. İşçi – iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Məhkəmə, iddia tələbinin işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı hissələri ilə bağlı hesab edir ki, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə iddia ərizəsində göstərilən halların əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə iddia tələbinin ödənilməmiş əmək haqqı hissəsinə münasibətdə hesab edir ki, iddia qeyd olunan hissədə əsaslıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehin 01 №-li əmrinə əsasən əvvəlki vəzifəsinə (hüquqşünas) bərpa edilmişdir. Onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyindən işdən azad olunmuşdur. Konstitusiyada (m. 35) bəyan edilərək təminat verilmiş əmək hüququnun tərkib elementi kimi əmək haqqı almaq qaydaları Əmək Məcəlləsi ilə tənzimlənmişdir. Həmin Məcəllədə əmək haqqının on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməsi nəzərdə tutulmuşdur. Əmək haqqının verilməməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin cavabdeh tərəf iddiaçının əmək haqqının tam şəkildə ona ödənildiyini bildirsə də, cavabdehin nümayəndəsi iddiaçının tələb etdiyi məbləğlərin ödənilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr son haqq hesab, əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədləri (kitabçalar, vərəqələr, çeklər) işəgötürən tərəfindən tərtib edilir və buna müvafiq olaraq da işçi və işəgötürən arasında əmək mübahisəsi yarandığı zaman sonuncu tərəfindən məhkəməyə təqdim edilməlidir. Hazırkı iş materiallarından göründüyü kimi iddiaçının əmək haqqının ödənilməməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyildir, cavabdeh əmək haqqının ödənildiyini bildirsə də, onun tərəfindən iddiaçıya xx.xx.2025-xx.xx.2025 tarixləri ərzində müvafiq qaydada əmək haqqı ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə o halı da xüsusilə vurğulayır ki, cavabdeh tərəfindən işçi İddiaçı ilə işəgötürən Cavabdeh MTK arasında bağlanmış əmək müqaviləsi üzrə işçiyə dair bütün sənədlər (əmək müqaviləsi, son haqq hesab, ödənilmiş məbləğlər və s.), habelə işçiyə 2025-ci il fevral-iyun ayları üzrə ödənilmiş əmək haqqı məbləğlərinə dair sənədlərin Cavabdeh MTK tərəfindən məhkəməyə təqdim edilməsi məqsədilə xx.xx.2026-cı il tarixdə sübutların təmin edilməsi barədə qərardad qəbul edilmiş, qərardad müvafiq olaraq icra olunması üçün göndərilmişdir. Bununla belə, cavabdeh həmin qərardadın icrasını təmin etməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etsə də, qeyd olunan sənədlər, əmək haqqının ödənilməsini sübut edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Halbuki, cavabdehin “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti var, o məhkəmə tərəfindən keçirilən məhkəmə iclaslarının yeri və vaxtı, qəbul edilmiş qərardadlar, habelə həyata keçirilmiş digər prosessual hərəkətlər barədə tam məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya işə bərpa olunduğu tarixdən işdən azad olunduğu tarixədək, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək haqqı ödənilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi qeyd olunan hissədə təmin edilməli, cavabdehdən xx.xx.2025–ci il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş əmək haqqı (aylıq 400 manat x 6 ay) kimi 2400 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir: ilk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023cü il tarixli qərarında göstərmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-xx.xx.2025 tarixləri üzrə əmək haqqı ödənilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyindən, iddiaçının əmək haqqı qeyd olunan müddət ərzində ödənilməməklə gecikdirildiyindən cavabdehdən əmək haqqı ödənilməsinin gecikdirilməsinə görə əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc ödəniş gününə qədər hesablanmaqla kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan xx.xx.2025– ci il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş əmək haqqı kimi 2400 (iki min dörd yüz) manat və əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc ödəniş gününə qədər hesablanmaqla tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

V. Nəticə:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 358-360cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan xx.xx.2025–ci il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş əmək haqqı kimi 2400 (iki min dörd yüz) manat və əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc ödəniş gününə qədər hesablanmaqla tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar