Məhkəmə qərarları › İş №e-2(005)-3831/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3831/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3831/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 **-PF-*** dövlət qeydiyyat nişanlı “Reno Logan” markalı avtomobilə dəymiş zərər nəticəsində hesablanmış 2220 (iki min iki yüz iyirmi) manat, 1248 (bir min iki yüz qırx səkkiz) manat itirilmiş qazancın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 227-144/İ nömrəli xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Eyni zamanda, tərəflər arasında müqavilənin ayrılmaz hissəsi olan 227- 144/İR nömrəli xx.xx.2020-ci il tarixli (saziş) razılaşma imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən 1 (bir) ədəd “Renault” markalı **-PF-*** qeydiyyat nişanlı avtomobil VÖEN əsasında taksi fəaliyyəti göstərən Cavabdeh1 istifadəsinə verilmişdir. Sözügedən avtomobil sürücünün istifadəsinə xx.xx.2020-ci il tarixli akta əsasən verilmişdir. Eyni zamanda, həmin avtomobil xx.xx.2020-ci il tarixdə X9 müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən müqavilənin şərtlərinə uyğun lizinq yolu ilə İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Yəni İddiaçı MMC şirkəti digər lizinq şirkətindən avtomobillər alaraq taksi fəaliyyəti göstərən şəxslərin istifadəsinə verir (sublizinq). xx.xx.2020-ci il tarixli 227-144/İ saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən **-PF-*** saylı avtomobil Cavabdeh1 icarəyə verilmişdir. Cavabdeh1 ilə 227-144/İ saylı xx.xx.2020-ci il tarixli müqaviləyə həmin tarixli Razılaşma və zamini Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırkı mülki iş üzrə Cavabdeh1 17 iyun 2020-ci il tarixdə saat 19:50 radələrində müqavilə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə ona təhvil verilən “Reno Logan” markalı **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri L.Tolstoy küçəsində X3 idarə etdiyi, hüquqi sahibi X6 olan **-GB-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi” nəqliyyat vasitəsi ilə toqquşduqdan sonra Bakı şəhəri M.İbrahimov küçəsində dayanmış, X2 mülkiyyətində olan **-ZB-*** dövlət qeydiyyat nişanlı “Nissan Juke” markalı avtomobilə dəyməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Avtoqəza nəticəsində avtomobil sıradan çıxmış və təmir-bərpa işləri üçün 2220 (iki min iki yüz iyirmi) manat məbləğində pul xərclənmişdir. Həmin zərər “Renaut” avtomobillərinin rəsmi servisi olan “FNC Motors” tərəfindən çıxarılmış qüsur aktına əsasən təyin edilmişdir. Əlavə olaraq, **-PF-*** dövlət qeydiyyat nişanlı “Reno Logan” markalı avtomobilin qəzadan sonra təmir-bərpa işləri səbəbindən İddiaçı MMC-nə 48 (qırx səkkiz) gün ərzində avtomobilin taksi kimi fəaliyyət göstərməməsi nəticəsində gündəlik 26 (iyirmi altı) manat olmaqla, ümumilikdə 1248 (bir min iki yüz qırx səkkiz) manat ziyan dəymişdir. Əlavə olaraq, avtomobilin digər şirkətə məxsus olması səbəbindən qeyrişərtsiz aylıq cədvəl üzrə ödənişlər həyata keçirilməlidir. Qazanc əldə etmədən həmin lizinq borcu İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilmələrinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 06/2756/LİZ nömrəli xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən "xxxx" MMC 2019-cu il buraxılışlı, “Renault Logan” markalı, UF95433 mühərrik, 238117 ban nömrəli nəqliyyat vasitəsini 36 ay müddətinə lizinq alan İddiaçı MMC-nin müvəqqəti sahiblik və istifadəsinə vermiş, sonuncu isə müqavilənin ayrılmaz hissəsi olan 1 №-li Əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.3-cü bəndindən görünür ki, maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və lizinq alanın lizinq verən qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra lizinq alana keçir. 227-144/İ nömrəli xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən İddiaçı MMC (icarəyə verən) qanuni əsaslarla ona məxsus olan “Renault Logan” markalı minik nəqliyyat vasitəsini Cavabdeh1 (icarəyə götürən) icarəyə vermiş, sonuncu isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün (müvafiq icra hakimiyyəti orqanından VÖEN almaqla lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü) öz istifadəsinə qəbul etmişdir. İcarə müqaviləsi üzrə əldə edilən icarə obyektinin qiyməti 20.000 manat təşkil edir. Həmin müqavilənin 2.2.1-ci və 2.2.2-ci bəndlərinə əsasən nəqliyyat vasitəsini icarəyə verənə 600 manat depozit ödəməklə xx.xx.2020-ci il tarixdə qəbul etmək; nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tuutlan gündəlik 28 manat icarə haqqını bu Müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək icarəyə götürənin öhdəlikləridir. Həmin müqavilənin 3.1-ci və 4.1-ci bəndlərinə əsasən icarəyə götürən bu Müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsinin 1 (bir) təqvim günü müddətinə icarəsi üçün icarəyə verənə 28 manat məbləğində icarə haqqını ödəyir; bu Müqavilə 44 ay müddətinə, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanır. 227-144/İZ nömrəli xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 227-144/İ saylı icarə müqaviləsi ilə ələqədar olaraq Cavabdeh1 İddiaçı MMC qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 Cavabdeh1 ilə birlikdə İddiaçı MMC qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 227-144/İR nömrəli xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 227-144/İ nömrəli xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əlavələr edilmişdir. 03/22 nömrəli xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı MMC-nə 1232 manat icarə borcu vardır. TP ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə saat 19:50-də Nəsimi rayonu ərazisində “Renault Logan” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcının keçmə qaydalarını pozması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 60 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “Renault Logan” minik markalı **-PF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnmiş ehtiyat hissələrinin təmir xərcləri cəmi 2220 manat (1900 manat ehtiyat hissələrinin qiyməti+320 manat iş haqqı) təşkil edir. 147/D nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Renault Logan” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri üçün ödənilməli olan 2220 manat pul vəsaiti İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə nağd şəkildə servisə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair TP ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı təhlil edərək belə qənaətə gəlir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə, 06/2756/LİZ nömrəli xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən iddiaçının istifadəsində olan avtomobili idarə edən zaman avtomobilin əzilərək sonuncuya maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu inzibati tənbeh vermə haqqında qərarla da təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı MMC-nə maddi zərər yetirilmişdir. Belə ki, işin məhkəmə iclasında araşdırılan hallarına və iddiaçının nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan “Renault Logan” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnmiş ehtiyat hissələrinin təmir xərcləri cəmi 2220 manat (1900 manat ehtiyat hissələrinin qiyməti+320 manat iş haqqı) təşkil etmiş, həmin vəsait İddiaçı MMC tərəfindən servisə ödənilmişdir. Bundan başqa, yol-nəqliyyat hadisəsindən sonra “Renault Logan” minik markalı **-PF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə əlaqədar avtomobil 48 (qırx səkkiz) gün müddətində taksi kimi fəaliyyət göstərməmiş, nəticədə İddiaçı MMC-nə gündəlik 26 manat olmaqla, ümumilikdə 1248 manat ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 “Renault Logan” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər nəticəsində hesablanmış 2220 manat, həmçinin, avtomobilin taksi kimi fəaliyyət göstərmədiyi müddət üçün hesablanmış 1248 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması qanuni və əsaslıdır. Bundan başqa, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 227-144/İ nömrəli xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə Cavabdeh1 icarə müqaviləsindən irəli gələn öhdəliklərinin icrası digər Cavabdeh2 zaminliyi ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə “Renault Logan” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər nəticəsində hesablanmış 2220 manat, avtomobilin taksi kimi fəaliyyət göstərmədiyi müddət üçün hesablanmış 1248 manat məbləğində pul vəsaiti tutulmalı, о cümlədən, iş üzrə məhkəmə xərci cavabdehlərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə “Renault Logan” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər nəticəsində hesablanmış 2220 manat, avtomobilin taksi kimi fəaliyyət göstərmədiyi müddət üçün hesablanmış 1248 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3498 (üç min dörd yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar