Məhkəmə qərarları › İş №e-2(005)-3883/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3883/2025

20.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3883/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cəlb edilməklə) qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tam ödənilməmiş məzuniyyət haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tam ödənilməmiş məzuniyyət haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Laçın rayon 20 saylı tam orta məktəbin direktoru X2 tərəfindən onunla X8 Təhsil İdarəsi arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 40 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və ödənilməmiş 78 manat məbləğində məzuniyyət haqqının ödənilməsi, mediasiya prosesində mediasiya xərci kimi ödədiyi 50 manat mediasiya xərcinin və 10 manat kargüzarlıq xərci olmaqla, ümumilikdə 60 manat məbləğində mediasiya xərcinin işəgötürəndən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2007-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirərək Riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Həmin ildən X8 Təhsil İdarəsinin tabeçiliyində olan Laçın rayon 20 saylı Tam Orta məktəbdə riyaziyyat müəllimi olaraq əmək fəaliyyətinə başlamışdır. Riyaziyyat müəllimi kimi 18 ildən çox əmək stajı vardır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən “Dövlət ümumi təhsil müəssisələrində (ümumtəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydalarına əsasən 2024-cü ildəsertifikatlaşdırmaya cəlb edilərək 28 bal, 2025-ci ildə isə 24 bal toplayaraq sertifikatlaşdırmadan keçməmişdir. Belə ki, sertifikatlaşdırma zamanı təqdim edilmiş sualların tədris proqramına uyğun olmaması, sualların həcminin büyüklüyü ilə vaxtın uzlaşmaması onun sertifikatlaşdırmadan keçməyinə mane olmuşdur. Laçın rayon 20 saylı tam orta məktəbin direktoru Əminə Məhərrəmova tərəfindən onunla X8 Təhsil İdarəsi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin tələblərinə uyğun olmayan qaydada Əmək Məcəlləsinin 70-ci maddəsinin bəndinə əsasən xitam verilmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmr Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. Yalnız əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinin müddəaları qeyd edilməklə əmr tərtib edilmişdir. Odur ki, Laçın rayon 20 saylı tam orta məktəbin direktoru Əminə Məhərrəmova tərəfindən onunla X8 Təhsil İdarəsi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsi barədə əmr ləğv edilməli və məcburi iş buraxmaya görə ona ödənilməmiş, əmək haqqı ödənilməlidir. Yuxarıda qeyd edilənlərdən əlavə olaraq onu da bildirir ki, ona 2024- 2025-ci iş ili üçün hesablanmış məzuniyyət haqqı da düzgün hesablanmamışdır. Belə ki, bir iş ili üçün bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa) əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir. Onların 2024-2025-ci il iş ili xx.xx.2024-cü ildə başlayır və xx.xx.2025-ci ildə başa çatmışdır. Onunla işəgötürən arasındakı müqaviləyə xx.xx.2025-ci il tarixdə xitam verilməsinə baxmayaraq ona 37 gün istifadə edilməmiş məzuniyyət günü üçün 474 manat məbləğində məzuniyyət haqqı ödənilmişdir. Bu isə doğru olmamışdır. Belə ki, 2024-2025-ci iş ili üçün 56 təqvim günü müddətinə məzuniyyət verildiyini, iş ilinin xx.xx.2024-cü il tarixdə başladığını və xx.xx.2025-ci il tarixdə bitdiyini nəzərə alsalar da, bir ay üçün 56:12 =4,6 təqvim günü məzuniyyət günü düşür. İddiaçının müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verildiyini və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 10 ay 4 gün müddət işlədiyini nəzərə alınsa 10 ay X 4.6 təqvim günü = 46 təqvim günü məzuniyyət hüququm olduğu halda mənə 37 təqvim günü məzuniyyət üçün 474 manat məbləğində məzuniyyət haqqı verilmişdir. Beləliklə, ona 9 təqvim günü az məzuniyyət verilmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən 12 ay əvvəlki aylarda 365 manat məbləğində əmək haqqı almağını, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilməsini və məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləğinin tapıldığını və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edildiyini və bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləğinin məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulması yolu ilə məzuniyyət haqqının hesablandığı nəzərə alınsa 365 manat X 12 ay = 4.380 manat, 4.380 manat: 12 ay = 365 manat, 365 manat : 30,4 = 12 manat edir ki, iddiaçının da bir təqvim günü məzuniyyət haqqımın 12 manat olduğunu nəzərə alınsa 12 manat X 46 təqvim günü məzuniyyət = 552 manat məzuniyyət haqqı edir. 552 manat -474 manat ödənilmiş məzuniyyət haqqı = 78 manat ödənilməmiş məzuniyyət haqqı edir. Odur ki, iddiaçıya 78 manat məbləğində məzuniyyət haqqı az ödənmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşməsi və artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Laçın rayon 20 saylı tam orta məktəbin direktoru X2 tərəfindən iddiaçı ilə X8 Təhsil İdarəsi arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 40 nömrəli əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmaya görə 730 manat məbləğində əmək haqqının ödənilməsi və ödənilməmiş 78 manat məbləğində məzuniyyət haqqının ödənilməsi, mediasiya prosesində mediasiya xərci kimi ödədiyi 50 manat mediasiya xərcinin və 10 manat kargüzarlıq xərci olmaqla, ümumilikdə 60 manat məbləğində mediasiya xərcinin işəgötürəndən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyniməznmunlu izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı birbaşa Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən işdən azad edildiyindən, Agentliyin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin cavabdeh və ya müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsinə etiraz etmişdir. Məhkəmə öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi iddia tələbinə şifahi qaydada mülahizələrini bildirmiş, lakin yazılı etirazını məhkəmə müşavirədə olarkən vermişdir. İddiaya dair etirazında bildirilmişdir ki, Laçın rayonu 20 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi olaraq çalışmış İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanında uğur qazanmadığı üçün əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. İddiaçı qeyd edilən təhsil müəssisəsində xx.xx.2007-ci ildə işə qəbul edilməsini nəzərə alaraq əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi məzuniyyət günləri iş ilinə uyğun olaraq hesablanmışdır. Belə ki, İddiaçı iş ili xx.xx.2007-xx.xx.2008-ci ili əhatə edir və Əmək Məcəlləsinə uyğun olaraq pedaqoji fəaliyyətlə məşğul olan işçilərə 56 təqvim günü məzuniyyət verilir. 2008-ci ildə İddiaçı verilən 56 günlük məzuniyyətin xx.xx.2007xx.xx.2008-ci iş ili üçün verilmişdir. İşçi əmək məzuniyyətindən istifadə edərkən 12 ayı tamam olmayıbsa (İddiaçı 2008-ci ildə verilən əmək məzuniyyətində 12 ayı tamam olmadığı üçün onun 8 aylıq əməkhaqı cəmlənib 12-yə deyil 8-ə bölünməklə ödənilib) yığılmış əmək haqqı 12-yə deyil faktiki işlədiyi ayların sayına bölünür. İddiaçı 2024-cü ilin 01 iyul 26 avqust tarixlərində istifadə etdiyi əmək məzuniyyəti ona 01 noyabr 2023-cü ildən 01 noyabr 2024-cü ilədək olan iş ili hesabına ödənilmişdir. Bu səbəbdən istifadə olunmamış məzuniyyət günlərinin sayına görə ödənilən kompensassiya (son haqq hesab) 26 avqust 2024-cü ildən deyil 01 noyabr 2024-cü ildən hesablanır. Qeyd edilən müəssisədə iş ili xx.xx.2024-xx.xx.2025-ci ili əhatə etdiyini və işlədiyi aylara uyğun olaraq 8 ay üçün istifadə olunmamış məzuniyyətin əvəzinə son haqq-hesab verilmişdir (56/12=4.66*8=37.28 gün). İşçiyə son haqq hesab ödənilərkən sonuncu məzuniyyətdə olduğu ay deyil, işə qəbul olunduğu ay nəzərə alınır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan: - ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ixtisası üzrə Laçın rayon 20 saylı tam orta məktəbin müəllimi vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. - X5 Regional Təhsil İdarəsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Laçın rayonu 20 nömrəli tam orta məktəbə Riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. - Bakı 11 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasına (İMS) iştirak edilməməsi barədə MŞB/11/2025-01037 saylı xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı İMS-də iştirak etmiş, X8 Təhsil İdarəsi isə İMS-də iştirak etməmişdir. - Laçın rayon 20 saylı tam orta ümumtəhsil məktəbin xx.xx.2025-ci il tarixli 40 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətindən görünür ki, Tehsilverənlerin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə xx.xx.2025-ci il tarixində keçirilmiş təkrar sertifıkatlaşdırmadan keçmədiyi üçün Laçın rayonu 20 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Laçın rayon 20 saylı tam orta məktəbdə Riyaziyyat müəllimi vəzifəsində işləmişdir. O, xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) işdən azad edilmişdir. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmçinin bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2-ci maddəsinin 3-1-ci hissəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işəgötürən tərəfindən ləğv edilə bilər. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 118-ci maddəsinin 1-ci hissəsinə əsasən aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir: a) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə; b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa); c) uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara; ç) təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, internat tipli liseylərin, internat tipli gimnaziyaların, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin və internat tipli sanator ümumtəhsil məktəblərinin tərbiyəçilərindən başqa) eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə; d) sosial müdafiə orqanlarının və tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə; e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə; 140-cı maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 2-ci hissəsinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. 3-cü hissəsinə əsasən Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 33.3.9-cu maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək təhsilverənlərin vəzifələrindən biridir. Həmin Qanunun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydalarının; 1.4. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Qanunvericinin tələbindən göründüyü kimi, təhsilverənlərin sertifikasiyadan keçmələrinin könüllülüyü 60 və yuxarı yaşdan müəyyən edilmiş, həmin yaş kateqoriyasından aşağı yaşda olan şəxslərin sertifikasiyadan keçmələri isə onların vəzifəsi olaraq müəyyən edilmişdir. Sertifikasiyadan keçməyən şəxslərin 1 il müddətində iş yerində saxlanılmaqla, təkrar sertifikasiyada iştirakı nəzərdə tutulmuşdur. Təkrar sertifikasiyada iştirak etməmənin üzrlülüyü və bu səbəbdən təhsilverənlərin yenidən imtahana cəlb edilməsi isə artıq nəzərdə tutulmamışdır. Həmin hal isə işçi ilə bağlanmış əmək müqaviləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmçinin qanunda göstərilmişdir ki, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. İşin hallarından müəyyən edilir ki, İddiaçı təhsilverənlərin serftifikatlaşdırılması və təkrar serftikatlaşdırılması imtahanlarından keçməmiş və nəticədə cavabdeh işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. İddiaçı isə həmin imtahanlardan keçməməsini imtahanda olan sualların tədris proqramına uyğun olmaması və sualların həcminin böyüklüyünün verilən vaxtla uzlaşmaması ilə əlaqələndirmişdir. Bununla da hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsassız olmuşdur. Məhkəmə hesab edir edir ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas olduğundan, hazırda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin cavabdeh tərəfindən ləğv edilməsi əsassız olmamış, qanunvericiliyin tələbinə uyğun olmuşdur. İddiaçının iddia tələblərini əsaslandığı hallara müasibətdə isə məhkəmə bildirir ki, iddiaçının göstərilən əsasları onun sertifikatlaşdırmadan keçməməsi üçün üzrlü hesab edilən hal deyildir. Ümumiyyətlə sertifikatlaşdırmadan azad edilən şəxslər kateqoriyasına aid edilən şəxslər siyashısına da aid deyildir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydalarının 1.5-ci bəndinin 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması barədə müddəası əsas götürülərək, işəgötürənin mənafeyinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin c bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Bu baxımdan məhkəmə iddiaçının hüquqi mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, iddiaçının arqumentləri hüquqdan sui-istifadədir. Belə ki, məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmr Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əsaslandırılmaması ilə bağlı dəlillərini də əsassız, formal ifadələrdən ibarət mülahizə kimi qiymətləndirir. Məlum olduğu kimi iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hallar ona məlum olmuş, lakin qanunvericiliyin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslandırılması ilə bağlı göstərişlərinə istinad etməsi hazırki halda hüquqdan sui-istifadədir. Məhkəmə işin hallarını və işin yuxarıda qeyd edilən mövqeyini əsas götürərək, hesab edir ki, iddia tələbi işdən çıxarma barədə əmrin ləğv olunması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının “işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə tələblərinə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmrinin ləğvinə dair iddia tələbi təmin edilmədiyindən, göstərilən hissələrdə də iddia tələbləri təmin edilməməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin 78 manat az ödənilmiş məzuniyyət haqqı ilə bağlı qeyd edir ki, həmin hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki,iddiaçı ilə cavabdeh arasındakı müqaviləyə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, həmin vaxt ona 37 gün istifadə edilməmiş məzuniyyət günü üçün 474 manat məbləğində məzuniyyət haqqı ödənilmişdir. Belə ki, 2024-2025-ci iş ili üçün 56 təqvim günü müddətinə məzuniyyət verildiyini, iş ilinin xx.xx.2024-cü il tarixdə başladığını və xx.xx.2025-ci il tarixdə bitdiyini nəzərə alsalar da, bir ay üçün 56:12 =4,6 təqvim günü məzuniyyət günü düşür. İddiaçının müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verildiyini və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 10 ay 4 gün müddət işlədiyini nəzərə aldıqda 10 ay X 4.6 təqvim günü = 46 təqvim günü məzuniyyət hüququm olduğu müəyyən edilir. Əmək haqqının məbləğinin məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulması yolu ilə məzuniyyət haqqının hesablandığı nəzərə alındıqda 365 manat X 12 ay = 4.380 manat, 4.380 manat: 12 ay = 365 manat, 365 manat : 30,4 = 12 manat edir ki, iddiaçının da bir təqvim günü məzuniyyət haqqının 12 manat olduğunu nəzərə alındıqda 12 manat X 46 təqvim günü məzuniyyət = 552 manat məzuniyyət haqqı edir. 552 manat - 474 manat = 78 manat ödənilməmiş məzuniyyət haqqı edir. Odur ki, 78 manat məbləğində ödənilməmiş məzuniyyət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa, məcburi iş buraxma ilə bağlı tələbləri təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilmiş 60 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Lakin məhkəmə xərcinə daxil olan və ödənilməmiş 30 manat məbləğində dövlət rüsumuna görə pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsindən 78 manat məbləğində ödənilməmiş məzuniyyət haqqı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumuna görə pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar