Məhkəmə qərarları › İş №e-2(005)-3903/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3903/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3903/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 411,50 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 441,50 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixində AKX-02754xx/xx-2021 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00778 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Cavabdehin ödənilməmiş 2021-ci ilin fevral-dekabr ayları üzrə 601,55 manat sərfiyyat borcu və limitdən əlavə 16,15 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-iyun ayları üzrə 692,16 manat sərfiyyat borcu və limitdən əlavə 65,84 manat sərfiyyat borcu, cəmi 1375,70 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin fevral ayından 2022-ci ilin avqust ayına qədər cavabdeh 964,20 manat məbləğində ödəniş etmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 411,50 manat borcu qalmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması və cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh məxsus ev tərəflər arasında xx.xx.2021-ci il tarixində bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi əsasında İddiaçı tərəfindən qazla təmin edildiyindən, Cavabdeh istehlakçı kimi qeydiyyata alınmışdır. Cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi 411,50 manat borcu (debitor borcu) yaranmışdır. Hazırda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, debitor borcunun cavabdehdən tutulmasını tələb edir. İş materialların əlavə edilmiş: Paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX- 02754xx/xx-2021 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Abonentin saldosundan görünür ki, Cavabdeh (abonenti kodu **********00778) 411,5 manat məbləğində borcu vardır. Mədaxil qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə görə qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 3.2.1 və 5.5-ci bəndlərinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Hazırki iş üzrə isə cavabdeh alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılması ilə əlaqədar xidmətlərdən istifadəyə görə ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyini vaxtında icra etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçı cavabdehdən yaşayış sahəsi üzrə qazın verilməsi xidmətlərindən istifadə nəticəsində yaranmış borcun ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının müvafiq hüququnu pozmuşdur. Belə ki, iddiaçı tərəfindən müvafiq xidmətlərin göstərilməsi istehlakçı tərəfindən göstərilən xidmətlərin müqabilində müqaviləyə əsasən və dövlət tərəfindən müəyyən edilmiş ödəniş tariflərinə uyğun olaraq xidmət haqqı və digər ödənişlərin həyata keçirilməsini şərtləndirir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. O, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh debitor borcu üzrə 411,50 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul, ümumilikdə 441,50 manat məbləğində pul tutularaq İddiaçı İB-yə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh debitor borcu üzrə 411,50 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul, ümumilikdə 441,50 (dörd yüz qırx bir manat, əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı İB-yə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar