Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3931/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış 2850 manat məbləğində əsas borcun, 924 manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi malların anbarda saxlanıldığı hər 5 gün üçün 150 manat məbləğində saxlama haqqının və ödənilmiş 58 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2025-ci il tarixli “Malların anbarda saxlama” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə saxlama haqqını, habelə daşıma xidmətinin həyata keçirilməsinə görə 450 manat ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə xx.xx.2025-ci il tarixinə olan qalıq borcu 2850 manat təşkil etməkdədir. Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. xx.xx.2025-ci il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləğinə görə ümumilikdə 924 manat dəbbə pulu tələb edilməkdədir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 25 nömrəli “Malların anbarda saxlama” müqaviləsinin surətindən görünür ki, “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilə iə müəyyən edilmiş qayda və müddətdə saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədədir və müqavilənin bitməsinə ən azı 10 gün qalmış xitam verilməsi barədə hər hansı tərəfin birinin yazılı müraciəti olmadıqda müqavilənin müddəti hər dəfə eyni müddətə uzadılmış hesab olunur. Müqavilənin 5.1-ci maddəsinə əsasən saxlama haqqı 5 günlük 150 manat məbləğində müəyyən edilmişdir; - xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh müqavilə üzrə 2850 manat əsas, 924 manat cərimə borcu vardır; - İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025 və xx.xx.2025-ci il tarixli pretenziya məktublarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında saxlama müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər yazılı müqavilə bağlamış və cavabdeh mebel və digər əşyalarının anbarda saxlanması məqsədilə onları iddiaçıya təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə müəyyən edilmiş öhdəlikləri icra etməyərək, saxlama haqqını iddiaçıya ödəməmiş və hazırki vaxtadək əşyalarını götürməmişdir. Hazırda iddiaçı cavabdehdən əsas və cərimə borcunun tutulmasını, əlavə olaraq, borcun ödənilməməsi halında borcun anbarda saxlanmış əşyalara yönəldilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin iş üzrə tətbiq edilməli normalarına aşağıdakılar aiddir: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 299.1. Tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək, tərəflərin razılığı əsasında həyata keçirilən hərracın nəticələri üzrə protokol imzalananadək və ya elektron hərracın nəticələri haqqında protokol tərtib olunanadək, yaxud “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən şəhadətnamə verilənədək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 823. Tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. Tapşıran saxlamaya götürülmüş əşyanın xarakteri ilə əlaqədar saxlayıcının düşdüyü zərərin əvəzini ödəməlidir, amma əşyanı saxlamaya verərkən onun təhlükəli xassələrini bilmədiyi və ya bilməli olmadığı və ya bu barədə saxlayıcıya bildiriş verdiyi və ya saxlayıcının bildirişsiz də bunu bildiyi hallar istisna təşkil edir. Maddə 827. Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Maddə 830.1. Əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. Maddə 830.2. Anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. Maddə 830.3. Saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Hazırki işin hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2025-ci il tarixdə anbarda saxlama müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə ona verilən daşınar əşyaları özünə məxsus anbarda saxlamış, cavabdeh isə bunun müqabilində həmin müqavilədə müəyyən olunmuş qaydada və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. Bununla da, iddiaçı müqavilənin 5.4-cü bəndinə uyğun olaraq ödəmənin gecikdirildiyi hər gün üçün hesablanmış cərimə məbləğini və müqavilənin 5.5-ci bəndinin tələblərinə əsasən yaranmış borc məbləğinin saxlanc mallarına yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. O da qeyd edilməlidir ki, müqavilədə qeyd edilib-edilməməsindən asılı olmayaraq, iddiaçının saxladığı mallara girov hüququ vardır və bu hüquq mülki qanunvericilikdə təsbit edilmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etmədiyinə, müqavilənin şərtlərini pozduğuna görə onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Müqavilə şərtlərinin pozulmasında cavabdeh təqsirli olduğundan, malların saxlanmasına görə xx.xx.2025-ci il tarixinə hesablanmış 2850 manat məbləğdə vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin müqavilə şərtinə görə saxlama haqqı hər 5 gün üçün 150 manat müəyyən edilmişdir. Bu baxımdan qətnamə icra olunan günə kimi malların anbarda saxlanıldığı hər 5 gün üçün 150 manat məbləğində saxlama haqqı cavabdehdən tutulmalıdır. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə saxlayıcı tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər. Müqavilənin göstərilən şərtinə və mülki qanunvericilik tələblərinə əsasən, məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini icra etmədiyindən borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh tutulmalıdır. Məhkəmə cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 150 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə hesablanmış 2850 manat əsas borc, 150 manat cərimə borcu olmaqla, cəmi 3000 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 58 manat pulun 46 manatı, eləcə də qətnamə icra olunan günə kimi malların anbarda saxlanıldığı hər 5 gün üçün 150 manat məbləğində saxlama haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh tutulmalı, borc tam ödənildikdən sonra anbar sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2850 manat məbləğində əsas borc, 150 manat cərimə borcu olmaqla, cəmi 3000 (üç min) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 58 manat pulun 46 (qırx altı) manatı, eləcə də qətnamə icra olunan günə kimi malların anbarda saxlanıldığı hər 5 gün üçün 150 manat məbləğində saxlama haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Borc məbləği anbarda saxlanılan mallara yönəldilsin və malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh tutulsun. Borc tam ödənildikdən sonra anbar sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3931/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3931/2025
26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver