Məhkəmə qərarları › İş №e-2(005)-397/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-397/2022

12.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-397/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh “X9 ve X10 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “X9 ve X10 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “müqavilə öhdəliyinin pozulması nəticəsində cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X9 ve X10 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “müqavilə öhdəliyinin pozulması nəticəsində cərimənin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müqavilə üzrə öhdəliyini pozduğu- elektron informasiya sistemində (e-gov.az) vaxtında düzəliş edilməməsinə görə cavabdeh X9 ve X10 Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialından 3000 ( üç min) AZN müqavilə üzrə öhdəlik olan cərimə, iddia ərizəsinin verilməsinə ( eləcə də mediasiya) xərclərinə görə tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) AZN pul cavabdeh X9 ve X10 Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yazıb bildirir ki, 01.02.2020-ci il tarixdə X9 ve X10 Ticaret Limited şirkəti ilə iddiaçı arasında Əmək müqaviləsi bağlanmışdır. 01.04.2020-ci il tarixdə yazılı ərizə ilə şirkətdə tutduğu vəzifədən öz xahişi ilə azad edilmə barədə cavabdehə müraciət etmişdi. Buna baxmayaraq qanunvericiliyin tələbləri olduqca kobud şəkildə pozularaq 20.04.2020-ci il tarixdə tərəfindən əmək müqaviləsinə işçinin öz əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda səbəbi ilə xitam verilmişdir. ( pandemiya dövründə) İddiaçı hər zaman əmək vəzifələrinin icrası zamanı məsuliyyətli olmuş, əmək və icra intizamını pozmadığı üçün əmək müqaviləsinə bu qaydada xitam verilməsi iddiaçıda təəccüb doğurmuşdur. Çoxsaylı müraciətlərindən sonra 13 may 2020-ci il tarixdə iddiaçıya rəsmi qaydada 15 saylı arayış verilmiş və həmin arayışda qeyd olunmuşdur ki, “verilir İddiaçı, ondan ötrü ki, X9 ve X10 Ticarct Limited” Şirkətinin AR filialı tərəfindən işçinin əmək kitabçasına yazılmış 08 saylı 01.04.2020-ci il tarixli qeyd yanlışlıqla yazılmışdır və sonradan həmin qeyd Filial tərəfindən düzəliş edilərək işçinin əmək müqaviləsinə işçinin təşəbbüsü ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən xitam verilməsi barədə qeyd yazılmışdır. 13 may 2020-ci il tarixdə aramızda X4 (müqavilə) bağlanmışdır. Həmin protokolda işəgötürənin öhdəlikləri öz əksini tapmışdır. Protokolun l . l . l . bəndində qeyd olunmuşdur ki, işəgötürən, işçi ilə bağladığı əmək müqaviləsinə “Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi” barədə əmrin etibarsız hesab edilməsini, işçinin “əmək müqaviləsinə işçinin təşəbbüsü ilə əmək məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi” barədə əmrin verilməsini, həmçinin bununla əlaqədar işçinin əmək kitnbçasındakı qeydə düzəliş edilməsini və elektron informasiya sistemində (e-gov.az) düzəliş edilməsi barədə müraciət edilməsini öz öhdəsinə götürür. Protokolun 1.1.3. bəndində qeyd edilmişdir ki, işəgötürən, işçinin əmək kitabçasına yazılmış “işçi ilə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi” barədə qeydin YANLİŞ olduğu haqqında arayışı işçiyə təqdim edir. Həmin protokolun 1.1.4. maddəsinə əsasən işəgötürən, işçinin işəgötürənə maddi və ya mənəvi ziyan vurmadığını, həmçinin işçiyə qarşı heç bir şikayəti və tələbi olmadığını qəbul edir, habelə işçi barəsində dövlət orqanlarına şikayət etməyəcəyini və işçiyə qarşı məhkəmədə iddia qaldırmayacağım, eləcə də protokolun bu bəndində qeyd edilənlər barədə notarial qaydada təsdiq edilmiş ərizə imzalayaraq işiyə təqdim etməyi öz öhdəsinə götürür. Həmin protokolun 2.1. bəndində qeyd edilmişdir ki, bu protokolda ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflər bütün öhdəliklərini qarşılıqlı olaraq 7 ( yeddi) bank is günü ərzində icra edirlər. Tərəflərdən biri bu razılaşma protokolunda nəzərdə tutulmuş öhdəliklərdən biri və ya bir neçəsini pozarsa, digər tərəfə 3000 ( üç min) manat məbləğində cərimə ödəyir. Həmin protokolun 2.2. bəndində qeyd olunmuşdur ki, bu razılaşma protokolunda nəzərdə tutulmuş öhdəliklərdən biri və ya bir neçəsini pozması nəticəsində digər tərəfə cərimə ödəməsi tərəfləri öz öhdəliklərini icra etməkdən azad etmir. E-sosial.az saytına son olaraq 02.09.202l-ci il tarixdə daxil olarkən müəyyən etdi ki, X4 ilə cavabdeh öz üzərinə düşən öhdəlikləri kobud şəkildə pozmuş, işəgötürənin işçi ilə bağladığı əmək müqaviləsinə “Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi” barədə əmrin etibarsız hesab edilməsi, işçinin “əmək müqaviləsinə işçinin təşəbbüsü ilə əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi” barədə əmrin verilməsi, həmçinin bununla əlaqədar işçinin əmək kitabçasındakı qeydə düzəliş edilməsi və elektron informasiya sistemində (e-gov.az) düzəliş edilməsi barədə müraciət edilməsi ilə bağlı öhdəlikləri hələ də yerinə yetirilməmişdir. Halbuki dəfələrlə cavabdehə müraciət edərək bu səhvin aradan qaldırılmasını xahiş etmişdi. Üstəlik öhdəliklərin yerinə yetirilməsi ilə bağlı SON TARİX— 20 may 2020-ci il tarixi idi. Həmin tarixdən təxminən 1 (bir) il 3 ( üç) aydan artıq vaxt keçdikdən sonra dəfələrlə təkidlərindən sonra electron sistemə cavabdeh tərəfindən düzəliş edilmişdir. Lakin düzəliş edilməsinə baxmayaraq onun hüquqlarını kobud surətdə pozulmuşdur. Aralarında bağlanılan yazılı müqavilə öhdəliklərini pozduğu üçün hazırda cavabdeh X4 üzrə cavabdehin ödəməyi öhdəsinə götürdüyü 3000 (üç min) AZN pul məbləğini tələb edir. Pulu ödəmədikləri üçün hazırda aidiyyəti üzrə Bakı Şəhər Nərimanov Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Onlara rəsmi qaydada göndərdiyi pretenziya məktubunu iddia ərizəsinə əlavə edir. Üstəlik iddiaçının orta aylıq əmək haqqı hər zaman ortalama olaraq 1000 AZN olmuşdur. Bu 16 ay ərzində cavabdeh-işəgötürənin işçi ilə bağladığı əmək müqaviləsinə “Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi” barədə əmrin etibarsız hesab edilməsi, işçinin “əmək müqaviləsinə işçinin təşəbbüsü ilə əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi” barədə əmrin verilməsi, həmçinin bununla əlaqədar işçinin əmək kitabçasındakı qeydə düzəliş edilməsi və elektron informasiya sistemində (c-gov.az) düzəliş edilməsi barədə müraciət edilməsi ilə bağlı heç bir tədbir görülməməsi iddiaçıya olduqca böyük maddi və mənəvi ziyan vurmuşdur. Lakin iddiaçı cavabdehdən maddi və mənəvi ziyanın əvəzini deyil, yalnız cərimə məbləğini ödəməyi tələb edir. Bu gənc yaşda belə bir qanunsuz və ədalətsiz əmrlə karierasının üstündən xətt çəkilməsi bir gəncin həm xəyallarını, həm də özünü öldürməyə bərabər bir addımdır. Bu qanunsuz əmr 1 il 3 ay davamlı xarakter daşımış, qərəzli olaraq silinməmişdir. Hər kəsə məlum olan haldır ki, istər özəl sektorda, istərsə də dövlət qulluğunda Əmək Məcəlləsinin 72. maddəsi ilə müqaviləsinə xitam verilmiş şəxsləri demək olar ki, işə götürmürlər. Bu da çox ciddi problemlərə səbəb olur. İşə götürən bunu bilə-bilə öz qanunsuz əmrini elektron sistemdən silməmiş və silinməsinə cəhd göstərməmişdir. Bildirir ki, iddiaçı da həyata qədəmlərini yenicə qoyan və həyata yenicə atılan bir gəncdir. İddiaçının bu yaşında “bu cür damğalanmağı” iddiaçı barəsində həmin dövrdə ola biləcək bütün gələcək yönümlü proqressiv addımların qarşısını almış oldu. Qeyd olunanlara əsasən hazırda Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edərək 3000 AZN müqavilə üzrə öhdəlik olan cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Üstəlik e-sosial.az saytında yerləşdirilən məlumatdan görünür ki, iddiaçının əmək müqaviləsinə Koronavirus/ Covid-19 (Coronavirus Disease) infeksiyasının geniş yayıldığı pandemiya dövründə 20.04.2020-ci il tarixdə tamamilə qanunsuz olaraq xitam verilmişdir. X7 Xidməti bütün işəgötürənlərə xəbərdarlıq etmişdir ki, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə isdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədilə “Əmək müqaviləsi bildirişi" altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun çox ciddi məsuliyyət tədbirləri görüləcək. Yəni göründüyü kimi işəgötürən onu pandemiya dövründə qanunsuz olaraq işdən çıxarmışdır. İşdən çıxarmaqla kifayətlənməmiş, üstəlik Əmək Məcəlləsinin 72. maddəsi ilə əmək müqaviləsinə xitam vermişdir. İddia ərizəsindən və ona əlavə etdiyi sənədlərdən görünür ki, tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Əmək Məcəlləsinin, habelə qanunvericiliyin normaları kobud şəkildə pozulmuşdur. İddia ərizəsinə əlavə olunan 06.09.2021-ci il tarixli "xxxx" X6 Cəmiyyətinin iddiaçıya etdiyi xəbərdarlıqdan görünür ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən qüvvədə olan əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi ilə hədələyirlər. X9 ve X10 Ticaret Limited şirkətinin sistemdə dəyişiklik etməməsi səbəbindən dolayı iddiaçı "xxxx" X6 Cəmiyyətindən işdən çıxa bilməmiş, mütəmadi şəkildə şirkət rəhbəri tərəfindən mobbinqə və təzyiqlərə məruz qalıb. Bunu iddia ərizəsinə əlavə etdiyi “WhatsApp" yazışmaları sübut edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin rəisi cənab Fuad Heydərova yazdığı şikayətdən görünür ki, şirkətin qanuni təmsilçisi-direktoru X3 zamanlar iddiaçıya mobbinq (“Mobbing" latınca “mobile vulgus"dan gəlir. İngiliscə “mob” hücum etmək, narahat etmək mənasındadır. “Mobbing" termin olaraq dilimizə psixoloji terror, şiddət və ya zorakılıq olaraq tərcümə edilir) tətbiq edərək təkidlə işdən çıxmaq barədə öz razılığı ilə ərizə yazmağa və hansısa sənədlərə qol çəkməyə təkid etdiyinə görə iddiaçı ondan şikayət edib. Bundan əlavə təzə işlədiyi vaxtlar həftənin 6-cı günü saat 2-yə kimi işləsə də, hazırda iddiaçını və digər işçiləri zorla (işdən çıxarmaq hədəsi ilə) 6-cı gün saat 6-ya kimi işlədirdilər. 6-cı gün işçinin işə məcburən gətirilməsi bəs deyil, hələ saat “14:00” limitini də pozub iddiaçını saat “18:00"-a qədər işləməyə məcbur edirdilər. Yəni, qanunvericiliyə əsasən həftədə 40 saat işləməli olmağına baxmayaraq onları zorla 48 saat işlədirlər. Ərizəyə əlavə etdiyi MESA GROUP MMC-nin “WhasApp” qrupunda yazılanlardan görünür ki, şirkətin qanuni təmsilçisi-direktoru X5 qrupda yazaraq bildirmişdir ki, “Mən belə istəyirəm, mənə belə xoşdur. Kimə nə iş tapşırıram, harda nə tapşırıram mən bilərəm. Bu qaydalar mənim ürəyim istəyənə qədər davam edəcək. Mən dəyişdirənə qədər bu cür davam edəcək”. Daha sonra qeyd edir ki, “mənim dediyim hər hansı bir tapşırıq və ya göstərişə əməl olunmazsa, yaddan çıxarsa, unudularsa 50 manat cərimə olunacaqlar". Daha sonra qeyd edir ki. “saat 6-danı sonra mənə hesabat yazan əməkdaşa həmin gün əmək haqqı hesablanmayacaq". Daha sonra qeyd etmişdir ki, “6-cı gün iş günüdür, işdən sonra xanımlara da. Gələn həftədən etibarən artıq xanımlar da 6-cı gün saat 6-ya kimi işləməlidir. Etiraz qəbul olunmur. Artın sual verilməsin. İzahat qəbul olunmur! Sərt budur”. Həmçinin Şirkətin qanuni təmsilçisi-direktoru X5 bütün işçilərin daxil olduğu həmin qrupda iddiaçının şərəf və ləyaqətini alçaldaraq iddiaçıya aşağıdakı sözləri demişdir: “Mətanət xanım siz kimsiz ki, Şəhla xanının “Qalx yuxarı” əmrini verirsiniz? Və ya hər hansı əməkdaşa. Kimdənsə artıqsız? Qudurmusuz?” Bildirir ki, gərgin iş şəraiti rejimində kiminsə kiməsə “Qalx yuxarı” deməsi təhqir deyil, amma öz işçisinə bütün işçilərin qarşısında “qudurmuşunuz?” demək ağır təhqirdir. Gördüyünüz kimi, X9 ve X10 Ticaret Limited şirkətinin sistemdə dəyişiklik etməməsi səbəbindən dolayı iddiaçı "xxxx" X6 Cəmiyyətində məcburən təhqirlərə dözərək işləmiş, bir müddət sonra isə ümumiyyətlə tab gətirməyib öz ərizəsi ilə işdən çıxmaq istəyib, öz ərizəsi ilə işdən çıxmaq istəyərkən bu dəfə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmaqla hədələnib. Bütün bunların səbəbkarı X9 ve X10 Ticaret Limited şirkətidir. Çünki onlar vaxtında sistemdən qanunsuz qeydləri silsəydilər, iddiaçı özünə başqa iş tapa bilərdi. Məhz onların sistemdən qanunsuz qeydləri silməməsi səbəbindən dolayı iddiaçı mobbinqlərə, təzyiqlərə, hədəqorxulara dözməli olub. Çünki elə bir qeydin mövcudluğuna görə 1 ildən çox müddətdə iddiaçını başqa işəgötürənlər işə götürməmişdir. Hamıya məlum haldır ki. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmış işçiləri heç kim isə götürmür. Hesab edir ki, iddia ərizəsinə əlavə etdiyi mötəbər dəlillərlə ( arayış, protokol, fotoşəkillər və s.) iddiası tam olaran sübut olunur. Məhkəmə iclasında İddiaçı, onun vəkili Nümayəndə iddia ərizəsinin dəlilləri üzrə izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz təqdim edərək bildirdi ki, yazıb bildirir ki, 21.12.2021-ci il tarixli məhkəmə iclasında qarşı tərəfin vəkili iddia müddətinin tətbiq edilməsi ilə bağlı şifahi qaydada xahiş etmişdir. Qarşı tərəfin dediklərinə və gələcəkdə verəcəyi ehtimal olunan iddia müddətinin tətbiqi ilə bağlı yazılı ərizəyə münasibətdə bildirmək istəyir ki, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, MMin 373.1. maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İş materiallarında olan 13 may 2020-ci il tarixdə iddiaçıya rəsmi qaydada 15 saylı arayış verilmiş və həmin arayışda qeyd olunmuşdur ki, “verilir İddiaçı, ondan ötrü ki, “X9 ve X10 Ticaret Limited” Şirkətinin AR filialı tərəfindən işçinin əmək kitabçasına yazılmış 08 saylı 01.04.2020-ci il tarixli qeyd yanlışlıqla yazılmışdır və sonradan həmin qeyd Filial tərəfindən düzəliş edilərək işçinin əmək müqaviləsinə işçinin təşəbbüsü ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə qeyd yazılmışdır. İddiaçı ilə cavabdeh arasında X4ndan (MÜQAVİLƏ) müəyyən olunur ki, həmin müqavilə əmək münasibətlərinə xitam (01.04.2020) verildikdən 1 ay 13 gün sonra — 13 may 2020-ci ildə bağlanılmışdır. Həmin protokolun 2.1. bəndində qeyd edilmişdir ki, bu protokolda ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflər bütün öhdəliklərini qarşılıqlı olaraq 7 ( yeddi) bank iş günü ərzində icra edirlər. Tərəflərdən biri bu razılaşma protokolunda nəzərdə tutulmuş öhdəliklərdən biri və ya bir neçəsini pozarsa, digər tərəfə 3000 ( üç min) manat məbləğində cərimə ödəyir. Həmçinin müəyyən olunur ki, tərəflər arasında müqavilə əmək münasibətlərinə xitam verildikdən sonra bağlanılmışdır. Yəni X4 tərəflər arasında imzalanan zaman onlar işçi-işəgötürən statusunda deyildilər. Ona görə də hazırki münasibətlərə mülki hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində Əmək Məcəlləsinin vəzifələri və prinsiplərindən biri kimi əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi qeyd olunmuşdur. Buradan da belə nəticəyə gəlmək olur ki, tərəflər arasında müqavilə bağlanılan vaxtda olan münasibət əmək münasibətləri deyildi. Əgər əmək münasibətləri olsaydı, mülki müqavilə ilə onu rəsmiləşdirə bilməzdilər. Göründüyü kimi həmin maddədə hüquqlarının pozulduğunun aşkar edildiyi gündən söhbət gedir. Ancaq hazırda tərəflər arasında bağlanılmış mülki müqavilə var. Müqavilə tərəflərindən biri öz üzərinə etdiyi yanlışlıqla bağlı 1 həftə ərzində öhdəliyi icra etmək vəzifəsi götürmüşdür. İddia müddətinin tətbiqi heç də məhkəmə prosesinin bütün iştirakçıları barədə eyni nəticə çıxarmağa əsas vermir. Məhkəmə təcrübəsində bəzən elə işlərə təsadüf edilir ki, məhkəmə tərəflərin tələb və etirazları üzrə dəlilləri araşdırmadan yalnız iddia müddətinin keçməsinə əsaslanaraq tələbin təmin edilməməsi barədə qətnamə qəbul edir. Bu təcrübəni düzgün hesab etmək olmaz. Məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilib- verilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “X9 ve X10 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu, bundan əlavə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, bu səbəbdən də iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edərək, eyniməzmunlu ərizəsini təqdim etdi. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsində İddiaçı tərəfindən hüquqlarını təmsil etdiyi “X9 ve X10 Ticaret Limited” şirkətinə qarşı müqavilə öhdəliyinin pozulması nəticəsində cərimənin ödənilməsi tələbinə dair iddia qaldırılmışdır. Aşağıda qeyd edəcəyi dəlillər ilə iddia tələbinin əsassız olması sübuta yetirilir, eyni zamanda bu mübahisələr üzrə qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi səbəbilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, hüquqlarını təmsil etdiyi “X9 ve X10 Ticaret Limited” şirkəti ilə İddiaçı arasında 01.02.2020-ci il tarixli 2020.1 saylı əmək müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinə əsasən İddiaçı şirkətə satıcı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı hüquqlarını təmsil etdiyi şirkətdə 2 ay müddətinə işlədikdən sonra 01.04.2021-ci il tarixdə əmək intizamının kobud şəkildə nəticələnməsi ilə əlaqəli olan pozğuntu törətdiyi üçün onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər arasında aparılmış danışıqlar nəticəsində 13.05.2020-ci il tarixdə qarşılıqlı razılaşma haqqında protokol imzalanmışdır. Sözügedən razılaşma protokolunun 1 -ci bəndi üzrə işəgötürən işçi ilə bağladığı əmək müqaviləsinə əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsini, işçinin əmək müqaviləsinə işçinin təşəbbüsü ilə əmək məcəlləsini 68-ci maddəsini 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə əmrin verilməsini, həmçinin bununla əlaqədar işçinin əmək kitabçasındakı qeydə düzəliş edilməsini və elektron informasiya sistemində (e-gov.az) düzəliş edilməsi barədə müraciət edilməsini, 1(bir) bank iş günü ərzində işçinin faktiki olaraq işlədiyi dövr ərzində əmək haqqını və 1800 (min səkkiz yüz) manat məbləğində pulu işçiyə nağd qaydada və ya bank köçürməsi yolu ilə ödəməsini, işçinin əmək müqaviləsinə yazılmış işçi ilə bağladığı əmək müqaviləsinə əmək məcəlləsinin 70-ci maddəsinin V bəndi ilə xitam verilməsi barədə qeydin yalnış olduğu haqqında arayışın işçiyə verilməsini, həmçinin işçiyə qarşı heç bir şikayət və tələbin olmadığı, hər hansı bir dövlət orqanlarında ona qarşı şikayət etməyəcəyini və işçiyə qarşı məhkəmədə iddia qaldırmayacağını öz öhdəsinə götürmüşdür. Eyni zamanda işçi işəgötürənin bu protokolun 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi üçün əmək müqaviləsinə işçinin təşəbbüsü ilə əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsisinin “a” bəndinə əssən xitam verilməsi barədə ərizəsini və əmək kitabçasım işə götürənə təqdim etməsini, yuxarıda nəzərdə tutulan pul vəsaitini işçiyə ödədikdən sonra bu barədə qəbz imzalayaraq işəgötürənə təqdim etməyini, həmçinin işəgötürənə qarşı heç bir şikayəti və tələbi olmadığını və işə götürən barəsində hər hansı bir dövlət orqanına şikayət etməyəcəyini və işə götürənə qarşı məhkəmədə iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. Sözügedən X1 2.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər bütün öhdəliklərini qarşılıqlı olaraq 7 (yeddi) bank iş günü ərzində icra edirlər. Tərəflərdən biri bu razılaşma protokulunda nəzərdə tutulmuş öhddəliklərindən biri və ya bir neçəsini pozarsa digər tərəfə 3.000 (üç min) manat məbləğində cərimə ödəyir. Nəzərə çatdırır ki, hüquqlarını təmsil etdiyi “X9 ve X11 Ticaret Limited” şirkəti təərəflər arasında qarşılıqlı raşılaşma protokolu əsasında üzərində düşən bütün öhdəlikləri tam icra etmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, işəgötürən razılaşma protokolundada özündən asılı olan bütün öhdəliklərini icra etsə də, icra elektron informasiya sistemində (e-gov.az) işçinin işdən çıxma səbəbi barədə düzəliş edilməsi öhdəliyini həmin razılaşmanın 1.2.1-ci bəndinə əsasən işçi tərəfindən işəgötürənin bu protokolun 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi üçün əmək müqaviləsinə işçinin təşəbbüsü ilə əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsisinin “a” bəndinə əsasən xitam verilməsi barədə ərizəsini və əmək kitabçasını işə götürənə təqdim etməməsi səbəbindən icra etməsi mümkünsüz olmuşdur. Lakin buna baxmayaraq işəgötürən işçinin bu razılaşmadan öncə təqdim etmiş olduğu ərizəsini istifadə etməklə inzibati orqanın razılığı əsasında bu öhdəliyi də icra edərək elektron informasiya sistemində (e-gov.az) işçinin işdən çıxma səbəbi barədə düzəliş edilməsi həyata keçirmişdir. Nəzərə çatdırmaq istəyir ki, tərəflər arasında məhkəmədə baxılmaqda olan hazırkı mübahisə əmək mübahisələri kateqoriyasına aid tələbləri özündən əks etdirməkdədir. Bu işin halların da görünür ki, hazırkı mübahisə üzrə tərəflər arasında sənədin imzalanması əmək müqaviləsindən kənar protokol şəklində həyata keçirilsə də həmin protokolda tərəflərin adları əmək müqaviləsində olduğu kimi işəgötürən və işçi olaraq adlandırılmışdır. Belə olduğu halda hazırkı mübahisə əmək mübahisələri kateqoriyasına aid oldugıı üçün iş məhkəmədə baxılmamışdan öncə mediasiya tətbiqi prosesindən keçməsi qanunla tələb edilmişdir. Bildiyi kimi, əmək məcəlləsi əmək münasibətlərindən irəli gələn pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd etmək istəyir ki, iddiaçı ərizəsində göstərir ki, E-sosial.az saytına son olaraq 02.09.2021 -ci il tarixdə daxil olduğu zaman cavabdehin razılaşma protokolu ilə üzərinə düşən öhdəliyini icra etmədiyini görmüşdür. Eyni zamanda o ərizəsində qeyd etmişdir ki, razılaşma protokoluna əsasən tərəflərin öhdəliklərinin icrası tarixi 20.05.2020-ci ilədək müəyyən edilmişdir. Buradan tam aydın olur ki, iddiaçı razılaşma protokolu üzrə öhdəliklərin son icra tarixini 20.05.2020-ci il olduğunu bildiyi halda və ona bu sazişdən irəli gələn öhdəliklərin icrasını aşkara çıxarmağa iddia müddəti ərzində heç bir maneçilik olmadığı halda bunu etməmişdir. Bu öhdəliklərin icrasını yoxlamaq barədə hərəkət 1 il 3 ay sonra onun tərəfindən həyata keçirilmişdir. Belə olan halda da hesab edirlər ki, iddiaçı bu kateqoriyadan ibarət olan işlər üzrə qanunvericiliyin tələbi üzrə iddia müddətini üzrsüz ötürmüşdür. Əmək məcəlləsinin 296.6-cı maddəsi müddətin ötürülməsi üzrə üzürlü səbəblər kateqoriyasını - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı olaraq göstərmişdir. Əgər iddiaçının yuxarıda qeyd edilən üzürlü səbəblərdən hər hansı biri üzrə əsaslı sübutu vardırsa məhkəməyə təqdim edə bilər. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, iddia müddətinin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cii maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd edilir ki, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı is üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri- müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, yuxarıda qeyd edilən dəlillərlə iddia tələbini əsassız hesab etməklə yanaşı hesab edirlər ki, hazırkı tələb üzrə iddiaçı tərəfindən iddia müddəti üzürsüz olaraq ötürülmüşdür. Məhkəmə iddiaçının vəkilinin izahatlarını, çıxışlarını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə “X9 ve X10 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 13.05.2020-ci il tarixli X2 əsasən, İşəgötürən, İşçi ilə bağladığı əmək müqaviləsinə “Əmək Məcəlləsinin 70-cİ maddəsinin “ç” bəndi ilə xitam verilməsi” barədə əmrin etibarsız hesab edilməsini, işçinin “əmək müqaviləsinə İşçinin təşəbbüsü ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi” barədə əmrin verilməsini, həmçinin bununla əlaqədar İşçinin əmək kitabçasındakı qeydə düzəliş edilməsini və elektron informasiya sistemində (e-gov.az) düzəliş edilməsi barədə müraciət edilməsini öz öhdəsinə götürür. (1.1.1 bəndi). İşçi, İşəgötürənin bu protokolun 1.1.1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməsi üçün “əmək müqaviləsinə İşçinin təşəbbüsü ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-cİ hissəsinin “a” bəndinə əsasən xitam verilməsi” barədə ərizəsini və əmək kitabçasını İşəgötürənə təqdim edir. (1.2.1 bəndi). Bu protokolda ayrı qayda nəzərdə tutulmayıbsa, Tərəflər bütün öhdəliklərini qarşılıqlı olaraq 7 (yeddi) bank iş günü ərzində icra edirlər. Tərəflərdən biri bu razılaşma protokolunda nəzərdə tutulmuş öhdəliklərindən biri və ya bir neçəsini pozarsa, digər tərəfə 3000 (üç min) manat məbləğində cərimə ödəyir. (2.1 bəndi) Bir tərəfin bu razılaşma protokolunda nəzərdə tutulmuş öhdəliklərindən biri və ya bir neçəsini pozması nəticəsində digər tərəfə cərimə ödəməsi Tərəfləri öz öhdəliklərini icra etməkdən azad etmir. (2.2 bəndi) İş materiallarında olan İddiaçı “X9 ve X10 Ticaret Limited” MMC-yə ünvanlandığı 03.09.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, X9 vc X11 Ticarct Limited şirkətinin ( VÖEN **********) Azərbaycan Respublikasındakı Filialının direktoru olaraq bağladıqları X1 (müqavilənin) şərtlərini ( notarial qaydada ərizə verilməməsi, elektron sistemdə və əmək kitabçasında vaxtında və bu günədək düzəliş edilməməsi və sair) pozduqları üçün 3000 (üç min) AZN məbləğində cərimənin 5103 0714 3180 6096 saylı Kapital Bank hesabıma və ya nağd qaydada 10 gün ərzində ödənilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Əks təqdirdə, 3000 AZN müqavilə üzrə Öhdəlik olan cərimə, 16 aydır ( 20.05.2020-ci il tarixdən bu günə kimi) yanlış qeydin elektron sistemdən silinməməsinə görə 16.000 AZN, ona dəymiş mənəvi ziyana görə 5000 AZN, 30 AZN dövlət rüsumunun əvəzi və vəkilə verəcəyi 1000 AZN ödənişin- ümumilikdə 24.030 AZN pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində iddia qaldıracaq. İş materiallarında olan 13 may 2020-ci il tarixli 15 №-li Arayışın surətindən görünür ki, verilir, İddiaçı, ondan ötrü ki, "X9 ve X10 Ticaret Limited" Şirkətinin AR Filialı tərəfindən işçinin əmək kitabçasına yazılmış 8 saylı 01.04.2020-ci il tarixli qeyd yalnışlıqla yazılmışdır və sonradan həmin qeyd Filial tərəfindən düzəliş edilərək işçinin əmək müqaviləsinə işçinin təşəbbüsü ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin "a" bəndinə əsasən xitam verilməsi barədə qeyd yazılmışdır. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı tərəflər arasında bağlanmış razılaşma protokolunun şərtlərinə əsasən bildirir ki, cavabdeh “X9 ve X10 Ticaret Limited” Şirkətinin AR Filialı X4 ilə öz üzərinə düşən öhdəlikləri kobud şəkildə pozmuş, işəgötürənin işçi ilə bağladığı əmək müqaviləsinə “Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi” barədə əmrin etibarsız hesab edilməsi, işçinin “əmək müqaviləsinə işçinin təşəbbüsü ilə əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi” barədə əmrin verilməsi, həmçinin bununla əlaqədar işçinin əmək kitabçasındakı qeydə düzəliş edilməsi və elektron informasiya sistemində (e-gov.az) düzəliş edilməsi barədə müraciət edilməsi ilə bağlı öhdəlikləri yerinə yetirilməsini 7 bank iş günü ərzində icra etməmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd edir ki, razılaşma protokoluna əsasən tərəflərin öhdəliklərinin icrası tarixi 20.05.2020ci ilədək müəyyən edilmiş, bu öhdəliklərin icrasını yoxlamaq barədə hərəkət 1 il 3 ay sonra onun tərəfindən həyata keçirilmiş, belə olan halda da hesab edirlər ki, iddiaçı bu kateqoriyadan ibarət olan işlər üzrə qanunvericiliyin tələbi üzrə iddia müddətini üzrsüz ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında 13.05.2020-ci il tarixli X1 1.1.1-ci maddəsinə əsasən “İşəgötürən, İşçi ilə bağladığı əmək müqaviləsinə “Əmək Məcəlləsinin 70-cİ maddəsinin “ç” bəndi ilə xitam verilməsi” barədə əmrin etibarsız hesab edilməsini, işçinin “əmək müqaviləsinə İşçinin təşəbbüsü ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi” barədə əmrin verilməsini, həmçinin bununla əlaqədar İşçinin əmək kitabçasındakı qeydə düzəliş edilməsini və elektron informasiya sistemində (e-gov.az) düzəliş edilməsi barədə müraciət edilməsini, iddiaçı isə İşçi, İşəgötürənin bu protokolun 1.1.1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməsi üçün “əmək müqaviləsinə İşçinin təşəbbüsü ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-cİ hissəsinin “a” bəndinə əsasən xitam verilməsi” barədə ərizəsini və əmək kitabçasını İşəgötürənə təqdim etmək (1.2.1-ci bənd) barədə öhdəlik götürmüşdür. Ancaq razılaşma üzrə cavabdeh şirkət müqavilə öhdəliklərini tərəflərin razılaşdıqları müddət bitənədək yerinə yetirməmişdir. (razılaşmanın 2.1 bəndi) Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilərək, “Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi” barədə ərizə və əmək kitabçası cavabdeh şirkətə təqdim edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 13.05.2020-ci il tarixli X4 üzrə öhdəliklərini tam icra etdiyndən, cavabdeh şirkət isə razılaşdırılmış müddətdə öhdəliyini icra etmədiyindən həmin razılaşma üzrə üzərinə götürdüyü cərimə məbləğinin ödənilməsi barədə öhdəliyini icra etməlidir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh “X9 ve X10 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında 13.05.2020-ci il tarixli X1 2.1-ci bəndinin tələbləri müqavilə üzrə tərəf olan “X9 ve X10 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “X9 ve X10 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı müqavilə öhdəliyinin pozulması nəticəsində cərimənin ödənilməsinə dair tələbi irəli sürməkdə haqlı olmuşdur, bu səbəbdən də iddia təmin edilməli, cavabdeh “X9 ve X10 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 13.05.2020-ci il tarixli X4 üzrə 3000 manat məbləğində cərimə İddiaçı ödənilməlidir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ərizəyə münasibət bildirərək onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə cavabdehin Əmək Məcəlləsinin 296.4-cü maddəsinə (pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. ) istinad etməsini əsassız hesab edir. Hazırki mübahisəli razılaşma protokolu işçi və işəgötürənin əmək mübahisəsi üzrə məsələsindən irəli gəlsə də bu müqavilə hüquq pozuntusu aşkar edildikdən sonra tərəflərin qarşılıqlı razılaşması əsasında həmin pozuntunun aradan qaldırılması məqsədilə bağlanmışdır. Odur ki, hazırki halda iddiaçı öz əmək hüquqlarının pozuntusu ilə bağlı deyil, həmin pozuntunun aradan qaldırılması ilə bağlı qarşılıqlı razılaşmadakı öhdəliklərin pozuntusundan irəli gələn cərimənin ödənilməsinin tələb edilməsindən ibarətdir. Bu baxımdan ƏM-nin 296.3-cü maddəsinin (hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.) müddəalarından göründüyü kimi, işçinin hüququnun pozulmasının aşkar edilməsi halları belə işçi və işəgötürənin bağlı olduğu müəyyən sənədləşmələr və s. ilə əlaqədardır. Hazırki mübahisəli halda isə iddiaçı ilə cavabdeh arasında işçi-işəgötürən münasibətləri olmadığı aşkardır. Belə olan təqdirdə isə iddiaçının öz hüquqlarının pozulmasının aşkar edildiyi gün məntiqi olaraq əmək qanunvericiliyinin müddəaları ilə deyil, məhz mülki qanunvericiliyin müddəaları əsasında müəyyən edilməlidir. Nəticə etibarilə məhkəmə cavabdehin ərizəsini əsassız hesab etməklə, hesab edir ki, hazırki mübahisəli məsələyə üç illik iddia müddəti tətbiq edilməli olduğundan iddiaçı iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, mediasiya xərcinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) AZN pul cavabdeh “X9 ve X10 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi bu qanuni və əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X9 ve X10 Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 3000 (üç min) manat məbləğində cərimə və mediasiya xərcinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat pul İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar