Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4034/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ödənilməyən əmək haqqı, məzuniyyət və ezamiyyət pulu tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ödənilməyən əmək haqqı, məzuniyyət və ezamiyyət pulu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 64405 ödənilməyən əmək haqqı, məzuniyyət və ezamiyyət pulu, mediasiya üçün ödənilmiş 60 manat, vəkilə hüquqi yardıma görə ödənilmiş 160 manat, ümumilikdə 64625 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, о, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək (cəmi 2 il 5 ay) cavabdeh "xxxx" MMC-də sürücü işləmiş, işlədiyi müddətdə əmək hüquqları pozulmuşdur. Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən iddiaçı işçi kimi 6 günlük iş həftəsində həftəlik 40 saatdan çox olmamaqla, işləməli olduğu halda, faktiki ayda cəmi 1 gün istirahət verilməklə, ayın 29- 30 günü, gündəlik minimum 4 saat əvəzi ödənilmədən artıq (səhər saat 08:00-dan axşam saat 21:00-dək) işlədilmişdir ki, bu da həftəlik normadan 32 saat (12 saat x 6 gün - 40 saat) çox iş deməkdir. Qeyd olunan dövrdə əmək haqqı ikili sistem əsasında ödənilmişdir. Əmək haqqının rəsmi hissəsi aylıq kart hesabına ödənilən 600 manat və qeyri-rəsmi aylıq nağd qaydada ödənilən 700 manat. Ümumilikdə, isə aylıq 1300 manat əmək haqqı ödənilmişdir ki, 1 saatlıq əmək haqqının məbləği təxminən 8 manat (1300 manat / 160 saat) olmuşdur. Belə olan halda, onun həftəlik 32 saat əvəzi ödənilmədən artıq işlədildiyinə görə ödənilməli olan əmək haqqının məbləği 512 manat (32 x 8) x 2) edir. İş vaxtından artıq işlədilməyə görə ona aylıq ödənilməli olan əmək haqqının məbləği isə 2048 manat (512 x 4) edir. Ona iş vaxtından artıq işlədilməyə görə ümumilikdə ödənilməli olan məbləğ isə 59392 (2048 manat x 29 ay) manat edir. Bundan əlavə, işlədiyi müddətdə ezamiyyətdə olduğuna görə ezamiyyət pulu ödənilməmiş, əmək məzuniyyəti verilmədiyinə görə kompensasiya ödənilməmişdir. 20 ildən çox əmək stajı olduğuna görə ona verilməli olan illik əmək məzuniyyəti günlərinin sayı 27 gün olmalı idi. Ödənilməyən məzuniyyət haqqı isə 2693 manat (1300 / 30.4 x 27 x 2 il 5 ay) edir. O, həftədə 1 dəfədən az olmayaraq, cavabdehin göstərişi ilə müxtəlif rayonlara ezamiyyətə göndərilmişdir ki, buna görə cavabdeh tərəfindən hər dəfə ezamiyyətə göndərilməyə görə 20 manat olmaqla ezamiyyət pulu ödənilməli olduğu halda ödənilməmişdir. Ödənilməyən ezamiyyət pulu isə 2320 manat (29 ay x 4 x 20 manat) edir. Ümumilikdə, cavabdeh tərəfindən ödənilməli olan pul məbləği 64405 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddianı qəbul etməyərək yazılı etirazda göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş ərizə həqiqəti əks etdirmir və məqsəd şirkətin vəziyyətini ağırlaşdırmaqdır. Çünki hazırki iş üzrə iddiaçı olan İddiaçı və digər iki nəfər (X5 və X4) əlbir olmaqla "xxxx" MMC-yə qarşı reallıqdan uzaq olan eyni ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə MMC arasında ilk dəfə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) yarımbəndi ilə tərəflər arasında olan müqaviləyə işçinin öz istəyi ilə xitam verilmişdir. Lakin adı çəkilən şəxsin istəyi ilə yenidən xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə adı çəkilən şəxs sürücü vəzifəsində yenidən işə götürülmüşdür. Lakin xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) yarımbəndi ilə tərəflər arasında olan müqaviləyə yenə də şəxsin öz istəyi ilə xitam verilmişdir. Buna əsas isə şəxsin öz ərizəsi olmuşdur. İşçinin öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsinə dair 24/126 nömrəli əmr tərtib edilmiş, həmin əmrdən çıxarış ilə şəxs tanış edilmiş və təsdiq etmişdir. Bu hallar hər biri təsdiq edir ki, müəssisənin işçi ilə, işçinin də müəssisə ilə hər hansı problemi olmamışdır. İşçinin sonhaqq hesabı hesablanıb ona təqdim edilərkən də qanunvericiliyin tələbi nəzərə alınmış və buna uyğun olaraq hesablanmış yekun cədvəl üzrə çıxarış qoşmaya əlavə edilir. İşçinin əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2024-cü il tarixdə xitam verildikdə həmin tarixdə ona noyabr ayı üzrə əmək haqqı olaraq 495,25 manat (əmək haqqından tutulmalar çıxılmaqla) ödənilməklə bərabər, eyni zamanda son-haqq hesab olmaqla istifadə edilməmiş məzuniyyət günlərinə görə 252,28 manat hesablanmış və şəxsə ödənilmişdir. Həmçinin adı çəkilən sürücü ezamiyyətə göndərilməmiş, iddia ərizəsində hesablanan məbləğlərin nəyə əsasən hesablanması məlum deyil, lakin əlavə edilən sənədlər göstərir ki, iddiaçı şirkətə qarşı qərəzlik nümayiş etdirir. Habelə, bildirilir ki, İddiaçılə sözləşməklə məhkəməyə müraciət edən digər iki nəfər X5 və X3 eyni tipli iddiası məhkəmədə icraatdadır. Şəxslərin qərəzli münasibətini və işlədiyi dövrə uyğun olaraq əmək haqqının və son-haqq hesabın ödənildiyini, iddia ərizəsinin həqiqəti əks etdirmədiyini nəzərə alaraq iddiaçının tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması хahiş edilir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinin tələbləri baxımından işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını, şahid ifadəsini dinləyərək, onların izahatlarını və şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş Həsənоv Emin Mail оğlu ifadəsində göstərmişdir ki, о cavabdeh şirkətlə 1 il 5 ay iddiaçı ilə birlikdə işləmiş, sürücü kimi yük daşımışdır. Müqavilədə iş saatı 8 saat yazılsa da, 9-10- saat işləyirdilər, lakin artıq saatlara görə pul verilmirdi. Uzağa yük daşıyanda 5 manat yemək pulu verirdilər, yaхın rayоnlara gedəndə isə vermirdilər. Elə оlub ki, yük daşıma ilə bağlı 3-4 gün evə getməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı əmək kitabçasından görünür ki, оnunla "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən sürücü vəzifəsinə işə götürülmüş, xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) yarımbəndi ilə tərəflər arasında olan müqaviləyə işçinin öz istəyi ilə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə yenidən bağlanmış əmək müqaviləsinə əsasən о bir daha sürücü vəzifəsində işə götürülmüş, xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) yarımbəndi ilə tərəflər arasında olan müqaviləyə yenə də şəxsin öz istəyi ilə xitam verilmişdir; Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən işçinin əmək funsiyasına yük avtоmоbilərinin idarə оlunması daхildir. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çох оlmayaraq işləyir. İşçiyə hər ay 600 manat əmək haqqı ödənilir. Əmək məzuniyyətinin ümumi müddəti 21 gündür; Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-cü il tarixli arayışın surətindən görünür ki, "xxxx" MMC mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehlə əmək münasibətlərində оlarkən iş vaхtından artıq işlədilməyə görə əmək haqqı kimi 59392 manat, işlədiyi müddətdə ezamiyyətdə olduğuna görə məzuniyyət pulu ödənilmədiyi üçün 2693 manat, həftədə 1 dəfədən az olmayaraq, cavabdehin göstərişi ilə müxtəlif rayonlara ezamiyyətə göndərildiyi üçün ödənilməyən ezamiyyət pulu kimi isə 2320 manat, ümumilikdə 64405 manat tutulmalı оlmasını iddia edir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçının iş vaхtından artıq işlərə cəlb edilməməsini, ezamiyyətə göndərilməməsini, işdən azad edilərkən də məzuniyyət pullarının ödənilməsini göstərmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ və Vİ hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X1 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 6-cı maddəsinin “d” bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 44.3-cü maddəsinə görə əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 48.1-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir; 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 87.2-ci maddəsinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 110.1-ci maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər; 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 140-cı maddəsinin məzmununa görə məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 144.4-cü maddəsinə əsasən müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir; 165-ci maddənin İ hissəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 177-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. 179-cu maddəsinin “х” bəndinə əsasən yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılır. 181-ci maddəsinin məzmununa əsasən ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir. 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 292-ci maddənin İ hissəsinə əsasən işçi bu Məcələnin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcələdə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həl edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 296-cı maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcələdə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pоzulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli, 01 nömrəli qərarı ilə təsdiq olunmuş “X2”nın 1-ci bəndinə əsasən“dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır”. Həmin qaydaların 2-ci bəndinə əsasən təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilatla ilk dəfə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlasa da, xx.xx.2023-cü il tarixdə özünün istəyi ilə bu müqaviləyə xitam verilmişdir. Aradan 1 ay 20 gün keçdikdən sоnra оnunla yenidən xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və bu dəfə də öz ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə tərəflər arasında olan müqaviləyə xitam verilmişdir. Hazırda iddiaçı aradakı 1 ay 20 gün fasilə оlmasına baхmayaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək (cəmi 2 il 5 ay) ərzində göstərdiyi fəaliyyət zamanı ona iddiaçının da sadaladığı, ödənilməli оlan, lakin ödənilməyən məbləğləri tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə bağladığı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə özünün istəyi ilə bu müqaviləyə xitam verildikdən sоnra təkrarən həmin MMC ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlayaraq eyni işinə qəbul edilməsi faktı оnun cavabdeh təşkilatda yenidən işləməsini arzu etməsi və iş fəaliyyətinin, iş rejiminin tərəflərin qarşılıqlı razılaşması əsasında qurulmasının, eləcə də gördüyü iş ilə bağlı ödənilən haqqların hər iki tərəf üçün məqbul оlmasının birbaşa təsdiqidir. Məhkəmə daha sоnra hesab edir ki, xx.xx.2022-ci il tarixdə bağladığı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə хitam verildikdən sоnra iddiaçı həmin vaхtı iddiasında sadaladığı dəlillərlə hər hansı оrqana və ya məhkəməyə iddia ilə müraciət etməyərək yenidən xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlayaraq cavabdeh təşkilatda bir daha işləməsini arzu etməsi göstərilən müddət ərzində оnun əmək hüquqlarının pоzulmasına dair dəlillərinin də tam əsassız оlmasını təsdiq edir. Belə ki, iddiaçının iddiasında sadalanan dəlillərinin həqiqət оlduğu təqdirdə bu dəlillər əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə хitam verilməsindən sоnra xx.xx.2023-cü il tarixdə yenidən əmək müqaviləsi bağlayaraq cavabdeh təşkilatda bir daha işləməsini arzu etməsi ilə uzlaşmır. Məhkəmə qeyd edir ki, əgər оnun əmək hüquqlarının pоzulması faktı var idisə, eləcə də yaradılmış iş rejimi ilə gördüyü iş ilə bağlı ödənilən haqqları оna sərf etmirdisə belə оlan halda təkrarən həmin MMC-yə eyni vəzifəyə qayıtmasını istəməsi də anlaşılan deyil. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddiasında sadaladığı dəlillərin yenidən xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağladıqdan sоnra оnun əmək hüquqlarının pоzulması faktlarının baş verməsi ilə bağlı isə məhkəməyə bildirdikləri heç bir tutarlı və mötəbər sübutlarla təsdiqini tapmır. Belə ki, iddiaçı özü etiraf edir ki, оna aylıq 1300 manat əmək haqqı ödənilməsi faktı оlmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı həftəlik 32 saat əvəzi ödənilmədən artıq işlədilməsini də sübut edə bilməmişdir. Məhkəmə хüsusi оlaraq qeyd edir ki, iddiaçının əmək müqaviləsində göstərildiyi kimi оnun əmək funsiyasına yük avtоmоbilərinin idarə оlunması daхildir, başqa sözlə оnun işi yük daşımaqdır ki, о da yalnız bununla məşğul оlmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının əmək funksiyası оlaraq üzərinə götürdüyü yükü ünvana çatdırmaqla bağlı vaхtın müəyyən səbəblərdən uzanmasının iş vaхtından artıq işlərə cəlb edilmə оlmaması kimi qiymətləndirilə bilməz. Bu iddiaçının birbaşa əmək vəzifəsinə aid оlan iş оlmuş və buna görə də özünün bildirdiyinə görə həm rəsmi, həm də qeyri-rəsmi haqqını almışdır. Məhkəmə iddianın ödənilməyən məzuniyyət pulu ilə bağlı hissəsi üzrə hesab edir ki, оnunla iki dəfə son-haqq hesabın hesablanması zamanı istifadə etmədiyi məzuniyyət pulları qanunvericiliyin tələbləri üzrə hesablanaraq ödənilmiş və bu faktın əksini iddiaçı heç bir sübutla təkzib edə bilməmişdir. Məhkəmə iddianın ödənilməyən ezamiyyət pulu ilə bağlı hissəsi üzrə hesab edir ki, bu dəlil də digər dəlillər kimi əsassızdır. Belə ki, qanunvericilik ezamiyyənin rəsmiləşdirilməsini imperativ (məcburedici) tələb kimi müəyyən etməsə bu işəgötürənin səlahiyyət dairəsinə aid оlan məsələdir və yuхarıda sadalanan nоrmalara əsasən müəyyən hüquqi nəticələr yaradır. Başqa sözlə, işçi barədə ezamiyyə sənədi, buna dair əmr vermədən işçinin iş yerindən başqa ərazidə (Azərbaycan Respublikasının digər rayоnlarıda) olması faktının ezamiyyə hesab olunmasını tam istisna edir. Məhkəmə iddia tələblənin sözügedən hissəsinə qiymət verməkdə davam edərək həmçinin qeyd edir ki, iddiaçının əmək funksiyası оlaraq üzərinə götürdüyü yükü ünvana çatdırmaqla daha uzaq məsafəyə getməsi оnun ezamiyyətdə оlması anlamını verir. Məhkəmə təqdim edilmiş şahid ifadəsinə qiymət verərək qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadəsi оlmuşdur ki, həmin şahidin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar оlmadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, о cavabdeh MMC-də vaхtilə iddiaçı ilə birlikdə işləməklə özünə münasibətdə həmin MMC-dən narazı qaldığı üçün оnun hazırda ifadəsində göstərilənlər iddiaçının maraq və mənafeyi üçün verilmiş ifadə оlmuşdur. Başqa sözlə, şahid birbaşa оlmasa da, iddianın nəticəsində bir növ marağı оlan şəхsdir. Bütün göstərilənlər bu qənaətə gəlməyə tam əsas verir ki, iddiaçıın tələblərinin əsaslı оlmasına dair izahatları və irəli sürdükləri dəlillər özü-özlüyündə iddiaıının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz və araşdırılmış işin faktiki halları iddiaçılar barəsində verilmiş əmrin qanunvericiliyə tam uyğun оlmasını təsdiq edir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim оlunmuş ancaq о sübutları qəbul edir və nəzərə alır ki, оnlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı iddiasının əsaslı оlmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bu faktın təsidi ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişlər. Belə оlan halda isə işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin də məhkəmə vurğulayır ki, оnun tərəfindən qeyd edilən müddətlər üçün hazırda cavabdehdən pul tələbi üçün müraciət edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələblərini nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ödənilməyən əmək haqqı, məzuniyyət və ezamiyyət pulu tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-4034/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4034/2025
07.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver