Məhkəmə qərarları › İş №e-2(005)-4099/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-4099/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4099/2023 20.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil-Tikinti Koorperativi ilə xx.xx.2021-ci il tarixdə bağladığı 52 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - ünvan 1 ünvanında yerləşən 6 bloklu, çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 109.0 kv.m. olan 3 otaqlı mənzilin ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə xx.xx.2021-ci il tarixdə bağladığı 52 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında yerləşən 6 bloklu, çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 109.0 kv.m. olan 3 otaqlı mənzili hər kv.m. 1200 manat olmaqla 130.800 manata razılaşmaqla satın almışdır (sifariş etmişdir). Mənzilin dəyərinin 125.000 manat hissəsini tam şəkildə müqavilə bağlandığı gün xx.xx.2021-ci il tarixdə ödəmiş, bu barədə ona kassa mədaxil orderi qəbzi təqdim edilmişdir. Əlavə olaraq müqavilə bağlandıqdan az bir müddət sonra 5800 manat qalıq borcunu vermişdir. Daha sonra müqavilənin 14-cü bəndinə uyğun olaraq əlavə 2000 manat ödəməklə mənzildə təmir işlərinə başlamış, mənzilin təmirinə təxminən 50.000 manat əlavə xərc çəkmişdir. Lakin bundan sonra MTK-nın işlərində problemlər yaranıb, təsisçilər arasındakı mübahisəyə görə bina tam olaraq təhvil verilməyib, tikinti işləri hələ də tam başa çatdırılmayıb. Tikintinin vaxtında başa çatdırılmaması, öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi səbəbindən tez-tez müdiriyyət ilə əlaqə saxlasa da, bugünə kimi mənzil ona təhvil verilməyib. Dəfələrlə cavabdehin rəhbər şəxslərinə müraciət etsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Bu isə nə müqavilə şərtlərinə, nə də mülki qanunvericiliyin tələblərinə cavab vermir. Cavabdehin qeyd edilən hərəkətləri, müqavilə şərtlərini pozması onun maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, aldığı mənzilin dəyərini tam ödəsə də, ona maliyyə arayışı 125000 manat hissəsinə dair verilmişdir. Qalan 5800 manatı Hacıyev Nöfələ əlbəəl vermiş, o isə sənəd verilməsinə ehtiyac olmadığını, mənzilin ona məxsus olduğunu bildirmişdir. Hazırda mənzilin açarları ondadır, mənzildə təmir işləri aparmışdır. Qapısının üzərində nömrəsini yazsa da, hər hansı bir başqa şəxs həmin mənzillə bağlı ona müraciət etməmişdir. Lakin bina mübahisəli olduğundan sahiblik, istifadə hüquqlarının tam sərbəst həyata keçirilməsinə maneəçilik törədilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Satıcı” Cavabdeh MTK ilə “Alıcı” İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 52 saylı müqavilədən görünür ki, alıcı Cavabdeh MTK-nın ünvan 2 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok, 11-ci mərtəbəsində, 3 otaqlı mənzili almaq üçün satıcıya müraciət edir və tərəflər arasında müqavilə bağlanır. Mənzilin sahəsi 109 kv.metr təşkil edir və hər bir kv.metr sahəsinin ilkin dəyəri 1200 manatdır. Müqavilənin ümumi məbləği 130800 manatdır. Müqavilənin 12-ci maddəsinə görə, mənzilin dəyərini tam ödəmədən onun daxilində hər hansı təmir tikinti işləri aparmaq qadağandır; xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 125000 manat məbləğində pul Cavabdeh MTK-ya ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 52 saylı müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 109 kv.metr təşkil edən 3 otaqlı mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra verilməsi şərtləndirilmişdir. Müqaviləyə əsasən mənzilin dəyəri 130800 manat təşkil edir, maliyyə arayışında isə mənzilin dəyərinin 125000 manat hissəsinin ödənildiyi qeyd edilmişdir. İddiaçı müqavilə llə şərtləşdirilmiş məbləği tam şəkildə ödədiyini bildirir və bu halı təsdiq edən sübut kimi mübahisələndirilən mənzildə onun tərəfindən təmir işlərinin aparılmasına icazə verilməsinə istinad edir. İddiaçı mənzilin dəyərini tam şəkildə ödədiyinə, mənzildə təmir aparılmasına icazə verildiyinə və təmir işləri apardığına, buna baxmayaraq mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneəçilik törədildiyinə əsaslanaraq mənzilin ona təhvil verilməsi və mülkiyyətinə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 165-ci maddəsinə uyğun olaraq, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi) Eyni Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq isə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Hazırki işdən göründüyü kimi, satıcı Cavabdeh MTK mənzili tikib alıcıya təhvil verməyi, alıcı İddiaçı isə öz növbəsində mənzilin dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin icra edilməsinə, habelə mənzildə təmir işləri aparılmasına baxmayaraq, cavabdeh mənzilin tam şəkildə iddiaçıya təhvil verilməsində maneəçilik törətmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçının həmin mənzilə dair hüquqi şəxslə bağladığı müqavilə qüvvədədir, onun etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməlidir. Qeyd olunduğu kimi, həmin müqavilə tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları qarışıq (əsasən podrat) müqavilədir və həmin müqavilə çərçivəsində sifarişçi kimi çıxış edən iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin dəyərini ödəmiş, MTK isə mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının müqavilədə verilməsi öhdəliyi nəzərdə tutulmuş mənzilə münasibətdə sahiblik və istifadə hüququ yaranmaqla yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 5.3 və 6.1.5-ci maddələrinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə tərəflər, aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olmuşdur. Maliyyə arayışında şərtləşdirilmiş məbləğin tam şəkildə ödənilmədiyi görünsə də, iddiaçı həmin məbləği əlbəəl verdiyini bildirir. Tərəflər arasında bağlanmış müqavilənin 12-ci maddəsinə görə, mənzilin dəyərini tam ödəmədən onun daxilində hər hansı təmir tikinti işləri aparmaq qadağandır. Hazırki işdə isə iddiaçıya mənzildə təmir işləri aparılmasına icazə verilmişdir. Bu isə mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dəlalət edir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mənzilin dəyərinin maliyyə arayışında əks olunmayan hissəsini, yəni 5800 manatını ödəyib-ödəməməsi ilə bağlı gələcəkdə mübahisə yaranarsa, həmin hal müqavilənin ləğv edilməsi üçün deyil, qalıq məbləğin tələb edilməsi üçün əsas ola bilər. Belə ki, maliyyə arayışında əks olunan məbləğlə, ödənilməsini təsdiq edən sübut olmayan hissəsi arasında fərq çoxdur, yəni öhdəliyin icra edilməyən hissəsi cüzi olduğundan, bu hal müqavilənin ləğvi üçün əsas ola bilməz. Hazırki halda iddiaçının dəlilləri ağlabatan olmaqla müqavilə şərtləri ilə təsdiq edilir. Cavabdeh isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və həmin halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, razılaşdırılmış mənzili tələb etmək iddiaçının hüququdur, mənzili iddiaçıya təhvil vermək isə cavabdeh MTK-nın vəzifəsidir. Hazırki iş üzrə cavabdeh mənzili iddiaçıya təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, müqavilənin bağlanmasından xeyli müddət keçsə də öz öhdəliklərini tam şəkildə icra etməmiş, cavabdehə mənzildə təmir işləri aparılmasına icazə versə də, sonradan öz öhdəliklərinin icrasından yayınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. İddiaçının izahatına və iş materiallarına əsasən mübahisələndirilən mənzil iddiaçıya təhvil verilmədiyindən, qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası, iddiaçının müqavilədən irəli gələn hüquqlarının həyata keçiilməsinə törədilən maneələrin aradan qaldırılması vəzifəsi onun üzərinə qoyulmalıdır. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 3 ünvanında olan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 109 kv.metr təşkil edən mənzilin İddiaçı təhvil verilməsi və sahiblik, istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanda olan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 109 kv.metr təşkil edən mənzilin İddiaçı təhvil verilməsi və mənzilə dair sahiblik, istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar