Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-410/2024 31.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-ya qarşı “öhdəliyin qoyulması” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “zərərin ödənilməsi” barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin qoyularaq, aylıq ödənilməli olan məbləğin qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdeh tərəfindən edilən qanunsuz müdaxilənin cavabdehə qadağan edilməsi, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının, 7-ci giriş, 12-ci mərtəbəsində yerləşən, 89,5 kv.metrdən ibarət 109 saylı mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) ona verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin qoyularaq, aylıq ödənilməli olan məbləğin qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 7-ci giriş, 12-ci mərtəbəsində yerləşən, 89,5 kv.metrdən ibarət 109 saylı mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) ona verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı, yenidən iddia həcminin artırılması ilə bağlı ərizə təqdim edərək, Cavabdeh MTK-nın kooperativ üzvlüyündən çıxarılması barədə 13 oktyabr 2023-cü il tarixli protokol-qərarının ləğv edilməsinin, ”Şərur” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 109 nömrəli müqavilənin ləğv edilməsinin və İddiaçı kooperativ üzvlüyündən çıxarılmasının qanunsuz hesab edilməsi, Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin qoyularaq, aylıq ödənilməli olan məbləğin qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ona, yəni İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının, 7-ci giriş, 12-ci mərtəbəsində yerləşən, 89,5 kv.metrdən ibarət 109 saylı mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə həmin ərizənin verilməsi üçün əsasların məhkəmə baxışı gedişində ortaya çıxdığını nəzərə alaraq, Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin ərizənin icraata qəbul edilməsini mümkün hesab etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış 13 oktyabr 2021-ci il tarixli, 109 saylı müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən, cavabdeh “Satıcı”-ya ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında Cavabdeh MTK-nın vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 109 saylı mənzilinin ona təhvil verilməsini öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə görə ödənilməli olan 15000 manat məbləğ nəğd olaraq ödənilmişdir. Məbləğin qalan 83450 manat hissəsi isə hissə-hissə 13 oktyabr 2024-cü il tarixinə qədər ödənilməlidir. Hissə-hissə ödənilməli olan pul vəsaitinin hissəsinin ödənilməsi cavabdehin tələb etdiyi kimi həyata keçirilmişdir. Lakin sonuncu ayın (sentyabr) ödənişi MTK-nın işçiləri tərəfindən qəbul edilməmiş və ondan əlavə olaraq 25776 manat pul tələb olunmuşdur. MTK-nın işçiləri tərəfindən əlavə ödənilməli olan 25776 manat pul vəsaiti barədə ona imzalanmış kağız da verilib. Buna etiraz edəndə cavabdeh tərəfindən istifadəsində olan, artıq təmir edilmiş və yaşadığı mənzildə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müvəqqəti təminat tədbirinin görülməsi barəsində ərizə ilə müraciət edərək ona aid 109 saylı mənzildə elektrik enerjisinin verilməsinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-16(005)-275/2023 saylı qərardadı ilə ərizə təmin edilərək, mənzilə elektrik enerjisinin verilməsinin bərpa edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur. Göründüyü kimi MTK-nın işçiləri rəhbərlərinin göstərişi ilə gələcəkdə daha artıq məbləğ tələb etməkdən ötrü bilərəkdən ondan aylıq ödənişləri əskik götürmüş, mənzil tərəfindən tam təmir olunandan sonra aylıq ödənişlər qəbul edilməmiş və mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Cavabdehə pretenziya verəndən sonra, yəni cavabdehin qanunsuz tələblərini yerinə yetirməməsini bildikdə, cavabdeh tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə pretenziya göndərilmişdir. Cavabdeh öz tamah niyyətinə nail olmadığına görə müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə pretenziya vermiş və bu yolla onu qanunsuz olaraq tələb etdiyi pul vəsaitini ona verməyə məcbur etmişdir. Cavabdeh tərəfindən bu hərəkətlər əksər sakinlərə qarşı edilmiş və hazırda da həmin mübahisələrə müxtəlif instansiyalarda baxılmaqdadır. İşin hallarından göründüyü kimi, cavabdeh son günlərdə müqavilənin şərtlərinə uyğun olaraq tərəfindən ödənilən aylıq pul vəsaitini qəbul etməyərək və əlavə olaraq 25776 manat pul vəsaiti tələb edərək aralarında bağlanmış müqavilə öhdəliklərini pozmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MTK qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı mənzilin ümumi dəyərinin 20%-i məbləğində 19690 manat dəbbə pulunun və mənzildə yaşadığı on iki ay müddət üçün aylıq 800 manat olmaqla 9600 manat kirayə haqqının, ümumilikdə 29290 manat pul vəsaitinin tutularaq kooperativə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə cavabdeh İddiaçı Əliövsət qızı arasında kooperativin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəvi yol ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 7-ci giriş, 12-ci mərtəbəsində yerləşən sahəsi 89,5 m2 olan 2 otaqlı 109 nömrəli mənzilə dair 13 oktyabr 2021-ci il tarixdə kooperativ mənzil titikntisi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə payçı yəni cavabdeh İddiaçı Əiövsət qızı müqavilə bağlanan gün 15.000 manat məbləğində ilkin ödəniş edərək qalıq 83.450 manat borcu aylıq 2318 manat olmaqla nağd şəkildə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh götürmüş olduğu öhdəliyi icra etməyərək 2022-ci ilin sentyabr, 2023-cü ilin iyul, sentyabr aylarında ödəniş olmamış, digər aylarda isə ödəniş kəsirlə icra edilmişdir. Dəfələrlə kooperativ tərəfindən cavabdehə ünvanlanmış borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli, 123 nömrəli müraciət edilməsinə baxmayaraq kooperativə heç bir ödəniş edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən “Payçı” müqavilə üzrə ödənişi 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tətbiq olunur, 2 ay gecikdirdikdə “Payçıya" xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə birtərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Kooperativin xx.xx.2023-cü il tarixli 123 nömrəli xəbərdarlıq məktubu ilə müqavilənin 5.5-ci bəndinə əsasən mənzili 10 gün müddətinə yeni qiyməti ilə almaq payçıya təklif edilmiş və bu müddətdə müqavilə bağlanılmasından imtina edildikdə, müqavilənin Kooperativ tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşanılan müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı xəbərnaməli məktubla payçıya çatdırılmışdır. Göründüyü kimi, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə kooperativ haqlı olmuşdur. Qeyd edilən səbəblərdən Kooperativ ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilə ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi X3 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddia tələbinin isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kooperativ mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 109 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəvi yol ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 7-cı giriş, 12-ci mərtəbəsində yerləşən sahəsi 89,5 m2 olan 2 otaqlı 109 nömrəli mənzili İddiaçı verməyi, payçı isə müqavilə ilə müəyyən edilmiş qaydada mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Payçı 15000 manat məbləğində ilkin ödəniş etmiş, 83450 manat qalıq borcu isə 13 oktyabr 2024-cü il tarixədək aylıq 2318 manat olaraq ödəməyi öhdəsinə götürmüşdür; - Ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 2600 manat, xx.xx.2021-ci il tarixdə 1800 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 1800 manat, xx.xx.2022-ci il tarixdə 1700 manat, xx.xx.2022-ci il tarixdə 2300 manat, xx.xx.2023-cü il tarixdə 2300 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2200 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat məbləğində pulu Cavabdeh MTKya ödəmişdir; - İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, aylıq ödənilməli olan və əskik ödənilmiş məbləğin nə qədər təşkil etməsi barədə rəsmi arayış və həmin məbləğin ödənilməsi üçün MTK-nın bank hesabının ona təqdim edilməsini xahiş etmiş, əks təqdirdə bununla bağlı Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyi barədə Cavabdeh MTK-nı xəbərdar etmişdir; - Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla MTK-nı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyindən, müqavilənin 5.5-ci bəndinə əsasən mənzili 10 gün müddətində yeni qiyməti ilə alması payçı İddiaçı təklif edilmiş, əks təqdirdə müqavilənin MTK tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı barədə xəbərdar edilmişdir; - Cavabdeh MTK-nın 144 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı onunla kooperativ arasında bağlanmış xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilənin ümumi yığıncağın qərarına əsasən xx.xx.2023-cü il tarixdə ləğv edilməsi barədə məlumatlandırılaraq müqavilə üzrə mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin ona qaytarılacağı bildirilmişdir; - Cavabdeh MTK-nın ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolunun surətindən görünür ki, “Şərur" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilənin ləğv edilməsi, mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşanılan müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin vətəndaş İddiaçı qaytarılması və onun kooperativ üzvlüyündən çıxarılması qərara alınmışdır. Həmin protokol sədr qismində Mehdi İ.Axundov və katib qismində İmran M.Axundov tərəfindən imzalanmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 109 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən satıcı Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəvi yol ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 7-ci giriş, 12-ci mərtəbəsində yerləşən 109 saylı mənzili payçı İddiaçı verməyi, İddiaçı isə ilkin 15000 manat ödəyərək 83450 manat məbləğində qalıq pulu aylıq 2318 manat olmaqla 13 oktyabr 2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşlər. Payçı İddiaçı 2023-cü ilin sentyabr ayınadək aylıq ödənişlərini qeyri-sabit məbləğdə və bir sıra hallarda müəyyən kəsirlə icra etmiş, ötən 2 ilə yaxın müddətdə bu hal tərəflər arasında mübahisə doğurmamışdır. Bununla belə MTK, həmin ilin sentyabr ayında payçı İddiaçı həyata keçirmək istədiyi ödənişi qəbul etməkdən imtina etmişdir. Bundan sonra payçı İddiaçı əskik ödənilmiş ödəniş məbləğinə dair rəsmi arayışın və həmin məbləğin ödənilməsi üçün MTK-nın bank hesabının ona verilməsi xahişini özündə əks etdirən pretenziya məktubu ilə Cavabdeh MTK-ya müraciət etmiş, MTK isə onun həmin xahişini təmin etməmiş (əskik ödənişin məbləğinə dair arayışı və ödənişin icra edilməsi üçün bank hesabına dair məlumatları təqdim etməmiş), əksinə payçı İddiaçı xx.xx.2023-cü il tarixli pretenziya ünvanlayaraq mənzili müqavilənin 5.5-ci bəndinə əsasən 10 gün müddətində yeni qiyməti ilə alması təklif edilmiş, əks təqdirdə müqavilənin birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra qalan vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı barədə onu (payçını) xəbərdar etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı mülki iş üzrə məhkəmə icraatının başlanmasına əsas olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin mübahisəyə məhkəmədə baxıldığı zaman isə Cavabdeh MTK kooperativin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokoluna əsasən payçı İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 109 saylı müqavilənin ləğvini, o cümlədən dəbbə pulu və mənzildə yaşanılan müddətə görə hesablanmış kirayə haqqı çıxılaraq qalan vəsaitin payçı İddiaçı qaytarılmaqla onun kooperativ üzvlüyündən çıxarılmasını rəsmiləşdirmiş və məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilənin MTK tərəfindən təktərəfli qaydada ləğv edilməsinin düzgün olub-olmamasına hüquqi qiymət verilməlidir. Belə ki, həmin xüsusatın aydınlaşdırılması ilkin iddianın əsaslı və ya əsassız olduğunu müəyyən etməyə imkan verəcəkdir. Digər tərəfdən qarşılıqlı iddiada göstərilən tələblərin irəli sürülməsi məhz müqavilənin MTK tərəfindən bir tərəfli qaydada pozulması şərti ilə mümkündür (müqavilənin 5.5-ci bəndinə əsasən). Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının (ləğv edilməsinin) ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Buna əsasən, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir (MM-in 421.2-ci maddəsi). - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda; Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Hazırkı işdə payçı İddiaçı müqaviləni əhəmiyyətli dərəcədə pozması halı müəyyən edilmir. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, payçı 2023-cü ilin sentyabr ayınadək aylıq ödənişlərini qeyri-sabit məbləğdə və bir sıra hallarda müəyyən kəsirlə olsa belə, aybaay icra etmiş, Cavabdeh MTK isə həmin ödənişləri qəbul etmişdir. MTK-nın qeyd edilən hala dair payçıya hər hansısa irad bildirməsi və ya ödənişlərin natamam icra etdiyi məqamda payçıdan cərimə tələb etməsi müəyyən edilmir. Beləliklə, ötən 2 ilə yaxın müddətdə bu hal tərəflər arasında mübahisə doğurmamış və tərəflər arasında münasibətlər uzun müddət qeyd olunan aspektdə davam etmişdir. Cavabdeh MTK yalnız 2023-cü ilin sentyabr ayında qabaqcadan hər hansı xəbərdarlıq etmədən payçının həyata keçirmək istədiyi ödənişi qəbul etməkdən imtina etmişdir. Tərəflər arasında bağlanmış müqavilədə onun birtərəfli iradə ifadəsi ilə ləğvini nəzərdə tutan bənd mövcuddur. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən, payçı müqavilənin 3.2-ci bəndində qeyd olunan ödənişi 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tətbiq olunur, 2 ay gecikdirdikdə, "xxxx" xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə birtərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. İlk növbədə qeyd olunmalıdır ki, istehlakçı ilə bağlanmış müqavilənin həmin şərti Mülki Məcəllənin 420.2-ci maddəsinin tələblərinə uyğun olaraq etibarsızdır. Belə ki, həmin maddəyə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Müqavilənin həmin şərti etibarlı şərt kimi qəbul edilsə belə, yuxarıda qeyd edildiyi kimi, ötən 2 ilə yaxın müddətdə MTK-nın həmin hala dair payçıya hər hansısa irad bildirməsi, ödənişlərin natamam icra etdiyi ilə əlaqədar payçıdan cərimə tələb etməsi və ya müqaviləni birtərəfli olaraq pozması müəyyən olunmur. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 529-cu maddəsi öhdəliyin icrasının qəbulu qaydalarını müəyyən edir. Məcəllənin 529.2, 529.4 və 529.5-ci maddələrinə uyğun olaraq, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Göründüyü kimi, hazırki işdə kreditor hər hansı bir etiraz irəli sürmədən əvvəlki dövrlər üzrə öhdəliyin icrasını qəbul etmişdir. Sonradan isə həmin ödənişlərin lazımi qaydada həyata keçirlmədiyinə istinad edərək sonrakı ödənişlərin qəbulundan imtina etmişdir. Bununla da Mülki Məcəllənin qeyd olunan tələblərini pozmuşdur. Belə ki, MTK yalnız 2023-cü ilin sentyabr ayında payçıdan ödənişi qəbul etməməyə başlamış, onun (payçının) digər tələblərilə yanaşı, ödəniş üçün bank hesabına dair məlumatların verilməsini özündə əks etdirən iddiasından sonra isə (işə məhkəmədə baxıldığı ərəfədə) aralarındakı müqaviləni birtərəfli qaydada ləğv etmiş və payçı İddiaçı kooperativ üzvlüyündən çıxarılması barədə kooperativ ümumi yığıncağının protokolunu tərtib etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh MTK-nın göstərilən hərəkətləri digər tərəfin (payçı İddiaçı) güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd olmuşdur. Eyni zamanda adı çəkilən kooperativin payçıdan ödəniş qəbul etməməsi Mülki Məcəllənin 446.1-ci maddəsində nəzərdə tutulan kreditorun icranı gecikdirməsi halına uyğun gəlir. Göstərilənlərə əsasən, xüsusilə Cavabdeh MTK-nın xx.xx.2021-ci il tarixli 109 saylı müqaviləni payçı İddiaçı məhkəməyə müraciət etməsindən sonra ləğv etməsini ağlabatan mühakimə əsasında nəzərdən keçirərək məhkəmə belə hesab edir ki, Cavabdeh MTK mülki qanunvericiliyin "xxxx"na dair tələbini pozmuşdur və buna görə də o (MTK), müqavilədə nəzərdə tutulsa belə, müqaviləni birtərəfli qaydada aradan qaldırılmağa (ləğv etməyə) haqlı olmamışdır. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Bir şəxsin öz üzərinə düşən vəzifəni kobudcasına pozduğu halda hüququnu həyata keçirməsi və ya öz davranışı ilə qarşı tərəfdə qorunmağa layiq və əsaslı bir güvən oyandırdıqdan sonra bu davranışa və oyandırdığı güvənə zidd davranması hüquqdan suiistifadə sayılır və qanunla qorunmur. Yəni, sui-istifadə edilən hüquqa söykənən tələblər müdafiə oluna bilməz. Dolayısı ilə, hər hansı iddia irəli sürülərkən bu, hüquqdan suiistifadə təşkil edirsə həmin tələb nəzərə alınmır. Odur ki, məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. MM-in 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci, 560.2-ci, 560.3.2-ci və 560.3.4-cü maddələrinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və ya digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X2 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Romanalman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin İddiaçı Cavabdeh ilə onun arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilənin ləğv edilməsinin və İddiaçı kooperativ üzvlüyündən çıxarılmasının qanunsuz hesab edilməsi” tələbini irəli sürməkdə haqlı olmuşdur. “İddiaçı kooperativ üzvlüyündən çıxarılmasının qanunsuz hesab edilməsi” tələbinin əsaslı olması, kooperativ üzvünün çıxarılmasını nəzərdə tutan 13 oktyabr 2023-cü il tarixli protokol-qərarın da ləğvini zəruri edir. Həmin protokol-qərar həmçinin ona görə ləğv edilməlidir ki, protokolda ümumi yığıncağın iclasında 25 nəfər kooperativ üzvünün iştirak etdiyi göstərilsə də, onların kimlər olduğu göstərilməmişdir və iştirak etdikləri göstərilən həmin üzvlər tərəfindən protokol imzalanmamışdır. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddianın “Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin qoyularaq, aylıq ödənilməli olan məbləğin qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsi də əsaslıdır. Belə ki, qeyd olunduğu kimi, MTK-nın payçı İddiaçı ödənişlərini qəbul etməməsi Mülki Məcəllənin kreditorun icranı gecikdirməsini nəzərdə tutan 446.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Həmin maddəyə əsasən, kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Məhkəmə, ilkin iddianın “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının, 7-ci giriş, 12-ci mərtəbəsində yerləşən, 89,5 kv.metrdən ibarət 109 saylı mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması” hissəsini də əsaslı hesab edir. Belə ki, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı pay haqqının tam ödənilməsi şərtilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur (Mülki Məcəllə m. 139-1.1.6; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu m. 8.0.6.). Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri şərt pay haqqının tam ödənilməsidir. Hazırki işdən ilkin iddiaçının xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilə üzrə mənzilin dəyərini tam ödəmiş olduğu müəyyən edilmir. O, mənzilin dəyərini tam ödədikdən sonra Cavabdeh MTK-dan maliyyə arayışının (pay haqqının tam ödənilməsi haqqında sənədin) verilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının, 7-ci giriş, 12-ci mərtəbəsində yerləşən, 89,5 kv.metrdən ibarət 109 saylı mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin, yəni İddiaçı yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqı tam ödənildikdən sonra maliyyə arayışının verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Qarşılıqlı iddia ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, qarşılıqlı iddia “pul” tələbindən ibarətdir. Qarşılıqlı iddiaçı tələb edir ki, müqavilə birtərəfli qaydada ləğv edildiyindən cavabdehdən (payçıdan) mənzildə yaşadığı hər ay üçün 800 manat kirayə haqqı tutulsun. Onun tələbinin digər hissəsi isə cavabdehdən (payçıdan) 19690 manat dəbbə pulunun tutulması barədədir. Məhkəmə “mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilənin ləğv edilməsinin qanunsuz hesab edilməsi” barədə gəldiyi qənaətə uyğun olaraq “kirayə haqqının tutulması” hissəsində qarşılıqlı iddianı əsassız hesab edərək, prosessual qənaət prinsipi baxımından bununla bağlı əlavə əsaslandırmaya ehtiyac olmadığını vurğulayır. Bununla belə məhkəmə, “dəbbə pulunun tutulması” hissəsində qarşılıqlı iddianı qismən əsaslı sayır. Belə ki, daha əvvəl də qeyd edildiyi kimi qarşılıqlı iddia üzrə cavabdeh hər ay ödənişlər etsə də, bir sıra hallarda onun ödənişin tarixinə və məbləğinə qismən riayət etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma vardır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli 109 nömrəli müqavilədə aylıq ödənişin 10 gündən artıq gecikdirilməsi halında mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tətbiq ediləcəyi nəzərdə tutulmuşdur (5.2-ci bənd). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2 və 467-ci maddələrinə uyğun olaraq, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilə üzrə 19690 manat cərimənin hesablanması ədalətli deyildir. Bu səbəbdən məhkəmə, hesablanmış cərimə məbləğinin 1000 manat həddində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından daha ədalətli və ağlabatan hesab edir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 109 nömrəli müqavilənin ləğv edilməsi və onun kooperativ üzvlüyündən çıxarılması qanunsuz hesab edilməli, Cavabdeh ümumi yığıncağının İddiaçı kooperativ üzvlüyündən çıxarılması barədə 13 oktyabr 2023-cü il tarixli protokol-qərarı ləğv edilməli, mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilə üzrə ödənilməli olan məbləğlərin qəbul edilməsi vəzifəsi Cavabdehnə həvalə edilməli, mənziltikinti kooperativi binasında İddiaçı yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqı tam ödənildikdən sonra maliyyə arayışının verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 109 nömrəli müqavilə üzrə cərimə borcuna görə 1000 manat məbləğində pul tutularaq Cavabdeh MTK-ya ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin olunmamalıdır. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul Cavabdeh MTKdan tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 178 manat pulun 6 manatı İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 109 nömrəli müqavilənin ləğv edilməsi və onun kooperativ üzvlüyündən çıxarılması qanunsuz hesab edilsin. Cavabdeh ümumi yığıncağının İddiaçı kooperativ üzvlüyündən çıxarılması barədə 13 oktyabr 2023-cü il tarixli protokol-qərarı ləğv edilsin. Mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilə üzrə ödənilməli olan məbləğlərin qəbul edilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Mənzil-tikinti kooperativi binasında İddiaçı yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqı tam ödənildikdən sonra maliyyə arayışının verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 109 nömrəli müqavilə üzrə cərimə borcuna görə 1000 (min) manat məbləğində pul tutularaq Cavabdeh MTK-ya ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 178 manat pulun 6 (altı) manatı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-410/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-410/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver