Məhkəmə qərarları › İş №e-2(005)-4142/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4142/2022

29.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4142/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Azərbaycan Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hüquqi şəxsin direktorunun işdən azad olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hüquqi şəxsin direktorunun işdən azad olunması” tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, İddiaçı direktor vəzifəsinə təyin olunması barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisilərinin 06 yanvar 2010-cu il tarixli qərarının ləğv olunması, eləcə də kommersiya qurumlarının dövlət reyestrində müvafiq dəyişikliklərin aparılması üçün bu barədə Dövlət Vergi Xidmətinə məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi Nizamnamənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və fəaliyyətə başladığı vaxtda təsisçiləri X2, Cavabdeh2 və X4 olmuşdur. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri Cavabdeh1 və Cavabdeh2dur. Qeyd edir ki, "xxxx" MMC-nin Təsisçilərinin 06 yanvar 2010-cu il tarixli qərarı ilə həmin müəssisənin direktoru vəzifəsinə təyin olunmuşdur. İlk vaxtlarda Cəmiyyətin fəaliyyətində iştirak etsə də, 2011-ci ildən faktiki olaraq həmin Cəmiyyətin fəaliyyətindən uzaqlaşdırılmışdır. "xxxx" MMC-nin bağladığı müqavilələr, istehsal prosesi, ümumiyyətlə fəaliyyəti barədə heç bir məlumata malik deyil. Şirkətin direktoru vəzifəsindən çıxarılmağı ilə bağlı təsisçilərə müraciət etmişdir. Təsisçilər iddiaçıya bir müddət yalan məlumat verərək işdən azad olunmağı ilə bağlı rəsmi qərarın olduğunu desələr də, sonradan Vergilər Xidmətindən bu cür qərarın olmadığını və aldadıldığını öyrənmişdir. Onu da bildirir ki, işdən azad olunmağı ilə bağlı dəfələrlə hər iki təsisçi ilə görüşmüşdür. Lakin təsisçilərdən biri - onunla qohumluq əlaqələrində olan Cavabdeh1 şəxsi münasibətlərdən yaranmış qərəzlə iddiaçını zorla direktor vəzifəsində saxlayır. İddia ərizəsinə əlavə etdiyi, hüquqi şəxsin təsisçilərinə ünvanladığı ərizələrin surətindən və xəbərnamələrdən görünür ki, hazırki iş üzrə cavabdehlərə işdən azad olunmağı ilə bağlı rəsmi yazılı müraciət belə göndərmişdir. Lakin heç bir nəticə əldə olunmamışdır. Məhkəmənin diqqətinə o faktı da çatdırır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” Portalına daxil edilməmişdir. Təbii ki, aradan keçən bu dövr ərzində heç bir əmək haqqı almayıb. "xxxx" MMC-nin direktoru vəzifəsində qalmağı barədə yalnız "xxxx" MMC-nin borcu ilə bağlı Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə çağırışdan sonra xəbər tutmuşdur. Bununla bağlı icra şöbəsində olmuş, vəziyyəti izah izah etmişdir. Lakin iddiaçıya bildirmişdirlər ki, Ədliyyə Nazirliyinin elektron məlumat sistemində adı hələ də direktor vəzifəsində göstərilir. Bir daha qeyd edir ki, iddiaçı 2011-ci ildən etibarən ümumiyyətlə şirkətin fəaliyyətindən xəbərsiz olmuşdur. Hətta Cəmiyyətin bağladığı müqavilələr barədə son bir neçə aydır ki, xəbərdar olmuşdur. Bununla bağlı bütün zəruri araşdırmalar aparıla bilər. Qeyd edir ki, məhkəməyə ilk dəfə müraciət edərkən, sənədlərin natamamlığı iddiaçıdan asılı olmayan haldır. Çünki təsisçilər nəinki mənə "xxxx" MMC-nin təsis sənədlərini vermirlər, MMC-yə məxsus zavodun ərazisinə belə buraxmırlar. Sonradan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin sorğusu əsasında Dövlət Vergi Xidməti tərəfindən mənim direktor vəzifəsinə təyin olunmağım barədə təsisçi qərarının surəti məhkəməyə təqdim olunmuşdur. Onu da bildirim ki, hüquqi şəxsin direktor vəzifəsindən azad edilməsi və vəzifəyə təyin edilməsi təsisçilərin iradəsi və qərarı ilə mümkün olduğundan cavabdeh qismində "xxxx" MMC deyil, məhz təsisçilər qeyd olunmuşdur. Eləcə də mübahisənin xarakteri hüquqi şəxsin kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Burada iddia tələbi məhz əmək hüquqlarının pozulması ilə bağlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə və üçüncü şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin Nizamnaməsinin surətindən görünür ki, "xxxx" MMC-nin təsisçisi X1r. İş materiallarında olan "xxxx" MMC-nin Təsisçilərinin xx.xx.2010-cu il tarixli qərarının surətindən görünür ki, “ xx.xx.2007-cİ il tarixdə, 0107-P310“4815İ-nÖmrə ilə Ədliyyə Nazirliyi X7 qeydiyyati üzrə Bakı Bölgə şöbəsində dövlət qeydiyyatına alınmış, hazırki qeydiyyat nömrəsi VÖEN ********** "xxxx" Məhdad Məsuliyyətli Cəmiyyətinin təsisçinin və hüquqi ünvanın dəyişməsi ilə əlaqədar nizamnaməyə müvafiq dəyişikliklər edilsin və dəyişiklik layihəsi təsdiq edilsin. İddiaçı cəmiyyətin direktoru təyin edilsin. Dəyişikliklərin qeydə alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi şəxslərini Dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət edilsin. Qeydiyyat orqanına ərizə ilə müraciət etmək, sənədləri qeydiyyat orqanına təqdim etmək, lazımi sənədləri imzalamaq, hazır sənədləri Qeydiyyat orqanından götürmək səlahiyyəti Cavabdeh1 (ş/v AZE № 0*******, xx.xx.2007-ci il tarixində Bakı şəh., Nərimanov RPİ-i tərəfindən verilib) oğluna həvalə edilsin. İş materiallarında olan X3 iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 7 gün əvvəlcədən poçt ünvanına məktub göndərilmiş və telefon vasitəsilə əlaqə saxlanaraq bu barədə məlumat verilmişdir. İddiaçı X3 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödədi. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx.xx.2010-cu il tarixli "xxxx" MMCnin təsisçilərinin qərarından görünür ki, İddiaçı "xxxx" MMC-nin (VÖEN **********) qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir. O, rəsmi qaydada xx.xx.2021-ci il tarixli ərizə ilə "xxxx" MMC-yə və təsisçiləri Cavabdeh1 müraciət edərək, tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Lakin sonuncular tərəfindən onun müraciətinə münasibət bildirilməmiş, iddiaçı bu əsasla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 47.1.-ci maddəsinə əsasən Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 91.1-ci maddəsinə əsasən, Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.3.2-ci maddəsinə əsasən, Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək aiddir. "xxxx" MMC-nin Nizamnaməsinin 9.1-ci bəndinə görə Cəmiyyətin Ali İdarəetmə orqanı onun ümumi yığıncağıdır. Nizamnamənin 9.2. b) bəndinə görə cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktor və baş mühasib təyin təyin etmək və vəzifədən azad etmək qanunla başqa hal nəzərdə tutulmamışdırsa cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. 9.3-cü bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqarı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir. Direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyətin təmsil edir. 14.1-ci bəndinə əsasən cəmiyyətdə işəgötürmə və işdən azad etmə məsələləri, əmək rejimi, əmək raqqı. kompensasiyalar da daxil olmaqla bütün əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Göründüyü kimi, "xxxx" MMC ilə İddiaçı arasında olan mübahisə əmək münasibətləri çərçivəsində yaranmışdır. Hazırki mübahisəyə Əmək Məcəlləsinin müddəaları rəhbər tutularaq qiymət verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir . Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci mаddəsinin 3-cü hissəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi- işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 17-ci maddəsinin 1-ci bəndinə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87.3-cü maddəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsindən azad etməsi ilə bağlı hərəkətsizliyi qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı və qanunidir, ona görə də iddia təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəmiyyətinin təsisçisilərinin 06 yanvar 2010-cu il tarixli qərarı ləğv olunmalı və İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsindən azad edilməsi vəzifəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağına həvalə olunmalıdır. Eyni zamanda məhkəmə iddia tələbinin “kommersiya qurumlarının dövlət reyestrində müvafiq dəyişikliklərin aparılması üçün bu barədə Dövlət Vergi Xidmətinə məlumat verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının “X7 qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun: 9.1-ci maddəsinə əsasən, Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə X7 reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4-cü maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisilərinin 06 yanvar 2010-cu il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi əsaslı olduğundan, bu barədə məlumatın qanunvericiliyə əsasən hüquqi şəxslərin rəhbərinin dəyişdirilməsi üçün təsisçilərin qərarının müvafiq ərizə ilə birlikdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya X7 qeydiyyatı idarəsinə göndərilməsi barədə iddia tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı direktor vəzifəsinə təyin olunması barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisilərinin 06 yanvar 2010-cu il tarixli qərarının ləğv edilməsi və İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsindən azad edilməsi vəzifəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağına həvalə edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə İddiaçı işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının X7 Reyestrinə göndərilməsi öhdəliyi həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar