Məhkəmə qərarları › İş №e-2(005)-4151/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4151/2023

11.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4151/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı, cavabdeh Bakı Şəhər Heyvanat Parkının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər Heyvanat Parkına qarşı işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Heyvanat Parkı tərəfindən verilmiş 102/K nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, Bakı şəhər Heyvanat Parkı ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi, Bakı şəhər Heyvanat Parkında inzibati-təsərrüfat şöbəsinin müdiri vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi, habelə 60 manat mediasiya xərcinin əvəzinin cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhər Heyvanat Parkında təsərrüfat şöbəsinin və inzibati-təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmişdir. İntizamlı işçi olmuş və heç bir zaman tənbeh edilməmişdir. İddiaçı ilk dəfə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi “əlavə” iş yeri kimi bağlanmış, bir müddət sonra isə “əsas” iş yeri kimi rəsmiləşdirilmişdir. İddiaçı əmək müqaviləsinin surəti verilməmişdir. Bircə onu bilir ki, İddiaçı hər dəfə çağırıb sənədlərə imza etdirirdilər. İddia ərizəyə əlavə etdiyi “əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”lərindən görünür ki, onunla əmək müqaviləsi “müddətli” bağlanmaqla, əvvəlcə xx.xx.2021-ci il, daha sonra xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərədək bağlanmışdır. Yuxarıda da qeyd etdiyi kimi İddiaçı əmək müqavilələrinin surətini almamışdır. Əksinə indi məlumatı olub ki, əmək müqaviləsinə 8 dəfə dəyişiklik olunub. Sonuncu dəyişiklik xx.xx.2023-cü il tarixdə olub, daha sonra isə xx.xx.2023-cü il tarixdə İddiaçı Əmək Məcəlləsinin 68.2 (b) maddəsinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək kitabçası 48-ci vərəqindən görünür ki, İddiaçı 19 nömrəli, xx.xx.2021-ci il tarixli əmrlə işə qəbul olunmuş, lakin əmək müqaviləsinin müddətli olması barədə orada qeyd yoxdur. İşdən çıxma əmrində əsas kimi “əmək müqaviləsi” qoyulsa belə, həmin müqavilə İddiaçı təqdim olunmayıb. Mübahisə dövründə dəfələrlə əmək müqaviləsinin surətini istəsə belə İddiaçı təqdim olunmamışdır. Əmək kitabçasından göründüyü kimi İddiaçı Bakı şəhər Heyvanat Parkında əvvəl təsərrüfat şöbəsinin və daha sonra son olaraq inzibati-təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmişdir. İnzibati-təsərrüfat şöbəsinin müdirinin vəzifəsi təsərrüfat xidməti üzrə işinə rəhbərliyi həyata keçirir, ərazilərdə təmizliyə riayət olunmasını təmin edir, təsərrüfat avadanlığının saxlanılmasını, onun bərpa edilməsini, eləcə də otaqlarda və onlara əlavə edilmiş ərazilərdə təmizliyə riayət olunmasını təmin edir. Ona görə də əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. İşəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına İddiaçı razılığı olmayıb. Razılıq deyiləndə iradə ifadəsi başa düşülür. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İddiaçı müddətə (3 aya) münasibətdə motivi olmamışdır. Müqavilədəki imza isə müddətə (3 aya) münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz, motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə onun iradəsi yoxdur. Ona görə də hesab olunur ki, “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Beləliklə, əmək müqaviləsinin müddətə dair şərti (2.1ci bəndi) uydurma sayılır. İddiaçı, Laçın rayonundan olan məcburi köçkündür, ailə maddi cəhətdən təmin etmək üçün yeganə iş yeri hazırki müəssisə olmuşdur. Ona görə də “müddətli” əmək müqaviləsi ümumiyyətlə onun marağına cavab verə bilməzdi. 1991-1992-ci illərdə Laçın rayonu uğrunda olan döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati- sərəncamverici səlahiyyətlərə malik olur. Mübahisənin Mediasiya qaydasında həll edilməsi üçün müraciət etməsinə baxmayaraq, mediasiyanın keçrilməsi baş tutmamış və X2 29.2-ci maddəsinə əsasən ona arayış verilmişdir. Mediasiyanın keçirilməsi ilə əlaqədar olaraq 50 manat və poçt xərci 10 manat məbləğində mediasiyaya dair xərc İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakı Şəhər Heyvanat Parkının nümayəndəsi və vəkili Vəkil2 izahatında iddiaçının tərəflər arasında ilk dəfə əmək müqaviləsi bağalanan zaman bu müqavilənin hər vərəqinə imza atmaqla müqavilədə nəzərə tutulan bütün bəndlərə öz razılığını ifadə etdiyini bildirərək iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları - “işəgötürən” Bakı Şəhər Heyvanat Parkı və “işçi” İddiaçı arasında bağlanmış 12 iyul 2021-ci il tarixli, 33 nömrəli əmək müqaviləsinin : 1.2-ci bəndinə əsasən işçi Bakı Şəhər heyvanat parkının “Təsərrüfat şöbəsinin müdiri” vəzifəsinə (peşəsinə), əlavə yeri olaraq işə qəbul (təyin) edilir. 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi müddətli bağlanmışdır. 2.3-cü bəndinə əsasən bu əmək müqaviləsi 12 iyul 2021-ci il tarixindən 31 avqust 2021-ci il tarixindək 2 ay müddətinə bağlanmışdır. Əmək müqaviləsinin müddəti bitdikdə müqavilənin bitmə tarixindən başlayaraq 1 həftə ərzində ona xitam verilmədiyi təqdirdə müqavilə avtomatik olaraq uzadılır. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, işəgötürən Bakı Şəhər Heyvanat Parkının səlahiyyətli nümayəndəsi X1 tərəfindən işçi İddiaçı əlavə iş yeri Bakı Şəhər Heyvanat Parkı, işçinin vəzifəsi “təsərrüfat müdiri”, xx.xx.2021-ci il tarixdə müddətli (xx.xx.2021-ci il tarixədək) əmək müqaviləsinin bağlanmasına dair mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyat aparılmışdır. 12 iyul 2021-ci il tarixli, 33 nömrəli əmək müqaviləsinə 1 saylı əlavədən müəyyən olnur ki, işçinin əmək haqqı xx.xx.2021-ci il tarixdən hər ay üçün 640 manat məbləğində müəyyən edilmişdir. Əlavə “işəgötürən” Bakı Şəhər Heyvanat Parkının səlahiyyətli nümayəndəsi və “işçi” İddiaçı arasında imza atılmaqla təsdiqlənmişdir. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, qeyd edilən əmək müqaviləsi üzrə işçinin əmək haqqı 294 manatdan 640 manata qaldırılmışdır. 12 iyul 2021-ci il tarixli, 33 nömrəli əmək müqaviləsinə 2 saylı əlavədən müəyyən olunur ki, qeyd edilən əmək müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Əlavə “işəgötürən” Bakı Şəhər Heyvanat Parkının səlahiyyətli nümayəndəsi və “işçi” İddiaçı arasında imza atılmaqla təsdiqlənmişdir. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, qeyd edilən əmək müqavilənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. 12 iyul 2021-ci il tarixli, 33 nömrəli əmək müqaviləsinə 3 saylı əlavədən müəyyən olunur ki, işçi xx.xx.2022-ci il tarixdən “İnzibati-təsərrüfat şöbəsinin müdiri” vəzifəsinə keçirilmiş və ştat cədvəlinə uyğun olaraq vəzifə maaşı 950 manat məbləğində müəyyən edilmişdir. Əlavə “işəgötürən” Bakı Şəhər Heyvanat Parkının səlahiyyətli nümayəndəsi və “işçi” İddiaçı arasında imza atılmaqla təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, işçinin iş yeri əsas iş yeri kimi müəyyən edilməklə qeyd edilən əmək müqaviləsi üzrə işçinin əmək haqqı 640 manatdan 950 manata qaldırılmışdır. 12 iyul 2021-ci il tarixli, 33 nömrəli əmək müqaviləsinə 4 saylı əlavədən müəyyən olunur ki, qeyd edilən əmək müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Əlavə “işəgötürən” Bakı Şəhər Heyvanat Parkının səlahiyyətli nümayəndəsi və “işçi” İddiaçı arasında imza atılmaqla təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, qeyd edilən əmək müqavilənin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. 12 iyul 2021-ci il tarixli, 33 nömrəli əmək müqaviləsinə 5 saylı əlavədən müəyyən olunur ki, qeyd edilən əmək müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Əlavə “işəgötürən” Bakı Şəhər Heyvanat Parkının səlahiyyətli nümayəndəsi və “işçi” İddiaçı arasında imza atılmaqla təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, qeyd edilən əmək müqavilənin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. 12 iyul 2021-ci il tarixli, 33 nömrəli əmək müqaviləsinə 6 saylı əlavədən müəyyən olunur ki, qeyd edilən əmək müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Əlavə “işəgötürən” Bakı Şəhər Heyvanat Parkının səlahiyyətli nümayəndəsi və “işçi” İddiaçı arasında imza atılmaqla təsdiqlənmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, qeyd edilən əmək müqavilənin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. 12 iyul 2021-ci il tarixli, 33 nömrəli əmək müqaviləsinə 7 saylı əlavədən müəyyən olunur ki, işçinin əmək haqqı xx.xx.2023-cü il tarixdən ştat cədvəlinə uyğun olaraq vəzifə maaşı 1092,50 manat məbləğində müəyyən edilmişdir. Əlavə “işəgötürən” Bakı Şəhər Heyvanat Parkının səlahiyyətli nümayəndəsi və “işçi” İddiaçı arasında imza atılmaqla təsdiqlənmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, işçinin əmək haqqı 950 manatdan 1092.50 manata qaldırılmışdır. Bakı Şəhər Heyvanat Parkının icrası 29 avqust 2023-cü il tarixli, 102/K nömrəli əmrdən müəyyən olunur ki, icraçı direktor Nəzakət İsayeva tərəfindən Bakı Şəhər Heyvanat Parkının İnzibati-Təsərrüfat şöbəsinin müdiri İddiaçı xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən - əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən - əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam edilmişdir. Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatlardan çıxarışdan aydın olur ki, İddiaçı ikinci dərəcəli əlil olmaqla əmək qabiliyyətsiz hesab edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı xx.xx.2021-ci il tarixdə əlavə iş yeri olaraq Bakı Şəhər Heyvanat Parkında təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. işçi xx.xx.2022-ci il tarixdən “İnzibati-təsərrüfat şöbəsinin müdiri” vəzifəsinə keçirilmiş və ştat cədvəlinə uyğun olaraq vəzifə maaşı 950 manat məbləğində müəyyən edilmişdir. İşçi ilə bağlanmış əmək müqaviləsi müddətli bağlanmışdır. Daha sonra müqavilənin müddəti müqaviləyə yeni əlavələr edilməklə, sonuncu dəfə xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsi Bakı Şəhər Heyvanat Parkının xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən - əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qeyd edir ki, iş materiallarından tərəflərin qarşılıqlı razılığı əsasında müddətli əmək müqavili bağladıqları və bu müqavilənin müddətini yenə qarşılıqlı razılıqları əsasında uzatdıqları aydın olur. Belə ki, “işəgötürən” Bakı Şəhər Heyvanat Parkı və “işçi” İddiaçı arasında bağlanmış 12 iyul 2021-ci il tarixli, 33 nömrəli əmək müqaviləsi bağlanaraq İddiaçı tərəfindən müqaviləyə, o cümlədən bu müqavilənin hər vərəqinə imzasını atmaqla müqavilənin bütün bəndləri ilə razılaşdığını ifadə etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərlyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılıqları əsasında əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. “Razılıq” deyəndə iradə ifadəsi başa düşülür. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. Məhkəmə hesab edir ki, İddiaçı işəgötürənlə müqavilə bağlayarkən bu müqavilənin hər vərəqinə imza atmaqla öz iradəsini ifadə etmiş, müqavilənin bəndlərinə razılığını bildirmişdir. Nəzərə alınmalıdır ki, bu müqaviləyə sonradan tərəflərin qarşılıqlı razılı əsasında əlavə edilməklə müqavilənin müddəti uzadılmışdır. İşçi işəgötürənlə xx.xx.2021-ci il tarixdə ilk əmək müqaviləsi bağlayarkən ondan asılı vəziyyətdə olmamışdır. İddiaçı tərəfindən bu asılılığın olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda İddiaçı müqaviləni müddətli bağlamağa etiraz etmək imkanı olsa da bu etirazını bilməmiş, əksinə qeyd edildiyi kimi müqavilənin hər vərəqini imzalamaqla buna razılığını ifadə etmişdir. Tərəflər arasında bağlanmış bu münasibətlər heç ildən artıq davam etməmiş, işçi daha əvvəl işəgötürənlə müddətsiz əmək müqaviləsi bağlamamışdır. Belə olan halda işəgötürən və işçi arasında əmək müqaviləsinin müddətli bağlanması qanunauyğun olmaqla işçinin hüquqlarını pozmamışdır. İşəgötürən Əmək Məcəlləsinin 73-cü maddəsinin ona verdiyi imkandan istifadə edərək əmək müqaviləsinə xitam vermişdir. İddiaçı onunla müddətsiz əmək müqaviləsinin bağlandığını iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir; əksinə məhkəmənin qənaətinə görə iddiaçının, onunla müddətsiz əmək müqaviləsinin bağlandığını iddia etdiyi müddətli əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında razılaşmaları da imzalaması, onun həmin arqumentini inandırıcı hesab etməyə imkan vermir. Çünkü əgər iddiaçı müddətsiz əmək müqaviləsi bağlamış olsaydı, o zaman əvvəlki müqavilənin sadəcə onun vəzifəsinin dəyişdirilməsi və ya əmək haqqının dəyişdirilməsi məzmununda razılaşma imzalanmasının məntiqi olmazdı. İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunamüvafiq olduğundan iddiaçının məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının da təmin edilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulmuş olmasına dair sübutlar təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Bakı Şəhər Heyvanat Parkına qarşı qarşı işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər Heyvanat Parkına qarşı qarşı işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar