Məhkəmə qərarları › İş №e-2(005)-4151/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4151/2024

28.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4151/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin bərpa edilməsi və kirayə haqqı” tələbinə dair mülki iş üzrə Cavabdeh MMC tərəfindən verilmiş vəsatətə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin bərpa edilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən sökülmüş, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12A, 73 və 74 saylı mənzillərin cavabdeh tərəfindən bərpa edilməsi, mənzillərin bərpa edilməsi müddətində ona hər ay 950 manat məbləğində kirayə haqqının ödənilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12A, 73 və 74 saylı mənzillər Cavabdeh MMC tərəfindən razılığı olmadan, qanunsuz olaraq sökülmüşdür. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12A, 73 və 74 saylı mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarışa əsasən xüsusi mülkiyyətindədir. Cavabdeh MMC tərəfindən özü və bütün sakinlər aldadılmışdır. Belə ki, şirkət tərəf bir neçə dəfə ona və digər sakinlərə xəbərdarlıq edərək bildirmişlər ki, guya Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəyə görə evləri qəzalı vəziyyətdədir. Lakin xx.xx.2023-cü il tarixdə mən Fövqəladə Hallar Nazirliyinin rəyini əldə etdikdən sonra məlum olmuşdur ki, rəydə mənzilinin tam yaşamağa yararlı vəziyyətdə olduğu qeyd olunmuşdur. Bundan sonra Cavabdeh MMC tərəfindən aldadıldığını anlamış və aralarında mübahisə yaranmağa başlamışdır. Bu zaman Cavabdeh MMC məhkəməyə müvəqqəti təminat tədbirinə dair ərizə təqdim edərək, müvəqqəti təminat tədbiri kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamının Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12A, 73 və 74 saylı mənzillərinə münasibətdə icrasına mane olan hərəkətlərin (mənzillərin boşaldılması və digər) qadağan edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin (hakim Mehriban Əfəndizadə)16(005)- 389/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunmuş, 29 dekabr 2023cü il tarixdən 1 ay müddətinə, yəni 30 yanvar 2024-cü il tarixədək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamının Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12A, 73 və 74 saylı mənzillərinə münasibətdə icrasına mane olan hərəkətlərin (mənzillərin boşaldılması və digər) qadağan edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə qəbul olunmuş qərardaddan dərhal xx.xx.2023cü il tarixdə şikayət verilmişdir. Lakin qərardaddan şikayət vermə müddəti olan 10 günlük prosessual müddət gözlənilmədən xx.xx.2023-cü il tarixdə çıxmış qərardad həmin tarixdə dərhal icraya yönəldilir və xx.xx.2023-cü il tarixdə Nərimanov rayon İcra Şöbəsinin icra məmurları akt tərtib etmiş və mənzildə olan bütün əşyalarını çıxarmışlar. Bundan sonra Cavabdeh MMC tərəfindən dərhal mənzili sökülmüşdür. Nərimanov rayon Məhkəməsi şikayətini təmin etməmiş və iş materiallarını Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16(103)-48/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin edilmiş və Nərimanov rayon Məhkəməsinin (hakim Mehriban Əfəndizadə) 16(005)-389/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmişdir. Hazırda müvəqqəti təminat tədbiri olan qərardad ləğv olunmuşdur. Lakin mənzilsiz qalmışdır. İndi mənzili söküldüyündən yaşayış yeri yoxdur və məcbur olaraq öz hesabına kirayədə yaşayır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin. Bildirir ki, mənzilinin sökülməsi işləri cavabdeh olan Cavabdeh MMC tərəfindən xəbərdarlıq edilmədən, heç bir rəsmi danışıqlıqlar aparılmadan sökülmüşdür. Həmçinin bildirir ki, sözügedən mənzillərin hər biri notariat ofisində bağlanmış kirayə müqavilələri əsasında 500 manat və 450 manat olmaqla, 950 manata tərəfimdən kirayəyə verilmişdir. Cavabdehin mənzillərini qanunsuz sökməsi nəticəsində bu gəlirdən də məhrum olmuşdur. Ona görə də həmin əldən çıxmış fayda da cavabdehdən tutulmalıdır. Cavabdehin bu qanunsuz hərəkəti mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. II. Ərizə: Cavabdeh MMC-nin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə “biri-biri ilə əlaqədar işlərin bir icraatda birləşdirilməsinə dair” vəsatət təqdim edərək, icraatda olan İddiaçı Cavabdeh MTK-ya qarşı sökülmüş mənzillərin bərpa edilməsi, bərpa müddəti ərzində kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-4151/2024 saylı mülki işin və həmin məhkəmənin (hakim Mehriban Əfəndizadə) icraatında olan iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi və daşınmış əşyaların təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)- 4477/2024 saylı mülki mülki işin biri-biri ilə əlaqədar olduğu üçün bir icraatda birləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, icraatda İddiaçı Cavabdeh MTK-ya qarşı sökülmüş mənzillərin bərpa edilməsi, bərpa müddəti ərzində kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. İş üzrə şifahi icraat qaydasında hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 09:50 teyin edilmişdir. Eyni zamanda Nərimanov rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi və daşınmış əşyaların təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-4477/2024 saylı mülki işə baxılır. İş üzrə məhkmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə saat 11:45 təyin edilmişdir. Göründüyü kimi, icraatda olan mülki mübahisənin əsasını məhz qərardad əsasında demontaj edilmiş mübahisəli mənzillərin (12 saylı binanın) bərpa edilməsi və bərpa müddəti ərzində kirayə haqqının ödənilməsi təşkil edir. Belə olan halda mübahisəli mənzillərin bərpa edilib-edilməməsini və ya kirayə haqqının ödənilib-ödənilməməsini müəyyən etmək üçün Nərimanov rayon məhkəməsinin icraatında (hakim Mehriban Əfəndizadə) olan iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı demontaj edilmiş mənzillərə dair bağlanmış müqavilələrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi və daşınmış əşyaların təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə icraatda olan mülki işlə birlikdə baxılmalıdır. Bu cür işlər üzrə birgə hüquqi dəyərləndirmə aparılaraq düzgün nəticəyə gəlinməlidir. III. Tərəflərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh tərəfindən verilmiş vəsatətə etiraz edərək, onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatəti müdafiə edərək, onun təmin olunmasını və mülki işlərin birləşdirilməsini məhkəmədən xahiş etdi. IV. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, cavabdehin vəsatətini, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-4151/2024 saylı mülki iş 2(005)-4477/2024 saylı mülki işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. -169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin bərpa edilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən sökülmüş, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12A, 73 və 74 saylı mənzillərin cavabdeh tərəfindən bərpa edilməsi, mənzillərin bərpa edilməsi müddətində ona hər ay 950 manat məbləğində kirayə haqqının ödənilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK İddiaçı qarşı müqavilələrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi və daşınmış əşyaların təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (mülki iş № e-2(005)-4477/2024). Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh QSC və İddiaçı arasında 09 oktyabr 2023-cü il tarixdə Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12A, mənzil 73 və Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12A, mənzil 74 ünvanında yerləşən mənzillərə dair qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilələrin 1.1-ci bəndinə əsasən: - sifarişçi ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın icraçı tərəfindən sökülməsinə razılıq verir və İcraçı isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mənzilin ümumi sahəsinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə Sifarişçinin mülkiyyətində olan faktiki ümumi sahəsi 34 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək 2-ci binanın (B blokunun) 12-ci mərtəbəsində yerləşən 69 saylı ümumi sahəsi 45.1 kv.m (oxdan-oxa 54.00 kv.m) olan 1 otaqlı təmirli mənizili tikib Sifarişçinin mülkiyyətinə verməyi öz öhdəsinə götürür. - sifarişçi ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın icraçı tərəfindən sökülməsinə razılıq verir və İcraçı isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mənzilin ümumi sahəsinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə Sifarişçinin mülkiyyətində olan faktiki ümumi sahəsi 50.1 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək 3-cü binanın (C blokunun) 12-ci mərtəbəsində yerləşən 71 saylı ümumi sahəsi 90.00 kv.m (oxdan-oxa 100.3 kv.m ) olan 2 otaqlı təmirli mənizili tikib Sifarişçinin mülkiyyətinə verməyi öz öhdəsinə götürür. Hazırki iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı yuxarıda qeyd olunan ünvan 1 və ünvan 2 ünvanında yerləşən və cavabdeh tərəfindən sökülmüş mənzillərinin bərpa edilməsini və bu müddət ərzində ona kirayə haqqı ödənilməsini xahiş edir. Digər tərəfdən Cavabdeh MTK hazırki iş üzrə İddiaçı qarşı iddia ərizəsi ilə eyni məhkəməyə müraciət edərək, İddiaçı ilə ünvan 1 və ünvan 2 ünvanlarında yerləşən mənzillərə dair bağlanmış, yuxarıda adı keçən - 09 oktyabr 2023-cü il tarixli qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında müqavilələrin ləğv edilməsi, mənzillərin bazar qiymətlərinə əsasən dəyərinin İddiaçı ödənilməsi və daşınmış əşyaların İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi mülki işlər üzrə mübahisə ünvan 1 və ünvan 2 ünvanında yerləşən mənzillərin sökülməsi ilə bağlıdır. İddiaçı qeyd olunan sökülmüş mənzillərin bərpa edilməsini, Cavabdeh MTK isə tərəflər arasında bağlanmış həmin mənzillərin sökülməsinə dair müqavilələrin ləğv edilməsi, sökülmüş mənzillərin dəyərinin İddiaçı ödənilməsi və s. tələbi irəli sürmüşdür. Məhkəmə mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın, tərəflərin eyni olduğunu nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsini, həmçinin prossesual qənaət prinsipi baxımından işlərə bir icraatda baxılması mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, vəsatətə əsasən mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin vəsatəti təmin edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı Cavabdeh MMCyə qarşı “mənzilin bərpa edilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)- 4151/2024 saylı mülki iş həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilələrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi və daşınmış əşyaların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-4477/2024 saylı mülki işə birləşdirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh MMC-nin vəsatəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı Cavabdeh MMCyə qarşı “mənzilin bərpa edilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)- 4151/2024 saylı mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilələrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi və daşınmış əşyaların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-4477/2024 saylı mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar