Məhkəmə qərarları › İş №e-2(005)-4156/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4156/2025

23.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4156/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı direktoru X2, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə vurduğu ziyan və zərər olaraq 24.982,72 manat pul vəsaitinin, 105 manat ödənilmiş dövlət rüsumunun və 60 manat mediasiya xərcinin İddiaçı MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək müqaviləsinə əsasən "xxxx" MMC-də satış üzrə nəzarətçi (satıcı) vəzifəsində işləmişdir. Cavabdehin işi üzrə cəmiyyət tərəfindən təftiş qrupu yaradılmışdır və cavabdehin iştirakı ilə, onun nəzarətçi işlədiyi dükanda yoxlama aparılmışdır. Xeyli çatışmamazlıqlar aşkar edilmişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixli, AT115 saylı lisenziya əsasında fəaliyyət göstərən "xxxx" QSC ilə müqavilə bağlayaraq cavabdehin fəaliyyət göstərdiyi sahədə audit yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixində başlamış və xx.xx.2022-ci il tarixində yekunlaşmışdır. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən 24.982,72 manat məbləgində çatışmazlıq aşkar edilmişdir. Həmin çatışmazlıq "xxxx" MMC-nin kompyuter vasitəsi ilə aparılan mühasibat proqramı bazasında da öz əksini tapmışdır. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan pul vəsaitini öz şəxsi istehlakı üçün xərclədiyini bildirmişdir. Və qısa bir zamanda 24.982,72 manat pul vəsaitini "xxxx" MMC-yə qaytaracağı barədə söz vermişdir. Rəhbərlik onun xanım olmasını və ailə vəziyyətini nəzərə alaraq ona dəfələrə əlavə müddətlər verilmişdir ki, o, şirkətə olan borcunu qaytara bilsin. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə bu pulu ödəməkdən yayınmışdır. xx.xx.2024-cü il tarixində ona pretenziya məktubu göndərilmişdir. Xəbərdar edilmişdir ki, 10 gün müddətində vurduğu zərəri ödəmədiyi halda məhkəməyə müraciət olunacaqdır. Sonradan cavabdehin anası iddiaçı tərəflə telefon əlaqəsi saxlayaraq onun qızının "xxxx" MMC-yə borcunun olmadığını və ümumiyyətlə onların bu pulu ödəmə qabiliyyətlərinin olmadığını bildirmişdir Cavabdehin İlkin Mediasiya Sessiyasında iştirak etməməsi barədə Bakı 3 saylı mediasiya təkilatı tərəfindən xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00255 saylı Mediasiya Arayışı verilmişdir. İddiaçı direktoru X4 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh barəsində prokurorluğa şikayət edilmişdir. Lakin xanım olması, cavan olmasını nəzərə alınaraq şikayət iddiaçı tərəfindən geri götürülmüşdür. İddiaçı hüquqlarının pozulduğunu 6 aydır ki, bilmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, cavabdeh onun qızıdır, qızı həmin pulu mənimsəməyib. Başqaları tərəfindən olunmuş yeyinti qızının üstündə qalıb. Hazırda maddi vəziyyətləri çox aşağıdır. İddia müddətinin tətbiq edilməklə, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin (kontraktı) surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də satış üzrə mütəxəssisi vəzifəsinə təyin edimişdir. İş materiallarında olan İddiaçı MMC-nin direktoru X4 tərəfindən Cavabdeh ünvanlanmış 17 dekabr 2024-cü il tarixli, 179 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixindən, xx.xx.2022-ci il tarixinədək "xxxx" MMC-də əmək müqaviləsi əsasında satış üzrə nəzarətçi (satıcı) vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Auditorlar Palatası tərifindən verilmiş xx.xx.2020-ci il tarixli, AT 115 saylı lisenziyaya əsasən fəaliyyət göstərən "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə (xx.xx.2022-ci il tarixli, 057AA06 saylı) əsasən aparılmış audit yoxlaması aparılmışdır. Nəticədə verilmiş Audit Rəyinə əsasən cavabdehin "xxxx" MMС-уə 24982,72 (iyirmi dörd min doqquz yüz səksən iki) manat məbləğində pul vəsaitini mənimsədiyi aşkar edilmişdir. Bununla bağlı dəfələrlə cavabdehə olunan xəbərdarlıqlara baxmayaraq, müxtəlif bəhanələr gətirməklə həmin pul vəsaitini "xxxx" MMC-yə ödəməkdən yayınmışdır. Odur ki, tələb olunur ki mənimsənilən 24.982,72 (iyirmi dörd min doqquz yüz səksən iki) manat məbləğində pul vəsaitini 10 gün müddətində müəssisəyə geri qaytarılsın. Əks halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli auditor rəyinin surətindən görünür ki, "xxxx" QSC tərəfindən (Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AT115 saylı lisenziya əsasında fəaliyyət göstərir) və xx.xx.2022-ci il tarixli 057AA06 nömrəli müqaviləyə əsasən "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2021ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək müqaviləsi əsasında satış üzrə nəzarətçi (satıcı) vəzifəsində çalışmış Cavabdeh (AZE seriyalı ******** N-li şəxsiyyət vəsiqəsi ASAN 1 tərəfindən xx.xx.2015-cü il tarixdə verilmişdir PİN xxxxxxx) ilə hesablaşmaların auditini həyata keçirilib. Əmək fəaliyyəti əsasən "xxxx" MMC-nin ticarət obyektlərində malların təhvil alınması, ticarət obyektlərinə satılması və satılmış mallara görə əldə etdiyi pul vəsaitini cəmiyyətin xəzinəsinə və ya ofis nümayəndəsinə təhvil verməsindən ibarət idi. Cavabdeh Bakı şəhəri Nəsimi rayonu X7 küç. ev 31 m.1 ünvanında yerləşən ticarət obyektinə xx.xx.2021-ci il tarixində qəbul edilən zaman həmin obyektdə 5 000 AZN məbləğində mal olmuşdur. Fəaliyyətdə olduğu dövr ərzində cəmiyyətdə satış məqsədi ilə əlavə olaraq 230 496,27 mal təhvil alınmışdır. Ümumilikdə cavabdehliyində olan 235 496,27 manatlıq mala dair 73 078.00 manat ofisin nüməyandəsinə nağd olaraq, 103 913.85 manat (üçüncü-nağdsız şəxslərə vasitəsi ilə Bolt, Post terminal, Bakupay, İBOX LLC) nağdsız olaraq, 11675,64 manat malları cəmiyyətə geri (vaxtı keçmiş mallar) qaytardığını nəzərə alaraq xx.xx.2022-ci il tarixində ticarət obyektində 46 828,78 manatlıq mal qalığı olmalı idi. Lakin, təftiş qrupunun apardığı sayım nəticəsində, ticarət obyektində 21 846,06 manat mal qalığı olduğu təsdiq edildi. Nəticə olaraq 46 828,78 manatlıq mal qalığı olmaq əvəzinə 21 846,06 manatlıq mal qalığının olması bunu göstərir ki, Cavabdeh təqsiri ucbatından xx.xx.2022-ci il tarixinə 24 982,72 manat məbləğində çatışmazlıq yaranmışdır. Həmin çatışmazlığın (24 982,72 manat) təsdiq edilməsi üçün "xxxx" MMC tərəfindən təftiş qrupu yaradılmış, ticarət obyektində üzləşmə aktları tərtib edilib, proses tam rəsmiləşdirilmişdir. Aktlar tərtib edilən zaman Cavabdeh dəvət edilmişdir. Çatışmazlıq ilə bağlı Cavabdeh izahat vermişdir. Həmin məbləğ (24 982,72 manat) "xxxx" MMC-in kompyuter vasitəsi ilə aparılan mühasibat proqramı bazasında öz əksini tapmışdır. İş materiallarında Bakı 3 saylı mediasiya təkilatı tərəfindən xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00255 saylı Mediasiya Arayışının surətindən görünür ki, "xxxx" MMС ilkin mediasiya sessiyasında iştirak etmiş lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Belə ki, Cavabdeh nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 1 illik iddia müddəti ötürüldüyündən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin iddia müddətini ötürməsi ilə bağlı ərizəsini əsaslı hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Hazırki iş üzrə məhkəmə iclasında müəyyən edilmişdir ki, işçi Cavabdeh 2019-cu il tarixdən 2024-cü ilə qədər iddiaçının deməsinə görə "xxxx" MMC-də satıcı vəzifəsində işləmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. İddiaçı MMC-də sözügedən audit yoxlaması isə 2022-ci ilin 01 iyun tarixində başlamış və xx.xx.2022-ci il tarixədək davam etmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə auditor rəyi təqdim edilmiş və həmin rəydə Cavabdeh təqsiri ucbatından xx.xx.2022-ci il tarixinə 24.982,72 manat məbləğində malın çatışmazlığı müəyyən edilmişdir. İddiaçı isə hazırkı iddia ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir və nəticədə ƏM-nin 296.5-ci maddəsinin tələblərinə əsasən iddia müddətini ötürülmüşdür. İddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında göstərmişdir ki, cavabdehin təqsiri barədə son 6 aydır ki, məlumatları olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına qiymət verərək, hesab edir ki, iddiaçının iddianın əsasını təşkil edən audit yoxlamasının nəticələrindən 2022-ci ildə deyil hardasa məhkəməyə müraciət etməzdən 6 aydır ki, xəbərdar olduğunu bildirməsi inandırıcı hal deyildir. Ona görə ki, verilmiş auditor rəyi xx.xx.2022-ci ildə tərtib edilmiş və həmin rəydən zərərin mövcudluğu müəyyən edilmişdir. Qeyd edilməlidir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən İddiaçı Cavabdeh qarşı “pul” tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar