Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4255/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci il tarixdə Cavabdeh dövlət qeydiyyatına alındıqdan sonra, iddiaçı sözügedən turizm şirkəti tərəfindən bələdçi vəzifəsinə qəbul edilmişdir. Lakin artıq xeyli müddətdir ki, Cavabdeh MMC müəssisə olaraq fəaliyyətini dayandırmışdır. Qeyd edir ki, yaxın müddətdə pensiya ilə bağlı dövlət orqanına müraciət edərkən iddiaçıya məlum olmuşdur ki, “Əmək və məşğulluq“ altsistemində iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Qanunvericiliyə əsasən müəssisə ləğv edildikdə onun işçiləri işdən azad olunurlar. Müəssisənin ləğv edilməsi rəhbərliyin və ya təsisçilərin qərarı əsasında həyata keçirilir və müvafiq əmrin verilməsi ilə sənədləşdirilir və müəssisənin möhürü ilə təsdiqlənir. Müəssisə ləğv edilməsinə baxmayaraq iddiaçının əmək müqaviləsinə xitam verilməmişdir. Bununla bağlı mediasiya təşkilatına müraciət etmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehə rəsmi olaraq mediasiya təklif məktubu göndərilmişdir. Lakin cavabdeh EMPİRE Travels MMC-nin fəaliyyəti dayandırıldığından təklif məktubu cavabdeh tərəfindən qəbul edilməmiş, hüquqi şəxsin fəaliyyət göstərdiyi ünvanın bağlı olması göstərilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi mzalanmadığından MŞB/8/2023-01454 saylı arayış verilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Cavabdeh müəssisə olaraq ləğv edildiyi üçün iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə müraciəti mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahi etmişdir. Cavabdeh MMC və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB\8\2023-01454 saylı arayışından görünür ki, tərəflər arasında hazırkı mübahisənin həlli üçün mediatora müraciət edilmişdir. X1 Xidmətinin xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, tələb olunan sənədlərin təqdim olunması müəssisə rəhbərliyi tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün deyildir, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırlmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, VÖEN ********** fəaliyyətini dayandırıb. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7.2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 9-cu maddəsinin “o” bəndinə əsasən elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir; 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir; 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinin l-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 2-ci hissəsinə əsasən Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir; 49-cu maddəsinin 2-2-ci hissəsinə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir; 49.4-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı işəgötürən Cavabdeh MMC ilə 2018-ci il tarixdə bələdçi kimi işə qəbul edilməyi barədə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi bildirişi sistemə daxil edilmişdir. Daha sonra isə həmin işdən çıxmışdır. Lakin İddiaçı adı elektron informasiya sistemində Cavabdeh MMC-nin işçisi kimi hələ də qalmaqdadır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçının “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh (işəgötürən) hüquqi şəxs hazırda fəaliyyətini dayandırdığından əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdeh tərəfindən icra edilməsi mümkün deyil. Göründüyü kimi, cavabdeh hüquqi şəxsin fəaliyyətini dayandırması səbəbindən, hazırda iddiaçının iddia tələbinin cavabdeh hüquqi şəxs tərəfindən icra edilməsi qeyri-mümkün olduğundan, məhkəmə hesab edir ki, iddiaçının qanuni mənafelərinin müdafiəsinin təmini üçün hazırda yuxarıda sadalanan iddia tələbinin yerinə yetirilməsi hüququnun üçüncü şəxsə həvalə edilməsi qanunamüvafiqdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-4255/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4255/2023
05.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver