Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4256/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ödənilməmiş son haqq-hesab” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı borclu Cavabdeh ASC-dən kreditorun xeyrinə 3698,72 manat məbləğində pulun tutulması haqqında məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 4256/2023 nömrəli məhkəmə əmri ilə, ərizə təmin edilmiş, borclu Cavabdeh ASC-dən kreditor İddiaçı xeyrinə 3698,72 manat tutulmuşdur. Borclu Cavabdeh ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(005)-4256/2023 saylı məhkəmə əmrini ləğv edərək, mülki işin iddia icraatı qaydasına keçirilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4256/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-4256/2023 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və iddia icraatına keçirilməsi qərara alınmışdır. Daha sonra İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət edərək, artıq iş saatlarına cəlb etdikləri üçün həmin iş saatların, bayram pulu, maddi yardım, məzuniyyət pulu, gecə növbələrinin pulunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdeh son-haqq hesabını pul məbləgində ödəyəndən sonra əmək kitabçasını Gesco ASC-nin Gəncə şəhərində xx.xx.2023-cü ildən fəaliyyət göstərən filialında ofisində iddiaçıya təhvil verilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Gesco ASC Mühafizə departamenti iddiaçını artıq iş saatlarına cəlb etmiş, lakin həmin artıq iş saatlarının ödənişini etməmiş, eyni zamanda gecə növbəsinin 20%-40% ödənişini, bayram günlərində işdə olan zaman heç bir əlavə ödəniş də edilməyib və Gəncə Şəhəri üzrə layihə rəhbəri İsgəndərov Elşənin şəxsi qərəzliyinə görə əmək müqaviləsini artırmamışdırlar və xx.xx.2023-cü ildə xitam verməklərinə baxmayaraq iddiaçını xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi işə cəlb ediblər, yəni xidmətdə olmuşdur. Hal-hazırda iddiaçının əmək kitabçası Gesco asc muhafizə departamentindədir, baxmıyaraq ki Gəncə Şəhərində artıq Gesco asc mühafizə departamentinin ofisi var kadrlar şöbəsi fəaliyyət göstərir, amma buna baxmayaraq iddiaçının əmək kitabçası Bakı şəhər Nərimanov rayonu, Z.Bünyadov prospekti 1965-ci məh.,Çinar Park, Biznes Mərkəzi, Bina 5-də saxlanılır. İddiaçı bildirir ki, o, “Gesco ASC”-də 2022-ci ilin iyun 28 ayından “Mühafizəçi” vəzifəsində işləməyinə baxmayaraq, onu iyulun 05 2022-cu il tarixdən işə başlama tarixi kimi qeyd ediblər. Qeyd edir ki,1 ayda 240 saat işləyərək 294 azn əmək haqqı almış, halbuki, Sifarişci Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə təhsili üzrə X6 Şəhər 2 saylı Peşə məktəbi hər ay üçün 3279.26 azn Gesco ASC mühafizə şirkətinə ödəniş edir. 2022-ci il iyul ayından bu günə qədər iddiaçının və digər mühafizəçilərin rəsmi iş saatı gündüz 08:00-dan 20:00a kimi hər iki gündən bir və axşam saat 20:00-dan 08:00-dək hər iki gündən bir işdə olmuş, bir həftədə 60 saat işləmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 izahatında mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, iddiaçının həmin qətnamədəki texniki səhvdən sui-istifadə edərək pul tələb etdiyini, iddia tələbinin tamamilə əsassız olduğunu və iddianın təmin edilməməli olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada iddiaçı xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-1780/2023 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB\8\2023-00383 saylı arayışından görünür ki, tərəflər arasında hazırkı mübahisənin həlli üçün mediatora müraciət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən 3698.72 manat işçilərə son haqq hesab ödənilmiş, bu məbləğdən 111.34 manat İddiaçı bank hesabına köçürülmüşdür. İş materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanan 25 iyun 2023-cü il tarixli, 312 №-li bildirişdən görünür ki, əmək kitabçasını təhvil alması üçün İnsan resursları şöbəsinə yaxınlaşmağı xahiş olunmuşdur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 38.7-ci maddəsinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci mаddəsinin 3-cü hissəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 9-cu maddəsinin “d” bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. 57.1-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 57.2-ci maddəsinə əsasən, əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 155.3-cü maddəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 158.1-ci maddəsinə əsasən, Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Beləliklə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(005)-1780/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ASC-də mühafizə departamentində müddətli əmək müqaviləsi əsasında, 300 AZN əmək haqqı almaqla mühafizəçi vəzifəsində çalışmış, əmək müqaviləsinə 05 yanvar 2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-1780/2023 saylı qətnaməsinə istinad edərək, ona 3698,72 manat məbləğində son haqq-hesabın hesablandığını, lakin cavabdeh tərəfindən ödənilmədiyini mübahisələndirir. Cavabdeh iddianın əsassız olduğunu, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-1780/2023 saylı qətnaməsində texniki yanlışlıq nəticəsində işçilərə ödənilən son haqq hesab məbləğinin (3698,72 manat) İddiaçı ödənildiyi kimi qeyd olunduğunu bildirmişdir. Mülki işin materiallarından da aydın olur ki, cavabdeh tərəfindən sözügedən qətnaməyə düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı son-haqq hesabın ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Göründüyü kimi, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh ASC tərəfindən 3698.72 manat işçilərə son haqq-hesab ödənilmiş, iddiaçıya isə son haqq-hesab olaraq, cəmi 111,34 manat əmək haqqı hesablanmış və 111.34 manat məbləğində vəsait İddiaçı bank hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək, İddiaçı Cavabdeh ASC-yə qarşı “ödənilməmiş son haqq-hesab” tələbinə dair iddiasını əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə həmçinin iddiaçının xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ərizədə konkret tələblər olmadığından, o cümlədən tərəflər arasında əvvəllər baxılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-1780/2023 saylı qətnaməsi ilə eyni məsələlərə qiymət verildiyindən həmin ərizənin icraata götürülməsi mümkün hesab edilməmişdir. Bu baxımdan məhkəmə, iddia tələblərinin artırılması barədə ərizəni icraata götürülməməsini əsaslı hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “ödənilməmiş son haqq-hesab” tələbinə dair iddiası təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-4256/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4256/2023
21.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver