Məhkəmə qərarları › İş №e-2(005)-430/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-430/2025

07.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-430/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: işə bərpa; məcburi iş buraxmaya görə əmək haqqı; gecikdirilmiş əmək haqqına görə ödənc tələbi; ƏM-in 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsaslarla) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və əmək haqqının gecikdirilməsinə görə ödənc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və əmək haqqının gecikdiirlməsinə görə ödənc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməyinə dair Cavabdeh MMC-nin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməyi, məcburi işburaxma dövrü üçün əmək haqqı məbləğinin, həmçinin əmək haqqı ödənilməsinin hər gecikdirilmiş günü üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdən tərcüməçi kimi işləməyə başlamışdır. İşlədiyi dövr ərzində daim işinin öhdəsindən gəlmiş, cəmiyyətin müşahidə şurasının sədrinin və üzvlərdən birinin xarici vətəndaş olması səbəbindən rəhbərliyin bütün iclaslarında iştirak edəcək qədər etibarlı işçi olmuşdur. Vəzifə funksiyasına uyğun olaraq bütün sənədlərin, o cümlədən xarici şirkətlərlə bağlanacaq əhəmiyyətli müqavilələrin tərcüməsini həyata keçirmiş və verilən digər tapşıqların öhdəsindən gəlmişdir. Cəmiyyətin icra orqanın rəhbərinin dəyişməsindən sonra yeni rəhbər tərəfindən hər hansı əsas göstərilmədən işdən azad olunmağı barədə ərizə yazmağı tələb olundu və bununla razılaşmayacağı təqdirdə ixtisarla işdən çıxaracağı bildirildi. Təzyiqlərə boyun əyməmiş və ərizə yazmaqdan imtina etmişdir. Bundan sonra isə yeni rəhbərin göstərişi ilə “formal ixtisar” görüntüsü yaradılmaqla işdən azad edilmişdir. Köməkçisi də, Elnur Əli hansı ki, o, işə yeni başlamış və sınaq müddətində olmuşdur, onlara yazdığı pretenziyadan sonra görüntü yaratmaq xətrinə güya ixtisarla işdən azad edildi və başqa vəzifəyə keçirilməklə faktiki tərcüməçi fəaliyyətinə, yəni öz vəzifə funksiylarının icrası ona həvalə edildi. Aşağıdakılara əsasən hesab edir ki, işdən azad edilməyinə dair cavabdehin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, işə bərpa edilməyi məcburi işburaxma dövrü üçün əmək haqqı məbləğinin, həmçinin hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətanmə qəbul edilməlidir. Əmr əsaslandırılmamışdır. Aydındır ki, qeyd edilən normada əsaslandırma dedikdə işçinin işdən azad olunma zərurətinin formal sözlərlə deyil, müəyyən sübutlarla və zəruri sənədlərlə əsaslandırmasından söhbət gedir. Çünki şübhəsizdir ki, işəgötürənin üzərinə bu vəzifəni qoymaqla qanunverciliyin hədəflədiyi zəif tərəfdə olan işçinin hakimiyyət təsirinə malik işəgötürəndən asılı vəziyyətdə olması səbəbindən onu qoruma altına almaqdır. Yəni qanunvercilik sui-istifadəni aradan qaldırmaq üçün işəgötürəndən işçinin işdən azad etməsini zəruri edən halları əsaslandırmasını tələb edir. İndiki halda isə böyük işçi qüvvəsinə malik olan cavabdeh yalnız 2 sözlə “strukturun formalaşması və optimizasiyası ilə əlaqədar” deməklə onu ixtisara salmış və güya bununla qanunla üzərinə qoyulmuş “əsalandırma” öhdəliyini icra etmişdir. Lakin bu formalaşmanın zərurəriliyi, dəyişən hədəflərin mövcudluğu, 2 işçinin ixtisarı ilə hansı optimizasiyanın edilməsi kimi zərurəti, bunun cəmiyyətə verəcəyi fayda (qazanc) kimi məsələlər ümumiyyətlə qeyd edilməmişdir. Ümumiyyətlə onu qeyd edir ki, faktiki halda cəmiyyətin tərcüməçiyə xüsusilə ehtiyacı vardır. Çünki şirkət xarici şirkətlərə əlaqələrini genişlətmiş və bu əlaqələrin tərcüməçi olmadan qurulması ümumiyyətlə mümkünsüzdür. Bundan başqa Müşahidə Şurasının sədrinin və üzvlərdən birinin xarici vətəndaş olması və azərbaycan dilini bilməməsi tərcüməçi olmadan fəaliyyətin mümkünsüzlüyünü təsdiq edir. Yəni bu ştatın ümumiyyətlə ləğv edilməsi real deyil və bu “Formallıqdan” xəbər verir. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Misal üçün, bir müəssisədə 4 sürücü çalışır. Müəssisədə işlərin azalması ilə əlaqədar olaraq, işəgötürən hesab edir ki, azalan işləri iki sürücü də edə bilər. O zaman, 2 sürücü ixtisar olunacaqdır. Bu işçilərin sayının ixtisarı deməkdir. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Misal üçün, müəssisənin mallarının daşınmasını başqa bir daşımacılıq ilə məşğul olan şirkətə tapşırırlar. Bu zaman, müəssisədə çalışan sürücülərə ehtiyac qalmır və sürücü ştatı ixtisar edilir. Bu ştatların ixtisarı olacaqdır. Göründüyü kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv etmə imkanı kimi 2 əsas - ştatın ixtisarı və ya işçilərin sayının ixtisarı nəzərdə tutulmuş, “və ya” bağlayıcısından istifadə etməklə işəgötürənə dispozitiv seçim imkanı müəyyən edilmişdir. Bu halda işəgötürən yalnız birindən istifadə edə bilər ki, bu əmrdə xüsusi əsaslandırmalı və işçi hansı əsasla işdən azad olunamsını başa düşməlidir. İndiki halda isə işəgötürən formal olaraq qanunun normasına istinad etmiş, “Ştatın”, yoxsa “İşçilərin sayı”nın ixtisar edilməsini xüsusi qeyd etməmiş, bununla da göstərilən normaların tələblərini pozmuşdur. Məlumat üçün deyir ki, özü 3 dildə-ingilis, rus, türk dillərində mükəmməl bilir və həmin dillərdə şifahi və sinxron tərcüməçi fəaliyyətini həyata keçirmişdir. Digər tərcüməçi isə 2 dildə-ingilis, türk dillərində tərcüməçilik edirdi və şifahi və sinxron tərcüməçi fəaliyyətini həyata keçirməyi bacarmırdı. Bundan başqa özünün bu sahədə 15 ildən çox təcrübəsi var. Qeyd edilənlər cavabdehə məlum olmuşdur. O isə göstərilənləri nəzərə almayaraq anlaşılmaz mövqe ortaya qoymuş, ixtisarla onu və digər tərcüməçini işdən çıxarmış, sonradan onu başqa vəzifəyə işə qəbul etməklə faktiki tərcüməçi fəaliyyətinin icrasını ona tapşırmışdır. Bu isə hesab edir ki, göstərilən normanın tələblərinin pozulması hesab edilməli və əmrin ləğvi əsası kimi çıxış etməlidir. Digər işçi formal əsaslarla görüntü yaratmaq xətrinə ixtisar edilmişdir. Çünki həmin işçi onsuzda sınaq müddəti ilə işə qəbul edilmişdi. Məlum məsələdir ki, sınaq müddəti bitmədən onun işdən azad edilməsi mümkündü və bu halda cəmiyyət hər hansı maddi itki ilə qarşılaşmır. Buna rəğmən cəmiyyət ixtisarın zəruriliyi görünütüsü yaratmaq üçün onu da ixtisar etmiş, sonradan başqa vəzifəyə qəbul edərək faktiki tərcüməçi səlahiyyətinin icrasını ona tapşırmışdır. II. Tərəflərin mövqeləri: Cavabdehin nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tələbində göstərmişdir ki, guya Cəmiyyətin icra orqanının rəhbərinin dəyişməsindən sonra heç bir əsas göstərilmədən ixtisar ilə əlaqədar onun X12 verilmişdir. İddiaçının yuxarıda qeyd edilən dəlilinə münasibətdə bildirir ki, iş materiallarında mövcud olan cavabdeh təşkilatın Müşahidə Şurasının 15/MS/24 saylı, 01 iyul 2024-cü il tarixli qərarına əsasən, Cəmiyyətin struktur vahidlərində zəruri sənədlərin tərcümə edilməsi ilə bağlı iş yükünün azaldığını, müvafiq şöbələrdə ingilis dilini bilən kifayət qədər mütəxəssislərin olduğunu, eyni zamanda müəssisədə iqtisadi baxımdan səmərəliliyi (optimallaşdırma) təmin etmək məqsədilə, ştat cədvəlində mövcud olan “Tərcüməçi” vəzifəsi (ştat) ixtisar edilmişdir. Müşahidə Şurasının müvafiq qərarı rəhbər tutularaq, AR Əmək Məcəlləsinin 77.1-ci bəndində nəzərdə tutulmuş qaydada ştatın ixtisar edilməsi ilə əlaqədar 02 iyul 2024-cü il tarixdə cavabdehə rəsmi xəbərdarlıq edilmişdir. Bundan sonra, iddiaçının razılığı əsasında, ixtisar ilə bağlı xəbərdarlıq müddəti əvəzinə ona əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada kompensasiya verilmişdir. Eyni zamanda, tərəflər arasında mövcud olan əmək müqaviləsinə ştatın ixtisarı ilə bağlı xitam verilərkən, cavabdehə AR Əmək Məcəlləsinin 77.3-cü bəndinin tələblərinə görə müəyyən olunmuş əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilmişdir. Həmçinin, iddiaçı tələbində göstərmişdir ki, guya cavabdeh ixtisar faktını pərdələmək məqsədilə tərcüməçi vəzifəsində işləyən digər işçi - X21 ilə də əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir. İddiaçının dəlilinə münasibətdə bildirir ki, iddiaçı ilə X12 verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada bütün tələblərə digər işçi X14 X12 verilərkən də riayət edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş müvafiq sənədlərdən müəyyən edilir ki, ştatın ixtisar edilməsi ilə əlaqədar 02 iyul 2024-cü il tarixdə digər işçi - X16 rəsmi xəbərdarlıq edilmişdir. Sonradan işçi - X14 rəsmi razılığına əsasən, 11 iyul 2024-cü il tarixdən etibarən ixtisar ilə bağlı xəbərdarlıq müddəti əvəzinə ona əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada kompensasiya verilməsi barədə razılıq əldə edilmişdir. Eyni zamanda, həmin işçiyə əmək qanunvericiliyin tələblərinə görə müəyyən olunmuş əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun təmin olunmamasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - ******* saylı əmək kitabçasının surəti ilə müəyyən olunur ki, işçi xx.xx.2023-cü il tarixli 149/K saylı əmr ilə "xxxx" MMC-yə tərcüməçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli 155/K saylı əmr ilə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - Cavabdeh MMC-nin Müşahidə Şurasının 01 iyul 2024-cü il tarixli 15/MS/24 saylı iclas protokolu ilə müəyyən olunur ki, cəmiyyətin struktur vahidlərində zəruri sənədlərin tərcümə edilməsi ilə bağlı iş yükünün azaldığını, müvafiq şöbələrdə ingilis dilini bilən kifayət qədər mütəxəssislərin olduğunu nəzərə alaraq Cəmiyyətdə iqtisadi baxımdan səmərəliyi (optimallaşdırma) təmin etmək məqsədilə, ştat cədvəlində mövcud olan “Təcrüməçi” vəzifəsinin (ştatı) ixtisar edilməsi qərara alınmışdır. - İddiaçı ştat ixtisarı ilə əlaqədar X12 verilməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində "xxxx" MMC ilə arasında qarşılıqlı razılaşma əsasında əmək müqaviləsi bağlanmışdır. Qanunvericiliyə əsasən, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən 2 təqvim həftəsi gözlənilməklə, orta aylıq əmək haqqının 1 misli miqdarında və ya 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.5 misli əlavə ödənilməklə müqavilə müddətinə xitam veriləcəkdir. Bununla əlaqədar olaraq xəbərdarlıq müddətini gözləmək və ya xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.5 misli əlavə ödənişi qəbul edərək işdən azad edilmək bərəsində seçimini bildirməyi xahiş olunur. Hesablanmış son haqq-hesab məbləği əmək haqqı hesabına köçürüləcəkdir. Əmək kitabçasının təhvil alınması üçün həmin tarixdə cəmiyyətin İnsan Resursları Departamentina yaxınlaşması xahiş olunmuşdur. - İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, işçilərin ixtisarı ilə bağlı 02 İyul 2024-cü il tarixli bildirişi qəbul etmiş və tanış olmuşdur. Bununla bağlı, bildirişdə qeyd olunan xəbərdarlıq müddəti əvəzinə ona əmək qanunvericiliyi ilə müəyyən olunmuş məbləğdə ödənc verilməsi şərti ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsini xahiş etmişdir. -Cavabdeh MMC-nin 155/K saylı 02 iyul 2024-cü il tarixli əmrindən görünür ki, "xxxx" MMC-də yeni sturukturun formalaşması və optimizasiya ilə əlaqədar olaraq, tərcüməçi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 03 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatların ixtisar edilməsi) xitam verilməsi, ştat sayının ixtisar olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, Cəmiyyət ilə işçi arasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdarlıq əvəzinə orta aylıq əmək haqqının 0,5 misli miqdarında kompensasiya ödənilməsi, eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsini rəhbər tutaraq, Cəmiyyət ilə işçi arasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq orta aylıq əməkhaqqı miqdarında işdənçıxarma müavinəti ödənilməsi əmr edilmişdir. Əsas kimi yeni struktur və xəbərdarlıq müddəti əvəzinə kompensasiyanın ödənilməsinə dair işçinin ərizəsi göstərilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 tərəfindən vəkil bürosuna ünvanlanmış 18 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə İddiaçı əmək müqaviləsinə 3 iyul 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi ilə bağlı məlumat daxil edilmişdir. Həmçinin Cavabdeh MMC tərəfindən İddiaçı ixtisar olunması ilə bağlı Agentliyə heç bir məlumat daxil olmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış 30 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMCnin Müşahidə Şurasının üzvləri X11, X23, X7r. - Cavabdeh MMC-nin Müşahidə Şurasının 02 sentyabr 2024-cü il tarixli 24/MS/24 saylı iclas protokolu ilə müəyyən olunur ki, protokola əlavə olunmuş siyahısı qeyd edilən vəzifələrin ixtisar edilməsi və istedadların idarə edilməsi üzrə menecer vəzifəsi üzrə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi qərara alınmışdır. - Cavabdeh MMC-nin Müşahidə Şurasının 01 oktyabr 2024-cü il tarixli 28/MS/24 saylı iclas protokolu ilə müəyyən olunur ki, cəmiyyətin təşkilatı strukturunun təkmilləşdirilməsi məqsədilə protokola əlavə olunmuş yeni ştat cədvəlinin təsdiq edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 xidməti tərəfindən məhkəməyə ünvanlanmış 24 dekabr 2024-cü il tarixli 3-17-5/2- 96341/2024 saylı məktubdan görünür ki, Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş “administrativ assistent” vəzifəsi üzrə 1 (bir) əmək müqaviləsi bağlanılmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, idiaçı İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdehnə tərcüməçi vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənin 155/K saylı 02 iyul 2024-cü il tarixli əmrinə əsasən, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən – işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənc tələb edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. -11-ci maddəsinin "xxxx" bəndinə əsasən, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. -42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. -68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. -77-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. -77-ci maddəsinin 4-cü hissəsinə əsasən, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla X12 verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində X12 verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. - 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Göründüyü kimi İddiaçı iddia tələbi 4 hissədən ibarətdir: 1) işəgötürənin əmrinin ləğv edilməsi; 2) iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması; 3) məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi; 4) əmək haqqı ödənilməsinin hər gecikdirilmiş günü üçün əmək haqqının bir faizi məbləğində ödənc. Məhkəmə, iddia tələbinin birinci hissəsinin hüquqi əsaslandırılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdehin mübahisələndirilən 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən - işçi ştatının ixtisar edilməsi səbəbindən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin "xxxx" bəndində nəzərdə tutulub. Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və s. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Hazırki iş üzrə ştat ixtisarının hansı zərurətdən irəli gəlməsi məsələsi Cavabdeh MMC-nin Müşahidə Şurasının protokolunda əsaslandırılmışdır. Belə ki, Cavabdeh MMC-nin Müşahidə Şurasının 01 iyul 2024-cü il tarixli 15/MS/24 saylı iclas protokolu ilə cəmiyyətin struktur vahidlərində zəruri sənədlərin tərcümə edilməsi ilə bağlı iş yükünün azaldığını, müvafiq şöbələrdə ingilis dilini bilən kifayət qədər mütəxəssislərin olduğunu nəzərə alaraq Cəmiyyətdə iqtisadi baxımdan səmərəliyi (optimallaşdırma) təmin etmək məqsədilə, ştat cədvəlində mövcud olan “Təcrüməçi” vəzifəsinin (ştatı) ixtisar edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC-də təcüməçi vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" MMC-nin Baş ofisinin Müşahidə Şurasının 10 yanvar 2024-cü il tarixli 01MS2024 saylı protokolu ilə təsdiq olunmuş ştat cədvəlinə əsasən, qeyd olunan tarixdə cavabdeh şirkətdə 2 ədəd tərcüməçi ştatı olmaqla, cəmi 356 nəfər ştat vahidi olmuşdur (mülki iş v. 32). "xxxx" MMC-nin Baş ofisinin Müşahidə Şurasının protokolları ilə "xxxx" MMC-də ştat saylarında ixtisarlar aparılmış, "xxxx" MMCnin Baş ofisinin Müşahidə Şurasının 01 oktyabr 2024-cü il tarixli 28/MS/2024 saylı protokolu ilə təsdiq olunmuş ştat cədvəlinə əsasən Baş ofisdə tərcüməçi ştatı olmamış, ümumilikdə 343 nəfər ştat vahidi olmuşdur (mülki iş v. 68). Müəssisədə çalışan digər işçilərlə bağlanmış əmək müqavilələrinə eyni əsasla xitam verilməsinə dair əmək müqaviləsi bildirişləri cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur – X8 xx.xx.2024-cü il tarixdə, X1 xx.xx.2024-cü il tarixdə, X9 xx.xx.2024-cü il tarixdə X5 xx.xx.2024-cü il tarixdə, X2 xx.xx.2024-cü il tarixdə müəssisənin müvafiq əmrləri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdurlar. Həmçinin məhkəmə sorğusuna əsasən xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən X12 verilmiş şəxslərin siyahısı məhkəməyə təqdim olunmuşdur. Müəyyən olunmuşdur ki, xx.xx.2024-xx.xx.2024-cü il müddəti ərzində müəssisənin işçisi olmuş müxtəlif vəzifələrdə (rəis, direktor müavini, baş usta, baş mühasib, mühasib, anbardar, mühəndis-texnoloq və s.) çalışan işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi ştat vahidinin ixtisarı formal (yalnız iddiaçının işdən azad olması məqsədilə) xarakter daşımamış, “tərcüməçi” ştatı xx.xx.2024-cü il tarixdə ləğv olunmuş və iddiaçı işdən azad edildikdən sonra müəssisədə yenidən yaradılmamışdır. Bu müddət ərzində müəssisədə müxtəli ştat vahidləri azalmış, iddiaçı ilə yanaşı başqa şəxslərin də əmək müqavilələrinə eyni əsasla xitam verilmişdir. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qanunvericiliklə müəyyən olunmuş tələblərlə uzlaşdırılması zamanı uyğunsuzluq aşkar olunmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı X12 verilməsində cavabdeh müəssisə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. İşçi – iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Belə ki, qanunvericiliyə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən bir ilədək (xx.xx.2023-xx.xx.2024) əmək stajı olan işçiyə azı iki təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. İşəgötürən işçinin razılığı ilə azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 mislini ödəməklə X12 verə bilər. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə ünvanlanaraq, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən 2 təqvim həftəsi gözlənilməklə, orta aylıq əmək haqqının 1 misli miqdarında və ya 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.5 misli əlavə ödənilməklə müqavilə müddətinə xitam veriləcəyi bildirilmiş, bununla əlaqədar olaraq xəbərdarlıq müddətini gözləmək və ya xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.5 misli əlavə ödənişi qəbul edərək işdən azad edilmək barəsində seçimini bildirməyi xahiş olunmuşdur. İşçi İddiaçı bildirişi qəbul etmiş və tanış olmuş, bildirişdə qeyd olunan xəbərdarlıq müddəti əvəzinə ona əmək qanunvericiliyi ilə müəyyən olunmuş məbləğdə ödənc verilməsi şərti ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsini xahiş etmişdir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış X12 verilərkən Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçının Cavabdeh 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi“ barədə tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin digər (işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənc) hissələri ilə bağlı hesab edir ki, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə iddia ərizəsində göstərilən halların X12 verilməsi barədə işəgötürənin mübahisələndirilən 155/K saylı 02 iyul 2024-cü il tarixli əmrinin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə, məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənc tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı hazırki tələb üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, onun tələbi isə təmin edilmədiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “işdən azad edilməyinə dair Cavabdeh MMC-nin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməyi, məcburi işburaxma dövrü üçün əmək haqqı məbləğinin, həmçinin əmək haqqı ödənilməsinin hər gecikdirilmiş günü üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220-ci, 358-360-cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə qarşı “işdən azad edilməyinə dair Cavabdeh MMC-nin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməyi, məcburi işburaxma dövrü üçün əmək haqqı məbləğinin, həmçinin əmək haqqı ödənilməsinin hər gecikdirilmiş günü üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar