Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4342/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi 2, 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində ümumi sahəsi 90 kv.m olan 2 otaqlı 21A saylı dəyərini ödəyərək satın aldığı mənzilin əvəzinə, mənzilin hazırda həmin ərazidə mövcud olan bazar qiymətlərinə görə hesablanmış dəyərinin (1 kv.metrin qiyməti 1100 manat hesablanmaqla, 1100x90=99000 manat ), yəni 99000 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2005-ci il tarixdə fiziki şəxs X7 ilə müqavilə bağlayaraq, Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 2 ünvanda fiziki şəxs X7 və X8 tərəfindən inşa olunan 10 mərtəbəli yaşayış evinin İ blok, 7-ci mərtəbə, ümumi sahəsi 90 kv.m olan, 2 otaqdan ibarət izolə olunmuş 21A nömrəli mənzili almışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kv.m sahə üçün 250 ABŞ dolları olmaqla, cəmi 90 kv.metr sahə üçün 22500 ABŞ dolları olmaqla, ödəmə günü AZ manatla ABŞ dollarına ekvivalent olaraq manata məzənnə ilə ödəmişdir. Mənzilin dəyəri ilə bağlı borcu yoxdur. Ev inşa edilib qurtarmasına baxmayaraq, ona məxsus mənzil təhvil verilməmişdir. Evi inşa edən fiziki şəxs X7 və X8 arasında baş verən mübahisə ilə bağlı mənzilin ona təhvil verilməsi baş vermədi. Bundan sonra fiziki şəxs X2 ölməsi ilə vəziyyət bir az da çətinləşdi. Fiziki şəxs X2 hüquqi varisi Cavabdeh arasında mənzillərin bölgüsü ilə bağlı məhkəmə mübahisəsi başlandı. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73,75 saylı mənzillər cavabdeh X8 tərəfindən (üçüncü şəxs X10) iddiaçılar X6 və X1 (qanuni nümayəndə Cavabdeh) təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)- 1868/2014 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1868/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsinin təsviri, əsaslandırıcı və nəticə hissələrindəki “Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 21 saylı mənzil” yazısı “Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 21A saylı mənzil” kimi oxunması qərara alınmışdır. Göstərilən məhkəmə mübahisəsindən sonra da mənzil ona təhvil verilməmişdir. Bundan sonra o, cavabdehlər X5 və Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-11747/2016 saylı qətnaməsi ilə “xx.xx.2005-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi 2, 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində ümumi sahəsi 90 kv.m olan 2 otaqlı 21A saylı mənzilin boşaldılması və İddiaçı həmin mənzilə köçürülməsi” qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-10262/2017 saylı qərardadı ilə Yasamal Rayon məhkəməsinin 2(004)-11747/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi cavabdeh X5 aid hissədə (vəfat etməsi ilə əlaqədar) ləğv edilmiş və həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş icra vərəqəsi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Qərara görə, icra tədbirləri zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yeni Yasamal 1 Dairəvi küçəsində olan 2 saylı 10 mərtəbəli yaşayış evinin 1-ci blok 7-ci mərtəbəsində 2 otaqlı 21A saylı mənzil mövcud deyil. Həmin mərtəbədə X9 məxsus 21 saylı mənzilin mövcud olduğu, həmin şəxsin tələbkar İddiaçı ilə heç bir əlaqəsinin olmadığı məlum olmuşdur. Binanın layihəsinə görə 21A saylı mənzil binanın 1ci blokunda deyil, hal-hazırda bünövrəsi qoyulmuş 4-cü blokunda nəzərdə tutulmuşdur. Bununla yanaşı "xxxx" MTK-nın məktubundan məlum olmuşdur ki, tələbkar İddiaçı bağladığı müqavilədə 21A saylı mənzilin binanın hal-hazırda tikintisi başa çatmayan 4-cü blokunda yerləşməsi nəzərdə tutulmuşdur. Beləliklə, onun xx.xx.2005-ci il tarixli müqavilə əsasında dəyərini ödəyərək aldığı Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 2 ünvanda fiziki şəxs X7 və X8 tərəfindən inşa olunan 10 mərtəbəli yaşayış evinin İ blok, 7-ci mərtəbə, ümumi sahəsi 90 kv.metr olan, 2 otaqdan ibarət izolə olunmuş 21A nömrəli mənzil bina tikilib istifadəyə verilməsinə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olmasına baxmayaraq bu günə kimi boşaldılaraq təhvil verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən o, müqaviləyə əsasən satın aldığı mənzilin dəyərinin hazırda həmin ərazidə mövcud olan bazar qiymətlərinə uyğun hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mənzilin boşaldılması və mənzilə köçürülməyi barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsi xx.xx.2016-cı ildə qəbul olunmuşdur. Həmin qətnamə ilə mənzilin boşaldılması və həmin mənzilə köçürülməsi vəzifəsi X8 və Cavabdeh üzərinə qoyulmuşdur. X3 ölməsi ilə əlaqədar qətnamə ona aid hissədə ləğv edilmişdir. Cavabdeh aid hissədə qüvvədədir. Lakin Cavabdeh mənzilə köçürülməyilə bağlı üzərinə qoyulmuş öhdəliyi uzun müddətdir ki, icra etmir. Cavabdeh tərəfindən məhkəmə qətnaməsinə əsasən mənzilə köçürülməsi təmin edilmədiyindən, mənzilə görə həmin ərazidə mövcud olan bu günkü qiymətlərə uyğun olaraq mənzilin dəyərini cavabdehdən tələb edə bilər. Hazırda göstərilən ərazidə mənzillərin 1 kv.metrinin qiyməti təxminən 1100 manatdır. Deməli, aldığı 90 kv.m sahəsi olan mənzilin dəyəri bu günkü bazar qiymətlərinə uyğun olaraq 99000 (1100 x90=99000) manatdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4952/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(004)-4952/2021 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Yuxarıda qeyd edilənlərə, iddia tələbinin hüquqi təbiətinə, həmçinin aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki məsələ icra icraatı qaydasında həll edilməli məsələ olmaqla, ona mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddiaçının hazırki tələbi məhz qanuni qüvvədə olan məhkəmə aktının icrası sahəsində yaranmış məsələlərlə bağlıdır. İş materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 21A saylı mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Daha sonra İddiaçı cavabdehlər X5 və Cavabdeh qarşı “mənzilin boşaaldılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-11747/2016 saylı qətnaməsi ilə “xx.xx.2005-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi 2, 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində ümumi sahəsi 90 kv.m olan 2 otaqlı 21A saylı mənzilin boşaldılması və İddiaçı həmin mənzilə köçürülməsi” qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-10262/2017 saylı qərardadı ilə Yasamal Rayon məhkəməsinin 2(004)-11747/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi cavabdeh X5 aid hissədə (vəfat etməsi ilə əlaqədar) ləğv edilmiş və həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş icra vərəqəsi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi hazırda tərəflər arasında olan mübahisə predmeti olan mənzilin təhvil verilməsinə və iddiaçının mənzilə köçürülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Hazırda iddiaçı ona verilmiş mənzilin əvəzinə onun dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, məsələ yeni iddia vermək yolu ilə deyil, yalnız icra qaydasında həll oluna bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını (“Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair” Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edir. Məhkəmə qərarına əsasən bu kimi mübahisələrin icra qaydasında həll olunması, həmçinin qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Çünki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət eyni zamanda məhkəmə tərəfindən də öz səlahiyyətləri daxilində həyata keçirilir. Lakin, belə nəzarət yeni iddia vermək yolu ilə deyil, “İcra haqqında” Qanunun tələbləri çərçivəsində həyata keçirilir. “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Həmçinin Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Qanunun 15-ci maddəsinə uyğun olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Konstitusiya Məhkəməsi Plenumunun icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı hüquqi mövqeyinə görə, möhlət verilməsi nəticəsində yuxarıda göstərilən məqsədlərə nail ola bilmədikdə, o cümlədən, möhlət verilməsinə görə icra icraatının uzun müddət başlanması mümkün olmadıqda, işdə iştirak edən şəxslərin, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin məzmununa əsasən, qətnamənin icra qaydasının dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququ saxlanılır. Belə ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Məhkəmə, qətnamənin icrasını müəyyən hadisənin gələcəkdə baş verməsi ilə əlaqələndirib, möhlət verərək qətnamənin müvafiq icra qaydasını müəyyən etmiş olur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər. Qeyd olunmalıdır ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, Məcəllənin 261.0.1-ci maddəsində əks olunmuş “işə məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, yaxud iş məhkəməyə aid olsa da qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş məsələlərin iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Eyni Məcəllənin 114.1.4-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qərarının icrası zamanı yaranan müvafiq mübahisəli məsələni yeni iddia vermək yolu ilə həll etməkdə haqlı olmadığından və beləliklə də bu tələbə iddia icraatı qaydasında məhkəmədə baxılması mümkün olmadığından, hazırki iş üzrə icraata xitam verilməli, iddiaçıya “İcra haqqında” Qanunun tələbləri çərçivəsində məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, o, müvafiq işlə əlaqədar “İcra haqqında” Qanunun tələbləri çərçivəsində məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 389 manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: 9********) İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4342/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4342/2022
19.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver