Məhkəmə qərarları › İş №e-2(005)-4459/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4459/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4459/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona 4,199 AZN ödənilmiş daşınma haqqının tam məbləğdə geri qaytarılmasını, ödənilmiş bank komissiyalarının (61.29 + 111.76 = 173.05 USD ekvivalentində) ona kompensasiya edilməsini və bankdan bu zaman ödədiyi kredit faizini, ziyanın gecikdirilməsinə görə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən gecikmə faizlərinin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti münasibətlərini tənzimləyən 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hazırki iddia tələbi dəymiş ziyanın ödənilməsi - pul tələbi barədədir. Cavabdeh qismində Cavabdeh MMC göstərilmişdir. Qanunvericiliyə əsasən iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. «Elektron məhkəmə» informasiya sistemindən çıxarışdan göründüyü kimi, cavabdeh qismində göstərilmiş Cavabdeh MMC-nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 1 ki, qeyd olunan ünvanın yerləşdiyi ərazi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, iddia ərizəsinin həmin məhkəmə tərəfindən icraata qəbul edilərək baxılması da qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 108.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. - 112.1.10-cu maddəsinə əsasən dövlət rüsumu bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə ödənilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmçinin qanunvericiliyə əsasən, hazırki iddia ərizəsi üzrə iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı 4199 manat məbləğinə daşınma haqqı, 173.05 USD ekvivalentində kompensasiya və gecikmə faizlərinin ona ödənilməsini tələb edir. Bununla belə, iddiaçı tərəfindən təxminən 4493 manat həddində olan qiymətləndirilən iddia tələbinə (pul tələbi) görə cəmi 30 manat dövlət rüsumu ödənilmişdir. Halbuki qanunvericiliyə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, iddia ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə dövlət rüsumu geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 152.1.3, 152.2, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu (qəbz № **********) İddiaçı geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar