Məhkəmə qərarları › İş №e-2(005)-4482/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4482/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4482/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMMC-nin Cavabdeh qarşı (açar sözlər: kommunal xidmət borcunun ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı MMMC Cavabdeh Vadiq qızına qarşı “pul” tələbinə dair icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh lift ödənşinə görə 360 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul məhkəmədən xahiş etmişdir. Cavabdeh Vadiq qızı xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək ərizədə qeydolunan borcla-məbləğlə razı olmadığını bildirmiş, işin iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-4482/2025 saylı qərardadına əsasən, iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi 1937-ci məhəllə, ev 8 mənzil 599 yerləşdiyi çoxmənzilli bina İddiaçı mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (bundan sonra İddiaçı) tərəfindən idarə edilir. ”Nərimanov-31” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti Nizmnamə ilə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyrikommersiya təşkilatı olan hüququ şəxsdir. MMMC-nin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını və s. öhdəliklərinin idarə edilməsindən ibarət olmuşdur. MMMC xx.xx.2022-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinin 2.2.1-ci bəndinə əsasən cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xərclərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə bərpa edilərək daim işlək vəziyyətdə saxlanması fəaliyyətini həyata keçirir. MMMC-nin ümumi yığıncağın qərarı ilə çoxmənzilli binanın saxlanılmasına görə cəmiyyətin iştirakçılarının istifadəsində olan sahənin hər kv.metrinə görə ödənişlərin və ya haqqın məbləği 0,40 (qırx qəpik) manat təyin edilməsi qəraraalınmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X5 Agentliyinin 27 sentyabr 2022-ci il tarixli, xx/xx-06664 saylı məktubla Agentliyin müfəttişi tərəfindən 24 ədəd liftdə (qeydiyyat nömrələri 31833-31856) texniki təhlükəsizliyin vəziyyətinin yerində qiymətləndirilməsi işlərinin aparıldığını, qiymətləndirmə zamanı qayda tələblərinin pozulması hallarının aşkar olunduğu və bu barədə akt tərtib edildiyi bildirilmiş, texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə pozuntunun aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi tələb edilmişdir. Buna görə də bina kompleksində istismarda olan 24 ədəd lift maşınlarının yenilənməsi və əlavə vəsaitin yığılması barədə sahə mülkiyyətçilərinin imzaları ilə toplanmış səslərə əsasən Ümumi Yığıncağ qərar qəbul etmişdir. Qərar bina sakinlərinin 50 faiz iştirakçılarının səs çoxluğu ilə təsdiqlənmiş və müvafiq protokolla rəsmiləşdirilmişdir. Qəbul edilmiş qərara əsasən liftlərin yenilənməsi üçün tələb olunan vəsait Cəmiyyətin mənzil fondunun imkanları xaricində olduğundan həmin vəsait mülkiyyətçilərdən toplanaraq həyata keçirilməlidir. Bununla bağlı hesabat aparılmış və bir lift üçün lazım olan vəsait 14000 manat olması müəyyən edilmişdir. 24 lift və bir liftə görə 14000 manat pul vəsaiti tələb olundğunu nəzərə aldıqda ümumilikdə 336000 manat pul vəsaiti tələb olunduğu məlum olmuşdur. Həmin məbləğ isə binada yerləşən 908 mənzil sayına bölünməklə hər bir sahə mülkiyyətçisi üçün 360 manat pul vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, liftlərin yenilənməsi FHN-nin rəy və aktına, Ümumi Yığıncağın qərarına əsasən həyata keçirilmişdir. Bu da birbaşa təhlükəsizlik baxımından və hazırkı qanunvericiliyin tələblərinə əsasən edilmişdir. Yaşayış kompleksi 8 blokdan ibarətdir və hər blokda 3 ədəd lift mövcuddur. Cavabdehə məxsus mənzil 6-cı blokda yerləşir. Həmin blokda olan 3 liftdən ikisi yeni liftdir, digər 1 lift bina sakinləri tərəfindən ödənişlər tam yığıldıqdan sonra yenisi ilə əvələnəcəkdir. Cavabdehə pretenziya məktubu göndərilmişdir, xx.xx.2025-ci il tarixdə şəxsən imza edərək məktubu qəbul etmişdir. 360 manat liftə görə ödəniş etməsi dəfələrlə bildirilsə də bugünə kimi heç bir ödəniş etməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, hal-hazırda imkanı yoxdur və tək başına dörd övladına baxır. Əmək haqqı 500 manat təşkil edir. 15 ildir üçüncü mərtəbədə yaşayır və liftə ehtiyacı yoxdur. Köhnə liftin pulunu hər ay ödəyir. III. İşin faktiki halları: İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1937-ci məhəllə, ev 8, mənzil 599 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil tam payla xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır. -İddiaçı MMMC ilə Cavabdeh arasında bağlanmış çoxmənzilli binanın idarə edilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, bu müqaviləyə görə “İdarəedici təşkilat” Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 8 küçəsi, 1937 unvanında yerləşən çoxmənzilli binanın idarə edılməsini, çoxmənzilli binanın bu Müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakının saxlanması və təmiri üzrə bu Müqavilənin 1 nömrəli əlavəsində qeyd olunan xidmətlər gostərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yonəlmiş mənzildə yaşayan vətəndaşların uçot qeydiyyatının aparılması və digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Çoxmənzilli binanın saxlanması və təmiri üzrə xidmət və işlərin siyahısı və məbləği 1 kv.m üçün 0.35 qəpik, xx.xx.2023-cü il tarixli əlavə ilə 1 kv.m 0,40 AZN müəyyən olunmuşdur. -İddiaçı MMMC-nin xx.xx.2022-ci il tarixli nizamnaməsinin surətindən görünür ki, nizamnamənin 2.2.1-ci bəndinə əsasən yaşayış binalarının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanılması; 2.2.2-ci bəndinə əsasən yaşayış binalarının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması cəmiyyətin fəaliyyət növlərinə daxildir. -Azərbaycan Respublikası FHN Sənayedə X2 və X5 Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 11/293 nömrəli aktın surətindən görünür ki, liftlərin illik dövri istismarına icazənin müddəti ötmüşdür. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş T.P.O Dövlət Reyestrindən keçirilməsi qaydaları təmin olunmamışdır. Kabinə kupesində “liftdən düzgün istifadə qaydaları” lövhəsi qoyulmamışdır. Oxuyub attestasiyadan keçmiş, vəsiqəsi olan “lift bələdçisi” yoxdur. Əsas mərtəbədə liftin texniki göstəricilərini əks etdirən lövhə asılmamışdır. Liftlərdə iki tərəfli rabitə əlaqəsi xətti qoşulmayıbdır. Liftlərdə artıq yüklənmə qurğusu qoşulmayıbdır və s. probemlər araşdırma zamanı müəyyən olunmuşdur. -Azərbaycan Respublikası FHN Sənayedə X2 və X5 Agentliyi tərəfindən İddiaçı MMMC-yə ünvanlanmış məktubun surətindən görünür ki, müraciət ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Agentliyin müfəttişi tərəfindən 24 ədəd liftdə texniki təhlükəsizliyin vəziyyətinin yerində qiymətləndirilməsi işləri aparılmışdır. Qiymətləndirmə zamanı qayda tələblərinin pozulması halları aşkar olunmuş və bu barədə akt tərtib edilmişdir. Texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə pozuntunun aradan qaldırılması xahiş olunmuşdur. -İddiaçı MMMC-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, ümumi əmlakda yerləşən 24 ədəd lift maşınlarının yeniləri ilə əvəz olunması, liftlərin alınması üçün vəsaitin mülkiyyətçilərdən yığılaraq mənzil fonduna köçürülməsi, cəmiyyətin İdarə Heyətinin üzvləri tərəfindən nümayəndələr təyin edilməsi və təyin olunacaq vəsaitin aylar üzrə bölünərək 6 ay ərzində ödənilməsinin təmin olunması qərara alınmışdır. Həmin qərarla mülkiyyətçilərin əksər hissəsi razı olmuş və bunu imzaları ilə təsdiq etmişdir. - İddiaçı MMMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MM-378\25 saylı arayışdan görünür ki, cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən X4 blok 6, mənzil 599-da qeydiyyatlı olaraq yaşayır. -İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış lift borcunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən liftin yenilənməsi üzrə 360 manat ödənişin 3 təqvim günü müddətinə ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1937-ci məhəllə, ev 8, mənzil 599 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı MMMC tərəfindən idarə olunan çoxmənzilli binada yerləşir. Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin binada yerləşən 24 ədəd liftin texniki baxışdan keçirilməsi zamanı bir sıra pozuntular müəyyən olunmuş, bu səbəbdən liftlərin yenilənməsi zərurəti yaranmışdır. MMMC-nin ümumi yığıncağında səs çoxluğu ilə qəbul edilmiş qərara əsasən, liftlərin yenilənməsi üçün tələb olunan vəsait mülkiyyətçilərdən toplanaraq həyata keçirilməlidir. Hər bir sahə mülkiyyətçisinin ümumi xərclərdə iştirak etməsi məqsədilə 360 manat məbləğində ödəniş müəyyən edilmişdir. İddiaçı cavabdehə bu barədə bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq ödəniş etmədiyinə əsaslanaraq 360 manat pulun cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş edir. Cavabdeh isə liftdən istifadə etmədiyini, üçüncü mərtəbədə yaşadığını və maddi imkanlarının ödənişi etməyə yetmədiyini bildirərək iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən, qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; 38.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; 38.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; 43.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 44.3-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır); 45.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir; 45.5-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir; -119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; - 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. - 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. -135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. -135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. -137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. - 137.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. -137.10-cu maddəsinə əsasən, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunalxidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 29 dekabr 2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. AR Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. İş üzrə təqdim olunmuş sənədlərdən məlum olur ki, İddiaçı MMMC qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılmış, yaşayış binasının ümumi əmlakının idarə olunmasını həyata keçirən idarəedici təşkilatdır. İddia tələbi üzrə tələb olunan vəsait, yəni liftlərin texniki cəhətdən yenilənməsi üçün vəsaitin toplanması cəmiyyətin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli protokolu ilə müəyyən olunmuşdur (393 nəfər lehinə, 67 nəfər əleyhinə). Qərar sahə mülkiyyətçilərinin iştirakı ilə qəbul edilmiş, protokolla rəsmiləşdirilmiş və iştirak edənlərin əksəriyyəti tərəfindən imza ilə təsdiq edilmişdir. Belə olan halda, qəbul edilmiş qərar sahə mülkiyyətçilərinin ümumi iradəsinin ifadəsi kimi hüquqi nəticə doğurmalı və bütün mülkiyyətçilər üçün məcburi hesab edilməlidir. Qanunvericiliyə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin liftdən faktiki istifadə etməməsi və üçüncü mərtəbədə yaşaması, onu bu öhdəlikdən azad etmir. Çünki liftlər binanın ümumi istifadəsində olan və təhlükəsizlik baxımından vacib sayılan texniki avadanlıqdır. Onların mövcudluğu və işlək vəziyyətdə saxlanılması bina sakinlərinin təhlükəsizliyi və rahatlığı üçün ümumi maraq kəsb edir. Bu səbəbdən onların saxlanması və yenilənməsi üçün çəkilən xərclərdə hər bir mülkiyyətçi, istifadə edib-etməməsindən asılı olmayaraq, iştirak etməlidir. Liftdən istifadə edilməməsi bu ödənişdən azad etmək üçün əsas hesab olunmur. Cavabdehin ödəniş etməməsi digər mülkiyyətçilərin üzərinə əlavə maliyyə yükü qoyur və bu, ümumi bərabərlik prinsipinə ziddir. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, o cümlədən liftin işlək və təhlükəsiz vəziyyətdə saxlanması üçün tələb olunan ödənişləri Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada, yəni ümumi yığıncağın qərarı əsasında ödəməlidirlər. Hazırkı iş üzrə sahə mülkiyyətçilərinin ali kollegial idarəetmə orqanı olan ümumi yığıncağın xx.xx.2022-ci il tarixli qərarı və bu qərarın hüquqi nəticələri qüvvədədir. Həmin qərarla liftin təmiri və yenilənməsi üçün mənzil sahiblərindən vəsaitin toplanması müəyyən olunmuş və protokolla təsdiqlənmişdir. Məhkəmə qeyd edir ki, ümumi yığıncaqda liftlərin təmiri üçün yığılacaq vəsait müəyyən olunmasa da, sonradan hər liftin təmiri xərci müəyyən olunmuş, hər mülkiyyətçiyə 360 manat düşdüyü təsdiq olunmuşdur. Liftlərin dəyərinin yüksək olduğu nəzərə alınarsa həmin məbləğ ağlabatan hesab edilir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh 360 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 360 (üç yüz altmış) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq İddiaçı MMMC-nın xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 360 (üç yüz altmış) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq İddiaçı MMMC-nın xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar