Məhkəmə qərarları › İş №e-2(005)-4483/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4483/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4483/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı MMMC-nin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “kommunal borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMMC Cavabdeh qarşı “kommunal borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvabdeh Cavabdeh 432 manat məbləğində borcun və iddianin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun, cəmi 463 manat pul vəsaitinin tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "Binəqədi-31” MMMC Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəllənin müvafiq müddəalarının tələblərinə uyğun təsis olunmuş və qeyrikommersiya təşkilatı olmaqla, Mənzil Məcəlləsinin tələblərinə əsasən ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsi fəaliyyətini həyata keçirir. "xxxx" MMMC-nin üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə çoxmənzilli binanın idarə edilməsi ilə əlaqədar kommunal xidmətlərin məbləğləri müəyyənləşdirilmişdir (1 saylı, 26 fevral 2022-ci il tarixli protokolun surəti əlavə edilir). "xxxx" MMMC-yə 432 manat məbləğində borcu yaranmış Cavabdeh "xxxx" MMMC "05" sentyabr 2025-ci il tarixdə xəbərdarlıq göndərilərək kommunal xərclərə görə borcun qısa zamanda ödənilməsinin təmin olunması xahiş edilsə də, hazırki vaxtadək Cavabdeh tərəfindən ödənilməli olan kommunal xərclər ödənilməmişdir (05 sentyabr 2025-ci il tarixli xəbərdarlığın surəti əlavə edilir). Məhkəmə iclasında iştirak edən İddiaçı MMMC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdehin borcu 2024-cü ilin avqust ayından 2025-ci ilin noyabr ayı daxil olmaqla 432 manat pul edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: -135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; -135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: -136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; -136.2.2. kommunal xidmətlərə görə haqq; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; Maddə 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir; Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 29 dekabr 2015-ci il tarixli Qərarı: Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır; Konstitusiya Məhkəməsi Plenumunun R.Məhərrəmovanın şikayəti üzrə 22 sentyabr 2020-ci il tarixli Qərarı: Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilən çıxarışın surətindən görünür ki, İddiaçı MMMC xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir; Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2024-cü ilin avqust ayından xx.xx.2025-ci il tarixinə borcu 432 manat təşkil edir; Xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; İddiaçı MMMC-nin ümumi yığıncağının 26 fevral 2022-ci il tarixli, 1 nömrəli protokolundan görünür ki, iclasda "Binəqədi-31” MMMC-nin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması, sədrin seçilməsi, hüquqi ünvanının müəyyən edilməsi, dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, servis xidmətinin haqqının müəyyən edilməsi məsələləri səsə qoyulmuşdur. Servis xidməti hər kv.m üçün 0.30 manat müəyyən edilmişdir; İddiaçı MMMC-nin 2023-2025-ci illər üzrə hesabatlarından görünür ki, kommunal xidmətlərə görə müxtəlif xərclər həyata keçirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMMC ümumi yığıncağın qərarı və digər sənədlər əsasında xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. Ümumi yığıncağın qərarı ilə binanın saxlanması xərcləri mənzilin ümumi sahəsinin hər kv.metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Həmin binada cavabdehə məxsus 11 saylı mənzil vardır. İddiaçı tərəfindən illik gəlir və xərclərin hesabatı məhkəməyə təqdim edilmişdir. Hazırda iddiaçı cavabdehin keçən dövr ərzində kommunal borcu ödəmədiyinə əsaslanaraq, 2024cü ilin avqust ayından xx.xx.2025-ci il tarixinədək olan borca görə 432 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Qanunvericiliyin tələblərinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsullarından biri də mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətidir. İddia tələbi üzrə tələb olunan vəsaitlər (binanın saxlanması xərcləri, 24 saat evlərə suyun verilməsi, su çənlərinin təmizlənməsi, liftlərin servisi və sairə görə) cəmiyyətin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı (protokolu) ilə müəyyən edilmişdir. Həmin məbləğlər cəmiyyətin sahə mülkiyyətçilərinin ümumi iradə ifadəsini təşkil edir, ümumi yığıncağın qərarı və protokolu hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir. Belə olan halda ümumi yığıncağın qərarının hüquqi nəticəsi də tətbiq olunmalıdır. Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olmaqla MMMC-nin xidmətlərindən istifadə etdiyindən, kommunal, məişət və göstərilən digər xidmətlərə görə haqq ödəməlidir. Bu baxımdan iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə hesabatları da ümumi xərclərin çəkildiyini təsdiqləyir və bu xərclərin qarşılanması üçün müvafiq qaydada və mütənasib olaraq bütün sahə mülkiyyətçilərinin iştirak etməsi zəruridir. Cavabdeh ilə iddiaçı arasında ayrıca yazılı müqavilənin olmaması onların arasında münasibətlərin mövcudluğunu və cavabdehin borcunu aradan qaldırmır. Qanunvericilikdə nəzərdə tutulmuş ictimai-hüquqi xarakterli öhdəliklər mülkiyyətçinin müvafiq əmlaka görə xərclərdə iştirak etməsini tələb edir və bu öhdəlik müqavilədən asılı olmayaraq yaranır. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırki halda, iddiaçı ilə cavabdeh arasında yazılı müqavilə olmasa da, ali orqan olan ümumi yığıncağın qərarı mövcuddur. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən 2024-cü ilin avqust ayından xx.xx.2025-ci il tarixinədək olan dövr üçün 11 nömrəli mənzilin üçün hər kv. metrinə görə 0,30 qəpik hesablanmaqla 432 manat pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 37 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kommunal xidmətlərə görə 432 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı MMMC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 432 manat kommunal xidmət haqqı və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar