Məhkəmə qərarları › İş №e-2(005)-4487/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4487/2025

10.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4487/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: mənzilə köçürmə) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cama oğlunun, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi; İddiaçı cavabdehlə birgə mülkiyəti olan ünvan 6 (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, giriş 41 M8 m6) ünvanında yerləşən mənzilə köçürülməyi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi; Hüquqi yardıma görə 18 saylı Bakı Vəkil Bürosuna ödənilmiş 400 manat və dövlət rüsumunun əvəzi kimi 100 manat pulun cavabdehdən tutularaq ödənilməsi barədə qətanəmə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Tərəfimdən Ordubad rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, Cavabdeh adına olan ünvan 2 ünvanında yerləşən yaşayış evinə ½ hisədə payımın müəyyən olunması; ünvan 3 ünvanında yerləşən mənzildə olan dəyəri 8.000 manat olan qonaq otağı dəsti, Dəyəri 2000 ABŞ dolları olan yataq otağı dəsti, Dəyəri 800 ABŞ dolları olan uşaq otağı dəsti, Ümumi dəyəri 2000 ABŞ dolları təşkil edən 2 ədəd Kondisoner, Dəyəri 1500 ABŞ dolları olan soyuducu, Dəyəri 200 ABŞ dolları olan qaz peçi, Dəyəri 300 ABŞ dolları olan koridor üçün mebel, dəyəri 700 ABŞ dolları olan LG narkalı televizor, Dəyəri 1000 ABŞ dolları olan divan dəsti də daxil olmaqla daşınmaz əmlakda və yuxarıda adları sadalanan daşınar əşyalarda da ½ hisədə payın müəyyən olunması barədə qətnamə qəbuledilməsi xahiş edilmişdir. Ordubad rayon Məhkəməsinin 2(080)-247/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək; X1, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov Rayonu, Xətai prospekti, b 21, m 48 (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41, M8, m 6, reyestr nömrəsi - **********80-05301-093012, Qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi-********** ) ünvanında yerləşən, ümumi sahəsi 98,10 m2 olan mənzilə 1/2 hissədə mülkiyyət hüququ tanınması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və tərəflərin mənzil üzrəində ½ mülkiyyət hüququ DƏDRX tərəfindən qeydiyyata alınmaqla xx.xx.2025ci il tarixdə müvafiq çıxarış təqdim edilmişdir. Lakin bundan sonra cavabdeh mənim mülkiyətimdə olan hissədən istifadəmə qadağa gətirməklə məzilə girişimiməhdudlaşdırmışdır. Hesab edirəmki, cavabdehin bu hərəkəti qanunsuzdur və iddia tələbim təmin edilməklə mənzilə köçürməyim və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edim ki, hüquqi yardımın göstərilməsi üçün tərəfimdən Bakı 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə aramızda EM1181VK-51747/25 saylımüqavilə imzalanmış və 400 manat pul 18 saylı Vəkil Bürosuna köçürülmüşdür.” İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı cavabdehlə birgə mülkiyətim olan ünvan 6 (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, giriş 41 M8 m6) ünvanında yerləşən mənzilə köçürülməyi; hüquqi yardıma görə 18 saylı Bakı Vəkil Bürosuna ödənilmiş 400 manat və dövlət rüsumunun əvəzi kimi 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “Bakı şəhəri Nərimanov Rayonu, Xətai prospekti, b 21, m 48, (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41, M8, m 6, reyestr nömrəsi - **********80-05301-093012, Qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi - **********) ünvanında yerləşən, ümumi sahəsi 98,10 m2 olan mənzilə 1/2 hissədə mülkiyyət hüququ tanınması qət edilmişdir.” İlk növbədə diqqətə çatdırır ki, İddiaçı ilə olan birgə nikah Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-194/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçı qeyd olunan tarixdən nikahın pozulmasına baxmayaraq həmin tarixdən ona mənəvi zərər vurmaqdadır. Belə ki, o nikahın pozulmasına baxmayaraq uzun müddətdir gizli nömrə vasitəsilə günün hər vaxtı zəng edərək hədələyir və təhqir edir. Qeyd edir ki, bu hədələr və təhqirlər ailəsini də əhatə edir. Artıq P.Sadıqov tərəfindən edilən hədələr və təhqirlər dayanılmaz həddə çatmaqla, yolda hərəkət halında olarkən qarşısını kəsərək təhdid edir, özünün və ailəsinin həyatına ciddi təhlükələr yaradır. P.Sadıqovun sözügedən hərəkətlərinə qarşı tərəfindən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən qısamüddətli mühafizə orderi ilə təmin üçün Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edilmiş və İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 21 nömrəli, Qərarı (bundan sonra - Qərar) ilə qısamüddətli mühafizə orderi ilə təmin olunmuşdur. Sözügedən mühafizə orderi xx.xx.2025-ci il tarixinə qədər qüvvədədir. Qanunun 10-cu maddəsinə və Qərara əsasən P.Sadıqov tərəfindən məişət zorakılığının təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması və zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağandır. Belə olan halda, mənə zərərvuran şəxsin bu hərəkətlərinə davam etdiyini nəzərə alaraq, eyni mənzildə həmin zorakılıqların davam etməsi və ona qarşı törədilməsi qaçınılmaz olacaqdır. P.Sadıqov tərəfindən eyni mənzildə yaşamaqları qeyri-mümkündür. İddiaçının iddiası təmin olunduğu halda Qanunun 4-cü maddəsinə əsasən mühafizə orderi barədə qərar icra edilməməsi nəticəsi yaratmaqla, həyatımı ciddi təhlükə altına salacaq. İddia ərizəsi heç bir fakta söykənmir, belə ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmiş və birinci instansiya məhkəməsinə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Odur ki, düşünürəm ki, iddia tamamilə əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. İki uşaqları var. İddiaçı ayrıldıqları gündən onu və ailəsini hədələyir, gizli nömrələrlə zənglər edir və yolda gedərkən onu ölümlə hədəqorxu edir. Bununla bağlı hüquqmühafizə orqanına və məhkəməyə müraciət etmiş, mühafizə orderi almışdır. Mənzil atasının şəxsi vəsaiti hesabına alınmış evdir, lakin nikah dövrründə alındığına görə 1/2 hissəsini tələb edir. Mənzildə Ordubad rayon Məhkəməsinin qətnaməsi ilə ½ hissədə pay müəyyən olunmuşdur. III. İşin faktiki halları: -Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(080)- 257/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, X1, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov Rayonu, Xətai prospekti, b 21, m 48 (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41, M8, m 6, reyestr nömrəsi - **********80- 05301-093012, Qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi- ********** ) ünvanında yerləşən, ümumi sahəsi 98,10 m2 olan mənzilə 1/2 hissədə mülkiyyət hüququ tanınması qət edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 21, mənzil 48 (Yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, giriş 41, M8, m6) ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2025-ci il tarixdə ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı adına qeydiyyata alınmışdır. -Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-5212/2025 saylı qətnaməsindən görünür ki, zərərçəkmiş şəxs Cavabdeh 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi, zərərçəkmiş şəxs Cavabdeh qarşı məişət zəminində fiziki zorakılıq, zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması, məişət zəminində psixi zorakılıq, qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər, məişət zəminində cinsi zorakılıq, məişət zorakılığına məruz qalmış şəxsin iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur edilməsi, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi, məişət zorakılığına məruz qalmış şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlər məişət zorakılığı törətmiş şəxs İddiaçı qadağan edilməsi, məişət zorakılığı törətmiş şəxs İddiaçı uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilməsi qət edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi-vəkili və cavabdehin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -6-cı maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir; -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. -164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. -165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol. Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2008-ci il ildən rəsmi olaraq ər-arvad münasibətlərində olmuşdurlar, bu münasibətlərdən 2 övladları vardır. Tərəflər birgə nikahda olduqları və birgə yaşayış dövründə ünvan 6 ünvanında yerləşən yaşayış evi əldə etmişlər. İddiaçı qeyd olunan mənzilə payının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmiş, Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(080)-257/2024 saylı qətnaməsi ilə X1, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov Rayonu, Xətai prospekti, b 21, m 48 (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41, M8, m 6, reyestr nömrəsi - **********80- 05301-093012, Qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi-**********) ünvanında yerləşən, ümumi sahəsi 98,10 m2 olan mənzilə 1/2 hissədə mülkiyyət hüququ tanınması qət edilmişdir. Hazırda iddiaçı qeyd olunan mənzilə köçürülməsini və mənzildən istifadə qaydalarının müəyyən edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, ilk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Milli və beynəlxalq qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd edir ki, hazırkı tələb üzrə İddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququ (1/2 hissədə) olduğundan həmin mənzildən istifadə ilə bağlı subyektiv hüququ vardır. Bununla belə hüquqi nəticə etibarı ilə iddiaçının mülkiyyətində olan evdən maneəsiz istifadə və ona sahiblik etmək imkanı bu mənzildə yaşayan və mülkiyyət hüququ olan cavabdehin hüquqa zidd hərəkətləri ilə məhdudlaşdırılmış, bununla da iddiaçının öz əmlakından maneəsiz istifadəsinə və sahibliyinə müdaxilə baş vermiş, nəticədə iddiaçı mülkiyyətçi olaraq bu əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququndan məhrum edilmişdir. İddiaçı həmin əmlaka sahibliyini itirmiş mülkiyyətçidir, sahiblikdən məhrum edilmişdir. Bu səbəbdən iddiaçının mülkiyyətçi olaraq pozulmuş hüquqları bərpa edilməli, onun evə köçürülməsinə dair iddiası təmin edilərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 21, mənzil 48 (Yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, giriş 41, M8, m6) ünvanında yerləşən mənzilə köçürülməlidir. Həmçinin iddiaçı hüquqi yardıma görə 400 manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçının hazırkı məhkəmə mübahisəsinə görə peşəkar hüquqi xidmət alması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı ilə Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Nümayəndə tərəfindən təmsil olunmuş, bununla bağlı xx.xx.2025-ci il tarixli müqavilə bağlanmışdır. Prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən normalarına əsasən nümayəndələrə və vəkillərə ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin məsrəflər də digər məhkəmə xərcləri kimi ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilir. Qanunvericilik eyni zamanda məhkəmənin üzərinə nümayəndəyə və ya vəkilə ödənilmiş xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə ağlabatan məbləğdə tutulması vəzifəsi qoyur. Konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Göründüyü kimi hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı və xeyrinə qətnamə çıxarılan tərəfə verilməlidir. Məhkəmə vəkilin hazırki iş üzrə göstərdiyi hüquqi yardıma görə tələb etdiyi 400 manat xərci işin konkret halları və həcmi baxımından ağlabatan hədd kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 21, mənzil 48 (Yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, giriş 41, M8, m6) ünvanında yerləşən mənzilə köçürülməli, Cavabdeh hüquqi yardıma görə ödənilmiş 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumu kimi 100 (yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 21, mənzil 48 (Yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, giriş 41, M8, m6) ünvanında yerləşən mənzilə köçürülsün. Cavabdeh hüquqi yardıma görə ödənilmiş 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumu kimi 100 (yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar