Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4563/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh547,07 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2023 tarixində kart hesabına bağlı cari hesabından nağdsız məxaric əməliyyatı aparmışdır (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 547,07 (beş yüz qırx yeddi manat, 7 qəpik) ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Kart hesabından çıxarışa nəzər yetirilsə oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 1 manat mədaxil edilib, 553 manat isə məxaric edilmişdir. İlkin qalıq da 4,93 manat olduğundan buradan tamaydın olur ki, cavabdeh banka 547,07 manat ziyan vurmuşdur. Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Cavabdeh “Texniki Overdraft” yaranması nəticəsində banka məxsus pul vəsaitindən istifadə etmiş, buna görə də o, qanunsuz əldə etdiyi pul vəsaitini bankın tələbi ilə ona geri qaytarmalıdır. “Texniki Overdraft” nədir? Bankla razilaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borсudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Hesab edir ki, cavabdehin əldə etdiklərinin bankın tələbi ilə geri qaytarılması norması AR Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən olan “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən qaynaqlanır. Cavabdeh bankın əmlakını heç bir əsas olmadan əldə etməklə, əldə etdiklərini məhrum olana onun tələbi ilə qaytarmadığı halda, sonuncunun mülkiyyət hüquqlarını pozmuş olur. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, bildiriş qeyd olunan ünvanda xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasına qərara gəlmişdir. Nəhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh 10 iş günü müddətində iddia tələbinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli X1 Kart Müqaviləsindən görünür ki, Bu Müqaviləyə görə Bank Müştəriyə “X1” ödəniş kartı (bundan sonra – “X1 Kart” və ya “Kart) verir, Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra – kredit xətti) ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Əməliyyatların xarakterindən irəli gəldiyi hallarda, habelə Bankın və ya Müştərinin seçiminə uyğun olaraq əməliyyatlar aparılarkən, Kart, habelə Bank tərəfindən Müştəriyə daha əvvəl təqdim edilmiş digər ödəniş kartları Müştəri tərəfindən bu Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan və ya Müştərinin artıq Bankda mövcud olan hesab(lar)ından hər hansı birinə bağlanıla bilər. Karta kredit xəttindən kənar mədaxil edilmiş hər cür öhdəliklərdən azad pul vəsaiti qanunvericiliyə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. - Cavabdeh xx.xx.2023-xx.xx.2024-cü il tarixi üzrə “X2” kartı - hesabdan çıxarış məlumatlarından görünür ki, müştərinin kartında mövcud balans “-547,07 AZN” təşkil edir. - Bank tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, texniki overdraft nəticəsində yaranmış 547,07 manat vəsaitin 5 gün ərzində karta mədaxil edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2023cü il tarixli X1 Kart müqaviləsi bağlanmış, hər iki tərəf üzərinə müqavilə ilə qeyd edilən öhdəliklər götürmüş və cavabdehin adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə əsasən Müqavilənin 3.3-cü maddəsinə əsasən overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, Müştəri Bank qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaitdən istifadə etmiş və həmin pulu banka geri qaytarmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. -956.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. -960.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. “Overdraft” dedikdə, kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatlar üçün tələb olunan pulun çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi, texniki (icazə verilməmiş) overdraft dedikdə isə, tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulur. Müqavilənin şərtlərinə əsasən Müqavilənin 3.3-cü maddəsinə əsasən overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, Müştəri Bank qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müqaviləyə əsasən (7.2.4-cü bənd) müştəri – cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməmək və onları dərhal Banka geri qaytarmaq barədə öhdəlik götürmüşdür. Cavabdehə məxsus “X2” kartı hesabdan çıxarışdan görünür ki, cavabdeh kart hesabı üzrə xx.xx.2023-xx.xx.2024-cü il tarixədək həyata keçirdiyi əməliyyatlar nəticəsində kart balansı mənfiyə işləmiş, nəticədə -547,07 manat borc yaranmışdır. Cavabdeh müqavilə əsasında kart hesabında mövcud olan pul vəsaiti həcmində əməliyyatlar aparmalı olduğu halda, həmin vəsait həcmindən artıq istifadə etmiş və bununla da iddiaçı qarşısında 547,07 manat borcu yaranmışdır. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyini icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Belə olan halda cavabdeh həmin pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyini daşıyır. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia tələbi tam təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli. Cavabdeh 547,07 (beş yüz qırx yeddi manat, 07 qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 248-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 547,07 (beş yüz qırx yeddi manat, 07 qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4563/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4563/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver