Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-468/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı (açar sözlər: pul tələbi, tutmanın mallara yönəldilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış 800 (səkkiz yüz) manat məbləğində əsas borcun, 295 (iki yüz doxsan beş) manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 100 (bir yüz) manat məbləğində saxlama haqqının və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2021-ci il tarixli “Malların anbarda saxlama” Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (250 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. “Tapşıran” Cavabdeh tərəfindən bəzi yüklər anbardan çıxarıldığına görə xx.xx.2023-cü il tarixindən hər ay üçün saxlama haqqı 100 (bir yüz) manat təşkil etmişdir. Belə ki, İddiaçı MMC bu günə qədər Müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2023- cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 800 (səkkiz yüz) manat təşkil etməkdədir. Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2023-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, xx.xx.2021-ci il tarixli Müqavilənin 3.3-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 985 (doqquz yüz səksən beş) manat təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30%-i həcmində, yəni cəmi 295 manat dəbbə pulu tələb edilməkdədir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yazılı ərizə təqdim edərək iş üzrə qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-468/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 may 2021-ci il tarixli anbarda saxlama müqaviləsindən görünür ki, Bu Müqaviləyə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”a məxsus malları (bundan sonra Mallar adlanacaq) özünəməxsus, ünvan 1 ünvanında yerləşən saxlanc anbarınin 30 kv.m sahəsində saxlamağı, "Tapşıran ” isə bunun müqabilində Müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə saxlama haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən saxlama xidmətinə görə 250 manat saxlama haqqı müəyyənləşdirilmişdir. 3.3-cü bəndinə əsasən Saxlama haqqının gecikdirilməsinə görə “Tapşıran” “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1 %-i məbləğində cərimə ödəyir. Müqavilənin 4.11-ci bəndinə əsasən, əgər “Tapşıran” müqavilə üzrə saxlama haqqını ödəməzsə, “Saxlayıcı” “Tapşıran”ı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini (saxlama haqqını) saxlanc Mallarına yönəldərək həmin Malların açıq hərracda satılmasını təşkil edə bilər. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021 -ci il tarixli “Malların anbarda saxlama" Müqaviləsinə əsasən malların saxlanılması üçün "xxxx" MMC saxlanc anbarını Cavabdeh istifadəsinə vermişdir. Bu müddət ərzində Cavabdeh tərəfindən saxlama haqqı olaraq ümumilikdə 5100 (beş min yüz) AZN məbləğində ödəniş edilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1 %-i həcmində cərimə hesablanır. Cavabdeh ödəniş üzrə xx.xx.2023-cü il tarixinədək 228 gün gecikməsi müşahidə edilir. Beləliklə, Cavabdeh "Cargo.AZ' MMC-yə xx.xx.2023-cü il tarixinə əsas borcu 800 (səkkiz yüz) manat, cərimə borcu 985 (doqquz yüz səksən beş) manat təşkil edir. - xx.xx.2023-cü il tarixli A13Ş02/23 saylı arayışdan görünür ki, Cavabdeh tərəfindən malların bir hissəsi saxlanc anbarından çıxarılmış, bu əsasla da xx.xx.2023-cü il tarixdən saxlama haqqı müvafiq qaydada azaldılaraq həmin tarixdən etibarən 100 manat müəyyən olunmuşdur. - İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 3 iş günü müddətində gecikmiş anbarda saxlama haqqı məbləği olaraq 600 manat ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi, malların boşaldılması, açıq hərracda satlımasına dair müvafiq icra tədbirlərinə başlanılacağı qeyd edilmişdir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 19 may 2021-ci il tarixdə anbarda saxlama müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, saxlayıcı – iddiaçı, cavabdehə məxsus malları özünəməxsus, anbarda saxlamağı, cavabdeh isə isə bunun müqabilində müqavilədə müəyyən edilmiş qaydada 250 manat məbləğdə saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən malların bir hissəsi saxlanc anbarından çıxarılmış, bu əsasla da xx.xx.2023-cü il tarixdən saxlama haqqı həmin tarixdən etibarən 100 (yüz) manat müəyyən olunmuşdur. İddiaçı müqavilə üzrə öhdəliklərini yetirmiş, cavabdeh isə aylıq ödənişləri etməməklə müqavilə şərtlərini pozmuşdur. İddiaçı tərəfindən ödənişlərin edilməsi – saxlama haqqının ödənilməsi barədə cavabdehə pretenziya məktubu ünvanlanmışdır. Bununla belə, cavabdeh müqavilə şərtlərini icra etməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -822-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. -823.2-ci maddəsinə əsasən, tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. -827-ci maddəsinə əsasən, anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. -830.1-ci maddəsinə əsasən, əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. -830.3-cü maddəsinə əsasən, saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Qeyd olunmalıdır ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Onun bağlanılmasının zəruri şərtləri qanunvericiliklə müəyyən edilmişdir və onlardan biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını özündə ehtiva edir. Tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas aralarında bağlanmış 19 may 2021-ci il tarixli malların anbarda saxlanması müqaviləsi olmuşdur. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, malları iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödəniş üzrə xx.xx.2023-cü il tarixinədək 228 gün gecikməsi müşahidə edilir. Cavabdeh "Cargo.AZ' MMC-yə xx.xx.2023-cü il tarixinə əsas borcu 800 (səkkiz yüz) manat, cərimə borcu 985 (doqquz yüz səksən beş) manat təşkil edir. İddiaçı cavabdeh tərəfindən 295 (iki yüz doxsan beş) manat cərimə məbləğinin ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin 295 (iki yüz doxsan beş) manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, gecikdirilmiş gün sayını, habelə cərimə məbləğinin iddiaçının özü tərəfindən 985 (doqquz yüz səksən beş) manatdan 295 (iki yüz doxsan beş) manatadək azadılmasını nəzərə alaraq, tələb olunan 295 (iki yüz doxsan beş) manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 4.11-ci bəndinə əsasən, əgər “Tapşıran” müqavilə üzrə saxlama haqqını ödəməzsə, “Saxlayıcı” “Tapşıran”ı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini (saxlama haqqını) saxlanc Mallarına yönəldərək həmin Malların açıq hərracda satılmasını təşkil edə bilər. İddiaçı tərəfindən bu barədə cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş, məktub xx.xx.2023-cü il tarixdə Şahbazov tərəfindən təhvil alınmışdır. Müqavilənin göstərilən şərtinə əsasən, məhkəmə hesab edir ki, borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə xərclərinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış 800 (səkkiz yüz) manat məbləğində əsas borc, 295 (iki yüz doxsan beş) manat məbləğində cərimə borcu, qətnamə icra olunan günə kimi hər ay 100 (yüz) manat məbləğində saxlama haqqı və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh ümumi qaydada tutulmalı, borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir. VI. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış 800 (səkkiz yüz) manat məbləğində əsas borc, 295 (iki yüz doxsan beş) manat məbləğində cərimə borcu, qətnamə icra olunan günə kimi hər ay 100 (yüz) manat məbləğində saxlama haqqı və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Borc məbləği anbarda saxlanılan mallara yönəldilsin. Malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh ümumi qaydada tutulsun. Borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-468/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-468/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver