Məhkəmə qərarları › İş №e-2(005)-487/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-487/2024

08.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-487/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 X14 nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X3rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmrin qanunsuz hesab edilməsi, işə bərpa və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X3rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Əmlak Məsələləri Dövlət Xidməti X6 X20 tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən verilmiş əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, onun öz işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə işə bərpa edildiyi günə qədər müvafiq əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində X6 X20 tərəfindən məcburi işburaxma müddəti üzrə 07 avqust 2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəlinə uyğun olaraq əmək haqqı və 2023-cü ilin yanvar ayından işə bərpa edilən günə qədər əmək haqqına əlavə (əmək haqqının 50 faizi miqdarında) hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini və İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində “X6” X14 31 mart 2023-cü il tarixli (Nazirlər Kabinetinin 209 nömrəli, 25 May 2022-ci il tarixli qərarına əsasən) və 07 avqust 2023-cü il tarixli əmrləri ləğv edilməklə X10 arasında bağlanmış 17 noyabr 2021-ci tarixli və 05 aprel 2023-cü il tarixli əmək müqavilələrinin müddətsiz bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 yanvar 2006-cı il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İşlər sektorunda aparıcı məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. 31 oktyabr 2007-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X1 Hərracların Təşkili sektorunda məsləhətçi vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirmişdir. İşdə heç vaxt qüsura yol verməmişdir. Ümumilikdə 31 il, dövlət qulluğunda isə 18 il 8 ay stajı var. Ailənin yeganə gəlir mənbəyi onun əmək haqqıdır. 2 övladı var, həyat yoldaşı 1995-ci ildə vəfat etmişdir. xx.xx.2021-ci il tarixində qeyd etdiyi müəssisənin idarə heyətinin sədri Emin Rəsulov bu vəzifəyə təyin olunduqdan sonra onu sıxışdırmağa başlayıb. Emin Rəsulov onu öz iş otağına çağıraraq onunla işləyə bilməyəcəyini bildirərək könüllü öz ərizəsini yazaraq işdən getməsini tələb etmişdir. O, bununla razılaşmayıb, bundan sonra Emin Rəsulov öz planının B variantı əsasında müddətli əmək müqaviləsi variantına keçərək 1 aylıq əmək müqaviləsi bağlamış və sonradan müqavilənin bitməsini əsas gətirərək 16 il 7 ay çalışdığı müəssisədən uzaqlaşdırmışdır. Əmək müqaviləsi bağlanarkən ona dövlət müəssisəsinin hüquqi bazası əsasında PHŞ yarandığı və müqavilələrin yeniləndiyi barədə məlumat verilərək yeni formada müqaviləyə imza etdirilmişdir. İmza edilən zaman hüquqları məhdudlaşdırılaraq tez-tələsik “bura imza et sənədlər toplanılır xidmətdə təcili müqavilələri gözləyirlər” deyərək müqavilənin tam mətni ilə tanış olmağa ona imkan verilməmiş onu çaşdıraraq qeyri-müəyyən duruma salmışlar. O, müqavilənin bir nüsxəsini tələb etsə də, kadrlar şöbəsi, xidmət tərəfindən müqavilələr qeydiyyata alındıqdan sonra ona veriləcəyini bildirmişdir. Hazırda aldatma yolu ilə bağlanmış müqavilə onun iradəsini ifadə etmir və qanunsuz hesab edilməlidir. İndiki durumda əmək münasibətlərinə xitam verilməsinin əsasını da bu qanunsuz müqavilə təşkil edir. Onunla işəgötürən arasında əmək münasibətlərinin müddətsiz olduğu halda işəgötürən tərəfindən aldatma yolu ilə 1 ay müddətinə bağladığı müqavilə qanunsuz və etibarsız hesab edilməlidir. Mövcud vəziyyətdə onunla işəgötürən arasında 16 il bundan öncə bağlanmış əmək müqaviləsi işəgötürəndən tələb edilməlidir. Qanunvericiliyin tələbinə əsasən müddətsiz əmək müqaviləsi olan işçilərlə yenidən müddətli əmək müqaviləsinin bağlanılması qanunvericiliyin tələblərinə ziddir. Müəssisə ləğv edildikdə 10 ildən çox əmək stajı olan işçilərə ən azı 9 təqvim həftəsi öncə xəbərdarlıq edilməlidir və orta aylıq əmək haqqının azı 2 misli miqdarında əmək haqqı ödənilməlidir. Onda olan məlumata görə müəssisənin hüquqi forması dəyişdirilməmiş, sadəcə köhnə müəssisə ilə yeni yaradılmış müəssisə arasında Azərbaycan Respublikasının qanunlarına zidd olaraq hüquqi hiylə işlədilərək işçilərə müəssisənin formasının dəyişdirilməsi kimi yalnış məlumatlar verilmiş və rəhbərliyə lazım olmayan işçilər bu formada müəssisədən kənarlaşdırılmışlar. 16 il çalışdığı müəssisə ləğv edilmişdirsə, ona edilən 9 təqvim həftəsi öncəsi xəbərdarlıq məktubu və əmək haqqının 2 misli ödənilməsi barədə məlumat məhkəməyə təqdim edilməlidir. X4 üzrə Auksion Mərkəzi onu və əlavə olaraq 50 nəfər əməkdaşdan ibarət əmək kollektivini aldadaraq müəssisənin hüquqi formasının dəyişməsi əsası ilə əmək müqaviləsinin dəyişməsini əsas gətirərək onlara bir neçə sənədləri imzalatdırmışdır. Bundan sonra ona məlum olmuşdur ki işəgötürən aldatma yolu ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərtib etdiyi ərizəni imzalatmış, bundan sonra “Dövlət qulluğu” haqqında Qanunun 33.1.1-ci maddəsini (dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi əsasını) tətbiq etmişdir. Belə olan halda işəgötürən əmək kollektivini öncədən xəbərdar etməklə, əmək haqqının iki mislini ödəmək şərti ilə işçiləri işdən azad etməli idi. Müəssisədə dövlət qulluqçusu kimi illərlə çalışan 50-dən çox əməkdaşın eyni vaxtda dövlət qulluğunda tutduğu vəzifədən öz xoşu ilə imtina etməsi heç bir məntiqə sığmır. Bu şəxslər dövlət qulluğuna qəbul olunarkən müsabiqə və müsahibə yolu ilə dövlət qulluğu vəzifəsinə təyin olunmuşdurlar. İşin hallarından belə görünür ki, qeyd etdiyi əmək kollektivi və o müəssisə tərəfindən qurulan professional moxenasiyanin və hiyləgər oyunun günahsız qurbanlarına çevrilmişlər. Müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 1 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqteyinəzərdən məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 X14 nümayəndəsi X13 iddia tələbinə etiraz edərək müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlandığını bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 18 yanvar 2006-cı il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X16 sektorunda müvəqqəti olaraq aparıcı məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2017-ci il tarixdə Dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin səhmlərin və güzəştli satışın təşkili sektorunun baş məsləhətçisi təyin edilmişdir. xx.xx.2021-ci ildə öz arsuzu ilə dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2023-cü il tarixli, K 81 saylı əmr ilə “X6” X17 Maliyyə və təminat şöbəsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli, K-91 saylı əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir; - İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir; - Dövlət qulluğuna xitam verilməsi haqqında K-43 saylı, xx.xx.2021-ci il tarixli əmrin surətindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Hərracların Təşkili üzrə X9 əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin Səhmlərin və güzəştli satışın təşkili sektorunun baş məsləhətçisi X5 2021-ci il 01 noyabr tarixindən öz arzusu ilə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir; - “X6” X20 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 X14 Dövlət Əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə işə qəbul edilmişdir. İşçinin taarif maaşının 802 manat olduğu razılaşdırılmışdır; - İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir; - Əmək müqaviləsinə xitam verilməsi haqqında K-042 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin a bəndinə uyğun olaraq, X8 - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 X14 Dövlət Əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssisi, 31 mart 2023-cü il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; - “X6” X20 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 X14 Maliyyə və təminat şöbəsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə qəbul edilmişdir. İşçinin taarif maaşının 1100 manat olduğu razılaşdırılmışdır; - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 X14 K-81 saylı, xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 X14 Maliyyə və Təminat şöbəsinin baş mütəxəssisi X2 xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövrdə sosial məzuniyyətdə olduğu üçün onun vəzifəsinə müvəqqəti olaraq 1 ay müddətinə 05 aprel 2023-cü il tarixindən İddiaçı təyin edilmişdir; - K-092 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı - X6 X14 Dövlət Əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssisi, xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinin müddəti bitdiyi üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “X6” X20 xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı, 18 yanvar 2006-cı il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İşlər sektorunda aparıcı məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. 31 oktyabr 2007-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X1 Hərracların Təşkili sektorunda məsləhətçi vəzifəsinə keçirilmişdir. 2021-ci il 01 noyabr tarixindən öz arzusu ilə “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2021-ci il tarixli əmr ilə iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 X14 Dövlət Əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsinə 2021-ci il 17 noyabr tarixindən 1 ay müdətinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, K 81 saylı əmr ilə “X6” X17 Maliyyə və təminat şöbəsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, K-91 saylı əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifədən azad edilmişdir. Hazırda iddiaçı müddətsiz müqavilə olduğu halda müddətli müqavilənin bağlanmasının qanunazidd olduğuna istinad edərək, əmrlərin ləğv edilməsi, əmək müqavilələrinin müddətsiz bağlanmış hesab edilməsini, məcburi iş buraxmaya görə əmək haqqının və əlavələrin ödənilməsini məhkəmədən xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 8-ci bəndlərinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırkı işdə əmək müqaviləsinin xitamına dair əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə, yəni əmək müqaviləsinin müddətinin qurtarmasına istinad edilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Əmək Məcəllənin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Bu hallardan biri də (“f” bəndi) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasıdır. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən edən Əmək Məcəlləsinin 73.1-ci maddəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qeyd edilənlər baxımından nəzərə alınmalıdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi, işin daimi xarakterə malik olub-olmaması araşdırılmalıdır. Çünki qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hazırki işin hallarından göründüyü kimi, iddiaçı sonuncu müqavilələr bağlanmazdan əvvəl müəssisədə 15 ildən artıq müddətdə müddətsiz əmək müqaviləsi əsasında işləmiş, onun işi daimi xarakterli olmuş, lakin sonradan onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə əvvəl bağlanmış müqavilə müddətsiz olmuş, gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur və onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddədə göstərilən əsaslar olmamışdır. Cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsini hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi iş materialları ilə müəyyən edilmir. İddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. Həmçinin əmək müqaviləsinin başqa əsaslar üzrə dəyişdirilməsini zəruri edən sübutlar da təqdim olunmamışdır. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsas kimi həmin normanın “f” bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olduğunu bildirir. İddiaçı isə müddətli müqavilə bağlanarkən aldadıldığını, təsirə məruz qaldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 1 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqtəyi nəzərdən məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Belə ki, qarşılıqlı razılıq, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan suiistifadə edərək iddiaçı ilə müddətli, 1 ay müddətinə əmək müqaviləsi bağlamışdır. İddiaçının 2006-cı ildən işlədiyi, özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması, əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və dərhal cəmi 1 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir. Həmin Qərara görə, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Beləliklə, cavabdeh təşkilatda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda iddiaçı ilə sonradan müddətli əmək müqaviləsi bağlanması qanunvericiliyin tələblərinə ziddir. Hazırki işdə bu hal müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi daşımışdır. Müddətli əmək müqaviləsinin bağlanması iddiaçının əsl niyyəti və iradəsini ehtiva etmir. Qeyd olunan pozuntuya yol verilməsi iddianın təmin olunması üçün yetərli olduğundan digər məsələlərlə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göstərilənlərə əsasən əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan məhkəmə hesab edir ki, iddia əmrin ləğv edilməsi, əmək müqavilələrinin müddətsiz bağlanmış hesab edilməsi, işə bərpa və iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddianın 2023-cü ilin yanvar ayından işə bərpa edilən günə qədər əmək haqqına əlavə (əmək haqqının 50 faizi miqdarında) hesablanaraq ona ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı həmin əlavələrin ödənilməsini zəruri edən halları, əlavələrin əvvəllər ödənildiyini, ödənilirdisə məbləğini, eyni vəziyyətdə olan digər işçilərə əlavələrin ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırki mülki iş üzrə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, “Dövlət rüsumu” haqqında Qanunun 8.2ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin məbləğin 50 manatı mediasiya prosesi üçün ödənildiyindən qalan 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 X14 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 31 mart 2023-cü il tarixli və 07 avqust 2023-cü il tarixli əmrləri ləğv edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilməli, İddiaçı əvvəllər tutduğu vəzifəsinə bərpa edilməlidir. “X6” X20 tərəfindən 07 avqust 2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 X20ndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 X14 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 31 mart 2023-cü il tarixli və 07 avqust 2023-cü il tarixli əmrləri ləğv edilsin. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 X20 arasında bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilsin və İddiaçı əvvəllər tutduğu vəzifəsinə bərpa edilsin. “X6” X20 tərəfindən 07 avqust 2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 X20ndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar