Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4917/2025 27.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı (açar sözlər: əmrin ləğvi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən; işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə 3-29-69/3-1-620K/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin ləğvini, məcburi iş buraxma müddəti üçün işə bərpa edildiyi tarixədək əmək haqqı ödənilməklə İddiaçının əvvəlki vəzifəsinə qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsini, iş üzrə mediasiya xərci qismində ödənilmiş 60 AZN (altmış) manat xərcin əvəzinin cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı, 2000-ci il tarixdən Bakı şəhəri 198 nömrəli bağçada əmək fəaliyyətinə başlamış, 2011-ci il tarixdən isə bağça müdiri vəzifəsinə keçirilmişdir. 08 sentyabr 2025-ci il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə əsassız olaraq xitam verilmişdir. Əmr xx.xx.2025-ci il tarixində verilsə də, elektron kabinetə yerləşdirilməmiş və bu barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Əmrin surəti iddiaçıya təqdim edilməməklə yanaşı, bu barədə o məlumat almağa çalışdıqda da ona hər hansı bir rəsmi məlumat da verilməmişdir. Belə ki, iddiaçı sentyabr ayı ərzində, 29 sentyabra qədər faktiki olaraq işdə olmuş, əmək funksiyalarını yerinə yetirmiş və həmin ay üzrə əməkhaqqını da almışdır. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Həmçinin əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Halubki nə əmrin surəti, nə də əmək kitabçası mənə verilməmişdir.” II. Tərəflərin mövqeləri: Cavabdeh xx.xx.2025-cİ il tarixdə iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 14 iyul 2025-ci il tarixində Bakı şəhəri 198 nömrəli körpələr evi - uşaq bağçasında monitorinq keçirilmiş və aşağıda qeyd olunan hallar aşkarlanmışdır: Məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qruplarında uşaqların davamiyyəti üzrə aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, faktiki olaraq həmin gün müəssisədə 138 nəfər uşaq iştirak etmiş, lakin ümumi gün ərzində Depot MMC-yə 170 nəfər uşaq üçün yemək hazırlanması barədə məlumat təqdim edilib. Həmçinin müəyyən edilmişdir ki, faktiki mövcud olan bu 138 uşağın 111 nəfəri MTİS üzərindən qeydiyyatda olduğu halda, qalan 27 uşağın qeydiyyatsız formada müəssisəyə qəbul edilərək tərbiyə prosesində iştirak etmişdir. Qeydiyyatsız uşaqların adları monitorinq nəticəsində müvafiq qaydada tərtib edilmiş aktda öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2"nin 3.1.25-ci yarımbəndinə əsasən tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun həyata keçirilməsini təşkil etmək Agentliyin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu yalnız "Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi" vasitəsilə həyata keçirildiyi halda İddiaçı elektron qəbul sistemindən kənar qaydada, Agentliyin məlumatı olmadan gizli olaraq 27 uşağı bağçaya qəbul edərək öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmişdir. Eyni zamanda bu faktlar göstərir ki, qeyri-qanuni şəkildə müəssisəyə əlavə ərzaq sifariş olunmuş, dövlət büdcəsindən ayrılmış vəsaitlər real uşaq sayına uyğun xərclənməmiş, qida məhsullarının uçotunda saxtalaşdırma əlamətləri müşahidə olunmuşdur. Qida təminatı üzrə menyu-sifariş formaları, uşaq siyahısı və monitorinq aktı həmin uyğunsuzluğu açıq şəkildə sübut edir. Bu hal müəssisədə ciddi inzibati və maliyyə intizamı pozuntusuna yol verildiyini açıq şəkildə göstərir. Yuxarıda qeyd olunan hallar, həmçinin, "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasınının Qanununun 14.5-ci və 17.2.5-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilir. Müəssisə rəhbərliyinin bu cür hərəkətləri maliyyə intizamının, idarəetmə prinsiplərinin və dövlət təhsil siyasətinin tələblərinə zidd olmaqla, həm intizam, həm də zərurət yarandığı halda hüquqi məsuliyyət doğura biləcək ciddi pozuntu halı kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.16-cı bəndinə əsasən uşaqların qidalanmasının təşkilinə nəzarət məktəbəqədər təhsil müəssisəsinin müdiri tərəfindən həyata keçirilir və pozuntu halında məsuliyyət daşıyır. Monitorinq aktına əsasən, təhsil müəssisəsinin müəyyən yerlərində anti-sanitar vəziyyətin mövcud olduğu təsbit edilmişdir. Belə ki müəssisənin mətbəx hissəsinin anbar tərəfdən olan dəhlizində bir sıra əşyalar - təmizləyici vasitələr, süpürgələr və digərləri açıq vəziyyətdə saxlanılmış, məktəbəqədər müəssisəyə aid mal-material dəyərləri dəhlizdə səliqəsiz formada yığılmışdır ki, bu da sanitar-gigiyenik qaydalara ziddir. Qeyd etmək lazımdır ki, eyni vəziyyət müəssisənin anbarında da müşahidə olunub. Monitorinq zamanı müəssisənin davamiyyət jurnalları araşdırılmış və bir sıra ciddi uyğunsuzluqlar aşkarlanmışdır. Belə ki, bir neçə işçi tərəfindən davamiyyət cədvəlində imzalar atılmamış, həmçinin pedaqoji işçilər - Quliyeva Leyla (xx.xx.2025 tarixindən) və Əliyeva Könül (xx.xx.2025 tarixindən) tarixlərdən etibarən məzuniyyətdə olmadan, əsaslı səbəb olmadan işə gəlmədikləri müəyyən edilmişdir. Lakin müəssisə rəhbəri (iddiaçı) tərəfindən bu barədə heç bir intizam tədbiri görülməmiş, akt tərtib olunmamış, işçilərlə bağlı inzibatı və ya intizamla bağlı yazılı reaksiya verilməmişdir. Bu isə müəssisədə əmək intizamının pozulmasına və işəgötürənə qarşı etimadın sarsılmasına gətirib çıxarmışdır. Bu fakt Əmək Məcəlləsinin 186 və 187-ci maddələrinə (əmək intizamının təmin edilməsi və işə gəlməməyə görə məsuliyyət) birbaşa ziddir. Müəssisə rəhbəri işçilərin davamiyyətinə gündəlik nəzarət etməli, pozuntu aşkarlanarsa, akt tərtib edib intizam tədbiri görməlidir. Lakin bu öhdəliklər icra edilməmiş, nəticədə müəssisədə intizam qaydaları pozulmuş, əməkdaşlar arasında məsuliyyətsizlik mühiti formalaşmışdır. Bu, rəhbərin vəzifə səlahiyyətlərini lazımi səviyyədə həyata keçirmədiyini və daxili nəzarəti təmin etmədiyini göstərir. İddiaçının bu vəzifəni icra etməməsi nəticəsində müəssisədə əmək intizamı pozulmuş, işçilər arasında məsuliyyətsizlik və sistemsizlik halları yaranmışdır. Əmr kitabına və qrup jurnallarına baxış zamanı məlum olmuşdur ki, iyul ayı üzrə əmrlər ümumiyyətlə işlənməmiş, qrup jurnallarında uşaqların dərsə davamiyyəti, buraxılmış məşğələlərin sayı, həftəlik tədris saatları barədə məlumatlar daxil edilməmişdir. Bundan başqa, bəzi qeydlər BŞTİ-nə aid əvvəlki illərin jurnallarında aparılmışdır, bu isə sənəd dövriyyəsinin və uçotun rəsmi qaydada aparılmamasını göstərir. Həmçinin Dövlət məktəbəqədər müəssisələrinin sənəd dövriyyəsi qaydalarına ziddir, çünki həmin qaydalara əsasən rəhbər şəxs bütün rəsmi əmrlərin qeydiyyatına və uşaqların uçot sənədlərinin düzgün aparılmasına şəxsən cavabdehdir. Bu cür səhlənkarlıqlar müəssisənin fəaliyyətində idarəetmə boşluğu yaratmış, nəticədə həm tədris, həm maliyyə, həm də intizam sahəsində pozuntular müşahidə olunmuşdur. Yuxarıda qeyd olunanlardan görünür ki, bağçanın müdiri İddiaçı əmək funksiyasını vicdanla yerinə yetirməmiş, əmək müqaviləsi üzrə öhdəliklərini pozmuş və müəssisə rəhbəri kimi səlahiyyət və imkanlarından suiistifadə etmişdir. Beləliklə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Buna görə də İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025–ci il tarixli 3-29- 69/3-1- 620K/2025 nömrəli əmr qanuni və əsaslıdır. Daha bir arqument kimi, iddiaçı qeyd edir ki, əgər işəgötürən, həqiqətən, onun vəzifə öhdəliklərimi kobud formada pozduğumu düşünürdüsə, ondan yazılı izahat almalı idi və bunun əsasında intizam tənbeh tədbiri tətbiq etməli idi. Doğrudur ki, əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən, işəgötürən intizam tənbehi verməzdən əvvəl işçidən yazılı izahat tələb etməlidir. Ancaq bu tələbin tam icra olunduğu təsdiq olunur. Belə ki, monitorinq nəticəsində aşkar edilmiş pozuntular barədə iddiaçıya xx.xx.2025 tarixində yazılı şəkildə məlumat verilmiş, ondan izahat təqdim etməsi tələb olunmuşdur və iddiaçı həmin izahatı imzası ilə qəbul etmişdir. Onu da qeyd etmək lazımdır ki, yazılı izahat təkcə rəhbər şəxsdən deyil, həmçinin digər işçilərdən də yazılı formada alınıb imzalanmışdır. Bakı şəhəri 198 saylı körpələr evi - uşaq bağçasının müdiri İddiaçı təhsil müəssisəsində qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə, təhsil müəssisəsində təhsil və təlim-tərbiyə prosesinin, əmək və icra intizamının normal ahəngini pozduğuna, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəydiyinə, əmək qanunvericiliyini, o cümlədən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əmr və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozduğuna görə o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Bakı şəhəri 198 saylı körpələr evi - uşaq bağçasının müdiri vəzifəsindən azad edilmişdir. Mübahisələndirilən əmr qanunauyğun və əsaslı olaraq verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir. İddiaçı cavabdehin etirazına münasibətdə xx.xx.2026-cı il tarixdə elektron qaydada ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli 3-29-69/3-1- 620K/2025 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilməsi həm maddi, həm də prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə həyata keçirilmişdir və cavabdehin təqdim etdiyi etiraz hüquqi baxımdan əsaslandırılmamışdır. Əvvəla, xitam əmri 08 sentyabr 2025-ci il tarixində verilsə də, həmin tarixdə iddiaçı ilə son haqq-hesab aparılmamış, əmək kitabçası təqdim edilməmiş, əmrin elektron sistemdə yerləşdirilməsi təmin edilməmişdir. Ən vacibi isə, iddiaçı sentyabr ayı ərzində faktiki olaraq işdə olmuş, əmək funksiyalarını yerinə yetirmiş və həmin ay üzrə tabel sənədini şəxsən təsdiqləmişdir. Əgər əmək müqaviləsinə xx.xx.2025 tarixində xitam verilmişdirsə, işəgötürən hansı hüquqi əsasla iddiaçını sentyabr ayı ərzində işə buraxmış və onun təsdiqi ilə tabel sənədlərini rəsmiləşdirmişdir? Bu fakt özü göstərir ki, xitam əmri faktiki olaraq icra edilməmiş və əmək münasibətləri davam etmişdir. Bu isə xitamın hüquqi qüvvəsini şübhə altına alır. Cavabdeh öz etirazında 14 iyul 2025-ci il tarixli monitorinq aktına istinad edərək iddiaçının guya kobud pozuntuya yol verdiyini bildirir. Lakin monitorinq aktının məzmununa diqqət yetirdikdə görünür ki, orada əsasən MTİS-dən kənar uşaqların mövcudluğu, davamiyyət jurnallarında imza məsələsi və sənəd dövriyyəsində bəzi uyğunsuzluqlar qeyd edilmişdir. Həmin aktda dövlətə vurulmuş konkret maddi ziyan göstərilməmiş, mənimsəmə və ya vəsaitin israf edilməsi barədə hər hansı maliyyə hesablaması aparılmamışdır. Qida keyfiyyətinin yararsız olması və ya uşaqların sağlamlığı üçün təhlükə yaradan hal barədə də sübut yoxdur. Monitorinqdən sonra iddiaçı və digər əməkdaşlar tərəfindən verilmiş izahatlarda açıq şəkildə göstərilmişdir ki, MTİS-dən kənar uşaqlar əsasən elektron müraciət mərhələsində olan valideynlərin uşaqları, eləcə də müəssisə əməkdaşlarının övladları və nəvələri olmuşdur. Bu uşaqlara görə əlavə vəsait alınmadığı, əlavə maddi nemət tələb edilmədiyi izahatlarla təsdiq olunmuşdur. Davamiyyət jurnallarında imza məsələsi isə faktiki işə gəlməmək deyil, imzanın gec atılması ilə bağlı səhlənkarlıq xarakterli hal kimi izah edilmişdir. Bu hallar kobud pozuntu kimi qiymətləndirilə bilməz. Əgər həqiqətən cavabdehin iddia etdiyi kimi dövlət vəsaitinin israfı və ya maliyyə saxtalaşdırılması faktı mövcud olsaydı, bu artıq intizam yox, cinayət məsuliyyəti doğuran hal olardı. Lakin Sabunçu rayon prokurorluğunun 29 oktyabr 2025-ci il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən hər hansı cinayət tərkibi müəyyən edilməmişdir. Bu fakt cavabdehin “kobud pozuntu” və "xxxx" iddialarını hüquqi baxımdan tam zəiflədir. Bundan əlavə, DEPOT MMC tərəfindən xx.xx.2025 və xx.xx.2025 tarixlərində tərtib edilmiş arayışlarda müəssisədə qidanın keyfiyyətinin və istifadə müddətinin normativlərə uyğun olduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olduğu, qaimələrin təqdim edildiyi və uyğunsuzluq müşahidə edilmədiyi açıq şəkildə göstərilmişdir. Qeyd olunmalıdır ki, bu arayışlar monitorinq tarixindən əvvələ aiddir və monitorinqdən sonra qida və ya maliyyə sahəsində əlavə pozuntu təşkil edən hər hansı arayış məhkəməyə təqdim edilməmişdir. Əgər sistemli maliyyə və ya qida pozuntusu mövcud olsaydı, bu, sonrakı sənədlərdə öz əksini tapmalı idi. MTİS-dən kənar uşaqlar məsələsinə gəldikdə isə, bu hal inzibati xarakterli məsələ olub, sonradan aradan qaldırılmış və uşaqlar sistemə daxil edilmişdir. Dövlətə maddi ziyan vurulduğu sübut edilməmişdir. Belə olan halda, bu fakt əmək müqaviləsinin ən ağır nəticə – ləğv edilməsi ilə nəticələnməsinə əsas verə bilməz. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam yalnız kobud pozuntu halında mümkündür. 72-ci maddəyə görə isə bu, adətən təkrar pozuntu və ya ağır nəticə ilə müşayiət olunmalıdır. İddiaçıya qarşı əvvəl intizam tənbehi tətbiq edilməmişdir. Dövlətə ziyan sübuta yetirilməmişdir. Qəsd və ya ağır səhlənkarlıq müəyyən edilməmişdir. Belə olan halda, xitam tədbiri proporsionallıq prinsipinə ziddir. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz isə əsasən monitorinq aktının ümumi qeydlərinə istinad etməklə kifayətlənmiş, lakin nə prokurorluğun qərarına, nə DEPOT arayışlarına, nə də xitamın faktiki icra edilməməsi ilə bağlı hallara hüquqi qiymət verməmişdir. Etirazda irəli sürülən arqumentlər sübuta əsaslanmır və əmək qanunvericiliyinin tələblərini dolğun şəkildə əsaslandırmır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixində 198 saylı körpələr eviuşaq bağçasına bağça müdiri vəzifəsinə işə qəbul olunmuşdur. - Təhsil İşçiləri Azad X6 rayon Komitəsi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanlanmış 29 №-li 21 iyul 2025-ci il tarixli məktubla müəyyən olunur ki, 198 nömrəli körpələr evi-uşaq bağçası üçün yazılmış təqdimatla bağlı xx.xx.2025-ci il tarixdə ilk həmkarlar təşkilatının komitə üzvlərinin yığıncağı keçirilmiş, yaranmış vəziyyət bir daha geniş müzakirə olunmuş və 198 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Elyanə Əzimovanın əmək funksiyasını yerinə yetirməməsi. Əmək müqaviləsi üzrə öhdəlikləri pozması və müəssisə rəhbəri kimi səlahiyyətləri aşması aşkarlanmışdır. Deyilənləri nəzərə alaraq ilk həmkarlar təşkilatının komitə üzvləri 198 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Elyanə Əzimova özünün əmək funksiyasını və ya Əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq vermişlər. -Həmkarlar təşkilatının komitə üzvlərinin 21 iyul 2025-ci il tarixli növbədənkənar protokolundan çıxarışla müəyyən olunur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/2-1062/2025 nömrəli 16 iyul 2025-ci il tarixli təqdimatına baxılaraq 198 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X7 ilə bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə Məktəbəqədər və ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilən təqdimat nəzərə alınması, 198 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X7 ilə bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi Qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-620K/2025 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə müəyyən olunur ki, "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri / Məktəbəqədər təhsil müəssisələri / Bakı şəhəri 198 saylı körpələr evi-uşaq bağçası" bölməsində "bağça müdiri" vəzifəsində işləyən İddiaçı Rasim qızı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən xx.xx.2025 tarixindən xitam verillməsi, işçinin xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi həvalə edilməsi əmr edilmişdir. - xxxxxxx0003X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli 3-29-69/3-1- 620K/2025 saylı əmr ilə 70.ç işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli 3-29-59/3-1-1841K/2025 saylı əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsinin nəzərə alınması əmr edilmişdir. -Sabunçu rayon prokurorunun 29 oktyabr 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Bakı şəhər prokurorluğundan rayon prokurorluğuna daxil olmuş materialda göstərilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 198 saylı körpələr evi-uşaq bağçasında aparılmış monitorinq zamanı bir sıra pozuntuların olması aşkar edilmişdir. Araşdırma nəticəsində 198 nömrəli körpələr evi-uşaq bağçasının direktoru X5 əməlində özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ilə bağlı halların cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması, eləcə də ona etibar edilmiş əmlakın israf edilməsi kimi hər hansı halın olmadığı müəyyən edilmişdir. Odur ki, aparılmış araşdırma zamanı X5 əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. -İmişli rayon prokurorunun böyük köməkçisi X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 avqust 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək İmişli rayonu Buludlu kənd uşaq bağçasının sabiq müdiri Sənəm Hüseynova tərəfindən bağçaya aid 1647,34 manat dəyərində ərzaq məhsullarının qanunsuz silinməsi barədə məlumat vermişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı Bakı şəhəri 198 saylı körpələr evi-uşaq bağçası bölməsində "bağça müdiri" vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra cavabdehin xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-620K/2025 saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, məcburi iş buraxma müddəti üçün işə bərpa edildiyi tarixədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. -11-ci maddəsinin b bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. - 62-ci maddəsinə əsasən, işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: ...c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə. -70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. -83-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. -186-cı maddəsinin 2-ci bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsi.” Maddə 3.9. Məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına əsasən pedaqoji şura tərəfindən müəyyənləşdirilir. Maddə 3.16. Uşaqların qidalanmasının təşkilinə nəzarət məktəbəqədər təhsil müəssisəsinin müdiri tərəfindən həyata keçirilir. Maddə 5.6.4. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək təhsilverənin vəzifəsidir. Maddə 6.6.5. məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti barədə təsisçiyə hesabat vermək məktəbəqədər təhsil müəssisəsi müdirinin vəzifəsidir. Hazırki iş üzrə İddiaçı iddia tələbi 3 hissədən ibarətdir: 1) işəgötürənin əmrinin ləğv edilməsi; 2) iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması; 3) məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı tələbi. Məhkəmə, iddia tələbinin birinci hissəsinin hüquqi əsaslandırılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunan əmək qanunvericiliyi maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi, qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzərində qurulmasını müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdehin mübahisələndirilən 3-29-69/3-1-620K/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, həmin halların kobud pozuntu olması aydınlaşdırılmalıdır. Belə ki, aparılmış monitorinq zamanı məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qruplarında uşaqların davamiyyəti üzrə aparılmış və yoxlama nəticəsində müəyyən edilmişdir ki, faktiki olaraq həmin gün müəssisədə 138 nəfər uşaq iştirak etmiş, lakin ümumi gün ərzində Depot MMC- yə 170 nəfər uşaq üçün yemək hazırlanması barədə məlumat təqdim edilib. Həmçinin müəyyən edilmişdir ki, faktiki mövcud olan bu 138 uşağın 111 nəfəri MTİS üzərindən qeydiyyatda olduğu halda, qalan 27 uşağın qeydiyyatsız formada müəssisəyə qəbul edilərək tərbiyə prosesində iştirak etmişdir. Qeydiyyatsız uşaqların adları monitorinq nəticəsində müvafiq qaydada tərtib edilmiş aktda öz əksini tapmışdır. Həmçinin monitorinq zamanı təhsil müəssisəsinin müəyyən yerlərində antisanitar vəziyyətin mövcud olduğu təsbit edilmişdir. Belə ki müəssisənin mətbəx hissəsinin anbar tərəfdən olan dəhlizində bir sıra əşyalar - təmizləyici vasitələr, süpürgələr və digərləri açıq vəziyyətdə saxlanılmış, məktəbəqədər müəssisəyə aid mal-material dəyərləri dəhlizdə səliqəsiz formada yığılmışdır ki, bu da sanitar-gigiyenik qaydalara ziddir. Qeyd olunan akt iddiaçı da daxil olmaqla, digər işçilər tərəfindən imzalanmışdır. Aktla bağlı işçinin – müdirin eyni tarixdə izahatı alınmışdır. Həmin izahatdan görünür ki, iddiaçı bu pozuntuların bir qismini etiraf edərək sadəcə ondan asılı olmayan səbəbdən (saxlama yerinin olmaması, qab-qacaq qırıqlarının yeşiklərə yığılaraq saxlamaları, uşaqların qeydiyyat keçməsi, onların sistemə yerləşdiriləcəyi və s.) baş verdiyini bildirmişdir. Həmçinin monitorinq zamanı müəssisənin davamiyyət jurnalları araşdırılmış və bir sıra ciddi uyğunsuzluqlar aşkarlanmışdır. Belə ki, bir neçə işçi (anbardar və təsərrüfat müdirinin) tərəfindən davamiyyət cədvəlində imzalar atılmamışdır. Lakin müəssisə rəhbəri (iddiaçı) tərəfindən bu barədə heç bir intizam tədbiri görülməmiş, akt tərtib olunmamış, işçilərlə bağlı inzibatı və ya intizamla bağlı yazılı reaksiya verilməmişdir. Qeyd olunan işçilərin Agentlik tərəfindən izahatları alınmış, onlar bildirmişlər ki, müxtəlif səbəblərdən işdə olmalarına baxmayaraq davamiyyət jurnalına imza çəkməmişdirlər. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2”nin 3.1.25-ci yarımbəndinə əsasən tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun həyata keçirilməsini təşkil etmək Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin vəzifəsidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 4.1.4-cü bəndinə əsasən, 4.1.4- cü bəndinə əsasən fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər, tədqiqatlar və araşdırmalar aparmaq, monitorinqlər keçirmək, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq, təkliflər vermək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin hüququdur. Azərbaycan Respublikasının Təhsil nazirinin 18 iyul 2022-ci il F-457 nömrəli əmri ilə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilir. Məhkəmə hesab edir ki, iddiaçının əmək qanunvericiliyinin əsas prinsip və tələblərini pozması, aparılmış yoxlama nəticəsində qanunla müəyyən edilmiş qaydalara riayət edilmədiyi aşkar olunduğundan işəgötürən tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tam qanuni və əsaslı olmuşdur. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı həmkarlar ittifaqından razılıq alınmışdır. Belə ki, 198 nömrəli körpələr evi-uşaq bağçası üçün yazılmış təqdimatla bağlı xx.xx.2025-ci il tarixdə ilk həmkarlar təşkilatının komitə üzvlərinin yığıncağı keçirilmiş, yaranmış vəziyyət bir daha geniş müzakirə olunmuş və 198 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Elyanə Əzimovanın əmək funksiyasını yerinə yetirməməsi, əmək müqaviləsi üzrə öhdəlikləri pozması və müəssisə rəhbəri kimi səlahiyyətləri aşması aşkarlanmışdır. Qeyd edilənlər nəzərə alınaraq ilk həmkarlar təşkilatının komitə üzvləri 198 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Elyanə Əzimova özünün əmək funksiyasını və ya Əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq vermişlər (21 iyul 2025-ci il tarixli növbədənkənar protokolu ilə). Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilməmişdir. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddiaçının “əmək müqaviləsinə xitam verilməsi barədə 3-29- 69/3-1-620K/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi“ barədə tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin ikinci (işə bərpa) və üçüncü (məcburi işburaxmaya görə əmək haqqı) hissələri ilə bağlı hesab edir ki, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə iddia ərizəsində göstərilən halların əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı hazırki tələb üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, onun tələbi isə təmin edilmədiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Məhkəmə, mediasiya xərcinə görə ödənilmiş 60 (altmış) manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə hesab edir ki, iddiaçının hazırki tələbi təmin edilmədiyindən, onun tərəfindən ödənilmiş mediasiya xərclərinin də cavabdehdən onun xeyrinə tutulması əsaslı deyildir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə 3-29-69/3-1-620K/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin ləğvini, məcburi iş buraxma müddəti üçün işə bərpa edildiyi tarixədək əmək haqqı ödənilməklə İddiaçının əvvəlki vəzifəsinə qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsini, iş üzrə mediasiya xərci qismində ödənilmiş 60 AZN (altmış) manat xərcin əvəzinin cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci, 358-360-cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə 3-29-69/3-1-620K/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin ləğvini, məcburi iş buraxma müddəti üçün işə bərpa edildiyi tarixədək əmək haqqı ödənilməklə İddiaçının əvvəlki vəzifəsinə qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsini, iş üzrə mediasiya xərci qismində ödənilmiş 60 AZN (altmış) manat xərcin əvəzinin cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4917/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4917/2025
27.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver