Məhkəmə qərarları › İş №e-2(005)-492/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-492/2024

28.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-492/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2 Cavabdeh1, Cavabdeh2 qarşı (Nərimanov RMKTB-nin 55 saylı MKİS və Bakı Şəhəri Nərimanov rayon Nərimanov Bələdiyyəsi mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) evdən çıxarılma tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: evdən çıxarılma; özbaşına tikili) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1, İddiaçı2 Cavabdeh1, Cavabdeh2 qarşı (Nərimanov RMKTB-nin 55 saylı MKİS və Bakı Şəhəri Nərimanov rayon Nərimanov Bələdiyyəsi mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün kimi Bakıya gəlmiş və Bakı şəhəri, Nərimanov rayonu, PY-UA-38/10,ev 103 ünvanında yerləşən torpaq sahəsi onların istifadəsinə verilmişdir.

2. İddiaçılar həmin ünvanda özlərinə fərdi yaşayış evi tikərək yaşamışlar. Daha sonra İddiaçı2 tanışı Cavabdeh2 ilə razılaşaraq, müəyyən haqq müqabilində torpaq sahəsinin bir hissəsini onun istifadə və sahibliyinə verməyi razılaşdırmışlar.

3. Cavabdeh Cəbiyevə Nərgiz mübahisəli torpaq sahəsində ev inşa etdirməyə başlamış, tikinti işlərində İddiaçı1 iştirak etmişdir.

4. Tikintinin davam etdiyi dövrdə tərəflərin arasında münasibətlər pisləşmiş, iddiaçı ilə cavabdeh arasında ödənilməli pul məbləğləri ilə bağlı mübahisələr yaranmışdır.

5. 55 saylı MKİS-in 040198 saylı arayışı ilə müəyən edilir ki, İddiaçı1 PYUA 38/10 küçəsi 1037 nömrəli evdə ailə üzvü olan İddiaçı2 ilə birlikdə yaşayır. Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış İddiaçı2 ərizəsindən görünür ki, o İddiaçı2 və qonşuları həyətində olan tikilidə məskunlaşan Cavabdeh2 və qızı rucəliyeva Yeganə haqqlarında tədbir görülməsini xahiş edir. Onlar hər ikisi mütəmadi olaraq içtimaiyyət arasında onu, azyaşlı ilə üzvlərini, qohumlarını qonşularını təhqir edərək, küçə söyüşləri ilə şərəf və ləyaqətlərini alçaldır. Baxmayaraq ki, dəfələrlə müraciət etmir və heç bir tədbir görülmədiyi üçün hegemanluğunu çoxaldır.

6. Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilən İddiaçı1 “Azəriqaz” İB-yə ünvanlanan 21 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacının quraşdırılmasına və abonent kodu verilməsinə etiraz etmir. AR Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 28 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, arayış ondan ötrü verilir ki, ünvan 3 ünvanda yaşayan Cavabdeh2 Sərdar qızı həqiqətən ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi ona məxsusdur. Arayış həmin ünvana "xxxx" ASC tərəfindən yeni işıq sayğacın qoyulması üçün Asan Kommunal Xidmətə təqdim etmək üçün verilir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh2 Sərdar qızının istifadəsində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi, iddiaçının adına abunə kodunun açılması, sayğacın quraşdırılması, onunla müqavilə bağlanması vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilmişdir.

8. Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli "xxxx" ASC-yə ünvanlanmış məktubundan görünür ki, iddiaçı Cavabdeh2 Sərdar qızının "xxxx" ASC-yə qarşı “abunə kodunun açılması və s.” tələbi barədə iddiası üzrə qəbul edilmiş Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı on beş gün müddətində icra olunması üçün göndərilmişdir.

9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3838/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 tərəfindən iddiaçı Cavabdeh2 Sərdar qızına ünvan 3 saylı evin inşa edildiyi torpaq sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə, ünvan 3 saylı evə kommunal xətlərin-qaz və su xəttlərinin çəkilməsinə, həmçinin sanitar qovşaqdan istifadəyə, kanalizasiya sisteminin quraşdırılmasına yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir.

10. Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 Sərdar qızının "xxxx" ASC-yə qarşı “abunə kodunun açılması və s.” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş 3-cü şəxs qismində cəlb edilməklə məhkəmə qərarının ləğv edilməsi və icraatın təzələnməsinə dair ərizə (vəsatət) rədd edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

11. İddiaçı1, İddiaçı2 Cavabdeh1, Cavabdeh2 qarşı (Nərimanov RMKTB-nin 55 saylı MKİS və Bakı Şəhəri Nərimanov rayon Nərimanov Bələdiyyəsi mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Sərdar qızını, Cavabdeh1 Mənzil komunal təsərrüfat birliyi tərəfindən onlara verilmiş ünvan 4 ünvanda yerləşən yaşayış evindən, yaşayış evinin yerləşdiyi torpaq sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün düşmüşdürlər. Mənzil komunal təsərrüfat birliyi onlara ünvan 4ünvanda yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsini vermişlər və biz ailə olaraq həmin torpaq sahəsində ev tikərək yaşamağa başlamışdırlar. Onlara ayrılmış torpaq sahəsindən üç ev tikmiş və biri özlərinin yaşamağı üçün kifayət etdiyindən həmin həyətdə tikdirdikləri üçüncü tikilini maddi rifahlarının yaxşılaşdırılması məqsədi ilə satmaq məcburiyyətində qalmışdırlar. Bu məqsədlə iş üzrə cavabdehin müraciətini nəzərdən keçirib ona hissəli ödənişlə satılmasına razılaşmışdırlar. 30000 (otuz min) manata razılaşdılar və cavabdeh onlara həmin puldan 10000 (on min beş yüz) manat verərək qalan hissəsini ödəyəcəyinə dair öhdəlik götürdü. Yaşayış evini cavabdehə təhvil verdi və cavabdeh ailə üzvləri ilə yaşamağa başladı. Qısa müddət keçsədə cavabdeh üzərinə düşən öhdəliyi icra etmədi. Onlar yaşayış evinin pulunu tələb etdikdə onlara qarşı mübahisələr etdi, polisə şikayət etdi, hədələdi və gizlin işlər həll etməyə nail oldu. Bu azmış kimi cababdeh və onun ailə üzvləri həmin evə dair heç bir sənədi olmasada həmin yaşayış evinə bizim razılıqları olmadan öz adına su, qaz, işiq xətti çəkdirmişdır. Tərəflərindən bu barədə məlumat əldə edildikdən sonra onun bu qanunsuzluqlarına son verərək bütün xətləri ləğv etdilər. Artıq cavabdeh və onun ailə üzvü olan digər cavabdeh nalayiq davranışlarla onları hədələyir, barələrində cinayət dolu hərəkətlər edir. Onun bu davranışları ilə birlikdə yaşamaqları qeyri-mümkündür. Dəfələrlə işin sülh yolu ilə həlledilməsini tələb etsələr də heç bir müsbət nəticə hasil edə bilməmişdirlər. Əksinə cavabadehlərin təhdidlərinə məruz qalmışdırlar. Məhkəmə qaydasında olmadan aramızda olan mübahisənin həll edilməsi mümkün deyildir.

a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri

13. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar

14. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, mənzilin şifahi razılaşma əsasında cavabdehlərə satıldığını, lakin onlar tərəfindən mənzilin dəyərinin tam şəkildə ödənilmədiyini bildirmiş, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə iclasında İddiaçı1 izahat verərək, bildirmişdir ki, 1993-cü ildən həyat yoldaşı, özü və qızı ilə birlikdə o ünvana köçüb, özlərinə şərait quraraq yaşamışlar. Qızı hal-hazırda ailəlidir, həmin torpaq sahəsində başqa tikilidə yaşayır. Cavabdeh C.Nərgiz torpaq sahəsinə görə 25000 manata ödəməyi öhdəsinə götürmüşdür. Lakin o tikinti aparılması üçün 13500 manat pul, onlara isə hissə-hissə cəmi 10000 manat pul vermişdir.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, torpaq sahəsi onların istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin sahəsi təxminən 2,5-3 sot olar. Yaşadıqları müddətdə 2 ev inşa etmişlər. Bu evlərdən birincə özləri, digərində qızı yaşyır. Həmin evlər bitişikdir. Mübahisəli tikilinin isə ayrıca qapıdı var, iddiaçının evinə bitişik deyil. Cavabdeh razılaşdırılan məbləği – 30000 manat məbləğində pulu ödəməmiş və onları aldatmışdır. Tikintidə işləyən ustalar hələ də pulu iddiaçılardan tələb edirlər. Qonşuların yanında biabır olublar, hər gün həyətdə dava-dalaş, söz-söhbət olur. Cavabdeh üçün evi İddiaçı1 tikmişdir. Kommunal xəttlərinin çəkilməsinə razılıq da verilirb, lakin sonra cavabdeh öz öhdəliklərini icra etməyib və pulun qalan hissəsini ödəməmişdir. Cavabdeh tərəfindən 9720 manat pul ödənilmişdir. Onların evin tikilməsi ilə bağlı ustalara hələ də 7-8 min manat borcları qalmışdır. Cavabdehin onlara verdiyi pul xərclədiyini, onun vicdanlı olduğunu cavabdehə puılunu qaytaracağını, sadəcə olaraq cavabdehin mənzildən çıxmasını istədiyini bildirmişdir.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədiyini bildirdi. İzahatında qeyd etdi ki, cavabdeh İddiaçı2 ilə Facebookda tanış olmuş, bir müddət münasibətləri yaxşı olmuş, sonra iddiaçı cavabdehdən mənasız bir məsələyə görə küsmüşdür. Dörd ildən sonra Səkinə özü onu axtarıb tapdı dedi onun borcları var çox pis vəziyyətdədir ona 5000 manat pul lazımdı. Cavabdeh də cəmi 500 manat verə biləcəyini bildirdi. Sonra bir ay ərzində yanına gəlib getdi. Daha sonra ona iş qurmağı təklif etdi. Cavabdeh sonradan başa düşdü, ki bütün bunlar cavabdehin maddi vəziyyətini öyrənmək üçün atılan addımlar olub. Bir müddət sonra cavabdeh iddiaçıya dedi ki sizin yaşadığınız səmtdə 23000 manata bir ev tapıb. İddiaçı da onu xəbərdar edib ki, onu aldadarlar, ehtiyatlı olsun. Daha sonra İddiaçı2 öz torpaq sahəsinin bir hissəsini almağı cavabdehə təklif edərək bildirib ki, onsuz da, o hissəni satacaqlar. Qiymət olaraq 30000 manat razılaşıb, lakin şərtləşiblər ki, pul ev tikilib qurtarandan, cavabdeh köçəndən sonra ödəniləcək, qiymətdə güzəşt də olunacaq. Amma belə razılaşıblar ki, usta qismində də İddiaçı1 və onun yaxınları işləyəcək. Cavabdeh bankdan kredit götürüb. Notariusa getməyi təklif etsə də iddiaçılar razı olmadılar. 20000 manat hissə hissə verib. 5000 manat məbləğində pulu may ayında verib, həmin pulu verəndə Səkinəyə dedi ki, pul barədə Çingizə deməsin, borclarının bir qismini ödəyib qızıllarını lombarddan çıxarsın, haqq-hesab tamamlananda bu pulu da yoldaşına deyər. Sonra yenə 5000 manat verib.Evin tikintisi üçün təxmini 13 mindən çox manat pul verilib. İddiaçılar deyirlər ki 13500 manat pul xərclənib. Hesab edir ki cəmi 5.000 pul xərclənib.

19. Əvvəlki məhkəmə iclasında iştirak edən Nərimanov RMKTB-nin 55 saylı MKİSnin nümayəndəsi X2 izahatında arayışın faktiki görünən qeydlər üzrə verildiyini, kitablarda ərazidə yaşayan şəxslərin adlarının yazıldığını və qaçqınlar şöbəsindən siyahı alındığını, həqiqətən qeyd olunan şəxslərin qeydiyyatda olduğunu, onların həmin fərdi yaşayış evinin kimlərə məxsus olduğunu qeyd etmək üçün səlahiyyətlərinin olmadığını bildirmişdir.

20. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər proses iştirakçıları iştirak etməmişdir.

21. Məhkəmə mülki işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab edir.

22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir.

Mülki işin materialları

23. 55 saylı MKİS-in 040198 saylı arayışındna görnür ki, İddiaçı1 PYUA 38/10 küçəsi 1037 nömrəli evdə ailə üzvü olan İddiaçı2 ilə birlikdə yaşayır.

24. Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilən İddiaçı1 “Azəriqaz” İB-yə ünvanlanan 21 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacının quraşdırılmasına və abonent kodu verilməsinə etiraz etmir.

25. Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilən İddiaçı1 "xxxx" ASC-yə ünvanlanan 21 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yeni işıq sayğacının quraşdırılmasına və abonent kodu verilməsinə etiraz etmir.

26. AR Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 28 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, arayış ondan ötrü verilir ki, ünvan 3 ünvanda yaşayan Cavabdeh2 Sərdar qızı həqiqətən ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi ona məxsusdur. Arayış həmin ünvana "xxxx" ASC tərəfindən yeni işıq sayğacın qoyulması üçün Asan Kommunal Xidmətə təqdim etmək üçün verilir.

27. Cavabdeh2 Sərdar qızının "xxxx" ASC-yə ünvanlana 24 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 Sərdar qızı ünvan 3 ünvanına elektrik sayğacının qoyulmasında köməklik göstərilməsini xahiş etmişdir.

28. AR X3 Məsələlərini tənzimləmə agentliyi Bakı filialının 19 may 2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin cavab məktubunun təhlili zamanı müraciətin mahiyyəti üzrə araşdırılmadığı və evin ETŞ-yə qoşulması məsələsinə Qayadalara uyğun baxılmadığı məlum olmuşdur. Belə ki, fərdi yaşayış evinin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsi onun enerji təchizatı şəbəkəsinə qoşulmasından imtina olunmasına əsas ola bilməz. Məlumat üçün bildirilir ki, göstərilən məsələ ilə bağlı enerji təchizatı müəssisəsinə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır.

29. AR Bakı şəhəri Nərimanov rayonu Nərimanov bələdiyyəsinin məktubundan görünür ki, 25 may 2023-cü il tarixli, C-238 nömrəli ünvan 5 ünvanda yaşayan Cavabdeh2 Sərdar qızına "xxxx" ASC tərəfindən yeni su xəttinin çəkilməsi və sayğacın qoyulması üçün Asan Kommunal Xidmətinə təqdim edilmiş arayışda ünvan səhvliyi olduğu üçün etibarsız sayılmasını Asan Kommunal Xidmətindən xahiş edirlər.

30. Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilən X5, X1 və X4 tərəfindən 55 saylı MKİS-ə ünvanlanan 16 avqust 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı1 ailəsi ilə birlikdə 1993-cü ildən ünvan 6 ünvanda yaşayır. Məlumatın doğruluğunu imzaları ilə təsdiq edirlər.

31. Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh2 Sərdar qızının istifadəsində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi, iddiaçının adına abunə kodunun açılması, sayğacın quraşdırılması, onunla müqavilə bağlanması vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilmişdir.

32. AR Milli Məclis Rəhbərliyinin Katibliyinin 10 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3-də yaşayan Cavabdeh2 Sərdar qızına işıq xəttinin çəkilməsi barədə müraciəti AR Milli Məclsinə daxil olmuşdur. Müraciətin araşdırılması zamanı məlum olmuşdur ki, o yuxarıda qeyd olunan mənzildə yaşamasına baxmayaraq, hələ də evinə işıq xətti çəkilməmişdir.

33. "xxxx" ASC-yə ünvanlanmış ərizədən görünür ki, İddiaçı1 ona məxsus olan həyətyanı sahədə tikilən evə yalandan şəhid adından istifadə etməklə qeyri-qanuni olaraq Cavabdeh2 Sərdar qızı tərəfindən ora sayğac qoyulmağına etiraz edir, bildirir ki, oradan yüksək gərginlik keçir.

34. Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli "xxxx" ASC-yə ünvanlanmış məktubundan görünür ki, iddiaçı Cavabdeh2 Sərdar qızının "xxxx" ASC-yə qarşı “abunə kodunun açılması və s.” tələbi barədə iddiası üzrə qəbul edilmiş Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı on beş gün müddətində icra olunması üçün göndərilmişdir.

35. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3838/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 tərəfindən iddiaçı Cavabdeh2 Sərdar qızına ünvan 3 saylı evin inşa edildiyi torpaq sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə, ünvan 3 saylı evə kommunal xətlərin-qaz və su xəttlərinin çəkilməsinə, həmçinin sanitar qovşaqdan istifadəyə, kanalizasiya sisteminin quraşdırılmasına yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir.

36. Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 Sərdar qızının "xxxx" ASC-yə qarşı “abunə kodunun açılması və s.” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş 3-cü şəxs qismində cəlb edilməklə məhkəmə qərarının ləğv edilməsi və icraatın təzələnməsinə dair ərizə (vəsatət) rədd edilmişdir.

37. 09 yanvar 2024-cü il tarixli “cinayət işinin rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 Sərdar qızının həyətində olan əşyaları sındıran Səkinə adlı şəxsin barəsində İXM-nin 232-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti PŞ-nin sahə inspektoruna göndərilmişdir.

38. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 29 mart 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 envanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

39. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1807/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərardadından görünür ki, apellyasiya şikayət təmin edilməmiş, Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-10763/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

40. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1219/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı2 AR XM-in 232-1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində vurulmuş ziyanın bir misli, yəni 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.

41. 23 may 2024-cü il tarixində keçirilmiş yerli müayinənin protokolundan görünür ki, qeyd edilən torpaq sahəsində iki fərdi yaşayış evi inşa edilmiş və onlardan birində iddiaçı öz ailə üzvləri ilə birlikdə, digərində isə cavabdehlər yaşayır. Hər iki fərdi yaşayış evinin giriş-çıxışları fərqlidir.

42. Cavabdeh1 tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixində 160 manat, xx.xx.2022-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 300 manat, 02 aprel 1500(faiz)-100 manat, xx.xx.2022-ci il tarixdə 2000(faiz)-200 manat, 08.22- 5000 (faiz)-500 manat cəmi 9720 manat verilməlidir.

Mülki işə tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən. mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

49. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

50. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

51. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci maddəsinə əsasən, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı Qərarından görünür ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş "mülkiyyət" anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ" kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından "mülkiyyət" hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999- İİ). "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir". Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). İşə baxan məhkəmənin mövqeyi:

53. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbində iddia tələbinin əsası kimi 55 saylı MKİS-in 040198 saylı arayışına, torpaq sahəsi xüsusi mülkiyyətdə olmasa da, 1993cü ildən məhz onların istifadə və sahibliyində olmasına, cavabdehin torppaq sahəsi və yaşayış evinin əvəzinə borclu qaldığına istinad edir.

54. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsində iki fərdi yaşayış evi inşa edilmiş və onlardan birində iddiaçı öz ailə üzvləri ilə birlikdə, digərində isə cavabdehlər yaşayır. Hər iki fərdi yaşayış evinin giriş-çıxışları fərqlidir. Yerli baxış zamanı Nərimanov RMKTB-nin 55 saylı MKİS-nin nümayəndəsi X2 bildirmişdir ki, onlarda olan məlumatlara əsasən qeyd edilən yaşayış sahəsində iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayırlar və eyni zamanda onların həmin fərdi yaşayış evinin kimə məxsus olmasını qeyd etmək üçün səlahiyyətləri yoxdur.

55. Mülki işin materiallarında olan Nərimanov Rayon Bələdiyyəsinin arayışı ilə də müəyyən edilir ki, ünvan 5 ünvana yerləşən yaşayış sahəsi Cavabdeh2 məxsusdur. Eyni zamanda mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı bakı ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 ünvanında yerləşən fərdi yaşayış evinə ünvan 8 ünvan rekviziti müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, hər hansı daşınmaz əmlakın fiziki şəxsin xüsusi mülkiyyətində olması faktının müəyyən edilməsi bələdiyyə orqanlarının və ya mənzil-kommunal istismar səlahiyyətlərinin kənardır. Bu halı həmin orqanlarının nümayəndələri də məhkəmə baxışında təsdiq etmişlər.

56. Beləliklə, mülki işin materialları, yerli müayinənin nəticəsi, tərəflərin izahatları ilə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi cavabdehlərin istifadə və sahibliyindədir. Eyni zamanda Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin qətnaməsi ilə cavabdehə həmin evə kommunal xətlərin – qaz və su xətlərinin çəkilməsinə, həmçinin sanitar qovşaqdan istifadəyə, kanalizasiya sisteminin quraşdırılmasına İddiaçı1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, Bakı İnzibati Məhkəməsinin qərarı ilə mübahisəli mənzilin yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi, Cavabdeh2 adına abunə kodunun açılması, sayğacın quraşdırılması onunla müqavilənin bağlanılması "xxxx" ASC-yə həvalə edilmişdir.

57. Məhkəmə daha sonra qeyd edir ki, həmin fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin iddiaçıların razılığı ilə əvəzli şəkildə, müəyyən haqq qarşılığında cavabdehin istifadə və sahibliyində verilməsi də işin mübahisəsiz halıdır. İddiaçılar bunu özləri izahatları və iddia ərizəsində qeyd etməklə təsdiq etmişdirlər. Eyni zamanda mülki işin materiallarında olan ərizələrdə də görünür ki, İddiaçı1 cavabdehin adına kommunal xidmətlərlə bağlı sayğacların qoyulmasına da yazılı razılığını vermişdir.

58. Məhkəmə İddiaçı2 Cavabdeh2 tərəfindən yalnız 9720 manat pul verdiyini, bununla bağlı qəbz təqdim etməsi ilə bağlı qeyd edir ki, cavabdehin Cavabdeh1 tərəfindən tərtib olunduğu tərəflərin izahatları ilə müəyyənləşdirilən qəbzdə tikinti üçün pulun verilməsi deyil, müxtəlif tarixlərdə borc məbləğlərinin verilməsi qeyd edilmişdir. Digər cavabdeh İddiaçı1 məhkəmə hazırlıq iclasında cavabdeh C.Nərgiz tərəfindən tikinti aparılması üçün 13500 manat pul, bundan başqa onlara isə hissə-hissə cəmi 10000 manat pul verdiyi bildirmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin əvəzli şəkildə mübahisəli torpaqdan istifadə etməsi, öz vəsaiti hesabına orada fərdi yaşayış evi inşa etməsi işin materialları ilə təsdiq edilir.

59. Məhkəmə iddiaçılar tərəfindən təqdim edilmiş qonşuların ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçılar hər ikisi məhkəmə iclaslarında mübahisəli fərdi yaşayış evinin cavabdehin maddi vəsaiti hesabına tikildiyini etiraf etmiş, lakin razılaşdırılmış məbləği tam ödəmədiyini bildirmişlər. Buna görə də həmin ərizələrdə qeyd edilən hallar öz təsdiqini tapmır.

60. Mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olsa da, yaşayış sahəsi kimi istifadə olunur. İddiaçıların isə buna maneə olunması üçün hər hansı hüquqi əsaslarının olması iş materialları ilə müəyyən olunmur.

61. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflərin bir-birinə qarşı pul tələbi ilə bağlı iddiaları varsa, bununla bağlı ayrıca icraatada iddia qaldırmaq hüquqları vardır.

62. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının iddia tələbinin digər əsası – cavabdehin əxlaqsız ifadələrdən istifadə etməsi, dava salması, mübahisə etməsi də iddianın təmin edilməsi üçün əsas ola bilməz.

63. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

64. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.

65. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

66. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

67. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin mənmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

68. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir

69. Qeyd edilməlidir ki, cavabdehlərin mübahisəli evə dair hüquqları qeydiyyatdan keçməsə də, onların qeyd olunan evə dair "qanuni gözlənti" hüququ var və bu səbəbdən də onların həmin evdən çıxarılması gələcəkdə yarana biləcək mülkiyyət hüquqlarından məhrum olunması ilə nəticələnə bilər. Cavabdehlər mübahisəli evdə iddiaçıların iradəsinə əsasən, Mənzil Məcəlləsinin 8-ci maddəsində göstərilən ümumi əsaslara yaşamış və tikili inşa etmişdirlər. Məhkəmə hesab edir ki, onların orada yaşamaq hüququ vardır.

70. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1, İddiaçı2 Cavabdeh1, Cavabdeh2 qarşı (Nərimanov RMKTB-nin 55 saylı MKİS və Bakı Şəhəri Nərimanov rayon Nərimanov Bələdiyyəsi mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilməlidir. 71.Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ

İddiaçı1, İddiaçı2 Cavabdeh1, Cavabdeh2 qarşı (Nərimanov RMKTB-nin 55 saylı MKİS və Bakı Şəhəri Nərimanov rayon Nərimanov Bələdiyyəsi mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) evdən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar