Məhkəmə qərarları › İş №e-2(005)-539/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-539/2022

14.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-539/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqı” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 CavabdehMTK-ya qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 mart 2019-cu il tarixli 170-24B/19 saylı müqavilə üzrə ona düşən ümumi sahəsi 35 kv/m olan ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus “Zümrüd-Residence” yaşayış kompleksində mənzilin ona dərhal verilməsi və 15 aylıq kirayə haqqı olan ümumilikdə 6000 (altı min) manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun ona ödənilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 29 mart 2019-cu il tarixində Cavabdeh MMC ilə onun arasında olan ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili “yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda söküntü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməklə” bağlı 170- 24B/19 saylı Müqavilə bağlanamışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC ona məxsus 2 otaqlı, ümumi sahəsi 27 kv/m olan mənzilin əvəzində ona ümumi sahəsinə 20% əlavə etməklə tam təmirli 1 (bir) otaqlı ümumi sahəsi 35 kv/m olan mənzili onun mülkiyyətinə verməyi və yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə iki otaqlı mənzil üçün aylıq 400 (dörd yüz) manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edir ki, binanın tikintisi və təmiri 2020-ci ilin avqust ayında başa çatmalı idi. Həmin tarixdən kompensasiya ödənişi dayandırılmışdır. Kompensasiya ödənişi 15 aydan çoxdur ki, dayandırılsa da, müqavilədə nəzərdə tutulmuş mənzil dəfələrlə müraciət etməyinə baxmayaraq bu günə kimi ona təhvil verilməmişdir. Bunun nəticəsində 15 aydır ki, kirayədə qalır və öz cibindən bu günə kimi kirayə pulu ödəyir. Cavabdeh MMC ilə aralarında bağlanmış 29 mart 2019-cu il tarixli 170-24B/19 saylı müqavilənin 2.2.4-cü və 2.2.5-ci bəndlərinə görə Cavabdeh MMC hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə qeyd olunan müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş kompensasiyanın müddətinin uzadılmasını təmin etmək və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçiyə” mənzili təmir edib təhvil vermək öhdəliyi daşıyır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə müraciət edərək, Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddiaçı X1 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. CavabdehMTK-nın nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək, iddia tələbinə yazılı etiraz təqdim etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X5 iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək onlara qarşı iddia tələbi ilə çıxış etmiş və 29 mart 2019-cu il tarixli, 170-24B/19 saylı müqavilə üzrə iddiaçıya düşən ümumi sahəsi 35 kv\m olan ünvan 3 ünvanda yerləşən Cavabdeh MMC-yə məxsus ‘‘Zümrüd Residence” yaşayış kompleksində mənzilin ona dərhal verilməsi və 15 aylıq kirayə haqqı olan ümumilikdə 6000 ( altı min) manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 80 ( səksən) manat dövlət rüsumunun iddiaçıya ödənilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Fikirlərincə, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı 02.10.2017-ci il tarixli, 393 saylı Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu B.Dadaşov, K.Rəhimov, Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına dair Cavabdeh MMC-yə (Cavabdeh MTK) (bundan sonra MTK)) icazə verilmişdir. Sərəncamın icrası çərçivəsində həmin ərazidə yaşayan sakinlərlə müvafiq müqavilə imzalanmış, o cümlədən, ünvan 4 ünvanında yerləşən və İddiaçı məxsus olan mənzilə dair onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 ilə həmin mənzilə dair 29 mart 2019-ci il tarixli, 170-24B/19 saylı müqavilə imzalanmışıdr. Müqavilənin 1.1. bəndinə əsasən Cavabdeh MMC ünvan 5 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaqlı, ümumi sahəsi 27 kv\m olan mənzilin dövlət reyestrində çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadıqda faktiki ölçülərə uyğun) ümumi sahəsinə 20 % əlavə etməklə girişdə, tam təmirli, 1 ( bir) otaqlı, ümumi sahəsi 35 kv\m olan mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür, “Mülkiyyətçi” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.2-ci maddəsi Mülkiyyətçiyə yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə iki otaqlı mənzil üçün aylıq 400 (dörd yüz) manat kompensasiya almaq hüququ vermişdir. Cavabdeh MTK müqavilə üzrə öhdəliyini yerinə yetirərək binanı inşa etmiş və İddiaçı aid olan 1-ci binanın 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən yeni mənzili 2020-ci ilin sentyabr ayında təmir edib başa çatdırmışdır. Bu barədə T. Həsənəliyevanın etibarnamə üzrə nümayəndəsi X2 telefon vasitəsi ilə zəng edilib məlumat verilmişdir və yeni evini qəbul etməyi tərəflərindən xahiş olunmuşdur. Lakin N.Həsənəliyeva evi qəbul etməyəcəyini və onlardan əlavə ev alacağını onlara hökmlə bildirmişdir. Tərəflərindən N.Həsənəliyevaya imzaladıqları müqavilənin şərtlərini xatırlatsalar da, o, şair-publisist olduğunu, əlaqələrinin geniş olduğunu onlara söyləmiş və nəyin bahasına olursa olsun onların hesabına əlavə yaşayış sahəsini əldə edəcəyini onlara bildirmişdir. Bu səbəbə görə mənzilinin hazır olduğunu bilən iddiaçı tərəf öz istəyi ilə mənzilini qəbul etməkdən əsassız olaraq imtina etdi. Mənzil tam hazır olana qədər isə onlar iddiaçının bank hesabına müvəqqəti yaşayış üçün kompensasiyanı köçürdü. Mənzil hazır olandan sonra və mülkiyyətçi şifahi xəbərdar edildikdən sonra isə kompensassiya ödənişi tərəflərindən dayandırıldı. Sonuncu kompensasiya ödənişi 2020-ci ilin sentyabr ayında olmuşdur. Mülkiyyətçinin müqavilə ilə razılaşdığı mənzil sahəsindən əlavə mənzil sahəsini onlardan tələb etməsini onun 06 iyun 2021-ci il tarixdə müxtəlif insatansiyalara bir neçə dəfə ünvanladığı ərizəsi ilə sübut olunur. Ərizəsində guya onların onun mənzilini mənimsədiyini qeyd edir, mənimsədiyi otağını qaytarmağını və əlavə olaraq şair-publisist olduğu üçün ona bir yaradıcılıq otağı da verməyini həmin instansiyalardan xahiş etmişdir. Göründüyü kimi İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsi N.Həsənəliyeva 2020-ci ilin sentyabr ayında hazır olmuş mənzilinə köçmək əvəzinə MTK-nın hesabına əlavə yaşayış sahəsi əldə etmək yolunu tutmuşdur. Ona görə də özü öz istəyi ilə bu günə qədər mənzilinə köçməmişdir. İddia ərizəsində isə mənzilin ona dərhal verilməsi tələbini qoysa da 2020-ci ilin oktyabr ayından N.Həsənəliyevaya mənzilinə köçməsi üçün tərəflərindən dəfələrlə şifahi müraciət edilmişdir. Əgər belə olmasaydı T. Həsənəliyeva müvəqqəti yaşayış üçün kompensassiyanı 15 aydan sonra onlardan tələb etməzdi, elə 15 ay bundan öncə tələb edərdi. Bu gün də hörmətli Məhkəmə vasitəsilə İddiaçı öz yeni mənzilinə köçüb yaşamağı tövsiyə edirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 tərəfindən CavabdehMMC-yə ünvanlanmış 22.11.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, 29 mart 2019-cu il tarixində Cavabdeh MMC ilə aralarında mənə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili “yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda söküntü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməklə” bağlı 170-24B/19 saylı Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC mənə məxsus 2 otaqlı, ümumi sahəsi 27 kv/m olan mənzilin əvəzində mənə ümumi sahəsinə 20% əlavə etməklə tam təmirli 1 (bir) otaqlı ümumi sahəsi 35 kv/m olan mənzili mənim mülkiyyətimə verməyi və yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə iki otaqlı mənzil üçün aylıq 400 (dörd yüz) manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Nəzərinizə çatdırmaq istəyirəm ki, binanın tikintisi və təmiri 2020-ci ilin avqust ayında başa çatmalı idi. Həmin tarixdən kompensasiya ödənişi dayandırılmışdır. Kompensasiya ödənişi 15 aydan çoxdur ki, dayandırılsa da, müqavilədə nəzərdə tutulmuş mənzil dəfələrlə müraciət etməyimə baxmayaraq mənə təhvil verilməmişdir. Bunun nəticəsində 15 aydır ki, kirayədə qalıram. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, Sizdən tələb olunur: 29 mart 2019-cü il tarixli 170-24B/2019 saylı müqavilə üzrə ümumi sahəsi 35 kv/m olan mənzilin mənə təqdim edilməsini və kirayə üçün ödədiyim 6000 (altı min) manat məbləğində pulun mənə ödənilməsini 7 (yeddi) gün ərzində təmin edəsiniz. Əks təqdirdə biz öz mülki hüquqlarımızın müdafiəsi məqsədi müqavilə şərtlərinin icra edilməsi və kompensasiya məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacağıq. İş materiallarında olan 29.03.2019-cu il tarixli İddiaçı adından X6 ilə "xxxx" MMC arasında bağlanmış müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 4 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyəlində olan 2 otaqlı, ümumi sahəsi 27 kv m olan mənzilin dövlət reysterində çıxarışda göstərilmiş (və ya mülkiyyətə dair sənəd olmadığı halda taktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə girişində -cu mərtəbədə tam ləmirli 1 (bir) otaqlı, ümumi sahəsi 35 kv m olan mənzili «Mülkiyyətçi»- nin mülkiyyətinə verməyi öhdəsinə götürür, Mülkiyyətçi həmin mənzili qəbul etməyi öz öhdəsinə götürür, Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün “Cavid- 2016'' MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Eyni zamanda, yeni binanı tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə iki otaqlı mənzil üçün 400 manat kompensisasiyanı "xxxx"MMC mülkiyyətçiyə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, ev 24 İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında bağlanmış 29 mart 2019-cu il tarixli 170-24B/19 saylı müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi küçəsi, ev 24 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaqlı, ümumi sahəsi 27 kv\m olan mənzilin dövlət reyestrində çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadıqda faktiki ölçülərə uyğun) ümumi sahəsinə 20 % əlavə etməklə girişdə, cu mərtəbədə tam təmirli, 1 ( bir) otaqlı, ümumi sahəsi 35 kv/m olan mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür, “Mülkiyyətçi” isə həmin mənzili qəbul etməyi həmçinin, yeni binanı tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə iki otaqlı mənzil üçün 400 manat kompensisasiyanı “Cavid 2016” MMC mülkiyyətçiyə ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə məxsus “Zümrüd-Residence” yaşayış kompleksində mənzilin ona dərhal verilməsi və 15 aylıq kirayə haqqı olan ümumilikdə 6000 (altı min) manat məbləğində pulun ona verilməsini tələb edir. Cavabdeh isə iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçıya mənzilin təhvil verildiyini sadəcə iddiaçının ona verilən mənzili təhvil almaqdan imtina etdiyini bu səbəbdən də mənzil təhvil verilməyə tam hazır olduğundan artıq iddiaçıya hər hansı kompensasiya ödənilməsi zərurəti olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında 29 mart 2019-cu il tarixli 170-24B/19 saylı bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən Cavabdeh MMC Mülkiyyətçiyə məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyəlində olan 2 otaqlı, ümumi sahəsi 27 kv m olan mənzilin dövlət reysterində çıxarışda göstərilmiş (və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə girişində tam təmirli 1 (bir) otaqlı, ümumi sahəsi 35 kv/m olan mənzili «Mülkiyyətçi»-nin mülkiyyətinə verməyi öhdəsinə götürür, Mülkiyyətçi həmin mənzili qəbul etməyi öz öhdəsinə götürür. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 29 mart 2019-cu il tarixli 170-24B/19 saylı müqavilə üzrə öhdəliklərini tam icra edərək, mülkiyyətində olan mənzilin sökülməsi üçün cavabdeh cəmiyyətə təhvil verdiyindən, cavabdeh MMC həmçinin müqavilə üzrə öhədliklərini icra etməli və mənzili iddiaçıya təhvil verməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 6000 (altı min) manat məbləğində kirayə haqqının cavabdehdən tutulması tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, proses iştirakçılarının məhkəmə iclaslarındakı izahatlarından və mülki işin hallarından da göründüyü kimi iddiaçı ona müqavilə üzrə mənzilin təhvil verilməməsini, qeyd etsə də məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı bacısı İddiaçı faktiki olaraq sökülən mənzildə yaşadığından, yeni tikilən binadan ona əlavə otaq verilməsini də tələb etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, müqavilə üzrə təhvil verilməli olan mənzilin iddiaçı tərəfindən təhvil alınmaması ona əsas vermir ki, iddiaçı cavabdehdən kompensasiya kimi kirayə haqqı tələb etsin. Bu səbəbdən də məhkəmə hesab edir ki, ona təklif edilən mənzildən imtina etməklə, kirayədə yaşadığı üçün ödənilən kirayə haqlarına görə məsuliyyəti cavabdeh cəmiyyətin üzərinə qoymaq qanuni və əsaslı hesab edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 80 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC tərəfindən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 35 kv/m olan Cavabdeh MMC-yə məxsus “Zümrüd- Residence” yaşayış kompleksindəki mənzil İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 35 kv/m olan Cavabdeh MMC-yə məxsus “Zümrüd-Residence” yaşayış kompleksindəki mənzil İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar