Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-549/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Qanuni Nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə anadan olmuş övladı İddiaçı ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, oğlu İddiaçı xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Yusifin atası X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ondan Bakı şəhəri, Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi giriş 68, M12, mənzil 6 miras qalmışdır. Mənzil ümumi sahəsi 32,2 kvadratmetr olan bir otaqdan ibarətdir. 4 saylı Asan Xidmət Mərkəzinin notariat ofisi verdiyi xx.xx.2024-cü il tarixli vərəsəlik şəhadətnaməsi ilə mənzilin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X1 mülkiyyətinə keçmişdir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin 1/2 payının mülkiyyətçisi İddiaçı səkkiz yaşı var. Oğlu Yusif azyaşlıdır və onunla birgə Bakı şəhərində yuxarıda qeyd olunan ünvanda anasının yanında yaşayırlar. Yusif Bakı şəhərində orta məktəbdə 3-cü sinifdə oxuyur. Paylı mülkiyyət olan həmin mənzildən başqa evləri yoxdur. Yusifin mülkiyyət payı olan mənzilin açarları cavabdehdədir. Yusifin səkkiz yaşı var və azyaşlı olduğundan ondan ayrı yaşaması mümkün deyildir. Ona görə də oğluyla birlikdə köçüb həmin mənzildə yaşamaq istəyirlər. Lakin, mənzilin qapısı bağlı olduğundan və açarları cavabdehdə olduğundan köçüb orada yaşaya bilmirlər. Ona görə də, mənzilə köçürülmə tələbi barədə iddia ərizəsi verir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni Nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, Qanuni nümayəndə İddiaçı qanuni nümayəndəsidir. İddiaçı xx.xx.2016-cı il tarixdə anadan olub. Yusifin atası X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X2 Bakı şəhəri, Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi, giriş 68, M12, mənzil 6 miras qalmışdır. Mənzilin 1/2 hissəsi İddiaçı,1/2 hissəsi X1 mülkiyyətinə keçmişdir. Mənzilin 1/2 payının mülkiyyətçisi İddiaçı səkkiz yaşı var. İddiaçı 3-cü sinifdə oxuyur. Paylı mülkiyyət olan həmin mənzildən başqa onların mənzili yoxdur. Yusifin mülkiyyət payı olan mənzilin açarları cavabdehdədir. Uşaq azyaşlı olduğundan anasından ayrı yaşaması mümkün deyildir. Buna görə də tərəfi oğlu ilə birlikdə həmin mənzildə yaşamaq istəyir. Lakin, mənzilin qapısı bağlı olduğundan və açarları cavabdehdə olduğundan onlar həmin mənzildə yaşaya bilmirlər. Mərziyyə xanım özü təklif edib ki, “mənzili kirayə verək, aylıq pulunu götürək, Yusif 18 yaşına çatdıqda isə evi onun adına keçirək”. Tərəfi bununla razılaşmadı. Təranə xanım həmin ərazidə olan 1 otaqlı mənzilin dəyərini istədi. Bununla isə cavabdeh razılaşmadı. Onlarda olan məlumata əsasən cavabdehə sökülmüş evin əvəzinə 3 mənzil verilib. Mərziyyə xanımın özünün ayrı mənzili var və o sözügedən evdə yaşamır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, əvvəl sözügedən ünvanda 2 mərtəbəli binalar var idi. Sonradan həmin binalar söküldü. Yeni tikilən binadan isə mərhum həyat yoldaşına 1 otaqlı mənzil verildi. O, sökülən evdə 5 ay yaşamışdır. Qaynanası isə ayrı evdə yaşayırdı. O, döyüldükdən sonra həmin evdən çıxmışdır. Hazırda anasının evində qalırlar. Lakin bu onlar üçün çətinlik yaradır. Oğlu da azyaşlıdır. Oğlu anadan olduqdan sonra mərhum həyat yoldaşı özü ərizə yazaraq atalıq verib. Qaynanasıyla bir evdə yaşamaq onun üçün problem yaratmaz. İddiasının təmin edilməsini və oğluyla birgə həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, mübahisələndirilən mənzilə, qarşı tərəfin köçürülməsi mümkün deyildir. Çünki tərəflərin bir evdə yaşaması mümkünsüzdür. Ona verilən məlumata əsasən Mərziyyə xanım və digər ailə üzvləri də həmin mənzildə yaşayır. Təqribi 5-6 nəfər həmin mənzildə yaşayır. Hazırda vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı iddia qaldırılıb. İddiaçının həmin mənzildə yaşaması üçün yeganə əsas pay hüququnun olmasıdır. Pay hüququ ilə bağlı məsələ isə mübahisələndirilir. Həmin sənədi hələ ki məhkəməyə təqdim edə bilməmişlər. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə İddiaçı doğulmuşdur. Anası Qanuni nümayəndə, atası X4r; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamədən görünür ki, X3 vərəsəsi ünvan 4 ünvanda qeydiyyatda olan oğlu İddiaçı və o, miras əmlakdan ½ hissədə irs almalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X5 verilmiş **********122-05301-09214 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən yeni qaydalarla AZ 1008, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 32,2 kv.m olan mənzildən ibarətdir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşəınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PBŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı Az 1008, ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə Cavabdeh adına xx.xx.2024-cü il tarixdə, ½ hissədə İddiaçı adına xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mərhum X3 vərəsəsi (oğlu) olmaqla, mübahisələndirilən mənzilə ½ hissədə mülkiyyət hüququna sahibdir. Hazırda onun qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə oğlunun mülkiyyət hüququna əsaslanaraq, himayəsində olan övladı ilə birlikdə həmin mənzilə köçürülmələrini xahiş edir. Cavabdeh isə vərəsəlik şəhadətnaməsinin qanunsuz olduğuna, onu mübahisələndirəcəyinə əsaslanaraq iddiaya etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hssəsinə uyğun olaraq, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni həmin norma ilə insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan olunur. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayandığından, mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni hesab oluna bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” işində qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipini, mülkiyyətindən məhrumetmənin yolverilməzliyini və mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Mülki Məcəllənin 215.1 və 215.2-ci maddələrinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab edir ki, cavabdehin iddiaçının paylı mülkiyyətində olan mənzildə yaşamasına maneələr yaratması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. Həmçinin iddaçıya məxsus payın onun sahibliyinə verilməsini mümkünsüz edən hər hansı bir sübut da iş materiallarında mövcud deyildir. İddiaçının tələb hüququ, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən də irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını (1/2 hissəsini) geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının qanuni nümayəndəsi, yəni anası ilə birlikdə həmin mənzilə köçürülməsi ilə bağlı qeyd olunmalıdır ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ailə Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Hazırki işdə yetkinlik yaşına çatmayan İddiaçı mənzilin paylı mülkiyyətçisidir və onun anası Qanuni nümayəndə himayəsində qalması işin mübahisələndirilməyən halıdır. İddiaçının qanuni nümayəndəsi olan anası ilə birlikdə ona məxsus mənzildə yaşamaq hüququ onun qanunvericiliklə təsbit edilmiş hüququ olmasına əsaslanaraq, iddia anası ilə birlikdə həmin mənzilə köçürülməsi hissəsində də təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, mübahisələndirilən mənzilə mülkiyyət hüququ ½ hissədə İddiaçı məxsus olsa da, onun mənzilə köçürülməsinə və istifadəsinə maneələr yaradılır. Mübahisəli mənzil qeyd edilən hissədə iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı anası Qanuni nümayəndə ilə birlikdə ünvan 5 ünvanında yerləşən mənzilə köçürülməlidir. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı qanuni nümayəndəsi Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı anası Qanuni nümayəndə ilə birlikdə ünvan 5 ünvanında yerləşən mənzilə köçürülsün. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı qanuni nümayəndəsi Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-549/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-549/2025
15.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver