Məhkəmə qərarları › İş №e-2(005)-550/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-550/2024

21.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-550/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı hesablanmış orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətdən gəlir vergisi qismində əsassız olaraq çıxılmış 12000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ARDNŞ-nin xx.xx.2023 -cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. SOCAR ilə Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsi ( ANQSİHİRK ) arasında bağlanmış 2020-2023-cü illər üçün X1 tələbinə uyğun olaraq İddiaçı orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik işdənçıxma müavinəti ödənilmişdir. Lakin, müavinət ödənilən zaman cavabdeh təşkilat əsassız olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. Belə ki, cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra işçilərin təqüdə çıxmaları ilə əlaqədar ərizələri əsasında öz təşəbbüsləri ilə işdən azad olunmuş və onlarla olan əmək müqavilələrinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması adı ilə rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilmənin əsas həmin məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəməyə təqdim etdiyi etirazında SOCAR-ın 27 sentyabr 2023-cü il tarixli 14-2/3-1K-274/2023 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar 29 sentyabr 2023-cü il tarixdən xitam verilməsi qərara alındığı, həmin tarixdə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Razılaşma imzalandığını, həmin razılaşmanın 1.3-cü bəndinə əsasən, İddiaçı imzası ilə ona ödənilən müavinətdən qanunvericiliyə uyğun olaraq verginin tutulmasına razılıq verdiyini bildirmişdir. Bundan əlavə etirazda Əmək Məcəlləsinin 77-ci maddəsinə görə işdənçıxma müavinəti əmək müqaviləsinə müəssisə ləğv edildikdə və işçilərin sayı və ya ştat ixtisar edildikdə, eləcə də həmin Məcəllədə nəzərdə tutulan konkret əsaslar üzrə (Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” və “ç”, 74-cü maddəsinin birinci hissəsinin “a”, “c” və ”e” bəndləri) xitam verildiyi halda ödənilən pul əvəzi olduğu, hazırki işin müəyyən edilən hallarına görə isə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə, eləcə də müavinət ödənilməli olan başqa əsaslarla deyil, həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsi ilə iddiaçının özünün təşəbbüsü ilə xitam verildiyi qeyd edilmişdir. Beləliklə, İddiaçı iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəmə yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, ARDNŞ-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və 69-cu maddəsinin 3-cü hissəsinı əsasən xitam verilmiş, qanunvericilik konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməs əsasları göstərilmiş, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdənçıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilmə halını istisna edir. İddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuş, göründüyü kimi, iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Məhkəməsinin 2(005)-550/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175.4-cü maddələrinin, Vergi Məcəlləsinin 2.4-1-ci və 102.1.4-cü maddələrinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 560.2 və 560.3.3-cü maddələrinə münasibətdə şərh edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılıb qəbul edilən qərar dərc edilənədək hazırki mülki işin icraatı dayandırılmış, xx.xx.2024-cü il tarixli e-2(005)-550/2024 nömrəli qərardadı ilə təzələnmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni zamanda cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin nümayəndəsi elektron məhkəmə informasiya ssitemi vasitəsi ilə məhkəməyə müraciəıt edərək məhkəmənin baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə əmək pensiyasına çıxdığına görə ləğv edilib, ona orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinətinin ödənildiyi qeyd olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İddiaçı arasında bağlanmış 21 yanvar 2011ci il tarixli 877 nömrəli əmək müqaviləndən aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sosial məsələlər üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi tərəflərin razılığı ilə 21 yanvar 2011-ci il tarixdən 1 il müddətinə 21 yanvar 2012-ci il tarixinədək bağlanmışdır. Əmək haqqı 1339 manat təşkil edir. 27 sentyabr 2023-cü il tarixli 14-2/3-1K-274/2023 nömrəli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsini rəhbər tutaraq və yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar xitam verilməsinə, SOCAR və Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün X1 tələblərinə uyğun olaraq işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdənçıxma müavinətinin ödənilməsinə dair göstəriş verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İddiaçı arasında 27 sentyabr 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair müqavilənin 2.1-ci bəndində qeyd olunur ki, işəgötürən bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə bağlanmış əmək üqaviləsinə xitam verildiyi təqdirdə işçi orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 34844,50 manat işdənçıxma müavinəti hesablamağı və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunverciliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. Haqq-hesab vərəqəsinin məzmunundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində müavinət 14512,25 manat və bu müavinətdən tutulmuş gəlir vergisinin 3873,49 manat olmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin 14-2-5/3-9- 83/2023 nömrəli 24 noyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən yaşla əlaqədar əmək pensiyasına çıxmış, əmək müqaviləsinə xitam verilməsinə görə ona 34844,50 manat məbləğində birdəfəlik müavinət hesablanmış, həmin müavinətə düşən gəlir vergisinin məbləği 8436,13 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sosial məsələlər üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir. 21 yanvar 2011-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilməsinə, SOCAR və Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün X1 tələblərinə uyğun olaraq işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdənçıxma müavinətinin ödənilməsinə dair göstəriş verilmişdir. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdənçıxma müavinətdən qanunsuz olaraq vergi tutulduğunu bildirir və tutulmuş bu məbləğin ona ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3.7-ci bəndinə görə, kollektiv saziş-müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır. 7.1 -ci maddəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1 -ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7.3-cü maddəsinə görə, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. 12-ci maddəsinə əsasən kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına daxildir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlardan aydın olur ki, “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" ARDNŞ ilə Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişi bağlanmışdır. Bu saziş Əmək Məcəlləsinin 3.7-ci bəndində nəzərdə tutulmuş işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” və “e” bəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Əmək Məcəlləsinin 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Eyni Məcəllənin 175-ci maddəsinin 1, 2 (a) və 4-cü hissələrinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənişlər tutulur. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını nəzərdə tutan Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Eyni Məcəllənin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əsasən tərəflər arasında əmək müqaviləsinə xitam verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş iradə ifadəsi aydın şəkildə öz əksini tapmışdır. İddiaçı imzası ilə təsdiq etdiyi həmin razılaşmanın onun iradəsi daxilində bağlanmadığını bildirsə də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eləcə də razılaşmanın aldatma və ya təzyiq altında bağlandığı müəyyən edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya müvafiq əsas olmadan onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi işçinin ərizəsi, yəni iradə ifadəsi əsasında və qanunvericiliyin müddəalarının pozulmaması ilə həyata keçirilirsə, ləğvetmə baş tutduqdan sonra onun etibarsız edilməsi ilə bağlı müraciətin hüquqi əsası da artıq mövcud olmur. Hazırki iş üzrə iddiaçının tərəf olduğu əmək münasibətlərinə onunla işəgötürən arasında bağlanmış razılaşmaya uyğun olaraq, iddiaçının öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Sözügedən razılaşmaya görə bunun müqabilində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən iddiaçıya orta aylıq əmək haqqının 5 misli miqdarında işdənçıxma müavinəti hesablanmış və həmin müavinətdən gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddia SOCAR ilə iddiaçı arasında bağlanmış 30 dekabr 2021-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış razılaşmada ödənişlərlə bağlı verginin tutulub-tululmamasının müəyyən edilməsindən asılı olmayaraq, müvafiq məsələ yalnız vergi qanunvericiliyinə uyğun həyata keçirilə bilər. Vergi qanunvericiliyinə zidd qaydalar müəyyən edən razılaşma isə etibarsızdır. İddia tələbinin işdənçıxma müavinətindən tutulan verginin qaytarılması hissəsi ilə əlaqədar qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində gəlir vergisindən azad olma halları nəzərdə tutulmuşdur. Həmin maddədə müəyyən edilən hallardan hər hansı biri isə hazırki iş üzrə aşkar edilməmişdir. Belə ki, iddiaçı əslində işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verildiyini, bu baxımdan ona ödənilən vəsaitin də işdənçıxma müavinəti olduğunu və həmin məbləğdən vergi tutulmasının qadağan olunduğunu bildirsə də, həmin hal iş materialları ilə öz əksini tapmamışdır. Əmək qanunvericiliyində işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin xüsusi qaydası müəyyən edilmişdir və həmin əsasla əmək müqaviləsinə xitam verilərkən əmək haqqının iki misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulmuşdur. Bu əsasla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən aidiyyəti tədbirlər görülməli, o cümlədən işçinin başqa işə keçirilməsinin mümkünlüyü araşdırılmalı, stajından asılı olaraq müəyyən edilmiş qaydada bir müddət əvvəl bu barədə xəbərdarlıq edilməli və işdənçıxma müavinəti ödənilməlidir. Ən əsası da işçilərin sayı və ya ştatlar real olaraq ixtisar edilməlidir. Bu təminatlar çərçivəsində ödənilən işdənçıxarma müavinəti gəlir vergisindən də azad edilmişdir. O da qeyd edilməlidir ki, tərəflərin razılaşmasında iddiaçıya ödənilən məbləğ işdənçıxma müavinəti adlandırılsa da, bu Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işçiyə ödənilməli olan “işdənçıxma müavinəti” anlayışı ilə əhatə olunmur. Belə ki, Əmək Məcəlləsində yalnız 70-ci maddənin “a” və “b” bəndləri ilə əmək müqaviləsi ləğv edilərkən işçiyə işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulmuşdur. Təqaüdə çıxması ilə əlaqədar müəssisənin sərbəst mənfəəti hesabına işçiyə verilən müavinətlər isə işçinin sosial rifanın yaxşılaşdırılması və müəssisənin fəaliyyətinin optimallaşdırılması üçün nəzərdə tutulmaqla icbari xarakter daşımır və əmək qanunvericiliyi ilə tənzimlənmir. Xüsusilə qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə uyğun olaraq, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Maddənin məzmunundan göründüyü kimi, vergilərin müəyyən edilməsi, vergidən azadolma və güzəştlərin tətbiq edilməsi yalnız sahəvi qanunvericilik olan Vergi Məcəlləsi ilə nəzərdə tutula bilər. Həmin Məcəllənin müəyyən etdiyi qaydalardan kənar hər hansı bir şəxsdən vergi tutulmasına və ya onun vergidən azad edilməsinə yol verilmir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində “işdənçıxma müavinətindən məbləğlərin tutulmasına yol verilmir” müddəası qeyd olunsa da, bu müddəa vergi qanunvericiliyinin tələblərinin pozulmasına, ondan kənar vergidən azadolma halının müəyyən edilməsinə səbəb ola bilməz. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5-ci maddəsinə görə, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Eyni zamanda həmin Qanunun 10.3-cü maddəsinə uyğun olaraq, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Beləliklə, vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Göründüyü kimi, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin dispozisiya şərtləri hazırkı iddiaya münasibətdə mövcud deyildir. Bu baxımdan cavabdeh-işəgötürən, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntusuna yol verməmişdir və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin cavabdeh tərəfindən geri qaytarılması üçün əsas yoxdur. 15 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175.4-cü maddələrinin, Vergi Məcəlləsinin 2.4-1-ci və 102.1.4-cü maddələrinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 560.2 və 560.3.3-cü maddələrinə münasibətdə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi qərarını onunla əsaslandırmışdır ki,İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürənin könüllü olaraq ödədiyi kompensasiya isə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərti kimi çıxış edir. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə fiziki şəxslərin gəlir vergisindən azad edilmiş gəlirlərinə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə), “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və 74-cü maddəsinin birinci hissəsinin “e” (işçi vəfat etdikdə) bəndləri ilə xitam verilən hallarda işəgötürən tərəfindən işçiyə ödənilən müavinətlər aid edilmişdir.Vergidən azad olunan gəlirlər sırasında əmək müqaviləsi işçi tərəfindən ləğv edilərkən işəgötürənin öz təşəbbüsü ilə işçiyə ödədiyi müavinət nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar