Məhkəmə qərarları › İş №e-2(005)-558/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-558/2024

16.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-558/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: mənzildən çıxarılma) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirnazim qızının İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzilindən ona məxsus əşyalarla birlikdə çıxarılması, mənzilin boşaldılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququ DƏDKR tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tanınmışdır (Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixli: xx.xx.2019-cu il). Qeyd edilən mənzil əvvəllər İddiaçı atası Mirağa Novruzova məxsus olmuş və M.Novruzovun vəfatından sonra vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. Mirağa Novruzovun mənzilin mülkiyyətçi olduğu dövrdə mənzil Cavabdeh Mirnazim qızı tərəfindən istifadə edilmişdir. X5 vəfatından sonra mənzil üzərində yeni mülkiyyətçi kimi mülkiyyət hüquqları dövlət reyestr xidmətində qeydə alındıqdan sonra İddiaçı dəfələrlə mənzilə dair kirayə müqaviləsinin bağlanmasını Cavabdeh tələb etsə də, həmin şəxs bu günə kimi kirayə müqaviləsi bağlamaqdan və kirayə haqqı ödəməkdən, həmçinin mənzili mülkiyyətçiyə təhvil verməkdən imtina edirlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə təqdim edilmiş hazırki iş üzrə Cavabdeh ata adının yanlışlıqla "Mirnazim" kimi qeyd edildiyini bildirmiş, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən cavabdehin Cavabdeh olmasınının nəzərə alınmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, mənzilin əvvəlki mülkiyyətçisi Mirağa Novruzov mübahisəli evi iş üzrə cavabdehə satmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş 593 qeydəalma nömrəsi ilə 786-736 nömrəli kitabın 118075-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56 kv.m, 2 otaqlı olan daşınmaz əmlak X3 məxsusdur. - Reyestrdə 2V-535 № ilə qeyd aparılmış 02 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X2 vərəsəsi – qızı İddiaçıdır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56 kv.m, 2 otaqlı mənzildən ibarətdir. - “Elektron notariat” X1 xx.xx.2024-cü il tarixli elektron çıxarışdan görünür ki, ölmüş şəxs (miras qoyan) X2 qanun üzrə vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən əmlak Bakı ş, İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə X3 verilmiş 593 qeydəalma nömrəsi ilə 786-736 nömrəli kitabın 118075-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56 kv.m, 2 otaqlı olan daşınmaz əmlakdan ibarətdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat” haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında 13 iyun 2019-cu il tarixdən qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. - “Elektron Məhkəmə” informasiya sistemindən elektron çıxarışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, ünvan 3 İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Cavabdeh hazırda mübahisəli mənzildə yaşayır. İddiaçı hazırda cavabdehin mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). -146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Milli və beynəlxalq qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Hazırki iş materialları ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.1997-ci il tarixdə iddiaçının atası mərhum X2 adına əmlak kimi qeydə alınmışdır. X2 qanun üzrə vərəsəsi İddiaçıdır. O miras əmlakdan tam (1/1 hissədə) pay almış, mübahisəli mənzil – miras əmlak, qanun üzrə vərəsə kimi İddiaçı adına tam payla xüsusi mülkiyyət kimi daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh hazırda mübahisəli mənzildə yaşayır, mənzildə qeydiyyatda deyildir. Göründüyü kimi, mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. O, mülkiyyətçi kimi mənzilə sərbəst surətdə sahib olmaqla, ondan istifadə edə və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə və əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Hazırki mülki iş üzrə Cavabdeh iddiaçının bibisidir. Məhkəmə tərəfindən Cavabdeh mübahisəli mənzilə dair hər hansı bir əmlak hüququ müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzildə yaşaması və mənzildən çıxmaması İddiaçı mülkiyyətçi kimi həmin mənzilə dair əmlak hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə maneə yaradır və iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən Cavabdeh mübahisəli mənzildən qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzilindən ona məxsus əşyalarla birlikdə çıxarılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin “cavabdehin mənzili satın alması və s.” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, əvvəla buna dair mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, mübahisəli mənzilin qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdehə satılması və s. halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən mübahisəli əmlak daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət kimi qeydə alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hazırki iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisəli əmlak iddiaçının atasının mülkiyyətində olmuş, o vəfat etdikdən sonra isə onun qanun üzrə vərəsəsi İddiaçı mülkiyyətinə keçmiş, onun adına xx.xx.2019-cu il tarixdə tam payla xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu zaman reyestrdəki qeydə dair etiraz daxil edilməmiş, əmlak üzərində yüklülük olmamış, habelə qeydin aparılmasını istisna edən digər hallar (əmlakın başqa şəxsə satılmış olması və s.) müəyyən edilməmişdir. AR MM-in 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Lakin belə bir mübahisə olmamış, cavabdeh belə bir tələblə məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi və vəkillərinin dəlilləri iddia tələbinin təmin edilməməsi əsası kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzilindən ona məxsus əşyalarla birlikdə çıxarılmalıdır. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzilindən ona məxsus əşyalarla birlikdə çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar