Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5656/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və “X4” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanuni təmsilçilikdən çıxarılması ilə bağlı vergi orqanında dəyişiklik edilməsi üçün müraciət edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “X4” MMC-nin qanuni təmsilçisi və direktoru vəzifəsindən çıxarılması haqqında dəyişikliyin vergi orqanında qeydə alınması öhdəliyinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sadıq qızının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “X4” MMC-də (VÖEN: **********) xx.xx.2019-cu il tarixdən etibarən direktor funksiyasının icrasını həyata keçirməyə başlamışdır. xx.xx.2025ci il tarixli, 03/25 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə “X4” MMC-də olan əmək müqaviləsi ləğv edilmiş və icraçı direktor vəzifəsindən azad edilmişdir. Əmək müqaviləsi ləğv olunsa da, şirkətin dövlət reyesterində olan məlumatlarında müvafiq dəyişikliklər həyata keçirilmir. Dövlət reyestr məlumatlarında müvafiq dəyişikliyin həyata keçirilməməsi və əmək müqaviləsi olmadığı halda onun şirkətin təsis sənədlərində direktor olaraq saxlamağı qanunsuzdur. Lakin, “X4” MMC ilə əmək münasibətlərini sonlandırsa da, təsisçilər tərəfindən onun qarşısına yerinə yeni direktor tapmaq öhdəliyinin qoyulması onu məcburi əməyə cəlb etməkdən ibarətdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, iddiaçı hazırda başqa təşkilatda işləyir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, lakin dəfələrlə müraciət etsə də sistemdən qanuni təmsilçi çıxarılmamışdır. Bu isə onun hüquqlarının pozulmasına səbəb olur. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehlərə və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “X4” MMC-nin təsisçisinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, “X4” MMCnin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilmişdir; - İddiaçı Sadiq oğlu tərəfindən “X4” MMC-nin təsisçiləri Cavabdeh2 və Cavabdeh1 Sadiq qızına ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, 5 gün ərzində hüquqi şəxsin ümumi yığıncağının çağırılmasını, onun MMC-nin qanuni təmsilçiliyindən çıxarılmağı barədə qərar qəbul edilməsini və həmin qərarın vergi orqanında qeydiyyata alınmasını xahiş etmişdir; - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 03/25 saylı əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir; - Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin təsisçiləri Cavabdeh2 və Cavabdeh1 Sadiq qızı, qanuni təmsilçisi İddiaçıdur; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-də direktor (qanuni təmsilçi) vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. Hazırda iddiaçı qeyd edilən şirkətlə hər hansı bir əmək münasibətlərinin qalmadığına, buna baxmayaraq reyestrdə qanuni təmsilçi kimi qaldığına istinad edərək vergi orqanının reyestrində müvafiq dəyişikliyin edilməsi üçün müraciət edilməsi öhdəliyinin şirkətin təsisçiləri olan cavabdehlərin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 4-cü maddəsinə görə bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən təsis sənədləri - hüquqi şəxsin və bu Qanunda göstərilən digər müvafiq qurumların yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını təşkil edən sənədlərdir. 2.0.7-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. 2.0.8-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. 2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 5.4.1-ci maddəsinə əsasən təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır. Yuxarıda göstərilən qanunvericilik normalarının məzmunundan da göründüyü kimi hüquqi şəxs ilə əlaqədar baş vermiş aşağıdakı dəyişikliklər hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmalıdır: 1.Hüquqi şəxsin təsis sənədlərinə edilmiş hər hansı dəyişiklik; 2. Reyestrdə qeydiyyata alınmış faktların hər hansı sonrakı dəyişikliyi. Qanunvericiliyin tələblərinə əsasən təsis sənədləri dedikdə hüquqi şəxsin yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını təşkil edən sənədlər, yəni hüquqi şəxsin nizamnaməsi, eləcə də həmin şəxsin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar başa düşülür. Hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan şəxs (qanuni təmsilçi) barədə məlumatlar isə hüquqi şəxslərin dövlət reyestrinə hüquqi şəxs barəsində daxil edilən faktlara aiddir. Yuxarıda göstərilən normaların məzmunundan həmçinin görünür ki, hüquqi şəxslərin dövlət reyestrində hüquqi şəxslər barəsində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Bu zaman hüquqi şəxs tərəfindən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Hazırkı halda İddiaçı “X4” MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsindən azad edilsə də MMC-nin təsisçiləri olan cavabdehlər tərəfindən bu günədək müvafiq dəyişikliyin qeydiyyata alınması ilə bağlı vergi orqanına müraciət edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “X4” MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsindən azad edilməsi ilə əlaqədar olaraq “X4” MMC barədə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarda baş vermiş dəyişikliklərin həyata keçirilməsi üçün müraciət edilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı “X4” MMC-nin qanuni təmsilçisi və direktoru vəzifəsindən çıxarılması haqqında dəyişikliyin vergi orqanında qeydə alınması üçün müraciət edilməsi öhdəliyi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “X4” MMC-nin qanuni təmsilçisi və direktoru vəzifəsindən çıxarılması haqqında dəyişikliyin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması üçün vergi orqanına müraciət edilməsi öhdəliyi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-5656/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5656/2025
23.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver