Məhkəmə qərarları › İş №e-2(005)-566/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-566/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-566/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “yaranmış borcun ödənilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 709,81 manat borcun (abonent kodu: **********120) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu:**********120) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 709,81 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana SSS-15 markalı, 689987 nömrəli sayğac xx.xx.2010-cu il tarixdə quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadı olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Nərimanov rayonu Mənzil-X3 20 saylı Mənzil-X5 verdiyi 036846 nömrəli arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1 üzrə Cavabdeh İddiaçı ASC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən ona vurulmuş 3497 manat məbləğində maddi zərərin və 5000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə problemləri xx.xx.2011-ci il tarixdə Qorxmaz Hüseynov və onun əlaltıları təyin olunandan sonra başlamışdır. Cavabdeh təşkilata yaşadığı ünvana suların çirkli gəlməsi ilə əlaqədar dəfələrlə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir. Bununla bağlı olaraq hər birinin qiyməti 130 manat olmaqla, cəmi dəyəri 390 manat olan 3 ədəd su qızdırıcısının, hər birinin dəyəri 25 manat olan 6 su kranının (cəmi dəyəri 150 manat) sıradan çıxması haqqında dəfələrlə yazılı müraciətlər etmişdir. Qəbul şöbəsinin müdüri Heydər Abbasovun qəbulunda olmuş, lakin suların təmizlənməsi, durulması, qumdan, çınqıldan, daşdan təmizlənməsi üçün İddiaçı ASC tərəfindən heç bir tədbir görülməmiş, vurulmuş maddi ziyanın ödənilməsi haqqında tələbi təmin olunmamışdır. 2016-cı ilin aprel ayında iddiaçı təşkilatın işçiləri Anar, Əhliman və Şakir adlı şəxslər tərəfindən 5 binanı idarə edən nasos-motor binası işbaz Salman adlı şəxsə 25000 manata satılmışdır. Binanın sakinləri tərəfindən məktub yazmışlar ki, onsuzda sularımız natəmiz gəlir, 5 binanın suyunu qonşuluqda olan 6 binanın motoruna qoşmaqla nə məqsəd güdülür? Həmin 25000 manat pulun hara köçürülməsi haqda sənəd də yoxdur. Binanın su çənləri 60 ildir ki təmizlənmir. Hazırda həmin ərazidə çoxmərtəbəli binalar tikilir və həmin binanın suyu da qeyd etdiyi xəttə qoşulmuşdur. Çoxmərtəbəli binadan qoşulan hər borunun çirkli suları da onların evlərinə qoşulan su xətlərinə axıdılır. Bu barədə zəng edib şikayət etdikdə isə bildirilirmişdir ki, açın kranlarınızı palçıq oradan çıxsın. Bəs kranları, su qızdıncılarını niyə dəyişmədən imtina edirlər. Palçıqlı, çınqıllı sulardan sonra evində olan sayğac dayanmış və fırlanmamışdır. Su pulunu yazan təşkiların işçisinə bildirmiş və üstündə olan plombu işçinin özü çıxartmış, qumu təmizləyib getmişdir. Gedəndən sonra görmüşdür ki, sayğacın içindəki setkanı çıxardaraq hamamdakı güzgünün üstünə qoyub getmişlər. Zəng edib bu barədə bildirdikdə, belə qalmasının daha yaxşı olduğunu bildirmişdilər. İddiaçı ASC-ya şikayət etmiş, idarəyə yaxınlaşmış, 3 aydan sonra gəlib setkanı yerinə taxıb getmişlər, amma iş işdən keçmişdir. Bu üç aylıq müddət ərzində boruları, su qızdırıcısı, kranlar sıradan çıxmışdır. Şikayətinə isə cavab vermişdilər ki, o işçi artıq təşkilatda işləmir. Əgər işçi işə qəbul edilibsə onun hərəkətlərinə görə məsuliyyətli təşkilat daşımalıdır. 1993-cü ildən istixana işləmədiyinə görə xx.xx.2021-ci il tarixdə kombi sistemi quraşdırmağa qərar vermişdir. Kombi quraşdırandan sonra sual verdilər ki, suyunuz təmizdir ya çirkli, o isə suyun yenə də çirkli və qumlu olmasını bildirmişdir. Həmin vaxt bildirmişdilər ki, onda mənzilin girişinə 88 manat dəyərində olan filtir quraşdırmalı, əks halda tez-tez 200 manat verib boruları təmizlətməlidir. Sular çirkli olduğundan hər ay 30 manat dəyərində olan fıltir içini 2 ildir dəyişir. Hər ay dəyişməsə suyun gəlməsi məhdudlaşır. Bunun nəticəsində 808 manat məbləğində ziyan dəymişdir. İllərdir ki, 20 litrlik içməli sulardan alır və istifadə edir. Son üç ildə 2149 manat məbləğində alınma sulara pul vermişdir. xx.xx.2021-ci il tarixdə kombi quraşdırandan sonra mənzilə girən borunun üzərində olan kran ümumi suyu yaxşı saxlamadığından İddiaçı ASC-nin qaynar xəttinə zəng vurub xahiş etmişdir ki, suyu 15 dəqiqəlik bağlamaq üçün mütəxəssis göndərsinlər ki, suyu məhəllədə bağlasınlar. Uzun danışaqlardan sonra gecə 23:00 radələrində sərxoş vəziyyətdə “briqada” gəlmişdir ki, hansı suyu bağlayaq. Bunu onların biləcəyini bildirmiş, lakin tapa bilməmişdilər. Qəza baş verərsə 7 binanın suyunu bağlamağa kran tapılmayacaq. Su borusunun ana xətti binanın altından və bir hissəsi obyektindən keçir, qəza olduğu halda obyekti ağzınacan 3 metr su ilə dolacaqdır. Dəfələrlə çirkli suların yoxlanılması tələb etmiş, hər cür bəhanələrlə boyun qaçırmışlar, ya da çirkli suyu aparıb cavabını təmiz su kimi vermişdilər. Bu dövr ərzində təmiz suyun olmaması, bununla bağlı müraciət etməyi, dəfələrlə stress keçirməyi və sair nəticəsində mənəvi ziyan da vurulmuşdur. Dəfələrlə bu hallarla bağlı müraciətlər etmiş, əsəbləşib xəstəxanaya düşmüşdür. 10 ildən uzun müddətdə davam edən bu hal əhvalını, əsəblərini tamamilə pozmuşdur. Bu qədər uzun müddət ərzində təmiz su həsrəti çəkmək, təmin suyun verilməsi ilə bağlı mübarizə aparmaq onun üçün çox ağır olmuşdur. Keçirdiyi streslərə və mənəvi əzablara görə İddiaçı ASC-dən 5000 manat məbləğində mənəvi ziyan tutularaq ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclsında iştirak edən Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, ilkin iddia üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ilk iddia qismən, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: Abonent kartından görünür ki, xx.xx.2000-ci il tarixli, 11156303 nömrəli müqavilə üzrə müştəri Cavabdeh (Abonent kodu: **********120) Nərimanov rayonu, A.Nemətulla küç. ev 58, mənzil 12 ünvanı üzrə cəmi 854,81 manat borcu vardır; İddiaçı ASC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, son üç il ərzində göstərilmiş su təchizatı və kanalizasiya xidməti üçün borc 2020-ci ilin noyabr və dekabr ayları dövrü üzrə 36,5 manat, 2021-ci il dövrü üzrə 171,5 manat, 2022-ci il dövrü üzrə 193 manat, 2023-cü ilin noyabr ayına qədər 162 manat olmaqla, cəmi 563 manat təşkil edir; İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh su və çirkab su xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə 629,81 manat son ödəmə tarixi keçmiş ödənilməmiş borcu yaranmışdır. 3 iş günü müddətinə borcun ödənilməsi xahiş edilmişdir. Əks halda göstərilən xidmət dayandırılmaqla yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulacağı bildirilmişdir; Tərəflər arasında suyun keyfiyyəti ilə bağlı mübahisə olduğundan, Nərimanov Rayon Məhkəməsinin 2(005)-566/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə rəy verilməsi İddiaçı ASC Mərkəzi Laboratoriyasına həvalə edilmişdir. Laboratoriyanın xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, ekspertizasinın aparılması üçün Mərkəzi laboratoriya tərəfindən xx.xx.2024-cü il tarixdə mənzildən və digər 2 ünvandan su nümunələri götürülərək analizlər aparılmışdır. Analiz nəticələrinə əsasən suyun keyfiyyət göstəriciləri üzrə kənaraçıxma halı qeydə alınmayıb və nəticələr AZS 929:2023 İçməli su. “Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartının tələblərinə tam cavab verir. Həmçinin xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən keçirilçmiş yerli bağışda əyani olaraq suyun bulanıq olub-olmamasını müəyyən edilməsi üçün nümunələr götürülmüş və qarşılıqlı iddiaçının iddiasında qeyd etdiyi kimi suyun bulanıq gəlməsi müşahidə edilməmişdir. Ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməklə, cavabdeh isə su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə etməklə faktiki olaraq müqavilə münasibətlərinə girmişlər. Belə ki, Cavabdeh qeydiyyatda olmaqla yaşadığı ev İddiaçı ASC tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidməti ilə təmin edildiyindən o, abonent kimi xx.xx.2000-ci il tarixli, 11156303 nömrəli müqavilə ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən su təchizatı və tullantı sularının axıdılmasına görə xidmət haqqı tam ödənilmədiyinə görə onun İddiaçı ASC-yə borcu yaranmışdır. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ASC tərəfindən verilən suyun keyfiyyəti lazımi dərəcədə olmadığı üçün ödəniş etməmiş və suyun bulanıq gəlməsi nəticəsində maddi və mənəvi ziyana məruz qaldığını iddia edir. Məhkəmə ilk iddiaya münasibət bildirərək, aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 və 433.1-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 442-ci maddəsi). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə görə istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Həmin Qərara əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. O, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Hazırki iş üzrə cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək üç il müddət keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Eyni Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). İş materiallarında olan abonent kartından görünür ki, abonent kodu **********120 olan Nərimanov rayonu, A.Nemətulla küç. ev 58, mənzil 12 ünvanında yerləşən mənzilin su təchizatına görə Cavabdeh sayğac üzrə 2020-ci ilin noyabr və dekabr ayları dövrü üzrə 36,5 manat, 2021-ci il dövrü üzrə 171,5 manat, 2022-ci il dövrü üzrə 193 manat, 2023-cü ilin noyabr ayına qədər 162 manat olmaqla, cəmi 563 manat borcu yaranmışdır. Hazırki iş üzrə iddiaçı cavabdehdən 2015-2023-cü illər üçün istifadə etdiyi xidmətlərə görə yaranmış borcun ödənilməsini tələb edir. Qanunvericiliyik normalarına əsasən isə müvafiq tələblər üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı müvafiq ardıcıllığa uyğun olaraq 2015-ci ildən başlamışdır. İddia ərizəsinin məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olduğunu və cavabdehin buna etiraz etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi yalnız xx.xx.2020-ci il tarixdən yaranmış borcun ödənilməsi hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə iddiaçının Mülki Məcəllənin 373.3-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-cı maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia qismən, 2020-ci ilin noyabr və dekabr ayları dövrü üzrə 36,5 manat, 2021-ci il dövrü üzrə 171,5 manat, 2022-ci il dövrü üzrə 193 manat, 2023-cü ilin noyabr ayına qədər 162 manat olmaqla, cəmi 563 manat məbləği hissəsində təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibət bildirərək, aşağıdakıları qeyd edir ki: Məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh onun mənzilinə gələn suyun lazımi keyfiyyətdə olmamasını, yəni bulanıq və çirkli olduğunu iddia edir, bu səbəbi ilə ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini tələb etsə də, lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyinə əsasən Cavabdeh mənzilinə gələn suyun standartlara uyğun olduğu qeyd edilmişdir. Bundan başqa məhkəmə tərəfindən keçirilmiş yerli baxışda da, Cavabdeh istinad etdiyi hallar, yəni suyun bulanıq və çirkli gəlməsi müşahidə edilməmişdir. Cavabdeh istinad etdiyi hallar ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmiş və ya belə sübutlar məhkəmə araşdırması zamanı aşkar olunmamışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC isə öz suyun lazımi keyfiyyətdə gəlməməsini etiraf etməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçının tələb etdiyi əmlakların cavabdehdə olmasına dair etibarlı sübutlar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Mülki Prosessual Məcəllənin sübutların mümkünlüyünü əks etdirən 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin qalan hissələri ilə bağlı qeyd edir ki, prosessual qənaət prinsipi baxımından qarşılıqlı iddia tələbi maddi ziyan hissəsində əsassız olduğundan, qarşılıqlı iddiaya qalan hissədə qiymət verilməsi üçün əsas yoxdur, bu səbəbdən qarşılıqlı iddia tələbi həmin hissədə də əsassız hesab edilməli və rədd edilməlidir. Gəldiyi qənaətin məntiqi davamı olaraq məhkəmə, qarşılıqlı iddia tələbini əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparmağa zərurət hesab etməyərək özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə qismən edilməli, cavabdehdən xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək yaranmış borc üzrə 563 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30 manatın 23,8 manatı tutularaq iddiaçıya ödənilməlidir. İlk iddia qalan hissədə və qarşılıqlı iddia isə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlki iddia qismən təmin edilsin. Cavabdeh yaranmış borc üzrə 563 (beş yüz altmış üç) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30 manatın 23,8 manatı tutularaq İddiaçı ASC-yə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar