Məhkəmə qərarları › İş №e-2(005)-592/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-592/2023

25.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-592/2023 25.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X14 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və digərlərinin Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə Ceyhun Hacıbəyli küçəsi, 28C mənzildən başqa mənzilə təmin edilmədən, məcburi qaydada əşyaları ilə birlikdə çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, onunla "xxxx" MTK arasında ünvan 1 ünvanında inşa edilmiş binanın 108-ci mənzilinə dair 2 mart 2016-cı ildə 168 saylı müqavilə bağlanmışdır. 02 mart 2016-cı il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən “Satıcı” inşa edilmiş binanın C girişinin 18-ci (mansart) mərtəbəsində yerləşən saylı mənzili “Payçıya” təhvil verməyi, sonuncu isə 3 otaqlı mənzilin dəyərinirazılaşılmış qiymət üzrə tam ödəyir. 02 mart 2016-cı il tarixdə İddiaçı 168 saylı mənzilin dəyərini tam ödəmiş, bu barədə ona maliyyə arayışı da verilmişdir. 2 il əvvəl 168 saylı mənzil Cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilmişdir. 2 ildir ki, Cavabdeh mənzili boşaltmağı tələb olunur, lakin, o, mənzili boşaltmaqdan imtina etmişdir. Daha sonra İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanından əşyalarını məcburi qaydada çıxarması və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, müdafiə etdiyi İddiaçı ilə "xxxx" MTK arasında ünvan 3 ünvanında inşa edilmiş binanın mansardında yerləşən 168-ci mənzilə dair xx.xx.2016-cı ildə 168 saylı kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. MM-nin 178.8-ci maddəsinə əsasən, mansardda yerləşən mənzilin razılaşdırılmış qiyməti tam ödənilmiş və ona bu barədə kooperativ tərəfindən maliyyə arayışı verilmişdir. Mansardda yerləşən mənzilə dair heç bir hüquqmüəyyənedici sənədi olmayan X5 tərəfindən qanunsuz zəbt edilməsinə dair e-2(005)-592/2023 saylı mülki iş icraatdadır. Zəruri sübutlar və rəsmi sənədlər tərəfindən məhkəməyə təqdim edilmişdir. MPM-nin 80-ci maddəsində göstərilir ki, məhkəmə işin gedişində təqdim edilmiş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbini müəyyən edən faktlar və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsində göstərilir ki, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vəzifələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə yazılı etiraz təqdim edərək, etirazın dəlillərinə uyğun izahat verib, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı irəli sürülən iddia ilə razılaşmır və ona qarşı qəti etiraz edir. Belə ki, iddiaçı göstərir ki, guya 2 il bundan öncə ki, onun müqavilə əsasında əldə etdiyi “mənzilə” (mənzil demək olarsa) daxil ola bilmir, bu səbəbdən ki, cavabdeh sahəni guya qeyri-qanuni zəbt edərək, orada əşyaların saxlamaqla bu günədək sahədən istifadə edir. Həmçinin ərizədə qeyd edir ki, guya cavabdehdən sahənin boşaldılması tələb olunsa da, nümayəndəsi və vəkili olduğum şəxs onu orada saxlanılan qiymətli əşyaların oğrulanması ilə əlaqədar polis orqanına şikayət edəcəyi ilə hədələyir. Lakin qeyd etmək istəyir ki, bunlar həqiqətə uyğun deyil. Belə ki, bu sahə nə 2 il bundan öncə, nə də ki, ümumiyyətlə zəbt olunmayıb. Belə ki, sözügedən sahə həmin binada yerləşir, yəni ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzillə (mənzilin üst qatında bu qeyri-yaşayış sahə yerləşir, yəni binanın dam hissəsidi) bir vaxtda 2005-ci ildə cavabdehin mərhum qayınatası X6 tərəfindən əldə edilmişdir. Mənzil X4 alınmış, sözügedən qeyri-yaşayış sahəsi isə X1 əldə edilmişdir. Mənzilin və mansardın bir yerdə satılması ilə bağlı 2005-ci ilin aprel-may ayında çap olunmuş “Birja” qəzetində (elanın fotosurəti əlavə olunur) elan formasında yerləşdirilmişdir. Bundan sonra elana əsasən satıcı ilə tanışlıq olmuş, həm mənzilə, həm mansarda baxış keçirildikdən sonra əmlaklar mərhum Ənvər Beybutov və onun ailəsi tərəfindən bəyənilmişdir. Daha sonra lazımi sənədləşdirmə işi aparıldıqdan sonra isə alqı-satqı baş tutmuşdur. Məhz bu vaxtdan etibarən həm mənzil, həm də iddiaçının tələb etdiyi sahə fasiləsiz, maneəsiz bu iddia verilənə qədər əvvəllər mərhum Ə.Beybutov adına olmuş, lakin vəfatından bir neçə il öncə, 2011-ci il tarixdə bağışlama yolu ilə həmin mənzil Cavabdeh adına özgəninkiləşdirilmişdir. Bu günə qədər həmin əmlaklar cavabdehin sahibliyindədir. Təxmini 2 il bundan öncə Ənvər Beybutov dünyasını dəyişmiş, daha bir neçə ay sonra isə cavabdehin həyat yoldaşı X7 da vəfat etmişdir. Məhz bu “süni” problemlər, qayınatası Ənvər və həyat yoldaşı Firidun Beybutovların ölümündən sonra müəmmalı şəkildə ortaya çıxdı. Bu günə qədər isə, hər hansı bir problem, tələb və mübahisə hər hansı bir şəxslə (o cümlədən, hazırki iş üzrə iddiaçı, digər şəxs və ya "xxxx" MTK-a ilə) olmamışdır. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, Elvin və Samirəni tanıyır. Ümumiyyətlə, Ənvər müəllimi və ailəsini tanıyırdı. Zina yoldaşıdır, oğlu Firudin rəhmətə gedib, onun Şahin və Ülkər adında uşaqları var. Samirəni yəni gəlinini görüb, amma tanımır. Şahid suallara cavab olaraq bildirmişdir ki, Ənvəri tanıyırdı, sovet dönəmində idarələr dağılan vaxtlar idi, müdirləri Ənvər müəllimlə tanış eləmişdi, onun da sulutəpədə evi vardır. Orada 1 ilə yaxın işləyib. İşlədiyi vaxtda münasibəti yaxşı idi, başqa yerlərdə də evi mağazası vardı, orada işləyib. Rəhmətə gedənədək əlaqəsi olub. Gənclikdəki evində olub. 2006-2008-ci illərdə ora aparmışdı. Demişdi ki orada işləri düz etməyiblər. Mansart da vardı, dedi kanalizasiya da problem yaranıb təmir etmək lazımdır. Mətbəxti balkona dəyişiblər və kanalizasiyada problem yaranıb. Mansart evin üstündə idi. Qapalı yer idi. Dəmir qapı da vardı. Qapını Ənvər müəllim açmışdı. İçəridə metlax filan, mağaza rəfləri vardı, çox sıxlıq idi. Yadında qalan mağaza rəfləri və divan kreslolar vardır. İstədilər ki, təmiz təmir işləri görsünlər. İçəridə olan əşyalar Ənvər müəllimə aid idi. Bu işləri tək görmürdü, bir oğlan da vardı. X3r hazırda da münasibətləri var . Əlaqə nömrəsi yadında deyil, lakin lazım olsa, verə bilər. Ənvər müəllim mənzili hazır vəziyyətdə almışdı, lakin kanalizasiya sistemi işləmirdi deyə yenidən təmir işləri aparmışlar. Mansartda 2-3 gün iş davam edib. Özünün əmlakı kimi davranırdı. Özü qapıları açıb bağlayırdı, öz əşyaları vardır. Dediyi məsələlər təxminən 2006-2008-ci illərdə olub. Mansartda təmir işləri getmədi, pəncərənin qıraqlarını bağladır. Ənvər müəllim təxmini 2 il olar ki rəhmətə gedib. Göyçayda dəfn olunub. Əmlakın Ənvər müəllimə aid olmasına dair heç bir sənəd görməyib. Onun bir 20 yerdə evləri filan olub amma heç bir sənədlərini görməyib. Bilir ki, Ənvər müəllim özünə məxsus olmayan əşyaya sahiblik etməzdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativi, sonradan “Kooperativ” adlanacaq, Kooperativin Nizamnaməsinə əsasən hərəkət edən onun sədri A.İ.Axundov şəxsində, bir tərəfdən və sonradan payçı adlanacaq, vətəndaş İddiaçı ünvan 5 ünvanında "xxxx" MTKnın vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 168 saylı mənzilə dair razılışaraq bu müqaviləni bağlayıblar. "xxxx" Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən, “Kooperativ” inşa edilmiş binanın, C giriş, 18-ci mərtəbə (mansart), 168 saylı mənzilini “Payçı”ya təhvil verməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, ünvan 5 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın C giriş, 18-cı mərtəbəsində (mansart), ümumi sahəsi 100 kv.m (bu sahəyə qonşu divarlar 50 %, çöl divarlar 100 %, eyvan 100 %, mənzilə daxil olan arakəsmələr 100 % daxildir) yaşayış sahəsi olan 3 otaqlı, 168 saylı, mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan 25 may 2005-ci il tarixli AN – İ seriyalı № ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, Satıcı Bakı şəhəri İH Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 30/10312 №-li arayışa əsasən ümumi sahəsi 104,36 kv/m yaşayış sahəsi 54,3 kv/m olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi məh 758-759 ev 62, m.165 –də yerləşən 3 otaqlı mənzili alıcı X2 mülkiyyətinə verir. İş materiallarında olan Bakı şəhəri İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsinin ÖM seriyalı 251370 №-li Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, 758-759 məhəllə Bakıxanov küçəsi 62 saylı evin 54,3 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 165 saylı mənzili X2 adına xx.xx.2005-ci il tarixində reyestr kitabında 22903 səhifəsində 30/23366 № ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2003-cü il tarixdə X8 adına verilmiş 003333 saylı Orderin surətindən görünür ki, Bakı şəhəri, 758-759 məhəllə Bakıxanov küçəsi 62 saylı evin 54,3 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 165 saylı mənzilində üç nəfər ailə tərkibi ilə yaşamışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzil (mansart) mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsusdur. Cavabdeh iddiaçının gözlənilən mülkiyyət hüququ ilə ona məxsus olan mənzilindən (mansartdan) sərbəst və maneəsiz istifadəsinə şərait yaratmır. Bu halın qarşısını almaq üçün iddiaçı qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehin mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzil (mansart) ilə bağlı İddiaçı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır, mübahisəli mənzilə dair iddiaçı pay haqqını tam ödəmiş hazırda mənzilə (mansarta) görə borcu mövcud deyil. Bununla yanaşı məhkəmə, cavabdeh tərəfindən iddia tələbinə etiraz kimi irəli sürülən “əmlakların (cavabdehə məxsus mənzillə yanaşı mübahisəli mansart nəzərdə tutulur) cavabdehin sahibliyində olması”, “mübahisəli mansartın cavabdehə məxsus mənzillə bir vaxtda cavabdehin mərhum qayınatası X6 tərəfindən əldə edilməsi”, “mənzilin X4 alınması, sözügedən qeyri-yaşayış sahəsinin isə X1 əldə edilməsi” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, mülki işin materiallarından göründüyü kimi cavabdeh etirazının dəlillərini təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Eyni zamanda qeyd olunan etirazın dəlilləri iddia tələbinin təkzib edilməsi üçün yetərli olmamışdır. Bunun əksinə olaraq, iddiaçı tələbini əsaslandıran və iddia tələbini irəli sürmək üçün zəruri olan sübutları məhkəməyə təqdim etmişdir. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (§103). "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Göründüyü kimi, hazırda Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzilə (mansarta) İddiaçı gözlənilən mülkiyyət hüququ mövcuddur. Həmin mənzil (mansart) hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçının gözlənilən mülkiyyət hüququ olmaqla, həmin mənzildən (mansartdan) istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Məhkəmə, şahid ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin mənzilə (mansarta) dair hüquqlarını təsdiqləyən hər hansı mötəbər dəlili olmadığını, hazırki mübahisədə şahid ifadələrinin digər mötəbər sübutlarla yanaşı qiymətləndirilməli olduğunu, o cümlədən hazırki mübahisəli mənzilin (mansartın) kimə məxsus olması ilə bağlı mübahisənin şahid ifadələri ilə müəyyən edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, həmin ifadələri cavabdehin etirazlarının əsaslılığını göstərən sübut kimi qəbul etmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh əşyaları Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh əşyaları Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzildən çıxarılsın, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar