Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-592/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə iddiaçı Həsənova (Ağayeva) Günel Firdovsi qızınının xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X3 qanun üzrə vərəsəsi kimi tanınması, mirasın qəbul edilməsi üçün müddətin uzadılması, miras kütləsinin müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Həsənova (Ağayeva) Günel Firdovsi qızı Bakı şəh., Yasamal rayonu, X7 küçəsi, ev 312 ünvanda yaşasa da, iki övladı ilə birlikdə valideynlərinin yaşadığı ünvan 2 ünvanda pasport qeydiyyatındadır. Həmin ünvanda iddiaçının atası X4 (xx.xx.2021-ci il tarixdə vəfat etmiş), anası Ağayeva (Nəcəfova) Raisə Rəşid qızı və bacısı Cavabdeh1 övladı ilə yaşayırlar. İddiaçının atası X4 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra onların müraciəti əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisində vərəsəlik işi açılmış, iddiaçı da anası və bacısı ilə bərabər orada olmuşlar (iddiaçının bacısı orada olarkən iddiaçıya mirasın qəbulundan imtina barədə ərizəyə imza etməyə cəhd göstərsə də, iddiaçı bundan imtina etmiş və belə ərizəyə imza etməmişdir). Hazırda xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdehə müraciət edərkən, sonuncu ilkin olaraq iddiaçının mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə müraciət etmədiyini bildirmiş, sonradan isə vərəsəlik işi ilə tanışlıq barədə müraciət etdikdə iddiaçının vərəsə kimi orada olmasını etiraf etmiş, sonra da bunu mücərrəd termin olaraq “daxili qeydə alma” adlandıraraq vərəsə kimi vərəsəlik işinə daxil edilməsi üçün iddiaçıdan digər iki vərəsə – anası Ağayeva (Nəcəfova) Raisə Rəşid qızının və bacısı Cavabdeh1 razılıqlarının tələb olunduğunu bildirərək imtina etmişdir. Halbuki, vərəsəlik işi ilə tanışlıq zamanı məlum olur ki, iddiaçının şəxsi vəsiqəsi və digər müəyyənedici məlumatları həmin işdə əks olunmuşdur. Odur ki, cavabdeh “Notariat haqqında” Qanunun 55-ci maddəsinin (açılmış miras haqqında vərəsələrə xəbər verilməsi və vərəsələrin axtarılması tələbini icra etməli və iddiaçının məlumatları işdə olduğuna görə onu məlumatlandırmalı idi. Bununla da, xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdehə müraciət edərkən açılmış həmin vərəsəlik işi üzrə həmçinin məlum olur ki, cavabdeh “Notariat haqqında” Qanunun 51-ci maddəsinə əsasən mirasın qorunması məqsədilə heç bir tədbir görməmiş, xüsusilə də mirası siyahıya almamış, 55-ci maddəsinə müvafiq olaraq iddiaçıya heç bir xəbər verməmiş, hazırda isə heç bir əsas olmadan, eləcə də özünün qanunsuz hərəkətlərindən dolayı iddiaçının qanuni vərəsə kimi qeydə almaqdan imtina barədə qərar təqdim etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının vərəsəlik işinə daxil edilməsindən imtina edildiyi halda vərəsəlik işi ilə tanış olanda həmçinin məlum olur ki, iddiaçıdan başqa digər iki vərəsəyə də “vərəsəlik hüququ haqqında şəhadətnamə” ümumiyyətlə verilməmiş, lakin belə sənədin verilmədiyi halda onlarla sövdələşməyə girərək onların “tapşırığı” yerinə yetirilmiş, “qulluğunda durulmuşdur”. Məsələn, məlum olur ki, iddiaçının atası X3 daxili işlər orqanlarının pensiyaçısı kimi pensiyasının digər vərəsələr tərəfindən hər ay aralarında bölüşdürülməklə alınması məqsədi ilə cavabdeh digər vərəsələrə sorğu məktubu vermişdir. Halbuki, həmin pensiya da qanunvericiliyin tələblərinə əsasən əmlak hesab edildiyi üçün “Notariat haqqında” Qanunun 57-ci maddəsinin mənasına görə belə sorğu yalnız “vərəsəlik hüququ haqqında şəhadətnamə” verildikdən sonra onlara verilə bilərdi. Eləcə də, vərəsəlik işində üç sayda qanun üzrə vərəsə olduğu halda iddiaçının vərəsə kimi qeydə alınmaması miras qoyan şəxsin miras kütləsinin alınması üçün “vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmədən bu tip sorğuların göndərilməsi cavabdehlə digər vərəsələr arasında “qanunsuz sövdələşmə” və ciddi qanun pozuntusu hesab olunmalıdır. Digər tərəfdən, pensiya orqanına verilməsi üçün qanunsuz tərtib olunmuş həmin məktuba cavab məktubu, bununla da həmin pensiyanın onların arasında, iddiaçının xəbəri olmadan, qanunsuz şəkildə bölüşdürülməsi barədə notariusa heç bir cavab məktubu gətirilməmiş (daxil olmamış), bununla da həmin sorğuya cavab da açıq qalaraq vərəsəlik işinə belə bir sənədin ümumiyyətlə əlavə olunması da yoxdur. İddiaçının qanunla nəzərdə tutulmuş müddət ərzində birinci növbəli vərəsə kimi atasından qalmış miras əmlakdan imtina etdiyi müəyyən olunmadığı üçün, o, qanuna əsasən miras əmlaka mülkiyyət hüququ əldə edir. İddiaçının Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində miras əmlakı rəsmi və ya faktiki qəbul etməməsi mübahisəli əmlaka dair onun vərəsəlik hüquqlarının məhrum edilməsi ilə nəticələnən hal kimi qiymətləndirilə bilməz. Bu baxımdan iddiaçının miras əmlaka dair tələb irəli sürməklə bağlı subyektiv hüquqa malikdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, atasının sağlığında daim onun yanında olmuş, ölən gündən də yas mərasimində iştirak etmişdir. Sadəcə 6 ay ərzində mirasın qəbulu üçün müraciət etmək lazım olduğunu bilməmiş, bu səbəbdən vaxtında müraciət etməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, vərəsəlik açılan zaman iddiaçı müvafiq qaydada məlumatlandırılmamış, bu səbəbdən də vərəsəlik hüququnun tanınmasından əsassız olaraq məhrum olmuşdur. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, mərhum atalarından əmək haqqı və avtomobil qalmışdır. Əmək haqqını şəhadətnamə verilmədiyinə görə götürə bilməmişlər. Avtomobil üzrə isə paylar müəyyən edilməli və 3 nəfər arasında bölünməlidir. Torpaq sahəsinin olmasından ümumiyyətlə məlumatları yoxdur. Miras əmlakın vərəsələr arasında bərabər şəkildə bölünməsinə etiraz etmirlər. Nəyə görə məhkəməyə verildiklərini də anlamırlar. Əslində onların hər hansı bir mübahisələri yoxdur. İddianının təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak Cavabdeh3 yoldaşının pensiyasını aldığını, həmin pensiyadan yoldaşı ölən vaxtdan hər ay qızı olan iddiaçıya bir hissəsini verdiyini və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 9 saylı Dövlət Notariat Ofisi hər hansı bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci tarixdə vəfat etmişdir; - Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notariat hərəkətinin aparılması qanunvericiliyin tələblərinə zidd olduğundan, notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir; - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 3 evin 4 saylı mənzilinə dair kirayə müqaviləsinin Cavabdeh1 adına bağlanılması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2013-cü il tarixli, 73/2 saylı sərəncam verilmişdir; - Bakı şəhər İcra hakimiyyəti başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 73/2 saylı, xx.xx.2013-cü il tarixli sərəncamının surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, Cavabdeh1 Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə onun adına icarə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş Cavabdeh1 2011-ci ildən qeydiyyatda olmaqla ünvan 3 evin, yaşayış sahəsi 49,60 kv.metr olan 3 otaqlı 4 saylı mənzilində 7 nəfər ailə üzvü ilə (özü, atası, anası, bacısı, qızı və 2 bacısı oğlu) yaşayır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq: 1.ünvan 3 evin, yaşayış sahəsi 49,60 kv.metr olan 3 otaqlı 4 saylı mənzilinə 7 nəfər ailə üzvü ilə (özü, atası, anası, bacısı, qızı və 2 bacısı oğlu) Cavabdeh1 adına icarə müqaviləsi bağlanılmış və onun, həmin mənzilin icarədarı hesab olunması, qeyd olunan mənzilə Cavabdeh1 adına şəxsi maliyyə hesabının açılması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 25 saylı Mənzil-Kommunal İstismarı Sahəsinə tapşırılması, sərəncamın surətinin 2 saylı Xüsusi Təyinatlı MKTB, 25 saylı MKİS-ə və vətəndaş Cavabdeh1 göndərilməsinin Departamentin Ümumi şöbəsinə tapşırılması qərara alınmışdır; - X1 xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 4 ünvanında yerləşən mənzilin Cavabdeh1 adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmədiyini bildirmişdir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 5 ünvanında yerləşən 4 nömrəli mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən xx.xx.1949-cu il təvəllüdlü X3 adına ünvan 6 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixində qeydiyyata alınmışdır; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 xx.xx.2009-cu ildə X3 adına dövlət qeydiyyatına alınmışdır; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə işdən azad edilmişdir. Ona çatacaq məbləğ 1145,17 manat təşkil edir; - Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 adına xx.xx.2011-ci il tarixindən “Kia Sorento” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər iddiaçının anası və bacısıdır. İddiaçı atası X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra miras açılmış, lakin iddiaçı 6 aylıq müddət ərzində mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişdir. Miras əmlakın qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İddiaçının birinci növbə vərəsə olması işin mübahisələndirilməyən halıdır. Hazırda iddiaçı mirasın qəbul edilməsi müddətinin uzadılmasını məhkəmədən xahiş edir. Cavabdehlər (anası və bacısı) isə buna etiraz etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı ilə müəyyənləşdirilən hüquqi mövqeyin hazırkı işə tətbiqi mümkün deyildir. Çünki həmin qərarda “mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil ediləcəyi” xüsusi olaraq göstərilmişdir. Hazırkı iş üzrə vərəsəlik münasibətləri 26 dekabr 2023-cü il tarixdən əvvəl, yəni xx.xx.2021-ci il tarixində yaranmışdır. Bu səbəbdən mübahisə həmin dövrdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki qanunvericilikdə mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir (Mülki Məcəllənin 1243-cü maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Qanunverici mirasın qəbulunun formal üsulundan istifadə ilə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutmuşdur ki, bunlardan ən başlıcası Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş müddətlərdir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarında həmçinin vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq mirasın qəbulu müddətinin ötürülməsi həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmur və məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinə “məhdudlaşdırıcı” istiqamətdən yanaşmamalı və məsələni ətraflı araşdıraraq müddətin ötürülməsini üzrlü saydığı halda, həmin müddəti uzatmalıdır. Həmçinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 83-cü bəndinə görə, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Lakin işin faktiki hallarından görünüdüyü kimi notaries, eləcə də digər vərəsələr tərəfindən vərəsələrin dairəsinin müəyyən olunması ilə bağlı qanuna müvafiq tədbirlər görülməmiş, bu da sonda X3 qanun üzrə vərəsəsi olan iddiaçının vərəslik hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılması ilə nəticələnmişdir. Məhkəmə vərəsəlik şəhadətnaməsinin verilməməsini, digər vərəsələrin (iki vərəsənin) iddiaçı tərəfindən mirasın qəbulu müddətinin uzadılmasına etiraz etməməsini, hüquqi müəyyənlik və hüquqi etimad prinsiplərinin qorunmasının zəruriliyini, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun mirasın qəbulu ilə bağlı müddətlərin uzadılmasına dair hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Miras kütləsinin müəyyən edilməsi öhdəliyinin notariat orqanının üzərinə qoyulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Hazırki işdən göründüyü kimi, cavabdehlər miras kütləsinə daxil olan əmlakın qanunauyğun qaydada bölüşdürülməsinə etiraz etmirlər. Bu baxımdan miras kütləsinin müəyyən edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi notariusun vəzifələri sırasına daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X2 qalmış mirası qəbul etməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti gecikdirməsinin səbəbi üzrlü hesab edilərək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X2 qalmış mirası qəbul etməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə miras kütləsinin müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-592/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-592/2025
02.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver