Məhkəmə qərarları › İş №e-2(005)-605/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-605/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-605/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: iddia müddəti) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan ünvan 1 ünvanda yerləşən mənzilin əldə edilməsi zamanı 21.4 kv.m. sahə üçün artıq ödənilmiş 24.993 (iyirmi dörd min doqquz yüz doxsan üç) manat məbləğində pulun və ödənilmiş 165 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnam qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhər, Nəsimi rayon, N.Yusifbəyli küçəsi 26 ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 137 kv.m. kimi təqdim edilən 40 saylı mənzili 160000 (bir yüz altmış min) manat ödənilməklə əldə etmişdir. Sonradan qeyd edilən müqaviləyə xx.xx.2018-ci il tarixli 1 saylı əlavəyə əsasən müqavilənin 1.1. bəndində qeyd edilmiş 40 saylı mənzil 42 saylı mənzil olaraq dəyişdirilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, qeyd edilən bina Cavabdeh MTK-ya məxsusdur, pay dəyəri tərəfimdən tam olaraq ödənilmiş və MTKya heç bir borcu yoxdur. ünvan 1 ünvana dair tərəfindən DƏDRX-dən çıxarış verilən zaman mənzilin ümumi sahəsinin 137 kv.m. deyil, 115,6 kv.m. olduğu müəyyən olmuşdur. Cavabdeh MTK tərəfindən satılmış mənzilin müqavilə üzrə ümumi sahəsi ilə faktiki sahəsi arasında 21.4 kv.m. fərq olmuşdur ki, bununla da MTK tərəfindən ondan 21.4 kv.m. üçün əlavə olaraq 24.993 (iyirmi dörd min doqquz yüz doxsan üç) manat məbləğində pul alınmışdır. Kvadrat fərqilə bağlı yaranmış borcun geri qaytarılması üçün həm şifahi, həm də yazılı şəkildə pretenziya ilə şirkətə müraciət etsə də, bu günə kimi ödəniş edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh MTK-dan ünvan 2 ünvanında yerləşən mənzilin əldə edilməsi zamanı 21.4 kv.m. sahə üçün artıq ödənilmiş 24 993 AZN (iyirmi dörd min doqquz yüz doxsan üç manat) və inflyasiya nəticəsində zərərə məruz qaldığı 13 121 AZN (on üç min bir yüz iyirmi bir manat), olmaqla cəmi 38 114 AZN (otuz səkkiz min bir yüz on dörd) məbləğində pulun və ödənilmiş 205 AZN (iki yüz beş) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixli müqavilə bağlanan zaman müqavilənin bütün şərtləri ilə razı olmuşdur. O, DƏDRX-dən xx.xx.2020-ci il tarixli çıxarışı alan zaman mənzilin ümumi sahəsi ilə bağlı kvadrat fərqinin mövcud olduğu ona məlum olmuşdur. Lakin iddiaçının dediyinə görə, komendantla aralarında mübahisə yarandığı üçün məhkəməyə mənzilin ümumi sahəsində kvadrat fərqilə bağlı ödənilmiş pul tələbini geri qaytarılması barədə müraciət etmək qərarına gəlmişdir. Yəni DƏDRX-dən çıxarış əldə etdikdən 4 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi xx.xx.2020-ci il tarixdən iddia tələbinin irəli sürüldüyü tarixədək 4 ildən çox müddət keçmişdir. Yəni, hazırki iddiaya münasibətdə iddia müddəti keçmişdir. Ona görə də hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddia müddəti keçdiyinə görə rədd edilməlidir. İddiaçı 28.1.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, qarşı tərəf iddia müddətinin ötürülməsi barədə ərizə təqdim etmişdir. Qeyd etmişdir ki, çıxarış aldıqdan sonra, yəni xx.xx.2020-ci ildən məhkəməyə müraciət etdiyim müddətə kimi 4 ilə yaxın vaxt keçmişdir. Diqqətə çatdırır ki, hörmətli vəkil məhkəmədənkənar söhbət zamanı bir vətəndaş kimi ona məsələni məhkəmədənkənar həll edilməsinə meyilli olmağını bildirdikdən sonra dəstək olacağını bildirsə də, hətta kommunal haqqının kupça üzrə verilməsini düzgün hesab etdiyini ifadə etsə də, sonda görünür ki, vəziyyətdən sui-istifadə etmək fikrinə gəlmişdir. Ancaq vəkilin tərəfimdən məhkəməyə təqdim edilən sənədləri dərindən araşdırmadığı aşkardır. Belə ki, ilkin iclasda da bildirdiyi səbəblərdən iddianın gec verilməsini izah etmişdir. Baxmayaraq ki, müddəti ötürməmişdir. Hörmətli vəkilin nəzərdən qaçırdığı məqam odur ki, özü 09 mart 2023-cü il tarixdə pretenziya ilə cavabdehə müraciət edərək kvadrat fərqi ilə bağlı yaranmış məbləğin ödənilməsini tələb etmişdir. Müraciəti də elə məhkəmə sisteminin pretenziya bölməsindən etmişdir. Odur ki, kupçanın alındığı 28 avqust 2020-ci il tarixdən ilkin etdiyim müraciətə, yəni 09 mart 2023-cü il tarixinə kimi 3 il müddət keçmədiyindən iddia müddətini ötürməmişdir. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, 40 saylı mənzil 03 noyabr 2017-ci il tarixli müqavilə əsasında X4 haqqı tam şəkildə ödənilərək təmir üçün təhvil verilmişdir. Daha sonra X8 və həyat yoldaşı X1 razılığı əsasında həmin mənzil X5 adına onun müraciəti əsasında 03 noyabr 2017-ci il tarixli müqaviləyə MTK tərəfindən dəyişiklik edilərək 28 dekabr 2017-ci il tarixli müqavilə əsasında rəsmiləşdirilmişdir. Həmin razılıq ərizələri Bakı şəhəri 1 saylı notariat kontorunda notarial qaydada təsdiqlənmişdir. Bir müddət keçdikdən sonra isə X5 razılığı əsasında yuxarıda adıçəkilən mənzil 01 mart 2018-ci il tarixində İddiaçı adına 28 dekabr 2017-ci il tarixli müqaviləyə dəyişiklik edilərək rəsmiləşdirilmişdir. Həmin razılıq ərizəsi isə Bakı şəhəri 9 saylı notariat kontorunda notarial qaydada təsdiqlənmişdir. Eyni zamanda bildirir ki, hazırkı iddiaya münasibətdə İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, o, əslində 2018-ci ildə mənzili əldə etmiş, həmin mənzili təmir etmiş və 2018-ci ilin sonlarından etibarən xx.xx.2018-ci il tarixli müqavilədə qeyd olunan ünvan 3 ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 137 kv.m. kimi təqdim edilən 40 saylı mənzildə (sonradan qeyd edilən müqaviləyə xx.xx.2018-ci il tarixli 1 saylı əlavəyə əsasən müqavilənin 1.1. bəndində qeyd edilmiş 40 saylı mənzilin nömrəsi 42 saylı mənzil nömrəsi olaraq dəyişdirilmiş, yəni mənzilin özü yox, sadəcə nömrəsi dəyişdirilmişdir) yaşamışdır. Həmçinin iddiaçıya məhkəmə iclasında sual verilən zaman o, razılıq ərizəsi əsasında mənzili X2 yox, MTK-dan aldığını qeyd etmişdir. Bunun isə nə dərəcədə doğru və ağlabatan olduğu şübhə altındadır. Çünki, təqdim olunan sənədlər də görünür ki, X9 razılıq ərizəsi əsasında İddiaçı xeyrinə adıçəkilən mənzildən imtina etmişdir. Əlavə olaraq qeyd edir ki, məhkəmə iclası zamanı iddiaçı 2018-ci ildə həmin mənzili təmir edərək məskunlaşdığını və həmin tarixdə keçmiş direktora 1000 manat vəsait verdiyini də qeyd etmişdir. Göründüyü kimi, 2018-ci ildən etibarən mənzilin ümumi sahəsində kvadrat fərqinin mövcud olduğu iddiaçıya məlum olmuş və digər tərəfdən adıçəkilən mənzilin MTK tərəfindən 03 noyabr 2017-ci il tarixindən etibarən təhvil verildiyini, daha sonra isə payçıların razılıqları əsasında digər şəxslərə satıldığını nəzərə alsaq, hesab edir ki, həmin mənzilə münasibətdə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığından, hazırkı iddiaya münasibətdə iddia müddətinin axımı 03 noyabr 2017-ci il tarixindən hesablanmalıdır. Həmçinin bir daha qeyd edir ki, 03 noyabr 2017-ci il tarixli müqavilə əsasında ünvan 3 ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, 40 (42) saylı mənzil X4 təhvil verilmiş, daha sonra həmin mənzil yuxarıda qeyd olunan razılıq ərizələri əsasında MTK tərəfindən 03 noyabr 2017-ci il tarixli müqaviləyə dəyişiklik edilərək, 28 dekabr 2017-ci il tarixində X5 adına, 01 mart 2018-ci il tarixində isə İddiaçı adına rəsmiləşdirilmişdir. Belə olan halda İddiaçı 2024-cü ilin oktyabr ayında, yəni 6 il 8 ay sonra məhkəməyə iddia ərizəsi ilə müracət etdiyini nəzərə alsa, hesab edir ki, hazırkı iddiaya münasibətdə iddia müddəti ötürülmüşdür. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, 10 iyul tarixində qarşı tərəf vəsatət yazaraq bağladıqları 02 mart 2018-ci il tarixli müqavilənin guya köhnə direktorları tərəfindən imzalanmadığını qeyd edib və həmin müqavilənin etibarsız olmasını və bununla bağlı şahid qismində köhnə direktorun iştirakını tələb etmişdilər. İndi isə 27 noyabr 2024-də etdikləri iddia müddəti ilə bağlı müraciətə qayıdıblar. O zaman da öz ərizələrində yazmışdılar ki, 2020-ci il avqust ayında kupça aldığı andan iddia müddətini ötürmüşdür. Halbuki yazılı sübutla təsdiq etmişdir ki, iddia müddətini ötürməmişdir. İndi isə 2018-ci ildə mənzili müqavilə əsasında əldə etdiyi andan kvadratla tanış olduğunu və o vaxtdan müraciət etmədiyini qeyd edirlər. Söhbət orasındadır ki, qarşı tərəf təsdiq edir ki, kvadratla bağlı fərq var və onu aldadıblar. Müddətin ötürülməsi və s. digər bəhanələrlə çıxış edib bir yolla məsələdən qurtulmaq istəyirlər. Əvvəla, Mülki Məcəlləyə əsasən, iddia müddəti hüququn pozulması və ya pozulma barədə məlumat əldə edildiyi andan başlayır. Ona bu pozuntu yalnız xx.xx.2020ci il tarixində çıxarış təqdim edildikdən sonra məlum olmuşdur. Çıxarışdan əvvəl mənzilin dəqiq sahəsi barədə hüquqi əsaslı heç bir sənəd və ya ölçü protokolu təqdim edilməmişdir. İkincisi, təmir zamanı guya mənzilin az sahəli olduğu barədə iddia subyektiv yanaşmadır və hüquqi qiymətə malik deyil. Mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən az olduğu yalnız rəsmi sənədlə (çıxarış və ekspert rəyi ilə) müəyyən olunur. Bu isə hüquqi məlumatlılıq tarixini çıxarışın verildiyi 2020-ci illə bağlayır. Qarşı tərəf oyun oynamaqla məşğuldur. Hansı yolla olursa olsun aldatdıqları kvadrat fərqinin ödənilməməsi üçün müxtəlif yollara əl atır. Üçüncüsü isə özünün qarşı tərəf kimi məhkəməni aldatmaq fikri yoxdur və bunu da izah edir. Məhkəməyə yalan bəyanat vermir. Aldatıldığı ortadadır. Kvadrat fərqi 2020-ci ildə kupçanı aldığı zaman məlum olmuşdur. Kvadrat fərqini bilən kimi (2020 avqust) kupça aldığım zaman niyə müraciət etmədiyini də əvvəlki məhkəmələrdə izah etmişdir. Valideynlərinin təzyiqi olub. İcazə verməyiblər. Lakin kvadrat fərqini bildiyi andan da qaldırdığı iddianın müddətini (3 il) ötürməmiş və bunu da sübut etmişdir. Qarşı tərəf saxtakarlıqlara davam etməkdədir. Bu gün məhkəmədə çıxış edən zaman üstü örtülü bildirsə də çox üstünə getməmişdir. Lakin indi sənədlərlə tanış olan zaman məlum oldu ki, köhnə tarixli təhvil-təslim aktı əlavə edilib işin içinə. Yəni əvvəl mövcud olmayan sənədi, işin içindən çıxmaq üçün köhnə tarixlə saxtalaşdıraraq işə əlavə ediblər. Birincisi bunun ona heç bir aidiyyəti yoxdur. Mənzil alarkən ona təqdim etməyiblər. Lakin məhkəməni aldatmaq üçün etdikləri bu saxtakarlıqlar məhkəmə hakimiyyətinin bütövlüyünə atılmış zərbədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - X6 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 28 dekabr 2017-ci il tarixli ərizədən görünür ki, X6 yoldaşı X4 məxsus olan “Anima" MMC-nın ünvan 3 ünvanında inşa etdiyi 1 giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 137.0 kv.m, olan 40 saylı mənzildən imtina edir və həmin mənzilin X5 adına sənədləşdirilməsinə və müqavilə bağlanmasına etiraz etmir, gələcəkdə həmin mənzilə dair “Anima" MMC-yə qarşı heç bir iddiası olmayacaq və maddi tələb irəli sürməyəcəkdir. - X8 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 28 dekabr 2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh MMC-Nin Baki Şəhəri, Nəsimi Rayonu, N.Yusifbəyli Küçəsi 26 ünvaninda inşa etdiyi 1 giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 137.0 kv.m. olan 40 saylı mənzildən imtina edir və həmin mənzilin X5 adina sənədləşdirilməsinə və müqavilə bağlanmasina etiraz etmir. - X9 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 01 mart 2018-ci il tarixli ərizədən görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyİ 26 ünvanında inşa etdiyi yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində ümumi sahəsi 137.0 kv.m-dən ibarət 3 otaqlı, 40 saylı mənzildən və pay haqqrdan imtina edir. Bununla əlaqədar, müqaviləni və bütün sənədləri İddiaçı Məmmədəi oğlunun adına rəsmiləşdirilməsini xahiş edir. Gələcəkdə MMC-yə və qeyd olunan mənzilə dair iddia və tələbi olmayacaq. - xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, "Anima” MMC ilə İbrahimov VUsaİ Əmər oglu arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə X4 təhvil verilməli olan, 1 -ci giriş, 9-cu mərtəbə, ümumi tikintialtı sahəsi (oxdan oxa) 137 kv.m sahədən İbarət olan 40 saylı təmirsiz mənzil X4 müqavilə şərtlərinə tam uyğun olaraq təhvil verildi. X3 mənzilin təhvili ilə bağlı "Anima” MMC-yə qarşı heç bir iddiası və tələbi olmayacaqdır, X7 təsdiq edir ki, mənzilin ümumi tikintialtı sahəsi tərəflər arasında əvvəlcədən razılaşdırıldığı kimi çöl ölçülərlə, yəni tikintinin sahə daxil olmaqla X4 təhvil verilmişdir. X3 mənzilin ümumi tikintİaltı sahəsi ilə bağlı gələcəkdə "Anima” MMC-yə qarşı heç bir iddiası və tələbi olmayacaqdır. - Cavabdeh MMC və İddiaçı arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən “icraçı” Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus tikilməkdə olan yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı 40 saylı mənzili “Payçıya” verməyi öhdəsinə götürür. “Payçı” isə öz növbəsində müqavilənin bağlandığı andan aldığı mənzilin dəyərini ödəyir. Pay haqqı nağd pulla ödənilir. Mənzilin ümumi sahəsi 137 kv.m-dir. Göstərilən mənzilin ümumi dəyəri 160000.00 (bir yüz altmış min) AZN müəyyən olunur. - xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı əlavədən görünür ki, mənzillərin sıralanmasında baş vermiş dəyişikliklərlə əlaqədar olaraq xx.xx.2018 tarixli müqavilənin 1.1. bəndində qeyd olunmuş 40 saylı mənzil 42 saylı mənzil olaraq dəyişdirilir. -Cavabdeh MTK-nın 21 aprel 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən yaşayış binası Cavabdeh MTKya məxsusdur. Bu binanın 1-ci giriş, 9-cu mərtəbəsində, ümumi sahəsi 137.0 kv.m. olan,3(üç) otaqlı, 42 saylı mənzilin pay dəyərinin 160000 (bir yüz altmış min) manatı İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2020 tarixinə MTK-ya borcu yoxdur. -Cavabdeh MTK tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1 blokunun, 9-cu mərtəbəsində, ümumi sahəsi 137.0 kv.m. olan, 3 (üç) otaqlı, 42 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2020 tarixinə MTK-ya borcu yoxdur və mənzilin təmirinə icazə verilir. - Cavabdeh MTK-nın üzvlərinin ümumi iclasından 19 saylı 21 aprel 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmaqla MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli ev 26, 1 giriş, 9 mərtəbədə ümumi sahəsi 137 kv.m olan 3 otaqlı 42 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. - Cavabdeh MTK və İddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasında qəbul olunmuş birgə yaşayış qaydalarına riayət edilməsi və müəyyən edilmiş kommunal haqqların ödənilməsi haqqında 21 aprel 2020-ci il tarixli müqavilədən görünür ki, “Anima" mənzil-tikinti kooperativi bu müqaviləyə və Azərbaycan Respublikası Mənzil məcəlləsinin tələbinə əsasən kommunal xidmət göstərməyi öhdəsinə götürür. “Sakin” isə bu müqavilə ilə müəyyən edilmiş kommunal haqqları ödəməyi öz öhdəsinə götürür. - İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış pul tələbinə dair pretenziyadan görünür ki, yaranmış məbləğ fərqinin (24993 manat) 3 gün ərzində ödənilməsi xahiş edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi ev 26 mənzil 42, (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 115,6 kv.m olan mənzil xx.xx.2020-ci il tarixdən İddiaçı məxsusdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndəsi-vəkilinin izahatları və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus tikilməkdə olan yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı 40 saylı mənzili “Payçıya” verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan mənzil İddiaçı mülkiyyətinə verilmiş və mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda mənzilin ümumi sahəsinin 115,6 kvadrat metr olması qeyd edilmişdir. Hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. -762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. -766-cı maddəsinə əsasən, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. -776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir . İddia tələbinin mahiyyətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçıya verilməli olan mənzilin ümumi sahəsi 137 kv.metr kimi müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus daşınmaz əmlakın ümumi sahəsi 115,6 kv.m kimi qeyd edilmişdir. İddiaçı cavabdehdən ona müqavilə üzrə 137 kv.metr sahəsi olan mənzil əvəzinə 115,6 kv.m sahəsi olan mənzil təhvil verildiyini bildirərək, yaranmış zərəri cavabdehdən tələb edir. Tərəflər arasındakı mövcud hüquq münasibətlərinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, bu münasibətlər onlar arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqavilə əsasında yaranmışdır. Məhkəmə hesab edir ki, mahiyyəti üzrə tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı Cavabdeh MMC şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus tikilməkdə olan yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı 40 saylı mənzili payçı İddiaçı verməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçının hansı maddi hüquq normasına istinad etməsindən və hansı hüquqi əsaslandırmanı irəli sürməsindən asılı olmayaraq, mübahisənin məhz hansı hüquqi əsasda yaranması və buna uyğun olaraq da iddia tələblərinin düzgün qanuni əsası müstəqil surətdə məhkəmə tərəfindən müəyyən olunmalı və bu MPM-in 218.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Çünki iddianın əsası, yəni irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar dəyişməz olaraq qalır. Mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi ev 26 mənzil 42, (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən mənzilin ümumi sahəsi Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 115,6 kv.m-dir. Məhkəmə araşdırması zamanı qeyd edilən halların araşdırılması, xüsusi bilik tələb edən sualların cavablandırılması məqsədilə mülki iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli 10/499 saylı rəyindən görünür ki: -ünvan 3 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, 42 saylı (yeni qaydalarla: ünvan 3, M9, m5) mənzilin ölçülərinin (115,6 kv.metr) Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqaviləsində qeyd edilən ölçülərə (137,0 kv.metr) uyğun olmadığı, mənzilin ölçüləri (115,6 kv.metr) ilə Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqaviləsində qeyd edilən ölçülər (137,0 kv.metr) arasında 21,4 kv.metr fərq olduğu müəyyən edilmişdir. -ünvan 3 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, 42 saylı (yeni qaydalarla: ünvan 3, M9, m5) mənzilin faktiki sahəsi (balkonlara müvafiq azaltma əmsalları tətbiq olunmadıqda sözügedən) (121,0 kv.metr) ilə Cavabdeh MTK və İddiaçı Məjmmədəlf oğlu arasında bağlanmış 02 mart 2018- ci il tarixli müqaviləsində qeyd edilən öİçülər (137,0 kv.metr) arasında 16,0 kv.metr fərq olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ona təhvil verilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş zərəri tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Bununla belə, mülki dövriyyənin sabitliyinin qorunması məqsədilə qanunvericiliyə iddia müddətinə dair maddi hüquq normaları (AR MM-in 18-ci fəsli) daxil edilmişdir. İddia müddəti institutu şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə araşdırması zamanı iddia müddətinin tətbiqi barədə yazılı ərizələr təqdim edərək, iddia müddətini tətbiq etməklə iddiaçının tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. -375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Qanunvericiliyinin sadalanan normaları və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi baxımından qeyd olunmalıdır ki, məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd edərkən yalnız iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmaqla kifayətlənməlidir. Çünki, iddia müddəti institunun məqsədi məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaq zərurətindən azad etməkdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarı). Bu konteksdə tələbin əsaslı olub-olmaması məsələsini isə yalnız işdəki sübutların məcmusu ilə mahiyyəti üzrə baxılan zaman qiymətləndirilmək mümkündür. Hazırki iş üzrə iddiaçının iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olması müəyyən olunur. Belə ki, müəyyən olunmuş hallara görə, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus tikilməkdə olan yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı 42 saylı (əlavə 1 nəzərə alınmaqla) mənzilə dair 02 mart 2018-ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə həmin mənzilin ümumi sahəsi 137 kv.metr təşkil etsə də, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş mənzilin ümumi sahəsi 115,6 kv.metr qeyd olunmuşdur. Göstərilən xüsusatlarla təsdiq olunur ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İddia müddətinin tətbiqinə dair gəlinən hansı müddətin tətbiq edilməli olmasına dair isə qeyd edilməlidir ki, hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Bu baxımdan mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir. İddiaçının dəlili - iddia müddətinin onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun verildiyi tarixindən hesablanmalı olmasıdır ki, bu, yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 776.1-ci maddəsinin tələblərinə ziddir. Mübahisə predmeti olan mənzil çoxmənzilli binada yerləşən yaşayış sahəsidir. Bu baxımdan bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir. Hazırki iddia Cavabdeh MMC tərəfindən mənzilin təhvil verilməsindən 6 ilə yaxın müddət keçdikdən sonra 14 oktyabr 2024-cü il tarixdə qaldırmışdır. İddiaçı 2018-ci ilin mart ayında müqavilə bağlanan kimi evə daxil olmuş, 2018-2019-cu illərdə təmirə başlamış, 2019-cu ilin dekabr ayında ailə həyatı qurmuşdur. Artıq bu vaxt mənzil təmir olunmuşdu. (iddiaçının izahatı). Bununla belə iddiaçı 6 ilə yaxın müddət ərzində cavabdehə heç bir irad və ya tələb bildirmədiyi halda göstərilən uzun müddət sonra cavabdehin ona zərər vurduğuna istinad etmişdir. Göründüyü kimi iş materialları və iddiaçının izahatı iddiaçının həmin mənzili 2018-ci il tarixdə təhvil aldığını, 2018-2019-cu il tarixlərdə mənzili təmir etməyə başladığını sübut edir. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən, bu tələb mənzil təhvil alındıqdan sonra 5 il ərzində irəli sürülməli idi. Həmin müddətin keçməsi isə cavabdeh yazılı ərizə təqdim etdiyi halda iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür və bu isə iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Məhkəmə iddiaçının xüsusi qərardadın çıxarılması barədə vəsatəti ilə əlaqədar qeyd edir ki, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Hazırki iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə onlar arasında bağlanmış müqavilədən irəli gəlir. Məhkəmə iddiaçının tələbi üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayət əlamətləri (dələduzluq və s.) aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119-cu və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçının iddia tələbinin rədd edildiyi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh MTK-dan ünvan 2 ünvanında yerləşən mənzilin əldə edilməsi zamanı 21.4 kv.m. sahə üçün artıq ödənilmiş 24 993 AZN (iyirmi dörd min doqquz yüz doxsan üç manat) və inflyasiya nəticəsində zərərə məruz qaldığı 13 121 AZN (on üç min bir yüz iyirmi bir manat), olmaqla cəmi 38 114 AZN (otuz səkkiz min bir yüz on dörd) məbləğində pulun və ödənilmiş 205 AZN (iki yüz beş) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi” barədə tələbi təmin edilməməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh MTK-dan ünvan 2 ünvanında yerləşən mənzilin əldə edilməsi zamanı 21.4 kv.m. sahə üçün artıq ödənilmiş 24 993 AZN (iyirmi dörd min doqquz yüz doxsan üç manat) və inflyasiya nəticəsində zərərə məruz qaldığı 13 121 AZN (on üç min bir yüz iyirmi bir manat), olmaqla cəmi 38 114 AZN (otuz səkkiz min bir yüz on dörd) məbləğində pulun və ödənilmiş 205 AZN (iki yüz beş) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi” barədə tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar