Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-633/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Akademik C.M.Abdullayev adına X1” X17ə qarşı (açar sözlər: əmrin ləğvi, işə bərpa, iş vaxtı ərzində törədilən inzibati xəta və ya cinayət tərkibli əməl, məcburi işburaxmaya görə əmək haqqı tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh “Akademik C.M.Abdullayev adına X1” X17ə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh “Akademik C.M.Abdullayev adına X1” X17ə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X1” PHŞ-nın xx.xx.2024-cü il tarixli 519-k nömrəli Əmrinin ləğv edilməsi, işə bərpa olunmağı, işə bərpa olunduğu günədək məcburi şəkildə buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 60 (altmış) manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Nurəddin qızı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev adına X1” PHŞ-nın 19 yanvar 2009-cu il tarixli 4 №-li əmri ilə X4 Şöbəsinin həkim-kardioloqu vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi uzun müddət ərzində əmək intizamına riayət etmiş, barəsində heç bir intizam tənbehi tətbiq olunmamışdır. İşlədiyi müddət ərzində işinə məsuliyyətli yanaşmağı ilə seçilmişdir. İnstitutda işlədiyi müddət ərzində onu hər daim işdən çıxarmağa cəhd etmişlər. Təsadüfi deyil ki, daha əvvəl də İnstitutun 17 aprel 2019-cu il tarixli 114K №-li əmri ilə işdən çıxarılmışdir. Lakin əmr əsassız olduğundan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə işə bərpa olunmuş və məcburi şəkildə buraxdığı iş dövrünə görə ona əmək haqqı ödənilmişdir. Oxşar hadisə bu yaxınlarda da baş vermişdir. Belə ki, X5 Komitəsinin sədri X10 tərəfindən ona “Bildiriş” göndərilmişdir. Həmin bildirişdə İnstitutun direktoru vəzifəsini icra edən R.L.Daşdəmirov tərəfindən Komitəyə təqdimat ünvanlandığı qeyd olunmuşdur. Bildirişə əsasən, təqdimatda müdriyyət tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Komitə tərəfindən rəy verilməsi qeyd olunmuşdur. Məsələnin müzakirəsi və müvafiq rəyin verilməsi üçün iclas xx.xx.2024-cü il tarixinə təyin olunmuş və iştirak üçün dəvət olunmuşdur. Qeyd olunan tarixdə iclasda iştirak etmişdir. Direktorun inzibati məsələlər üzrə müavini bildirdi ki, “öz xahişinlə işdən çıxma barədə ərizə yaz, könüllü şəkildə işdən çıx, əks halda səni AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracağıq”. Buna qəti şəkildə etiraz etmişdir. İclasda Komitənin üzvlərinin hər biri barəsində müsbət fikir səsləndirmişlər. Sonra bildirdilər ki, “İnstitutun direktoru xaricdədir, gözləyək gəlib qərar versin”. Direktorun xaricdə olmasını əsas gətirərək iclasda heç bir qərar qəbul edilmədi. Bu hal Komitə üzvlərinin qeyri-obyektiv olmasını, direktordan asılı olmasını göstərir. Əslində Komitə müstəqil şəkildə işçilərin hüquqlarının müdafiəsinə çalışmalı, məsələni araşdıraraq müvafiq qərar qəbul etməlidir. Daha sonra direktorun köməkçisi ona zəng edərək barəsində əmrin hazırlandığını bildirdi. Bir neçə gün sonra Komitənin yazılı qərarı olmadan AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 519-k №-li əmr çıxarılmışdır. Əmr AR Əmək Məcəlləsinin tələblərini pozmaqla tərtib olunmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilərkən Komitəyə təqdimat təqdim olunsa belə, Komitənin üzvlərinin razılığı əldə olunmayıb. İclas zamanı müqavilənin ləğvi və ya ləğv edilməməsi barədə Komitə üzvləri arasında səsvermə keçirilməmiş, yazılı qərar qəbul etməmişlər. Əksinə Komitənin üzvləri haqqında müsbət fikirlərini bildirmişlər. Məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Belə razılıq olmadan əmək müqaviləsinə xitam verilməsi AR Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmasıdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 519-K nömrəli əmrdə iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsası kimi iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan əməllərə yol verməsi və bununla da əmək vəzifələrini kobud şəkildə pozması qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddədə işəgötürən tərəfindən tətbiq edilə bilən intizam tənbehinin növləri sadalanmışdır. İşəgötürən tərəfindən işçiyə münasibətdə töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilədə nəzərdə tutulduğu halda aylıq əmək haqqı məbləğinin ¼ hissəsi həcmində cərimə etmək, əmək müqaviləsini Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək növündə intizam tənbehi tətbiq oluna bilər. Hazırkı iş üzrə cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə məhz əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi növündə intizam tənbehi tətbiq olunmuşdur. Lakin intizam tənbehi tətbiq olunarkən qanunvericiliyin tələbləri işəgötürən tərəfindən pozulmuşdur. Belə ki, Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İddiaçının əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən onun yazılı izahatı alınmalı idi. Lakin cavabdeh tərəfindən iddiaçıya izahat verməsi bildirilməmişdir. İddiaçıdan yazılı izahat verməsi tələb olunmadığından nə izahatı alınmış, nə də izahat verməkdən imtinaya dair münasibətini bildirmişdir. Qeyd olunan normalara əsasən işçi barəsində intizam tənbehi intizam xətasının törədilmə faktının aşkar edildiyi vaxtdan 1 ay müddətində verilə bilər, lakin belə xətanın törədildiyi vaxtdan 6 ay keçməməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə nəzərdə tutulmuş iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan əməllərə yol verməsi 2017-ci ilə təsadüf etmişdir. Qanunvericiliyin tələbinə əsasən intizam xətasının törədildiyi vaxtdan 6 ay ərzində işçi barəsində intizam tənbehi tədbiq oluna bilər. Göründüyü kimi İnstitut intizam xətasının törədildiyi vaxtdan 7 ildən çox müddət keçəndən sonra şəxsə cinayət əməlinə görə intizam tənbehi tətbiq edərək qanunsuz olaraq onu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarmışdır. Cavabdehin nümayəndəsi iş üzrə keçirilmiş hazırlıq iclasında iş üzrə məhkəməyə sənədlər təqdim etmişdir. Təqdim olunmuş sənədlərin içərisində Həmkarlar İttifaqı Komitəsinin İnstitutun direktorunun təqdimatı əsasında iddiaçının əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi məsələsinə dair qəbul etdikləri qərarı da yer almışdır. Həmin qərarda Komitənin müsbət rəy verməsi qeyd olunmuşdur. Nəzərə alınsa ki, Komitə müəssisə daxilində işçilərin hüquqlarını müdafiə edən bir qurumdu, burdakı “müsbət rəy” ifadəsi işçinin hüquqlarının müdafiəsinə dair müsbət rəyin verildiyi anlamına gəlir və iddiaçının hüquqlarının pozulmasının qarşısının alınmasına yönəlmişdir. Bu işdə də olduğu kimi, ümumən hazırda bir çox işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinə xitam verilərkən Məcəllənin tələbləri ya nəzər alınmır, ya da normalar natamam tətbiq olunur. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəmə təcrübəsi əsasında təhlillər aparılmış və Azərbaycan Respublikası Prezident Administrasiyasına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1-8-16-1/2-1248/2024 nömrəli məktubda qeyd edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulan mümkün intizam tənbehi tədbirinin seçilməsi törədilmiş pozuntunun xarakteri, nəticəsi və digər xüsusatlar məcmusunda qiymətləndirmə aparılmaqla adekvat qaydada həyata keçirilmir. Belə ki, əmək münasibətlərinə xitam verilməsi barədə aktlarda əsasən mülki mübahisələr zamanı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, inzibati mübahisələr zamanı isə “Dövlət qulluğu haqqında” Qanunun 18 və 20-ci maddələri formal olaraq qeyd edilməklə, pozuntu hesab edilən faktiki halların əvəzinə sadəcə inzibati orqanın mülahizələri öz əksini tapır. Bəzi hallarda intizam tənbehi tədbiri qaydasında əmək münasibətlərinə xitam verilməsi (dövlət qulluğundan azad edilmə) Əmək Məcəlləsinin 187ci maddəsinin 3-cü hissəsində və “Dövlət qulluğu haqqında" Qanunun 25.5-ci maddəsində nəzərdə tutulan müddətlər keçdikdən sonra tətbiq edilir. Aparılmış təhlillərin nəticələrinə dair arayış təqdim etməklə sözügedən pozuntuları aidiyyəti orqanların diqqətinə çatdırmaqla onlardan işçinin əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etmələri xahiş olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yaranan mülki məhkəmə mübahisələrinə baxılması zamanı inzibati orqanların fəaliyyətində aşkar edilmiş qanunvericiliyin tələblərinin pozulması hallarına dair arayışda qeyd olunur ki, Əmək Məcəlləsinin tələblərinə əsasən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi tədbirinin tətbiqi əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə müstəvisinə gətirilən mübahisələrin əksəriyyəti məhz bu bəndin dövlət orqanları, müəssisə və təşkilatlar, publik hüquqi şəxslər tərəfindən düzgün tətbiq edilməməsindən yaranmaqdadır. Dövlət orqanlarının, müəssisə və təşkilatlarının, publik hüquqi şəxslərin əmək müqaviləsinə xitam verilməsi barədə qəbul etdiyi əmrlər əksər hallarda faktiki hallara və buna müvafiq olaraq maddi hüquqi əsaslara söykənmir. Əmrlərdə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə formal olaraq istinad edilməklə konkret olaraq hansı əsasa istinad edildiyi göstərilmədən pozuntu hesab edilən faktiki halların əvəzinə sadəcə işəgötürənin mülahizələri öz əksini tapır. Həmçinin baş vermiş pozuntu ilə bağlı araşdırma aparılmadan və ya işçidən yazılı izahat alınmadan, formal tərtib edilmiş aktlara istinad edilməklə, habelə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verilməsi zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan, başqa sözlə lazımi qaydada icraat aparmadan işdən azad edilmə barədə qərar qəbul edirlər. Dövlət orqanlarının, müəssisə və təşkilatlarının, publik hüquqi şəxslərin əmək müqaviləsinə xitam verilməsi zamanı yol verdiyi digər xarakterik pozuntu da müddətlərlə əlaqədardır. Belə ki, bəzi hallarda intizam tənbehi onun tətbiq edilməsinə əsas hesab edilən pozuntunun aşkar edildiyi gündən qanunla müəyyən edilmiş müddətlər keçdikdən sonra tətbiq edilir. Bu zaman pozuntunun mövcud olması sübuta yetirilsə belə, müddətin ötürülməsi qəbul edilmiş əmrin məhkəmə qaydasında ləğv edilməsinə səbəb olur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən aparılmış təhlillər də göstərir ki, işəgötürənlər tərəfindən Məcəllənin tələblərinə riayət edilməmə halları kifayət qədər çoxdur. Bunun qarşının alınması məqsədilə həmin məktub aidiyyəti orqanlara göndərilmişdir. Sözügedən işdə də işəgötürən, yəni İnstitut qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla iddiaçının əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. II. Tərəflərin mövqeləri: Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. İlkin olaraq İnstitutun direktoru 15 avqust 2023-cü il tarixli 359 nömrəli əmr ilə İddiaçı iş vaxtı ərzində, bilavasitə iş yerində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələrində nəzərdə tutulmuş əməllərinin törədilməsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi işdən kənar edilmişdir. İddiaçı 09 avqust 2024-cü il tarixində İnstituta ərizə ilə müraciət etmiş və onun təqsirləndirilən şəxs kimi açılmış cinayət işi üzrə məhkəmə proseslərinin başa çatmasını bildirmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2024-cü il tarixli 1(102)-1628/2024 nömrəli qərarı surətini ərizəsinə əlavə etmişdir. Belə ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 noyabr 2023-cü tarixli 1(005)-328/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətə səhiyyə-tibb sahəsində rəhbər vəzifə, o cümlədən tibb-ekspert komissiyasının rəhbər və ya üzvü olmaqla rəy vermək hüquqlarından məhrum edilməklə 4.000 manat cərimə cəzası təyin edilmiş, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın tam təmin edilməsi, mülki cavabdeh İddiaçı 58.748,6 manat məbləğində maddi ziyan tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsə ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli 1(103)-242/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, İddiaçı Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təyin edilmiş 4.000 (dörd min) manat cərimə cəzası yüngülləşdirilərək 3.000 (üç min) manat cərimə cəzasına endirilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2024-cü il tarixli 1(102)-1628/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının 72-ci maddəsinin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi İddiaçı iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan əməllərə yol vermiş və bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Cavabdeh Həmkarlar İttifaqi Komitəsi X13 xx.xx.2024-cü il tarixli 8 №-li Protokolundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 X17 Direktor vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən 28.08.24-cü il tarixdə həmin X11 X7 Komitəsinə ünvanlanmış təqdimatının müzakirəsi nəticəsində HİK üzvləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 X14 Direktor vəzifəsini müvəqqəti icra edən R.L.Daşdəmirov tərəfindən verilən təqdimata müsbət rəy bildirmişdirlər. - xx.xx.2024-cü il tarixli 519-k saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə müəyyən olunur ki, idarəetmə aparatı/Xroniki ürək çatışmazlığı şöbəsi" bölməsində həkim kardioloq vəzifəsində işləyən İddiaçı Nuraddin qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi uzrə Öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən yuxanda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2020 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 80 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. - xxxxxxx0002X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 519-k saylı əmr ilə 70.ç işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı “Akademik C.M.Abdullayev adına X1” X17ə idarəetmə aparatı/xroniki ürək çatışmazlığı şöbəsi bölməsində həkim-kardioloq vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra “Akademik C.M.Abdullayev adına X1” X14 xx.xx.2024-cü il tarixli 519-k saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını və məcburi şəkildə buraxdığı iş dövrünə görə əmək haqqının ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -11-ci maddəsinin b bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. - 62-ci maddəsinə əsasən, işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: ...c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə. -70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. -83-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. -186-cı maddəsinin 2-ci bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: Hazırki iş üzrə İddiaçı iddia tələbi 3 hissədən ibarətdir: 1) işəgötürənin əmrinin ləğv edilməsi; 2) iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması; 3) məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı tələbi. Məhkəmə, iddia tələbinin birinci hissəsinin hüquqi əsaslandırılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunan əmək qanunvericiliyi maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi, qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzərində qurulmasını müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdehin mübahisələndirilən xx.xx.2024-cü il tarixli 519-k saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Qeyd olunan Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ...f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu, iş üzrə müəyyən edilən hallar, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1628/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli 1(103)-242/2024 nömrəli qərarı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli 1(005)-328/2023 nömrəli hökmü ilə təsdiq edilir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli 1(005)-328/2023 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (vəzifə səlahiyyətlərindən suiistifadə) törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətə səhiyyə-tibb sahəsində rəhbər vəzifə, o cümlədən tibb-ekspert komissiyasının rəhbər və ya üzvü olmaqla rəy vermək hüquqlarından məhrum edilməklə 4.000 manat cərimə cəzası təyin edilmiş, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın tam təmin edilməsi, mülki cavabdeh İddiaçı 58.748,6 manat məbləğində maddi ziyan tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsə ödənilməsi hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli 1(103)-242/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, İddiaçı Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təyin edilmiş 4.000 manat cərimə cəzası yüngülləşdirilərək 3.000 manat cərimə cəzasına endirilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1628/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçının “işdən azad olunması üçün həmkarlar ittifaqı komitəsinin razılığının alınmaması, Komitənin müsbət rəy verməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Cavabdeh Həmkarlar İttifaqi Komitəsi X13 xx.xx.2024-cü il tarixli 8 №-li Protokolu ilə təkzib edilir. Belə ki, həmin protokoldan görünür ki, cavabdehin direktor vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən xx.xx.2024-cü il tarixdə həmin X11 X7 Komitəsinə ünvanlanmış yazılı təqdimatına əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada (10 gün müddəti ərzində) xx.xx.2024-cü il tarixdə Həmkarlar İttifaqi Komitəsi İdarə Heyətinin iclası keçirilmişdir. İclas zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 Publik Hüquqi X7 Komitəsi tərəfindən müsbət və ya mənfi rəy verilməsi xahiş edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsi HİK üzvləri tərəfindən müzakirə olunmuş, həmçinin işçi İddiaçı iclasa dəvət edilmiş və dinlənilmişdir. Təqdimatın müzakirəsi nəticəsində HİK üzvləri verilən təqdimata müsbət rəy (hamı – lehinə) bildirmişdirlər. Həmçinin məhkəmə qeyd edir ki, Komitə tərəfindən müsbət rəy verilməsi iddiaçının iddia etdiyi kimi “İddiaçı - işçinin hüquqlarının müdafiəsinə dair müsbət rəyin verildiyi” kimi şərh oluna bilməz. Belə ki, protokoldan görünür ki iclasın nəticəsi olaraq, işçiyə deyil, onun işdən çıxarılmasına dair verilmiş təqdimata müsbət rəy bildirilmişdir. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi zamanı qabaqcadan Həmkarlar İttifaqi Komitəsinin razılığı alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu barədə dəlilləri məhkəmə tərəfindən nəzərə alına bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericilik intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilməsini qadağan etməklə yanaşı, cinayət işi üzrə icraatı bu müddətə daxil etməmişdir. İşəgötürən tərəfindən işçinin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə mübahisələri yekunlaşdıqdan, işçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (vəzifə səlahiyyətlərindən sui-istifadə) törətməkdə təqsirli olması birinci, apellyasiya və kassasiya instansiya məhkəməsi tərəfindən təsdiq olunduqdan sonra (Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1628/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə işçi tərəfindən işəgötürənə təqdim edilmişdir) xx.xx.2024-cü il tarixdə işçi İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, intizam tənbehinin verilməsi müddəti pozulmamışdır. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilməmişdir. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X1” PHŞ-nın xx.xx.2024-cü il tarixli 519-k nömrəli Əmrinin ləğv edilməsi“ barədə tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin ikinci (işə bərpa) və üçüncü (məcburi işburaxmaya görə əmək haqqı) hissələri ilə bağlı hesab edir ki, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə iddia ərizəsində göstərilən halların əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı hazırki tələb üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, onun tələbi isə təmin edilmədiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Məhkəmə, mediasiya xərcinə görə ödənilmiş 60 (altmış) manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə hesab edir ki, iddiaçının hazırki tələbi təmin edilmədiyindən, onun tərəfindən ödənilmiş mediasiya xərclərinin də cavabdehdən onun xeyrinə tutulması əsaslı deyildir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh ““Akademik C.M.Abdullayev adına X1” X17ə qarşı “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X1” PHŞ-nın xx.xx.2024-cü il tarixli 519-k nömrəli Əmrinin ləğv edilməsi, işə bərpa olunmağı, işə bərpa olunduğu günədək məcburi şəkildə buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 60 (altmış) manatın ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci, 358-360-cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh ““Akademik C.M.Abdullayev adına X1” X17ə qarşı “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X1” PHŞ-nın xx.xx.2024-cü il tarixli 519-k nömrəli Əmrinin ləğv edilməsi, işə bərpa olunmağı, işə bərpa olunduğu günədək məcburi şəkildə buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 60 (altmış) manatın ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-633/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-633/2025
15.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver