Məhkəmə qərarları › İş №e-2(005)-703/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-703/2025

08.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-703/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Qüdrət oğlunun Cavabdeh MMC-yə qarşı (X11, "xxxx" ASC və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) sökülmüş mənzilin əvəzinə yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Cavabdeh MMC-yə qarşı sökülmüş mənzilin əvəzinə yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi tələblərinə dair mülki iş (açar sözlər: qanuni gözlənti, xidməti yaşayış sahəsi, order, əmək müqaviləsinə xitam verilmiş şəxslərin yataqxanaya hüquqları) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X12, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" ASC və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) sökülmüş mənzilin əvəzinə yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi tələbi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Cavabdeh MMC-yə qarşı sökülmüş mənzilin əvəzinə yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi tələbləri barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qanuni istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən 105 saylı mənzilin əvəzinə həmin binanın yerində tikiləcək yüksəkmərtəbəli təmirli binadan 35 kv/m olan təmirli mənzilin iddiaçıya verilməsi öhdəliyinin və mənzilin tikiləcəyi müddətdə kirayə pulu olaraq hər ay üçün (ümumi 24 ay) 500 manat pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsasladırılmışdır ki, 20 yanvar 1990-cı ildə şəhid olmuş Zahid Abdullayev iddiaçının bacısının həyat yoldaşı olmuşdur. Zahid Abdullayev şəhid olduğu vaxta qədər "Azərelektromaş"da işləmişdir. “Azərelektromaş” EİB-nin rəhbərliyinin qərarı ilə onun X1 həmin müəssisəyə işə götürülmüşdür. "Azərelektromaş" EİB-nin müdiriyyətinin təqdimatı əsasında Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 3125 saylı 13 noyabr 1992-ci il tarixli sərəncamı ilə onun X1 ünvan 2 ünvanda yerləşən yataqxanasının 5-ci mərtəbəsində yaşayış sahəsi 19,5 kv.m olan 105 saylı otağa qeydiyyata götürülmüş və orada yaşamışdır. X1 17 iyun 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Qardaşı Təvəkkül şəhid olduqdan sonra “Azərelektromaş” EİB-nin rəhbərliyinin qərarı ilə onlar, atası, anası və iddiaçı şəhid ailəsi kimi ünvan 2 ünvanda yerləşən yataqxananın 5-ci mərtəbəsində yaşayış sahəsi 19,5 kv.m olan, 105 saylı otağa köçürülmüşdürlər. İddiaçı atası və anası vəfat edənə qədər onlarla birlikdə həmin ünvanda yaşamışdır. Daha sonra isə o, həyat yoldaşı və övladları ilə birlikdə həmin ünvanda yaşamışdır. İddiaçının bir övladı 1-ci qrup əlildir. Cavabdeh "xxxx" MMC Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 yanvar 2024-cü il tarixli sərəncamına əsasən F.X.Xoyski küçəsi 130 ünvanda yerləşən, iddiaçının da yaşadığı yataqxanada söküntü işlərinə başladıqda, müraciət edərək yeni tikiləcək binada ona da yaşadığı sahəyə uyğun mənzil verilməsi və bu əsasla onunla müqavilə bağlanmasını təklif etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı və onun ailə üzvləri həmin binadan heç bir müqavilə bağlamadan və əvəz ödənilmədən qanunsuz olaraq çıxarılmışdır. Cavabdeh MMC onun və ailə üzvlərinin mənzildən istifadə hüquqları pozulmuşdur. İddiaçının heç bir mənzili yoxdur. Qanunun tələbinə əsasən şəhid ailəsi üzvü kimi ona ilk növbədə mənzil verilməli olduğu halda Cavabdeh MMC “Azərelektromaş” EİB-nin rəhbərliyinin qərarı ilə onlara şəhid ailəsi kimi verilmiş mənzili qanunsuz olaraq əvəzsiz mənimsəmişdir. 9 saylı Notariat ofisinin 17 yanvar 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Qarabağ uğrunda gedən döyüşlərdə 17 iyun 1993-cü ildə şəhid olmuş X1nun yeganə vərəsəsi odur. Qardaşı Təvəkkülün qeydiyyatda olaraq yaşadığı, o, şəhid olduqdan sonra isə şəhid ailəsi kimi iddiaçı və ailəsinə verilmiş, sökülənədək şəhid qardaşının varisi kimi onun ailəsi ilə birgə yaşadığı mənzilin əvəzinə ona cavabdeh tərəfindən mənzil sahəsi verilməlidir. İddiaçı və ailə üzvləri hazırki halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuşdurlar və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaq dövlət daxili konkret qanunvericilik aktından, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanundan irəli gəlir. Həmin qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl edəcəyi təqdirdə, o və ailə üzvləri F.X.Xoyski küçəsi, bina 130, 150 saylı mənzilə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün Cavabdeh MMC tərəfindən həmin mənzilin onun əlindən alınması nəticəsində mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 mülkiyyətində olmuş ünvan 1, 105 saylı mənzilin əvəzinə həmin binanın yerində tikiləcək yüksəkmərtəbəli binadan 35 kv.m olan təmirli mənzilin X8 verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə və iddianın məhkəməyə verildiyi tarixdən həmin mənzilin təhvil verilməsinədək kirayə pulu olaraq hər ay üçün 500 manat pulun X8 ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ki, X11 1990-1995-ci illərdə "Azərelektromaş" X17 fəhlə kimi işləmişdir. xx.xx.1993-cü il, 76 № li order əsasında, "Azərelektromaş" X26 tərəfindən Bakı şəhəri, X35 130 ünvanında yerləşən 105 saylı mənzil onun mülkiyyətinə verilmişdir. Onun həyat yoldaşının iş yeri Xəzər rayonunda (əvvəlki Əzizbəyov rayonunda) yerləşdiyi üçün uzaq məsafə səbəbindən, Şüvəlan qəsəbəsində kirayə qalmışdırlar. Həmin dövrdə, müharibə şəraiti ilə əlaqədar olaraq, 1990-cı illərin əvvəllərində məcburi köçkün statusu almış şəxslərin müxtəlif yerlərdə müvəqqəti olaraq yaşamasına müvafiq dövlət orqanları tərəfindən icazə verilmişdir. Buna görə də, Gülnarə Əzizova tərəfindən İddiaçı Qüdrət oğlunun və onun ailəsinin məcburi köçkün kimi həmin ünvanda yaşamalarına etiraz edilməmişdir. AR DİN-in “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* № li arayışından məlum olur ki, X11 xx.xx.2022-ci il tarixdən həmin mənzildə qeydiyyatdadır. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departmanentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 114 saylı MKİS-in 177 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X4 mənzil haqqı və digər borcları yoxdur. Cavabdeh "xxxx" MMC Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 yanvar 2024-cü il tarixli 11 saylı sərəncamına əsasən, F.X.Xoyski küçəsi 130 ünvanda yerləşən binada söküntü işlərinə başlayanda ona müraciət edərək yeni tikiləcək binada X8 həmin sahəyə uyğun mənzil verilməsi və bu əsasla onunla müqavilə bağlanılması şifahi şəkildə təklif edilsə də, cavabdeh bundan imtina etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxsə məxsus əmlak onun razılığı olmadan sökülmüş, həmçinin bunun əvəzində heç bir kompensasiya verilməmişdir. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, onlar həmin mənzildə 30 il yaşamışlar. Əvvəllər valideynləri də həmin mənzildə yaşayıblar. Onlar dünyasını dəyişdikdən sonra isə o, öz ailəsi ilə yaşamışdır. 20 kv metr sahəsi var idi və cəmi 1 otaqdan ibarət mənzil idi. Əzizova Gülnarə adlı şəxs sonradan çıxmışdır. Hazırki vaxta kimi heç kim onu mənzillə bağlı narahat etməmişdir. Yaşadığı mənzil MMC tərəfindən sökülərkən onun yaşamağa yeri olmadığı, himayəsində əlil uşağı olduğu, kirayə haqqı ödəməyə əlavə vəsaiti olmadığı üçün, Komitənin təklif etdiyi evə uzaq da olsa getmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçı şəhid ailəsi olaraq mənzil veriləcəyi gözləntisində olub. Onlar MTK ilə danışıqlar aparmağa çalışmış, lakin müsbət nəticə əldə edə bilməmişlər. MTK mənzilin əvəzində yeni tikiləcək binadan heç kimə mənzil vermək istəmir. İddiaçı öz haqqını tələb edir, çünki o hazırda vərəsədir. İddiaçının övladı 1-ci qrup əlildir, hazırki vəziyyət onun üçün çətinlik yaradır. İddiaçı və onun ailəsi həmin mənzildə yaşadığı halda Gülnarə xanımın necə qeydiyyata düşməsi müəmmalıdır. Gülnarə xanım 2022-ci ildə qeydiyyata düşüb. Əgər həqiqətən ona order verilmiş olsa idi, daha əvvəl qeydiyyata düşə bilərdi. Gülnarə xanıma verilmiş order saxtadır. “Azərelektromaş” X18 yerində "xxxx" şirkəti yaradılmışdır. "xxxx" ASC tərəfindən sorğuya cavab məktubundan aydın olur ki, sözügedən otaq şəhid ailəsinə verilib. Sadəcə sənədləşdirmə edilməmişdir. Mənzil iddiaçının haqqıdır. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 bildirmişdir ki, mübahisələndirilən otağın sahəsi 16 kv. metr olub. Məcburi köçkün olduqları üçün onlar Qaçqınların və X19 Üzrə Dövlət Komitəsinə məlumat vermişlər. 2024-cü ilin oktyabr ayında iddiaçı Komitə tərəfindən mənzildən çıxarılmışdır. Bu barədə akt da tərtib edilmişdir. İddiaçı sadəcə məcburi köçkün kimi həmin mənzilə köçərək yaşayıb. Mənzil onun mülkiyyətində olmamışdır. Onlarla müqavilə bağlanılmamışdır. "xxxx" ASC tərəfindən verilmiş sənəd də əsassızdır. Binanın özü qəzalı vəziyyətdə olub. Binada bir mənzilə dair bir neçə şəxsə order verilib. 2020-2022-ci illər arası qeydiyyata düşənlər şübhə doğurur. Əgər mənzilin mülkiyyətinin kimə məxsus olması müəyyən edilərsə, onlar kompensasiya ödəyə bilər. Çünki binada mənzil yoxdur. Binada olan mənzillər 35 kv.m-dən başlayır. Yəni 16 kv.m sahəli mənzil yoxdur. X11 tərəfindən təqdim olunmuş order saxtadır. Belə ki, orderin surətindən də açıq şəkildə görünür ki, həmin orderdə əl ilə qeyd olunan yazılar sonradan daxil edilmişdir. Həmçinin orderin tərtib olunma tarixi ilə orada istifadə olunan imzanın və möhürün də eyni vaxtda olmamasına dair əsaslı şübhələr yaranmışdır. Digər tərəfdən orderdə istifadə olunan imzanın kimə məxsus olduğu göstərilməmiş, ümumiyyətlə imzalamağa hüququ olan şəxs tərəfindən imzalanıb-imzalanmadığı da şübhə altındadır. Buradan da görünür ki, həmin sənədə sonradan müdaxilə edilərək, məzmunu dəyişdirilmiş və nəticədə, saxta sənəd məhkəməyə sübut qismində təqdim olunmuşdur. İlkin iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X24 izahat verərək bildirmişdir ki, bina 2003-cü ildə Departamentə təhvil verilmişdir. Bina Bakı Şəhər Mənzil Fonduna aid olmaqla Departamentin 2 saylı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır. Sərəncamverici orqan “Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti”dir. Bakı Şəhər İcra Hakimiyyətinin 2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən onun səlahiyyətləri Departament tərəfindən icra edilir. Ləğv olunmuş idarə, təşkilata məxsus binalar, dövlət şirkəti olaraq onların müraciəti əsasında Departamentin balansına verilir. Binanı balansa götürən zaman 105 saylı mənzildə X20 və Həsənquliyeva Zöhrə yaşamışdırlar. Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən boş Mənzil Fonduna order verilə bilər, 49-cu maddəyə əsasən isə orderin ləğvi üçün 3 il müddət vardır. Departament 2003-cü ildə komendantları ləğv etmişdir, çünki yazılmamış order vermişdirlər. Qanunun tələblərinə əsasən Cavabdeh o binanı müvəqqəti olaraq məcburi köçkünə verməlidir, məcburi köçkün köçdükdən sonra mənzil Dövlət Mənzil Fonduna verilməlidir, mənzil dövlətin əmlakıdır. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən işçiyə yataqxanada yaşayış sahəsinin verilməsi Həmkarlar Komitəsinin qərarı əsasında müəssisənin rəhbəri tərəfindən orderin verilməsi ilə həyata keçirilmişdir. Binanın pasport rejimini yoxlayan zaman orada sənəddə göstərilən şəxslər yaşamışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, Gülnarə xanım 2022-ci ildə qeydiyya düşüb. Orderin əsli də mövcuddur. Məhkəməyə təqdim edilən order notarial qaydada təsdiq edilmişdir. Gülnarə xanımın əvvəlcə iddia qaldırması barədə məlumatı yoxdur. Onun iddia verib sonra geri götürməsi mülkiyyətin hüququndan imtina etməsi anlamına gəlmir. Şəxsin istədiyi zaman qeydiyyata düşməsi onun hüququdur. “İnzibati İcraat haqqında” Qanuna əsasən etimad hüququ qanunla qorunur. Order dövlət orqanı tərəfindən verilmişdir, orderin olması da şəxsin orada işləməsini sübut etmişdir. İlkin iddianın rədd edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 43. Mənzil hüququ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 3.1. Mənzil hüquqlarının məhdudlaşdırılması Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan): Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə 46. İctimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 105. Digər mənzil sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmasına yol verilməyən vətəndaşlar Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Maddə 106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə 108. Yataqxanalardan çıxarma İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cəbrayılova Nonna Sergeyevnanın şikayəti üzrə 31 may 2020-ci il Qərarı: Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Poleks” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 23 iyun 2021-ci il tarixli Qərarı: Hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Maddə 9.1.20. Şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad olunurlar. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: - AA seriyalı 230983 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Abuşov X9 rayonundan məcburi köçkündür; - Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli “pasport qeydiyyatına götürülməsi haqqında” sərəncamından görünür ki, “Azərelektromaş” X18 müdiriyyəti müəssisənin işçisi X5 zavodun Sankt-Peterburq prospekti 130-da yerləşən yataqxanasına pasport qeydiyyatına alınması barədə Nərimanov Rayon İcra Hakimiyyətinə vəsatət verilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Abışov 1990cı ilin qara yanvar hadisələrində həlak olan zavodun işçisi Zahid Abdullayevin həyat yoldaşının qardaşıdır. Mərhumun ailəsinin maddi vəziyyətinin çətinliklərini nəzərə alaraq 1990-cı ilin sentyabr ayında Abışov həmin müəssisəyə işə qəbul edilmişdir. Abışovun daimi işlə təmin olunması üçün onun yataqxanaya pasport qeydiyyatına götürülməsi xahiş olunmuşdur. Rayonda pasport qeydiyyatı qaydalarına riayət komissiyasının 28 oktyabr 1992-ci il tarixli qərarının təsdiq edilməsi, vətəndaş X5 “Azərelektromaş” EİB-nin yataqxanasına (Bakı şəhəri, Sankt Peterburq pr.130) müstəsna hal kimi pasport qeydiyyatına alınması qərara alınmışdır; - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 17 iyun 1998-ci il tarixli arayışdan görünür ki, X13 xx.xx.1990-ci il tarixdən BEMZ-in 17 nömrəli sexində yardımçı fəhlə vəzifəsində işləmişdir və xx.xx.1993-cü il tarixdə Qarabağda həlak olduğu üçün işdən azad edilmişdir. Arayış VVAQ idarəsinə təqdim olunmaq üçün verilmişdir; - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Nərimanov Rayon İcra Hakimiyyəti başçısına və Nərimanov Rayon Hərbi Komissarlığına ünvanlanmış 17 iyun 1998-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu X2 rayonu uğrunda gedən döyüşlərdə aldığı ağır yaradan 17 iyun 1993cü ildə şəhid olmuşdur. Şəhid T.Q.Abışovun ailəsinə mövcud qanunlara əsasən nəzərdə tutulan bütün köməkliklərin edilməsi xahiş edilmişdir; - “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, xx.xx.1993-cü il tarixində ölmüş X6 vərəsəsi qardaşı İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır. Miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir; - “Azərelektromaş” EİB tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 76 saylı orderdən görünür ki, F.X.Xoyski küçəsi, ev 130 ünvanında yerləşən yataqxananın 18,6 kv.m. sahəyə malik 105 nömrəli mənzili müəssisədə işlədiyi dövrdə yaşamaq üçün 15-ci sahədə fəhlə kimi işləyən X8 verilmişdir; - Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli “özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi barədə” sərəncamından görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 06 saylı sərəncamı ilə “Azərelektromaş” EİB-nin Baş müəssisəsi- Bakı Elektrik Maşınqayırma Zavodunun bazasında "xxxx" ASC yaradıldığını nəzərə alaraq zavodun balansında olan sosial-mədəni təyinatlı obyektlərin müvafiq icra hakimiyyəti orqanlarının balansına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 113 saylı qərarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilmiş sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, habelə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 06 saylı sərəncamına 2 nömrəli əlavədə göstərilən F.Xoyski küçəsi, 130 saylı ünvanda yerləşən yataqxana və ona aid olan vəsaitlər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir; - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11 saylı sərəncamdan görünür ki, ünvan 6 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də dövlət mülkiyyətində olan tikililərlə əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həll edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısının “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür, ki, İddiaçı Qüdrət oğlunun şikayət ərizəsi əsasında toplanmış material aparılan təhqiqat araşıdırması zamanı hərhansı bir cinayət törədilməsi, ümumiyyətlə cinayət hadisəsi baş verməsi faktı müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı arayışdan görünür ki, X11 xx.xx.2022-ci il tarixdən ünvan 7 ünvanında qeydiyyatdadır, həmin ünvanın qeydiyyatında başqa şəxslər mövcud deyildir; - 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 114 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 177 saylı arayışdan görünür ki, X11 F.Xoyski küçəsi ev 130, mənzil 105 ünvanında yaşayır, qeydiyyatdadır və heç bir mənzil haqqı və tullantı pulu borcu yoxdur. Arayış Cavabdeh MMC-yə təqdim olunması üçün verilmişdir; - "Yeni BEMZ” ASC tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 125/22 saylı sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 10 iyul 2001-ci il tarixli, 06 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tabeliyində olmuş ünvan 9 ünvanında yerləşən "Azərelektromaş” X22 Baş müəssisəsi - Bakı Elektrik Maşınqayırma zavodunun bazasında "Yeni BEMZ” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır; mərhum xx.xx.1993-cü il 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş X14 “Azərelektromaş” X22 Baş müəssisəsi – Bakı Elektrik Maşınqayırma zavodunun 17 saylı sexində 1990-cı ildən fəhlə işləmişdir. O, “Azərelektromaş" EİB-nin balansında olan Leninqrad pr.130 ( indiki F.X.Xoyski kücəsi 130) saylı ünvanda yerləşən yataqxananın 5-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 19,5 kv.m olan bir otaqlı, otaq 105 də daim pasport qeydiyyatında olmuş və yaşamışdır; X14 şəhid olduqdan sonra zavod rəhbərliyinin göstərişiylə şəhidin ailə üzvləri, Şəhid ailəsi kimi X7 yaşadığı mənzilə köçürülmüşdür; Şəhidin ailəsi: atası X21, anası X3 və qardaşı İddiaçı Qüdrət oğlu həmin otağa köçürülmüşdür; qeyd olunan ünvanda, vəfat edənə qədər şəhidin ata, ana və qardaşı yaşamış, hal-hazırda qardaşı İddiaçı Qüdrət oğlu şəhid ailəsi kimi həyat yoldaşı və uşaqları ilə həmin ünvanda yaşayır; ünvan 110 (indiki F.X.Xoyski kücəsi 130) ünvanda yerləşən "xxxx" ASC-nin balansında olan yataqxana Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir; - 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, sorğuya cavab məktubundan görünür ki, ünvan 13 ünvanda yerləşən yataqxananın 105 saylı otağı “Azərelektromaş” EİB tərəfindən xx.xx.1993-cü il tarixli, 76 saylı order əsasında X8 verilmişdir və 2022-ci ildə G.M.Əzizova 105 saylı mənzilə pasport qeydiyyatına düşmüşdür. Sözügedən mənzildə Zəngilan rayonundan olan məcburi köçkün X15 4 nəfər ailə üzvü ilə birlikdə məskunlaşdıqlarına görə X11 ilə kirayə müqaviləsi bağlamaq mümkün olmamışdır; - "xxxx" ASC tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 125/10 saylı sorğuya cavab məktubundan görünür ki, "xxxx" ASC-nin arxiv sənədlərində (1990-1993-cü illərdə) sorğuda adı qeyd olunan X11 haqqında heç bir məlumata rast gəlinməmişdir. Həmin dövrdə (1993-cü ildə) Nərimanov rayonu, Leninqrad prospekti 130-da (indiki F.X.Xoyski 130-da) yerləşən zavodun subaylar üçün yataqxanasına zavadda işləyən, lakin şəhər qeydiyyatı olmayan bütün işçilər qeydiyyata salınmışdır. Yataqxananın bütün otaqlarının nömrələnməsi olub və hər otaqda 4 (dörd) nəfərin yaşamaq hüququ olmuşdur. Həmin şəxslər zavod müdiriyyətinin, həmkarlar təşkilatının və kadrlar şöbəsinin birgə imzası ilə təsdiq olunmuş göndəriş əsasında yataqxanada otaqla təmin olunmuşdurlar. Müəssisə rəhbərliyinin order vermə səlahiyyəti olmamışdır. Orderdə göstərilmiş imzanı isə o illərdə yataqxana işləri ilə məşğul olmuş və hal-hazırda həyatda yaşayan şəxslərdən heç kim tanımamışdır; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, sorğuya cavab məktubundan görünür ki, “Azərelektromaş” Elmi-İstehsalat Birliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Vətəndaşlara mənzillərə dair verilmiş orderler, o cümlədən vət.X8 verilmiş xx.xx.1993-cü il tarixli order fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmamışdır; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-57912/2025 saylı sorğuya cavab məktubundan görünür ki, G.Əzizovanın adına “Azərelektromaş” X26 tərəfindən “Əmək və məşğulluq” altsisteminə əmək müqavilələri daxil edilməmişdir. İşin hallarından göründüyü kimi, iddiaçının bacısının yoldaşı Zahid Abdullayev “Azərelektromaş” X17 işləmiş, onun 20 yanvar hadisələrində vəfatından sonra, iddiaçının qardaşı X14 mərhumun qohumu kimi xx.xx.1990-cı il tarixində həmin müssisədə fəhlə vəzifəsinə işə qəbul edilmiş və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ilə müstəsna hal kimi F.Xoyski küçəsi, 130 saylı ünvanda yerləşən yataqxanaya qeydiyyata alınmış və ata-anası, qardaşı ilə birlikdə yataqxananın mübahisələndirilən otağında yaşamağa başlamışdır. İddiaçının qardaşı X14 xx.xx.1993-cü il tarixdə şəhid olduqdan sonra iddiaçı və onun ailəsi mübahisələndirilən mənzildə yaşamağa davam etmişlər. Cavabdeh MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli aktdan da göründüyü kimi, bina sökülərkən yataqxananın 105 saylı mənzilində məskunlaşmış İddiaçı mənzildən çıxarılmışdır. Hazırki iş üzrə iddiaçının qardaşı mərhum Abuşov Təvəkkülə və onun ailəsinə yataqxana otağının verilməsi zamanı köhnə Mənzil Məcəlləsinin normaları qüvvədə olmuşdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən vətəndaşlar iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edə bilər. Eyni zamanda həmin Məcəllənin 107-ci maddəsinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Bu müddəa hazırda qüvvədə olan Mənzil Məcəllənin 93-cü maddəsində də öz əksini tapmışdır. Hazırki iş üzrə iddiaçının qardaşına order verilməsə də, işin hallarından göründüyü kimi, işlədiyi müəssisənin razılığı ilə həmin mənzilə köçürülmüş və qeydiyyata alınmışdır. İddiaçı mübahisələndirilən mənzilə 30 ildən çox müddət ərzində sahiblik etmiş, hər hansı bir etiraz olmadan ailəsi ilə birlikdə mənzildən istifadə etmiş və orada yaşamışdır. Köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsinin tələblərinə uyğun olaraq, müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Həmin maddəyə görə isə, SSRİ-ni müdafiə edərkən, yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri digər yaşayış sahəsi verilmədən yaşadıqları xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. İş materiallarından göründüyü kimi, iddiaçı müəssisənin işçisi olmuş və işlədiyi dövrdə Qarabağ döyüşlərində şəhid olmuş Abuşov Təvəkkülün ailə üzvü, qardaşıdır. Həmçinin qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən onun yeganə vərəsəsi kimi tanınmışdır. Nəzərə alınmalıdır ki, müəssisənin işçisi olmuş, yaşamaq üçün mənzil verilmiş və həmin mənzildə yaşamağa davam edən şəxs mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq evi özəlləşdirmək hüququna malik idi. Onların həmin mənzilə dair qanuni gözləntiləri olmuşdur. Bu hüquqdan onun ailə üzvləri kimi həmin mənzildə yaşamış və yaşamağa davam edən şəxslərin mərhum edilməsi sosial ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Xüsusilə qeyd olunmalıdır ki, hazırda cavabdeh qismində yataqxanın söküntüsünü və yerində yeni binanın tikintisini həyata keçirən kommersiya təşkilatı Cavabdeh MMC çıxış edir və onun iddiaçı və onun ailə üzvlərinə müvəqqəti məskunlaşmaq üçün Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən evin verilməsinə, yaxud orderinin olmamasına istinad etmək kimi hüquqları mövcud deyildir. Belə ki, qeyd edildiyi kimi, iddiaçı və onun ailəsi 30 ildən çoxdur ki mübahisələndirilən yaşayış sahəsindən mənzil kimi istifadə etmiş, onların qanuni sahibliyində olmuş və qanuni gözləntiləri olmuşdur. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddia sökülmüş mənzilin əvəzinə həmin binanın yerində tikiləcək binadan mənzilin verilməsi hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının yaşadığı mənzilin sahəsi təxminən 16-20 kv.metr arası olmuşdur. İddiaçı iddia tələbində 35 kv.m mənzil verilməsini tələb etsə də həmin hissədə iddia tələbini əsaslandıra bilməmişdir. Hər bir halda iddiaçıya veriləcək mənzilin sahəsi sökülmüş mənzilin sahəsindən az olmamalıdır. İddiaçının kirayə haqqı tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının özünün də məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, mənzil söküldüyü gün Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti yaşamaq üçün başqa qəsəbəyə köçürülmüşdür. İddiaçı yaşamaq üçün mənzillə təmin edildiyindən əlavə olaraq cavabdehdən kirayə haqqının tutulması qanunazidd olmaqla iddiaçının əsassız varlanmasına səbəb olardı. Müstəqil tələb irəli sürən üçün şəxsin iddiasına münasibətdə qeyd olunmalıdır ki, köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsinin tələblərinə uyğun olaraq, müəssisələrin yataqxanalarında yer almış işçilər öz arzusu ilə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən yataqxanadan çıxarıla bilərlər. Həmçinin müstəqil tələb irəli sürən X11 tərəfindən əmək kitabçasının surəti təqdim edilməmiş, məhkəmə tərəfindən sorğular verilsə də onun “Azərelektromaş” X17 işləməsi ilə bağlı hər hansı məlumat əldə edilməsi mümkün olmamışdır. Onun vəkili əmək kitabçasını itirdiyini bildirmişdir. Cavabdeh tərəfindən orderin saxta olması bildirilsə də iş materiallarında bu halı təsdiq edən hər hansı sübut mövcud deyildir. Hər bir halda məhkəmə qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən təqdim edilmiş orderdən göründüyü kimi, “Azərelektromaş” X17 fəhlə kimi çalışan Əzizova Gülnarəyə ev müvafiq müəssisədə işlədiyi dövrdə yaşamaq üçün verilmişdir. İşin hallarından da göründüyü kimi, Əzizova Gülnarə orada yaşamamış, özünün iddia ərizəsində qeyd etdiyinə görə ərinin işi ilə əlaqədar Xəzər rayonunda yaşamışdır. Həmin mənzildə 1990-cı illərin əvvəllərindən məcburi köçkünlər yaşamışdır. Mənzil 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən mənzildə uzun müddət ərzində məcburi köçkünlər yaşamışdır. Lakin, keçən uzun müddət ərzində iddiaçı bu şəxslərin oradan çıxarılması barədə heç bir iddia irəli sürməmişdir (yalnız 2023-cü ildə iddia vermiş, sonradan geri götürmüşdür). İddiaçı bu müddət ərzində mənzilin zəbt edilməsinə və orada başqa şəxslərin yaşamasına qarşı heç bir hüquqi tədbir görməmişdir. Yalnız binanın sökülməsi məsələsi ortaya çıxandan sonra mənzilə qeydiyyata düşmüş, kommunal xərcləri ödəmişdir. Beləliklə, mənzil iddiaçıya məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verildiyindən və iddiaçının öz xahişi ilə əmək münasibətlərinə xitam verildiyindən, ötən müddət ərzində iddiaçı həmin mənzildə yaşamadığından, onun adına verilmiş order öz hüquqi əhəmiyyətini itirmişdir. Bu baxımdan iddiaçı mənzili tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməz. İddiaçının mənzilə dair hüquqları itirildikdən uzun müddət sonra (son dövrlərdə) qeydiyyata düşməsi və kommunal xərci ödəməsi mövcud vəziyyəti dəyişdirmir. Bu səbəbdən müstəqil tələb irəli sürən üçüncü şəxsin mənzilin təhvil verilməsi və həmin tələbdən törəmə olan kirayə haqqının ödənilməsi tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ödənilmiş dövlət rüsumu isə özünə aid edilməlidir. V. Nəticə: Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən 105 saylı mənzilin əvəzinə həmin binanın yerində inşa ediləcək yüksəkmərtəbəli yaşayış binasından təmirli mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Hazırki iddia ərizəsi üzrə dövlət rüsumu kimi ödənilməli olan 100 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Cavabdeh MMC-yə qarşı sökülmüş mənzilin əvəzinə yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən 105 saylı mənzilin əvəzinə həmin binanın yerində inşa ediləcək yüksəkmərtəbəli yaşayış binasından təmirli mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilməli olan 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Cavabdeh MMC-yə qarşı sökülmüş mənzilin əvəzinə yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar