Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-750/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: istifadə hüququnun tanınması; mənzilə köçürmə) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüquqlarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüquqlarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Cavabdeh gəlini olmuşdur. xx.xx.2011-ci il tarixində cavabdehin oğlu X8 ilə evlənərək Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 118, mənzil 27 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. 2012ci ilin yanvar ayında iddiaçı və cavabdehin oğlu rəsmi nikaha daxil olmuşdurlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdehin oğlu X8 ilə İddiaçı nikahı Nərimanov Rayon Məhkəməsinin 2(005)-959/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. X8 hazırda Rusiya Federasiyasında yaşayır. X6 və X7 İddiaçı yanında saxlanılmışdır. Hal-hazırda onlara İddiaçı baxır, nikah və nikahın pozulmasından sonrakı dövrlərdə həmin mənzildə anaları ilə birgə yaşamışdırlar. İddiaçı 2011-ci ildən indiyədək həmin mənzildə övladlarıyla birgə yaşamış və həmin dövr ərzində evin bütün xərclərini özü qarşılamış, mənzilin yaxşılaşdırılması ilə bağlı müəyyən işləri görmüşdür. Nikahda olduğu dövrdə 10 ildən artıq yaşadığı mənzildə qeydiyyata düşmək istəsə də, qarşı tərəfin müxtəlif bəhanələri ilə bu baş tutmamışdır. Nikah və nikahın pozulmasından sonrakı vaxtlarda iddiaçı qarşı tərəfi daim səmimi qarşılamış, uşaqlarının atası və nənəsi ilə görüşməyinə heç bir məhdudiyyət yaratmamışdır. Onların 2 övladı doğulduqları gündən həmin mənzildə böyümüşlər. Bu fakt Azərbaycan Respublikası İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Birliyinin 115 saylı Mənzil Kommunal İstismar Sahəsinin İddiaçı verdiyi arayış ilə ilə də təsdiqlənir. Həmçinin, Bakı şəhəri R.Əliyev üzrə Təhsil idarəsi nəznində Məktəb Lisey Kompleksi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 638 saylı və xx.xx.2023-cü il tarixli 639 saylı arayışdan da görünür ki, uşaqların hər ikisi həmin mənzilə ən yaxın məktəbdə təhsil almaqdadırlar. Həmçinin Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 14 nömrəli uşaq poliklinikası tərəfindən verilən xx.xx.2023-cü il tarixli 112 nömrəli arayışdan da göründüyü kimi, İddiaçı hər iki övladı xx.xx.2012-ci təvəllüdlü X6 xx.xx.2017-ci ildən, xx.xx.2015-ci il təvəllüdlü X7 xx.xx.2016-cı ildən hazırda yaşadıqları yer üzrə Nərimanov rayon 14 nömrəli Uşaq Poliklinkasında qeydiyyatdadırlar. Bütün bunlar isə iddiaçının 12 ildir həmin mənzildə cavabdehin ailəsi kimi yaşamasının sübutudur. İddiaçıya bu günədək orada yaşaması ilə bağlı heç kim etiraz etməmişdir, cavabdehin oğlu ilə birlikdə orada birgə təsərrüfat aparmaqla 2011-ci ildən yaşamışdır və hazırda da həmin mənzildə yaşamaqdadır. Cavabdehin az yaşlı 2 (iki) nəvəsinin həmin mənzildə doğulub, həmin mənzildə bugünədək yaşaması, yaşamaq üçün başqa yerinin olmaması, atalarının illərdir Rusiya Federasiyasında olması və 11 ildən artıq müddətdə bu mənzildə yaşamaları, həmin dövr ərzində mülkiyyətçi tərəfindən yaşamalarına və mənzildən istifadəyə heç bir etirazın edilməməsi ilə əlaqədar qeyd etmək olar ki, onlar yaşayış sahəsinə olan ehtiyacını nənələri Cavabdeh, yəni mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətindədir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasına iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. İddiaçının mənzilə hüququ yoxdur. Mənzil bacısı - Cavabdeh mülkiyyətindədir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, hazırki iş üzrə iddiaçını mənzildən çıxarılmasına dair Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və iddia tələbi təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ev tələb edir, lakin ona ev vermək istəmir. İddiaçının yaşamağa evi var. Mübahisəli mənzil özünə məxsusdur və ondan başqa heç kimin oraya hüququ yoxdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Məktəb Lisey Kompleksi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli 638 №-li arayışa əsasən, X6 Bakı şəhəri Məktəb Lisey Kompleksinin Vİ (altıncı) sinifində oxuyur. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Məktəb Lisey Kompleksi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli 639 №-li arayışa əsasən, X7 Bakı şəhəri Məktəb Lisey Kompleksinin İİİ (üçüncü) sinifində oxuyur. - 115 saylı MKİS tərəfindən verilmiş 76 saylı arayışın surətinə əsasən, İddiaçı F.X.Xoyski 118 saylı evin 37 nömrəli mənzilində qeydiyyatsız yaşayır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X10 14 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli 112 №-li arayışdan görünür ki, İddiaçı hər 2 övladı xx.xx.2012-ci il təvəllüdlü X6- xx.xx.2017-ci ildən, xx.xx.2015-ci il təvəllüdlü X7 xx.xx.2016-cı ildən Nərimanov rayon 14 nömrəli Uşaq Poliklinikasında qeydiyyatdadırlar. Hər 2 uşağın bu günə kimi sahə həkim pediatrı Bibixanım Hüseynovadır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh X8 arasında xx.xx.2012-ci il tarixdə Başkırdıstan Respublikası VVAQ İdarəsinin Ufa şəhəri Oktyabr rayonu VVAQ Şöbəsi tərəfindən qeydə alınmış və 54 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları müəyyən edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh X5 hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2872/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı, yetkinlik yaşına çatmamış övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə iddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzilindən çıxarılması, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir . - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-631/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2872/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2024-cü il tarixli 2(102)-1633/2024 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-631/2024 nömrəli iş üzrə 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində küçəsindəki 118 saylı evin 27 saylı mənzili cavabdehin adına tam payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bu barədə xx.xx.1998-ci il tarixdə 887 №-li reyestr kitabında 556 №-li qeydiyyat aparılmışdır. İddiaçı cavabdehin oğlu ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, cavabdehin mülkiyyətində olan hazırki mənzildə yaşamağa başlamışdır. Onunla cavabdehin oğlu arasında bağlanmış nikaha xitam verilmiş, birgə nikahdan olan uşaqlar ananın himsyəsində saxlanmaqla digər valideyndən aliment tutulmuşdur. Bundan sonra Cavabdeh, İddiaçı övladları ilə birlikdə mənzildən çıxarılması barədə tələblə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2872/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə onun bu tələbi təmin edilmişdir. Qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-631/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2024-cü il tarixli 2(102)-1633/2024 saylı qərarı ilə də dəyişdirilmədən saxlanmışdır. Hazırda İddiaçı övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun müəyyən edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamədən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Tərəflər arasında hazırki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində küçəsindəki 118 saylı evin 27 saylı mənzilə dair qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2872/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi mövcuddur. Həmin qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının oğlu X8 ilə cavabdeh İddiaçı xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatına daxil olmaqla ailə qurmuşlar. Cavabdeh hazırda Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 118 saylı evin 27 nömrəli mənzilində övladları ilə yaşayır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-595/2023 saylı qətnaməsindən məlum olur ki, X8 ilə cavabdeh İddiaçı arasındakı nikah pozulmuş, iddiaçının oğlu X8 həmin mənzildən çıxmış və ayrı ünvanda yaşayır. Ancaq cavabdeh İddiaçı həmin ünvanda yaşamaqda davam edir. Bundan başqa müəyyən edilmişdir ki, cavabdeh hazırda mübahisələndirilən mənzildə pasport qeydiyyatına alınmamışdır. Mübahisəli mənzilə istifadə hüququ barədə cavabdehlə mənzilin mülkiyyətçisi arasında notariat qaydasında yazılı razılaşma mövcud deyildir. Belə ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi, İddiaçı istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan təqdirdə, cavabdehin yuxarıda qeyd olunan mənzildə faktiki olaraq yaşaması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunan qətnaməyə əsasən, cavabdeh İddiaçı, yetkinlik yaşına çatmamış övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə iddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzilindən çıxarılması qət edilmişdir. Göründüyü kimi mübahisəli ünvan 3 ünvanında yerləşən mənzil mülkiyyət hüququ üzrə cavabdehin adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçı cavabdehin keçmiş gəlinidir. O, xx.xx.2012-ci il tarixdə cavabdehin oğlu ilə ailə həyatı qurmaqla həmin evdə yaşamağa başlamışdır. Hazırda iddiaçı qeyd olunan mənzilə istifadə hüququnun tanınmasını və mənzilə köçürülməsini xahiş edir. Məhkəmə araşdırması zamanı tələbin müzakirə olunan hissəsi üzrə iddiaçının hüquqlarının mövcud olması, yəni hazırda iddiaçının ünvan 4 ünvanında yerləşən mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi, eləcə də hüququnun - istifadə hüququnun olması, yaranması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. İstifadə hüqunun əmələ gəlməsi üçün göstərilmiş imperativ şərtlər hazırda iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində küçəsindəki 118 saylı evin 27 saylı mənzilə dair istifadə hüququnun mövcud olmamasını təsdiq edir. Belə ki, iddiaçı cavabdehə məxsus mənzildə onun gəlini kimi yaşamışdır. Bundan sonra onunla cavabdehin oğlu arasında olan nikah pozulmuşdur. Tərəflər arasında olan mübahisə yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi vaxtdan, yəni 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin normaları əsasında iddiaçının övladları ilə birlikdə qeyd olunan mənzildən çıxarılması qət edilmişdir. İddiaçının cavabdehə məxsus mənzildə istifadə hüququnun yaranmasını zəruri edən şərtlərin olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Qeyd olunan maddi hüquq normalarında bilinən hüquqların açıqlamasını verən zaman qanunverici həmin hüquqların əmələ gəlməsi üçün tələb olunan şərtləri də müəyyən etmişdir. Belə olan halda iddia tələbində göstərilmiş mənzilə köçürülmə zamanı ilk növbədə həmin hüququn mövcud olmasının müəyyən edilməsi şərtdir. Məhkəmə qeyd edir ki, şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olması ilə əlaqəlidir. Lakin iş materiallarında İddiaçı mübahisəli fərdi yaşayış dair əmlak hüququnun olmasına əsas verən mötəbər sübutlar mövcud deyildir və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən edilməmişdir. Əksinə iş üzrə iddiaçının mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edilmişdir. Belə ki, İddiaçı cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində küçəsindəki 118 saylı evin 27 saylı mənzildə onun gəlini kimi yaşamışdır. Bundan sonra onunla cavabdehin oğlu arasında olan nikah pozulduqdan sonra Cavabdeh iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı övladları ilə birlikdə ona məxsus mənzildən çıxarılmasını xahiş etmiş, onun bu tələbi məhkəmələr tərəfindən təmin edilmişdir. Bununla bağlı, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Hazırda iddiaçı qeyd olunan mənzilə istifadə hüququnun tanınmasını və mənzilə köçürülməsini xahiş etsə də, İddiaçı mübahisəli mənzilə dair hər hansı bir hüququnun yaranması halı müəyyən olunmamışdır. İddiaçı keçmiş həyat yoldaşının – cavabdehin oğlunun Rusiyada olması, uşaqlarına baxmaması, bu səbəbdən cavabdehin nənə kimi övladlarını mənzil ilə təmin etməli olmasını bildirsə də məhkəmə qeyd edir ki, qeyd olunan hallar qanunvericilik normaları baxımından Cavabdeh iddiaçını, habelə onun övladlarını (nəvələrini) mənzil ilə təmin etmək vəzifəsi olmasını şərtləndirmir. Ailə qanunvericiliyinə əsasən, uşaqların saxlanması üçün müəyyən təminat növləri - aliment tutulması nəzərdə tutulmuş, bu digər valideynin vəzifəsi olaraq müəyyən edilmişdir. Lakin qanunvericiliklə nənənin (hətta valideynin belə) keçmiş gəlinin və nəvələrin mənzil ilə təmin edilməsi kimi bir təminat növü mövcud deyildir. Qeyd olunan halda iddiaçının cavabdehə məxsus mənzilə köçürülməsi sonuncunun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəkdir ki, bu da yolverilməzdir. Məhkəmə iddiaçının mənzilin yaxşılaşdırılması ilə bağlı müəyyən işlər görməsi barədə dəlilinə münasibətdə isə qeyd edir ki, qeyd olunan hal iddiaçının mənzilə hər hansı əmlak hüququnun olması, onun mənzilə köçürülməsi üçün əsas deyildir. İddiaçı mənzilə dair çəkdiyi xərclərin əvəzinin ödənilməsini mənzilin mülkiyyətçisindən tələb edə bilər. Hazırda iddiaçının istifadə hüququnun olmaması halında, onun cavabdehə məxsus mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə iddia tələbi əsassızdır. Bu halda iddiaçının istifadə hüququnun mövcud olmaması, onun qanunla qorunan hüquqlarının cavabdeh tərəfindən pozulmamasının təsdiqidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: -2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bununla yanaşı, məhkəmə qətnaməsi əsasında X6 və X7 İddiaçı himayəsində saxlanılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununu 2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Bu normaya uşaqların yaşayış yeri iddiaçının yaşayış yerinə görə müəyyən edilməlidir. X6 və X3 dörd yaşına çatmamışdır. Onlar məhkəmə qətnaməsinə əsasən iddiaçının yanında (himayəsində) saxlandıqlarından onların yaşayış yeri İddiaçı yaşayış yeri hesab edilir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə köçürülməsi barədə tələbi təmin edilmədiyindən, onun himayəsində olan övladlarının həmin mənzilə köçürülməsi barədə tələb də təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 118, 27 saylı mənzilə mülkiyyət hüququna malik olduğundan, İddiaçı isə mübahisəli evə dair hər hansı bir əmlak hüququ müəyyən olunmadığından, iddiaçının övladları ilə birlikdə hazırki ünvan 5-yə köçürülməsinə dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə məhkəmə xərclərinin bölünməsi məsələsinə münasibətdə hesab edir ki, İddiaçı hazırki iddia tələbi rədd edildiyindən onun tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da İddiaçı özünə aid edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “İddiaçı övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 birlikdə ünvan 5 ünvanında yerləşən mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “İddiaçı övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015ci il təvəllüdlü X7 birlikdə ünvan 5 ünvanında yerləşən mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-750/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-750/2024
02.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver