Məhkəmə qərarları › İş №e-2(005)-752/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-752/2023

20.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-752/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərinin mülkiyyət hüququ ilə İddiaçı məxsus Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhlədə yerləşən, ümumi sahəsi 145.9 kv olan 6 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların ailə üzvləri və digər şəxslərin həmin mənzildən çıxarılmaları, mənzilin tam boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhlədə yerləşən, ümumi sahəsi 145.9 kv.m. olan 6 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və cavabdehlərdən Cavabdeh1 övladı azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, mənzilin tam boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhlədə yerləşən, ümumi sahəsi 145.9 kv.m. olan 6 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və cavabdehlərdən Cavabdeh1 övladı azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, mənzilin tam boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev həmin idarənin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, 2-ci dərəcəli hüquqşünas Elnur Rüstəmovun vəsatəti əsasında ********* saylı cinayət işi üzrə əmlak üzərinə həbs qoyulması barədə təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, Binəqədi Rayon Məhkəməsinin 5(001)-358/2019 saylı, 16 may 2019-cu il tarixli qərarı ilə təqdimat təmin edilərək daşınar və daşınmaz əmlaklar üzərinə həbs qoyulmuşdur. Mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhəllə, ev 6, 7-ci mənzilin üzərinə də həbs qoyulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16 mart 2020-ci il tarixli hökmü ilə həmin əmlaklara xüsusi müsadirə tətbiq edilmişdir. Verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmənin 09 fevral 2021-ci il tarixli, 1(103)-51/2021 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16 mart 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və Ali Məhkəmənin 2(103)- 1231/2021 saylı, xx.xx.2021 tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 1(103)-51/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xüsusi müsadirə tətbiq edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhəllə, ev 6, 7-ci mənzil xx.xx.2022-ci il tarixdə hərrac vasitəsilə həmin cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınan İddiaçı satılmışdır. Bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli Protokol tərtib edilmiş, protokola əsasən mülkiyyət hüququnu təsdiq edən sənəd İddiaçı adına verilmişdir. Cavabdehlər və onların ailə üzvləri mənzilin könüllü olaraq boşaldılmasından imtina etdiklərindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək, cinayətin törədilməsində heç bir təqsirinin olmadığını bildirmiş və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 qeydiyyatdadırlar; “X1” "xxxx" MMC-nin 21 sentyabr 2022-ci il tarixli, 207/22 sayı Hərracın Yekunları barədə Protokolundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə və Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2022ci il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 770-ci məhəllədə yerləşən 6 nömrəli evin 7 saylı mənzili tələbkar İddiaçı tərəfindən əldə edilmiş və o, tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olmuşdur. Əmlakın təkrar hərracdakı alış qiyməti 178000 manat təşkil edir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(102)-1231/2021 nömrəli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə iş üzrə verilmiş mülki iddiaların maddi ziyan hissələri tam, mənəvi ziyan hissələri qismən təmin edilmiş, İddiaçı 68850 manat maddi ziyan, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 73880 manat pul ödənilməsi hökm edilmiş və mülki iddianın təmin edilməsi üçün Cavabdeh2 adına olan ünvan 2 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbs saxlanılmışdır. Hökmdən narazı qalan maraqlarına toxunan şəxs Cavabdeh2 apellyasiya şikayəti verərək ünvan 2 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi və müsadirə olunan əmlakların siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 51/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır; Dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə İddiaçı tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, cinayət əməli nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və mübahisələndirilən mənzilin üzərinə qoyulmuş həbsin saxlanılması qərara alınmışdır. Həmin hökmdən apellyasiya və kassasiya şikayətləri verilsə də hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında hərrac keçirilmiş, üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhəllədə yerləşən, 6 nömrəli evin 7 saylı mənzili 21 sentyabr 2022-ci il tarixli, 207/22 saylı Hərracın Yekunları barədə Protokola əsasən İddiaçı satılmışdır və iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Hazırda iddiaçı mənzilin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğuna əsaslanaraq cavabdehlər mənzildən könüllü çıxmadıqlarından, onların mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hssəsinə uyğun olaraq, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni həmin norma ilə insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan olunur. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayandığından, mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni hesab oluna bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” işində qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipini, mülkiyyətindən məhrumetmənin yolverilməzliyini və mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə yaşamaları və maneələr yaratması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. İddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göstərilən Qanunun 9-cu maddəsinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilə dair keçirilmiş hərracın nəticəsi olaraq, həmin əmlakı hərracdan iddiaçı almış və hazırda əmlak onun mülkiyyətindədir. Əmlak iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehlərin əmlaka dair istifadə hüquqlarının saxlanılması barədə onların arasında hər hansı razılıq olmamış, o cümlədən cavabdehlərin əmlaka münasibətdə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, bu hüququn yenidən əmələ gəlməsi, habelə həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamışdır. Hüquqi baxımdan cavabdehlərin hazırda həmin əmlaka hər hansı bağlılığı qalmamışdır. Onlar hazırda hər hansı əsas olmadan mənzildə yaşamış, mənzilə olan pasport qeydiyyatları isə formal xarakter daşımışdır. Bu səbəbdən məhkəmə iddia tələbini “cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməsi” hissəsində əsaslı hesab edərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq qeydiyyata alınmışdır və o, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəst olmuş və buna dair ona heç kimdən razılığın alınması tələb edilməmişdir. Cavabdehlərin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının, o cümlədən onlarla iddiaçı arasında bağlanmış kirayə və sair müqavilənin olması müəyyən edilməmişdir. İstifadə və sahiblik hüququnun olması isə cavabdehlərin əmlakda yalnız bilavasitə yaşaması (fiziki baxımdan mövcudluğu) ilə əlaqələndirilə bilməz. Belə ki, onların hazırda orada yaşamaları iddiaçının, mülkiyyətçi olmasına baxmayaraq, əmlakdan istifadə etmək və ona sahib olmaq hüquqlarını məhdudlaşdırır. Mövcud vəziyyətdə cavabdehlərin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. Cavabdeh1 azyaşlı övladının mənzildən çıxarılması ilə bağlı qeyd olunmalıdır ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehlər hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar və həmin mənzildə yaşayırlar. Müvafiq mənzilə mülkiyyət hüququ İddiaçı məxsus olsa da, onlar mənzilin boşaldılması və təhvil verilməsindən imtina edirlər. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehlərin isə mövcud vəziyyətdə mənzildən istifadə hüquqları olmadığından iddia təmin edilməlidir. Digər şəxslərin mənzildən çıxarılması ilə bağlı məhkəmə qeyd edir ki, həmin ifadə qeyrimüəyyən olsa da, cavabdehlərin hüquqlarından sui-istifadəsinin, əsassız məhkəmə araşdırmalarının qarşısını alınması və mülkiyyətçinin hüquqlarının daha səmərəli qorunması baxımından iddia həmin hissədə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh4 ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və mənzildə qeydiyyatda olan Cavabdeh1 xx.xx.2019-cu il təvəllüdlü qızı X4 və digər şəxslər mənzildən çıxarılmaqla mənzil tam boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh4 ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 xx.xx.2019-cu il təvəllüdlü qızı X4 və digər şəxslər Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhəllədə yerləşən, 6 nömrəli evin 7 saylı mənzilindən çıxarılmaqla mənzil tam boşaldılsın və İddiaçı təhvil verilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar