Məhkəmə qərarları › İş №e-2(005)-808/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-808/2022

25.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-808/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin 07.07.2021-ci il tarixli, K-719 saylı əmrinin iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı yazıb bildirir ki, 2005-ci ildən ibtidai sinif müəlliməsi işləyir. 2016-cı ildə Xəzər Universitetinin potensial məktəb direktoru kursunu bitirib. Kəlbəcər rayon Təhsil Şöbəsinin 25.08.2017-ci il tarixli, 217 saylı əmri ilə Kəlbəcər rayon 23 saylı tam orta məktəbin direktor əvəzi, Azərbaycan Respublikası Təhsil nazirinin 21.02.2019-cu il tarixli, F-92 saylı əmri ilə həmin məktəbin direktoru vəzifəsinə təyin edilib. İşlədiyi müddətdə barəsində hər hansı inzibati və ya intizam xarakterli tədbirlər tətbiq edilməmişdir, ondan hansı şikayət olmamışdır. İşinə tam məsuliyyətlə yanaşmışdır. 25.02.2021-ci il tarixdə direktoru olduğu orta məktəbə daxili nəzarət şöbəsindən yoxlama gəldi, bundan sonra mart ayında da gəldilər, işlərini görüb getdilər və iddiaçıya yoxlamanın nəticələri ilə əlaqədar heç nə demədilər. Maraqlısı isə ondadır ki, pandemiya ərəfəsində, bütün orta məktəblərin qeyri-iş fəaliyyəti vaxtında, aprel ayının 12-13-də həmin yoxlama bir daha işlədiyi orta məktəbdə yoxlama aparmışdır. Bundan sonra iddiaçıya bildirdilər ki, işdən azad olunub, lakin hansı səbəbə görə işdən azad olunmağı barədə iddiaçıya heç bir məlumat verməmişlər. Bundan sonra dəfələrlə Təhsil Nazirliyinə müraciət etsə də əmrinin surəti və əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. Nəyahət 03 dekabr 2021-ci il tarixdə həmin sənədlər rəsmi qaydada iddiaçıya təqdim edildi. Azərbaycan Respublikası Təhsil Nazirinin 07.07.2021-ci il tarixli, K-719 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmrdə qeyd edilir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 13.04.2021-ci il tarixli, F-153 nömrəli əmrinə uyğun olaraq Kəlbəcər rayon 23 və 37 nömrəli tam orta məhkətblərdə kadr kargüzarlığı və mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişlərinin qanunvericiliyə uyğun daxil edilməsi vəziyyətinin araşdırılması məqsədi ilə 16-16 aprel 2021-ci il tarixlərdə həyata keçirilmişdir. Yoxlama zamanı kadr kargüzarlığı araşdırılakən adıçəkilən ümum təhsil müəssisələrində başqa istiqamətlər üzrə də bir sıra qanun pozuntularının olduğu müəyyən edilmişdir. Bununla əlaqədar həmin müəssisələrdə məktəb sənədlərinə baxış keçirilmiş, işçilərin məktəbə davamiyyəti yoxlanılmışdır. Monitorinq aparılmış məktəblərdə kadr kargüzarlığının qənaətbəxş vəziyyətdə olmadığı, elektron bildirişlərin sistemə işlənilməsi zamanı təlimatı göstərişlərinə əməl olunmaması, bir sıra hallarda işçilərin mütəmadi olaraq işə gəlməməsi və digər nöqsanlar aşkar olunmuşdur. Hesab edirik ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 13.04.2021-ci il tarixli, F-153 nömrəli əmri qanunsuzdur və ona görə də ləğv edilməlidir. Çıxarılmış əmrdə dəqiq olaraq hansı kobud qanun pozuntularına yol verməyi barədə dəqiq heç nə göstərilməyibdir. Ümumi olaraq kadr kargüzarlığının qənaətbəxş vəziyyətdə olmadığı, elektron bildirişlərin sistemə işlənilməsi zamanı təlimatı göstərişlərinə əməl olunmaması, bir sıra hallarda işçilərin mütəmadi olaraq işə gəlməməsi və digər nöqsanlar aşkar olması qeyd edilmişdir. Lakin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzər yetirdikdə burda hər hansısa bir nöqsana görə deyil, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda tətbiq edilir. Yəni burada işçi hansısa bir təlimatın tələblərini pozması və ya işçinin işə gəlməməsi onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi kimi qiymətləndirilə bilməz. Bu hallarda araşdırılmalıdır, lakin əmrdə qeyd edildiyi kimi olsa belə bu işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin əsası ola bilməz. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin digər əsası Əmək Məcəllənin 72-ci maddəsində sadalanan hallardır ki, o da mövcud deyildir. Barəsində olan əmrdə qeyd edilmişdir ki, əmək funksiyasını yerinə yetirə bilmir. Onda necə ola bilər ki, rəhbərlik etdiyi müddətdə 4 il ərzində ümumi orta buraxılışlarda bir nəfər sıfır və ya iki nəticəsi göstərən şagirdi olmamış, 11-ci sinif tam orta təhsil üzrə buraxılış imtahanlarında 3 il 90 faiz nəticə, sonuncu il isə 100 faiz nəticə ilə şagirləri yüksək balla ali məktəblərə qəbul olmuşlar. Azərbaycan Respublikası Təhsil Nazirinin 07.07.2021-ci il tarixli, K-719 nömrəli əmrinin 4.1-ci bəndində qeyd edilir ki, Kəlbəcər rayon 37 nömrəli tam orta məktəbin direktoru X1 xəstə olması ilə əlaqədar işə çıxmadığı nəzərə alınaraq, o işə çıxdıqdan sonra fəaliyyətində yol verdiyi nöqsanlara görə barəsində intizam tənbehi tədbirlərinin tətbiqi ilə bağlı zəruri tədbirlər görülsün. Çox yaxşı, Nazirliyin bu hərəkətini alqışlayır və bir savadlı və gənc kadr kimi hazırda 37 nömrəli tam orta məktəbin direktoru olan Nemət Həsənovun fəaliyyətində uğurlar davam etməsini arzulayır. Nəzərə çatdırır ki, iddiaçı 28.06.2021-12.07.2021-ci il tarixlərdə xəstə olmağı ilə əlaqədar olaraq işdə olmayıb. Belə olan halda Təhsil Nazirliyi barəsində əmək müqaviləsini ləğv edərkən xəstəliyi ilə əlaqədar olaraq işdə olmamağını nəzərə almaması təəssüf hissi doğurur. Göründüyü kimi müvafiq əmr verilərkən iddiaçı xəstəliyi ilə əlaqdar olaraq işdə olmayıb, ona görə də həmin müddət ərzində iddiaçının barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi məhkəmə tərəfindən barəmdə olan əmr etibarsız hesab edilə bilər. Belə çıxarılmış əmrdə əmrin imzalayan şəxsin ata adı, eləcə də müssisəsin hüquqi ünvanı qeyd edilməmişdir. Onu da bildirir ki, qardaşı polis mayoru X2 1990-cı il tarixdə İ Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş və “Milli Qəhrəman” adı verilmişdir. Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev dəfələrlə çıxışlarında bildirmişdir ki, bütün dövlət idarə və təşkilatlarında çalışan şəhid və milli qəhrəman üzvləri ən son anda işdən azad olunmalıdırlar. Lakin göründüyü kimi barəsində ilk öncədən hər hansı bir inzibati tədbir görmədən, hər hansı bir ciddi nöqsan aşkar etmədən birbaşa olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləmə xitam verilmişdir. Onu da qeyd edir ki, hətta onlar mediasiyaya müraciət etdilər ki, bəlkə qarşı tərəf iştirak edib əmrin surətini və digər sənədləri təqdim edər və mübahisə mediyasiyada həll edilər. Lakin qarşı tərəf iştirak etmədiyi üçün sənədləri ala bilmədilər. Ona görə də məhkəməyə müraciət etməsi də mümkün olmamışdır. Əmrin və əmək kitbçasının surəti 03.12.2021-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Ona görə də şikayət etmə müddəti 03.12.2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ******* saylı Əmək kitabçasının surətindən görünür ki, K-719 saylı, 07.07.2021-ci il tarixli Əmrə əsasən Kəlbəcər rayonu 23 №-li tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan 03.09.2021-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Bu Arayış İddiaçı işə bərpa tələbinə dair mübahisə üzrə 03.09.2021-ci il tarixində, 15:30-dan 16:00-dək saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında 2-ci tərəf Təhsil Nazirliyinin nümayəndəsi iştirak etmədiyini təsdiq etmək üçün verilir. İddiaçı (055-581- 55-32) və AR Təhsil Nazirliyinə ilkin mediasiya sessiyasının tarixi, 27.08.2021-ci il tarixdə saatı və yeri barədə 6 gün əvvəlcədən sms və məktub vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etdi. AR Təhsil Nazirliyinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədi. İş materiallarında olan 135513 nömrəli SN 00007 seriyalı Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar 28.06.2021-ci il tarixdən 12.07.2021-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Kəlbəcər Rayon Təhsil Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 28 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Sizin Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevə ünvanladığınız şikayət ərizəsi Kəlbəcər rayon Təhsil Şöbəsi tərəfindən araşdırılmışdır. Bildiririk ki, Təhsil Nazirliyi tərəfindən sizin Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbə rəhbərlik etdiyiniz dövürdə aparılmış yoxlamalar zamanı müxtəlif qanun pozuntuları aşkar olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən barənizdə aparılmış araşdırma ilə əlaqədar təqsirləndirilərək, vəzifədən kənarlaşdırılmanız barədə Təhsil Nazirliyinə 05 iyun 2021-ci il tarixli ********* nömrəli məktubu və Binəqədi rayon Məhkəməsinin 05 iyun 2021-ci il tarixli, 4(001)-548/2021 saylı qərarına əsasən Təhsil Nazirinin 21 iyun 2021-ci il tarixli K-613 nömrəli əmri ilə vəzifədən kənarlaşdırılmışsınız. Bundan başqa Təhsil Nazirliyinin 18.06.2021-ci il tarixli 09-09-719/10 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə ATİAHİ Kəlbəcər rayon Təhsil X3 təşkilatına təqdimat göndərilmişdir. Kəlbəcər Rayon Təhsil X3 ittifaqı komitəsinin 30 iyun 2021-ci il tarixli, 06 nömrəli qərarı və Təhsil Nazirliyi əməkdaşlarının müvafiq xidməti məlumatlarına əsasən, Təhsil Nazirinin 07 iyul 2021-ci il tarixli K-719 nömrəli əmri ilə sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Sizə aid əmək kitabçanızın Təhsil Nazirliyindən götürülərək özünüzə qaytarılması qısa zaman ərzində təmin olunacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Kəlbəcər Rayon Təhsil Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Kəlbəcər Rayon Təhsil X3 İttifaqı Komitəsinin 30.06.2021-ci il tarixli, 6 nömrəli protokolundan çıxarışından görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "8 iyun 2021-cı ıl tarixli 09-09-7"9/10 nömrəli təqdimatına əsasən Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru İddiaçı və 37 nömrəli tam orta məktəbin direktoru X4 ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi barədə məsələyə baxılaraq, Azərbaycan Respubıkası Təhsil Nazirliyinin 18 yun 2021-ci il tarixi 09-09- 719/10 nömrəli təqdimatının müzakirəsinin yekunlarının nəzərə alınması, Kəlbəcər rayon 23 nömrə tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin "ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi, Kəlbəcər rayon 37 nömrəli tam oda məktəbin direktoru X1 xəstə olmas ( Bakı şəhəri 23 nömrəli Birləşmiş şəhər xəstəxanası) nəzərə alınaraq onun barəsində təqdimatda göstərilən məsələyə baxılması xəstəlik müddətinin başa çatmasına qədər təxirə salınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirinin 07.07.2021-ci il tarixli, K-719 saylı “Aparılmış monitorinqlərin nəticələrinə dair” əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının təhsil nazirinin 13.04.2021 -ci il tarixli, F-153 nömrəli əmrinə uyğun olaraq Kəlbəcər rayonu 23 və 37 nömrəli tam orta məktəblərdə kadr kargüzarlığı və mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişlərinin qanunvericiliyə uyğun daxil edilməsi vəziyyətinin araşdırılması məqsədilə 15- 16 aprel 2021-ci il tarixlərdə xidməti yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı kadr kargüzarlığı araşdırılarkən adıçəkilən ümumi ,təhsil müəssisələrində başqa istiqamətlər üzrə də bir sıra qanun pozuntularının olduğu müəyyən edilmişdir. Bununla əlaqədar, həmin müəssisələrdə məktəb sənədlərinə baxış keçirilmiş, işçilərin məktəbə davamiyyəti yoxlanılmışdır. Monitorinq aparılmış məktəblərdə kadr kargüzarlığının qənaətbəxş vəziyyətdə olmadığı, elektron bildirişlərin sistemə işlənilməsi zamanı təlimatı göstərişlərə əməl olunmaması, bir sıra hallarda işçilərin mütəmadi olaraq işə gəlməməsi və digər nöqsanlar aşkar olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 maı tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.4-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq, Kəlbəcər rayonu 23 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqavilə üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 7 iyul 2021-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli Aktın surətindən görünür ki, Təhsil Nazirliyinin 13 aprel 2021-ci il tarixli, F-153 nömrəli əmrinə əsasən, 15 aprel tarixində Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbdə aparılmış yoxlama nəticəsində bir sıra qanun pozuntuları aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirinin 21.06.2021-ci il tarixli, K-613 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Kəlbəcər rayonu 23 nömrəli tam orta məktəbin direktoru İddiaçı 21 iyun 2021-ci il tarixdən tutduğu vəzifədən kənarlaşdırılmışdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-548/2021 saylı, 05.06.2021-ci il tarixli qərarına əsasən, xx xxxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu 23 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyən, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4.3 və 320.1-ci maddələri ilə təqsirləndirilən İddiaçı barəsində Kəlbəcər rayonu 23 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən kənarlaşdırma qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1366/2021 saylı, 18.10.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 32.4,312.2-ci və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci və Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə cəza təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 4 (dörd) il 6 (altı) ay il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, İddiaçı təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilməsi, İddiaçı üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulması, İddiaçı davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilməsi, İddiaçı təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, İddiaçı barəsində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbiri ləğv edilməsi, İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirinin 25.08.2017-ci il tarixli, 217 saylı əmri ilə Kəlbəcər rayon 23 saylı tam orta məktəbin direktor vəzifəsi həvalə edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirinin 21.02.2019-cu il tarixli, F-92 saylı əmri ilə həmin məktəbin direktoru vəzifəsinə təyin edilib. 07.07.2021-ci il tarixli, K-719 saylı əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.4-cü və 13.5-ci bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Kəlbəcər rayon 23 saylı tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqavilə üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 07 iyul 2021-ci il tarixdən ləğv edilmişdir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12 yanvar 2022-ci il tarixli qərarına əsasən, ilk növbədə, qeyd olunmalıdır ki, Konstitusiyanın 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Təqsirsizlik prezumpsiyası həmçinin Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. İşçinin işdən kənar edilməsi müvəqqəti xarakter daşıdığından bu qərar yalnız ibtidai araşdırma və məhkəmə baxışı müddətində, habelə inzibati xəta haqqında iş üzrə icraatın gedişində qüvvədə olur. Araşdırma bitib şübhəli və ya təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən və ya təyin olunmuş cəza icraya yönəldikdən, habelə inzibati xəta haqqında iş üzrə yekun akt qəbul edildikdən sonra işçinin işdən kənarlaşdırılması barədə işəgötürənin qərarı qüvvəsini itirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 62.1-ci maddəsinin c bəndinə əsasən, işəgötürən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. 62.4-cü maddəsinə əsasən, işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsaəsn əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼ -i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187-ci maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 189-cu maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Təhsil Nazirinin 07.07.2021-ci il tarixli, K-719 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Bununla yanaşı iddiaçının mübahisələndirilən əmrin lazımi qaydada əsaslandırılmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin əmr “təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqavilə üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə” ilə əsaslandırılmışdır. Belə ki, sözügedən əmrin giriş hissəsində aparılmış monitorinqlərin nəticələri barədə məlumatlar öz əksini tapmışdır. Bu səbəbdən də iddiaçının həmin hissədə dəlili əsassızdır. Bundan əlavə məhkəmə hesab edir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Bu baxımdan məhkəmə qeyd edir ki, ƏM-nin 62.4-cü maddəsində işəgötürənin həmin Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi səlahiyyəti tanınmışdır. Lakin bu səlahiyyətin olması hər bir halda o demək deyildir ki, intizam tənbehlərindən ən ağırı mütləq tətbiq edilməli idi. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bundan başqa məhkəmə iclasında sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, işəgötürən iki eyni situasiyada fərqli mövqe (Kəlbəcər Rayon Təhsil X3 İttifaqı Komitəsinin 30.06.2021-ci il tarixli, 6 nömrəli protokolundan çıxarışında bu hala dair məsələ öz əksini tapmışdır) nümayiş etdirmişdir. Belə ki, əmək hüquqlarının müdafiəsi ilə bağlı həm milli qanunvericiliyimizdə, həm də beynəlxalq hüquqda işçilərə münsaibətdə hər cür diskriminasiyanın yolverilməzliyi vurğulanmışdır. Məhkəmə mübahisələndirilən əmr ilə bağlı digər pozuntuya hüquqi qiymət verərək bildirir ki, işəgötürən ƏM-nin 189-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş imperativ normalara əməl etməyərək, işçiyə əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində intizam tədbiri tətbiq etmişdir. Hazırki ziddiyyətli məsələ ilə bağlı qeyd olunmalıdır ki, işəgötürənin işdən kənar edilmiş işçiyə ƏM-nin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tədbirini tətbiq edib-etməməsi məsələsi onun müstəqil iradə ifadəsinə əsaslanırdısa, həmin Məcəllənin 189.2-ci maddəsinin tələblərinə riayət edilməsi isə işəgötürən üçün imperativ xarakter daşıyırdı, yəni bu zaman işəgötürənin işçi barəsində intizam tədbirinin tətbiq edilməsi ilə bağlı sərbəst iradə ifadəsi məhdudlaşdırılmışdır. Nəticə etibarilə işəgötürənin həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilə bilməz. Bundan başqa məhkəmə İddiaçı barəsində olan 07.07.2021-ci il tarixli K-719 saylı əmrdə digər pozuntuya da yol verildiyini qeyd etməyi zəruri hesab edir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş 21 aprel 2021-ci il tarixli Akta əsasən 15 aprel 2021-ci il tarixində Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbdə aparılmış yoxlama nəticəsində müxtəlif qanun pozuntuları aşkar edilmişdir. Əmək qanunvericiliyinin tələbinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi barədə mübahisələndirilən əmr əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən təqribən 2 ay 22 gün sonra verilmişdir. Bununla da işəgötürən intizam tənbehini tətbiq etmək üçün qanunla müəyyənləşdirilmiş bir aylıq müddəti ötürmüşdür. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin 07.07.2021-ci il tarixli, K-719 saylı əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Təhsil Nazirinin 07.07.2021-ci il tarixli, K-719 saylı əmri ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirinin 07.07.2021-ci il tarixli, K-719 saylı əmri ləğv edilsin və İddiaçı əvəlki vəzifəsinə bərpa olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar