Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-827/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 222 nömrəli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsi qoyulması, 2023-cü ilin may ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən hər aya görə 600 manat pul vəsaiti və həmin vəsaitin tam məbləğinə illik 5 faiz vəsait, əlavə olaraq məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 222 nömrəli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsi qoyulması, 2023-cü ilin may ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən hər aya görə 800 manat pul vəsaiti və həmin vəsaitin tam məbləğinə illik 5 faiz vəsait, əlavə olaraq məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 17k nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ərizəçiyə məxsus olub. Onun mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixində verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya RX, nömrə 1341184) ilə təsdiq olunub. 03 dekabr 2021-ci il tarixində ərizəçi, cavabdeh "xxxx" MMC ilə mülkiyyətində olan ev barəsində 222 nömrəli müqavilə bağlayıb. Müqaviləyə əsasən ərizəçi özünün yaşayış sahəsinin cavabdehə təhvil verilməsi öhdəliyini, cavabdeh isə müqavilə ilə şərtləndirilmiş müddət və qaydada həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının (D bloku) 6-cı mərtəbəsində sahəsi 74,73 kv.m olan mənzilin ərizəçiyə verilməsi öhdəliyini götürüblər. Müqavilənin 2.2.4-cü bəndinə əsasən cavabdeh yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq nəzərdə tutulmuş mənzili ərizəçiyə verməli idi. Binanın bünövrəsi 2021-ci ilin may ayında qoyulub. Binada işlər indiyə kimi getdiyindən orada yaşayış yoxdur, halbuki, cavabdeh müqavilədə ərizəçi üçün nəzərdə tutulmuş mənzili bu ilin (2023-cü ilin) mayında təhvil verməli idi. Bu ilin noyabrında ərizəçi Azərbaycana gələrkən cavabdeh təşkilat onun üçün nəzərdə tutulmuş mənzili göstərib. "xxxx" MMC qiymətləndirmə şirkətinin hesabatına əsasən ona təklif olunacaq mənzilin sahəsi 69,998 kv.m, yəni şirkətin ona təqdim etməli olduğu mənzilin sahəsindən az qala 5 kv.m (daha dəqiq 4,73 kv.m) azdır. Binanın həmin mərtəbəsində (6-cı) onun üçün nəzərdə tutulmuş mənzilə uyğun başqa sahə yoxdur. Beləliklə, birincisi, cavabdeh daşınmaz əmlak barəsində üzərinə götürdüyü öhdəliyin icrasını bu günə artıq 7 aydır ki, yubadır, ikincisi, ona verməli olduğu mənzildən sahəsi əhəmiyyətli dərəcədə kiçik mənzil vermək niyyətindədir. Müqavilə üzrə nəzərdə tutulmuş mənzil ona vaxtında, yəni bu ilin mayında veriləcəyi təqdirdə o həmin mənzili kirayə verə bilərdi. Üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına tam nəzarət etmədiyindən, ərizəçinin hüquqları təmin olunmur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyinə uyğun olaraq iddia tələbinin həcmini artıraraq, icarə haqqı olaraq 800 manat tələb edirlər. Onların təqdim etdiyi sübutlardan görünür ki, binanın bünövrəsi 2021-ci ilin may ayında qoyulmuşdur. Həmin dövrdən 24 ay müddətinə mənzil təhvil verilməli olduğu halda təhvil verilməmişdir. Onlara gələcəkdə təhvil veriləcək mənzili göstərmişlər. Həmin mənzilin sahəsi müqavilədə nəzərdə tutulandan azdır. Hər bir halda binada təmir-tikinti işləri hazırki dövrədək yekunlaşmamışdır. Qeyd edilən halları nəzərə alaraq iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, tərəflər əvvəlcədən razılaşıblar və öz üzərlərinə öhdəlik götürüblər. Həmin müqavilədə kirayə haqqının ödənilməsi razılaşdırılmamışdır. Bunun müqabilində iddiaçıya əlavə sahə verməyi öhdələrinə götürüblər. Müqavilədə mənzilin 2 il ərzində təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin, bəzən sakinlər söküntü işlərinə maneə olurlar. Buna görə də tikintinin başa çatmasında gecikmələr olur. Bina tam hazır deyil, yaşayış yoxdur. Sadəcə olaraq iddiaçıya veriləcək mənzil göstərilib. Bina 5 kompleksdən ibarətdir. Hazırda 5-ci kompleksin katlavanı qoyulur. Bitən binalar üzrə isə açarlar təhvil verilən günədək müqavilədə nəzərdə tutulduğu halda kirayə haqları ödəniləcək. Lakin, mənzillərin hansı vaxta təhvil veriləcəyi barədə məlumatı yoxdur. Ona verilən məlumata görə iddiaçıya verilməli olan mənzilin yerləşdiyi bina hələ ki sakinlərə təhvil verilməyib. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayon, Ə.Əlizadə küçəsi ünvanında yerləşən 196.8 kv.m sahəsi olan 17K saylı evin A tikilisindən qalan hissəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır; - “Tikinti şirkəti” Cavabdeh MMC ilə “Mülkiyətçi” İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 222 saylı müqavilədən görünür ki, “Əmlak mülkiyyətçisi” bu müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı, 134114 №-li, xx.xx.2018-ci il tarixli çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakını sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətə və qaydada “Tikinti Şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərətbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi, “Tikinti Şirkəti” F.Məmmədov, Ə.Vahid, Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan əmlakın sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada D blok, 6 mərtəbə, 74,73 kv.m (xarici divarların daxili konturlarından) təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”nə geri qaytarmağı öhdəsinə götürmüşdür; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Nümayəndə Arif oğlunun hesabına 1000 manat məbləğində pul köçürülmüşdür; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2899-9/2924 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tikililər üzrə tikinti və təmir işlərinin aparılma müddətinin müəyyən olunmasına dair metodika olmadığından, sual üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov, Ə.Vahid, Təbriz və Əlizadə küçələrinin kəsişməsi ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binaya yaxın ərazidə yerləşən analoji mənzillərin kirayə haqqının dəyəri təqribən 800 manat məbləğində müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov, Ə.Vahid, Təbriz və Əlizadə küçələrinin kəsişməsi ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “D” bloku, 6-cı mərtəbəsində yerləşən, 03 dekabr 2021-ci il tarixli müqavilə üzrə İddiaçı təhvil verilməli olan mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, eləcə də azalma əmsalları tətbiq edilmədən ümumi sahəsinin faktiki olaraq 71.6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov, Ə.Vahid, Təbriz və Əlizadə küçələrinin kəsişməsi ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “D” bloku, 6-cı mərtəbəsində yerləşən, 03 dekabr 2021-ci il tarixli müqavilə üzrə İddiaçı təhvil verilməli olan mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları tətbiq edilmədən ümumi sahəsinin 74.7 kv.m olduğu müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir; - S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş sınaq nəticələrinin surətindən görünür ki, Nərimanov r, Təbriz, F.Məmmədov, Ə.Vahid və Ə.Əlizadə küçələrinin əhatə etdiyi ərazidə "xxxx" MMC tərəfindən 2-ci blok, monolit bünövrə tavası xx.xx.2021-ci il tarixdə qoyulmuşdur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 17k nömrəli fərdi yaşayış evinin ona məxsus hissəsinin cavabdehə sökülmək üçün təhvil verilməsini, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş müddətdə həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının (D bloku) 6-cı mərtəbəsində, sahəsi 74,73 kv.m olan mənzilin iddiaçıya verilməsini öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyinin lazımınca yerinə yetirilməməsinə, mənzilin 24 ay müddətinə təhvil verilməli olduğu halda verilməməsinə əsaslanaraq, müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 2023-cü ilin may ayından hesablanmaqla, kirayə haqqı olaraq mənzilin təhvil verildiyi günədək hər ay 800 manat pul vəsaiti və həmin vəsaitin tam məbləğinə illik 5 faiz vəsait, əlavə olaraq məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməini xahiş edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi) Mülki Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Hazırki işdən göründüyü kimi, tikinti şirkəti Cavabdeh MMC mənzili alıcıya təhvil verməyi, iddiaçı isə öz növbəsində ona məxsus mənzilin söküntüsünə icazə verməyi və mənzili boşaltmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.4cü bəndində yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş əmlakı “Əmlak mülkiyətçisi”nə geri qaytarmaq “Tikinti şirkəti”nin vəzifəsi kimi müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş sınaq nəticələrinin surətindən görünür ki, Nərimanov r, Təbriz, F.Məmmədov, Ə.Vahid və Ə.Əlizadə küçələrinin əhatə etdiyi ərazidə "xxxx" MMC tərəfindən 2-ci blok, monolit bünövrə tavası xx.xx.2021-ci il tarixdə qoyulmuşdur. Bu isə o deməkdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya mənzil xx.xx.2023-cü il tarixinədək təhvil verilməli idi. Lakin İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin tam şəkildə icra edilməsinə, habelə ona məxsus mənzilin sökülməsinə və yerində yeni binanın inşa edilməsinə baxmayaraq, Cavabdeh MMC mənzili alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçının həmin mənzilə dair hüquqi şəxslə bağladığı müqavilə qüvvədədir, onun etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməlidir. Mülki Məcəllənin 5.3 və 6.1.5-ci maddələrinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Qeyd olunduğu kimi, tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları qarışıq (əsasən podrat) müqavilə çərçivəsində sifarişçi kimi çıxış edən iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin tikilib ona təhvil verilməsi üçün öz mənzilinin söküntüsünə icazə vermiş və həmin mənzili boşaltmış, MMC isə müqavilə bağlayaraq onu bağladığı əqd üzrə sifarişçi kimi tanımışdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə cavabdeh, aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidir. Mülki Məcəllənin “öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olmuşdur. Belə ki, qeyd olunduğu kimi, binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə təhvil verməli olduğu mənzili hələ də iddiaçıya təhvil verməmiş, müqavilənin bağlanmasından xeyli müddət keçsə də öz öhdəliklərini tam şəkildə icra etməmiş, cavabdehə veriləcək mənzili göstərsə də, təhvil verməmişdir. Halbuki mənzil xx.xx.2023-cü il tarixinədək təhvil verilməli idi. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında binanın inşasının tam yekunlaşmadığını, sakinlərə təhvil verilmədiyini, lakin iddiaçıya təhvil veriləcək mənzilin ona göstərildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin təhvil verilməsi tələbi üzrə irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. Tərəflərin izahatına və iş materiallarına əsasən mübahisələndirilən mənzil iddiaçıya təhvil verilmədiyindən, qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası, müqavilədə göstərilən mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin 2023-cü ilin may ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən hər aya görə 800 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı verilərək göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu barpa etməküçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, sözügedən normada zərərin iki növü fərqləndirilir: birincisi, real zərər; ikincisi əldən çıxmış fayda. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar daxildir: a) pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; b) pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; d) əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər. Əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Hazırki iş üzrə cavabdeh yaşayış sahəsini xx.xx.2023-cü il tarixinədək iddiaçıya təhvil verməməklə onun həmin sahəyə münasibətdə hüququnu pozmuşdur və nəticədə iddiaçı müvafiq hüquqlarından, mənzillə bağlı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən (nemətlərdən) məhrum olmuşdur. Mənzilin təhvil verilməli olduğu gündən ötən müddət ərzində həmin yaşayış sahəsinin iddiaçıya təhvil verilməməsi nəticəsində sonuncu müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu baxımdan məhkəmə cavabdehin sözügedən müqavilə üzrə öhdəliklərini lazımınca və vaxtında icra etməməsi nəticəsində iddiaçıya vurulmuş zərər kimi mənzilin kirayə haqqı məbləğinin tutulmasını ağlabatan və məqsədə müvafiq hesab edir. Həmçinin iddiaçının mənzilin təhvil verildiyi günədək kirayə haqqının ödənilməsi tələbi də ağlabatan olmaqla, onun hüquqlarının təmin edilməsinə və uzun sürən məhkəmə araşdırmalarının qarşısının alınmasına yönəlmişdir. Məhkəmə tərəfindən təyin edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov, Ə.Vahid, Təbriz və Əlizadə küçələrinin kəsişməsi ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binaya yaxın ərazidə yerləşən analoji mənzillərin kirayə haqqının dəyəri təqribən 800 manat məbləğində müəyyən olunmuşdur. Hazırki iş üzrə ekspert rəyində göstərilmiş qiymət ağlabatan olmaqla, həmin rəyin qeyrimötəbər olması barədə hər hansı bir sübut iş materiallarında mövcud deyildir. İddiaçının həmin müddət üçün əldə edilməmiş gəlirlərinin məbləği, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin real (həqiqi) məbləği ilə müəyyən edilməlidir. Cavabdeh müqavilə üzrə öhdəliyini pozması nəticəsində sözügedən müqavilənin müddətinin bitdiyi tarixdən sonrakı, yəni xx.xx.2023-cü il tarixindən sonra olan dövr üçün məsuliyyət daşıyır. Cavabdehin nümayəndəsi də izahatında tikinti işlərində müvafiq gecikmələrin mümkün olduğunu, binanın 5-ci korpusunun katlavanın yeni qoyulduğunu, mənzillərin sakinlərə təhvil verilmədiyini, iddiaçı ilə kirayə haqqı barədə razılaşma olmadığından onun iddiasının təmin edilməsinin mümkünsüzlüyünü bildirmişdir. Lakin nəzərə alınmalıdır ki, müqavilədə kirayə haqqının ödənilməsi barədə razılaşma olmasa belə, cavabdeh müqavilə şərtlərini pozduğundan kreditor qarşısında hər hansı bir formada məsuliyyət daşımalı, ona vurulmuş zərəri ödəməlidir. Mülki Məcəllənin 443-cü maddəsinin məzmununa görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, cavabdeh iddiaçını mənzillə təmin edənədək kirayə haqqı ödəmə ilə bağlı razılıq əldə edilməsə də, iddiaçının müvafiq mənzillə təmin edilməməsi səbəbindən hüquqları pozulmuş və ona maddi zərər dəymişdir. Məhkəmə həmçinin cavabdehin iddia tələbinə etirazı ilə bağlı bildirir ki, iddiaçıya mənzil təklif edilməsi qeyd edilsə də, tərəflərin hər ikisinin izahatından da görünür ki, mənzil müqavilədə göstərilən tarixdə hazır olmamışdır. Belə ki, binanın tikintisi başa çatmamış və ortada iddiaçının yaşamasına hazır olan mənzil ümumiyyətlə olmamışdır. Sözügedən mənzilin təhvil-təslimi müqavilədə nəzərdə tutulmuş qaydada baş tutmadığından məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixindən sonrakı dövr üçün kirayə haqqını tələb etməkdə haqlıdır. Hər bir halda, müqavilə üzrə öhdəliklərin icrası məhz Cəmiyyət tərəfindən gecikdirilmiş, həmin ərazidə iddiaçının mülkiyyətində olan ev yerləşmiş və mənzil də hər hansı pul müqabilində deyil, məhz bu evin müqabilində ona verilməli idi. Bu səbəbdən mənzilin təhvil verilməli olduğu gündən sonrakı gündən, yəni xx.xx.2023-cü il tarixindən başlayaraq mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 800 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Əvvəlki dövrlər üzrə kirayə haqqının ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.4-cü bəndinə əsasən, cavabdeh yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq mənzili iddiaçıya təhvil vermək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə sorğusu əsasında Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təqdim etdiyi “Sınaq nəticələrindən” göründüyü kimi, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Ə.Vahid və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının təməl inşaat başlanğıcı xx.xx.2021-ci il tarixdə qoyulmuşdur. Cavabdeh isə həmin tarixdən 24 ay müddətində, xx.xx.2023-cü il tarixinədək mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən həmin dövrə qədər cavabdehin müqavilə üzrə öhdəliyini pozması müəyyən edilmir, bu baxımdan iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının, vəsaitin tam məbləğinə illik 5 faiz, əlavə olaraq məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir... MM-in 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama... Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Maddənin məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun müvafiq norma ilə bağlı hüquqi mövqeyindən aydın olur ki, özgənin pul vəsaitindən faydalanmağa görə bank uçot dərəcəsi ilə faizlər hesablanması, maddənin adından da göründüyü kimi, məhz pul öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət tədbiridir. Pul öhdəliklərinin gecikdirilməsinə görə borcludan faizin tutulması o halda əsaslı sayılır ki, gecikdirmənin səbəbi təqsirli hərəkət və ya hərəkətsizlik olsun. Hazırkı iş üzrə isə tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqının ödənilməsi barədə hər hansı şərt nəzərdə tutulmadığından, kirayə haqqının ödənilməməsi müqavilə öhdəliyinin yerinə yetirilməməsi kimi qəbul edilə bilməz. Borclunun icranı gecikdirməsinə görə nəzərdə tutulan məsuliyyət tədbirlərindən biri də Mülki Məcəllənin 445.7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. İddia ərizəsindən göründüyü kimi, iddiaçı ödənilməli olan kirayə haqqı məbləğinə illik beş faiz vəsaitin hesablanmasını xahiş edir. Lakin yuxarıda qeyd edildiyi kimi kirayə haqqının ödənilməsi müqavilədə nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin məbləğin ödənilməməsi, kirayə haqqının ödənilməsi ilə bağlı öhdəliyin gecikdirilməsi kimi qəbul edilə bilməz. Belə ki, gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi, məhz pul məbləğinin ödənilməsini gecikdirdikdə tətbiq edilən məsuliyyət tədbiridir. Hazırki işdə isə qeyd edilən hal müəyyən edilmir. Hazırda hər ay üçün 800 manat kirayə haqqının ödənilməsi məhkəmə tərəfindən öhdəlik olaraq cavabdeh üçün müəyyən edilir və 5% əlavə vəsait yalnız həmin öhdəlik yerinə yetirilmədiyi halda gecikdirilmiş müddət üçün tutula bilər. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən maddələrin dispozisiya əlamətləri mövcud olmadığından, ödənilməli olan kirayə haqqı məbləğinə illik 5 faiz, əlavə olaraq məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulması tələbləri təmin edilməməlidir. Bundan başqa, məhkəmə iddianın hüquqi yardıma görə vəkilə ödənilmiş pulun cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ödəniş qəbzindən görünür ki, Nümayəndə hesabına xx.xx.2023-cü il tarixdə 1000 manat pul köçürülmüşdür. Məhkəmə vəkilə ödənilmiş 1000 manat pulun ağlabatan məbləğ olduğunu nəzərə alaraq, iddianın həmin hissədə təmin edilməsi qənaətinə gəlir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli, 222 saylı müqaviləyə əsasən iddiaçıya verilməli olan Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov, Ə.Vahid, Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “D” bloku, 6-cı mərtəbəsində yerləşən, 74,73 kv.m sahəsi olan mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, xx.xx.2023-cü il tarixindən başlayaraq mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 800 manat hesablanmaqla pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Həmçinin vəkilin göstərdiyi yardım üçün çəkilmiş xərcə görə 1000 manat, ödənilmiş dövlət rüsumuna görə 100 manat, cəmi 1100 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat pul Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli, 222 saylı müqaviləyə əsasən iddiaçıya verilməli olan Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov, Ə.Vahid, Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “D” bloku, 6-cı mərtəbəsində yerləşən, 74,73 kv.m sahəsi olan mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. xx.xx.2023-cü il tarixindən başlayaraq mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 800 (səkkiz yüz) manat hesablanmaqla pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Vəkilin göstərdiyi yardım üçün çəkilmiş xərcə görə 1000 manat, ödənilmiş dövlət rüsumuna görə 100 manat olmaqla, cəmi 1100 (bir min yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat pul Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-827/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-827/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver