Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-830/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 329-69/3-1-125K/2024 nömrəli işdən azad edilmə barədə əmrin ləğv edilməsi, Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, işəgötürənin qanunsuz əmri əsasında məcburi iş buraxdığı müddət üzrə əmək haqqı məbləğinin ödənilməsi, bu müddətin işçinin əmək stajına daxil edilməsi və tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1987-ci ildən Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə rus dili müəllimi kimi fəaliyyətə başlamışdır. 1992-1994 cü illərdə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə hərbi rəhbər, 1994-2005-ci illərdə direktorun təlim-tərbiyə işləri üzrə müavini, 2005-ci ilin avqust ayından xx.xx.2024-cü il tarixədək həmin məktəbdə direktor vəzifəsində işləmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 329-69/3-1-125K/2024 nömrəli əmrinə əsasən müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmrin verilməsi üçün əsas kimi isə X42 Təhsil İdarəsinin müdiri Elçin Kərimovun əsaslandırılması, Mingəçevir şəhər 4 nömrəli orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 03 saylı protokolu, izahatlar və akt göstərilmişdir. Həmin dövrdə Mingəçevir şəhər Prokurorluğunda barəsində araşdırılma aparılmışdır. Məhkəmənin qanuni qüvvəsini almış qərarı olmadan əmək münasibətləri birtərəfli qaydada pozulmuşdur. İşdən azad olunmanın səbəbləri Prokurorluqda aparılan araşdırılma ilə əlaqədar olduğundan, nəticələrini gözləmək məcburiyyətində olmuşdur. Sonradan AR CMnin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməyinə dair cinayət işi Mingəçevir Şəhər Məhkəməsində baxılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Əmrdə qeyd edilən əsaslar ya mövcud deyildi, ya da söz-söhbətlərə əsaslanırdı. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 03 saylı protokolu dəyişdirilmişdir. Həmin iclasda iştirak edən müəllimlər onun işdən azad edilməyinə etiraz etmişlər. Sonradan məlum olmuşdur ki, HİK-in sədrindən başqa məzmunda ərizə alınmışdır. O, son 19 il bu məktəbdə direktor vəzifəsində çalışmış və işlədiyi müddət ərzində verilən tapşırıqları vaxtında yerinə yetirmiş, gənc nəslin təlimtərbiyəsi, onların vətənpərvər böyüməsində, elmli, savadlı böyümələri üçün əlindən gələni etmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış məhkəmə çıxışında bildirilir ki, birincisi, əmrin verilməsi üçün əsaslandırılmada adları qeyd olunan işçilərin hamısının işə qəbulu ilə bağlı Təhsil Şöbəsinin məlumatı var idi. Təhsil Şöbəsinin icazəsi olmadan hər hansı bir işçinin işə qəbulunu rəsmiləşdirmək mümkün deyil. Həm Təhsil Şöbəsinə, həm də Təhsil Agentliyinə aylıq və illik hesabatlar verilir. Onu işdən azad etdikdən sonra əsaslandırmada adları qeyd olunan işçilərin şəxsi işləri məktəbdən götürülərək, X42 Təhsil İdarəsinə aparılmışdır. Çox güman ki, məqsəd şəxsi işlərdə olan icazə məktublarını sənədlərin içərisindən götürməkdir. İkincisi, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 03 saylı protokolunun tərtibat formasından və C.Əliyevin izahatından da göründüyü kimi Həmkarlar İttifaqı Komitəsi işdən azad edilməyi üçün razılıq verməmişdir. Həmkarlar İttifaqı Komitəsinin protokolunu isə işdən çıxarılma haqqında əmr verildikdən sonra C.Əliyevi X42 Təhsil İdarəsinə dəvət edərək, məcbur etmişlər. İzahatları alınan işçilər texniki işçilərdir və izahatlarını təzyiq altında yazmışlar. Həmin işçilərin əksəriyyəti 2020-2021-ci illlərdə işdən çıxmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X19 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Həmçinin cavabdehin nümayəndəsi məhkəməyə etiraz təqdim edərək bildirdi ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verildiyi üçün 1 aylıq iddia müddəti keçmişdir. İddiaçı ərizəsində cinayət işi ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinin qərarını gözlədiyini və buna görə də məhkəməyə işə bərpa ilə bağlı müraciət etmədiyini vurğulamışdır. Lakin bu hal iddia müddətinin ötürülməsi üçün səbəb hesab edilə bilməz. Çünki cinayət təqibi cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir. Əmək mübahisəsinin həlli cinayət təqibinin nəticəsindən asılı deyildir. İddiaçı ərizəsində bildirir ki, işdən azad edilən dövrdə Mingəçevir şəhər Prokurorluğunda barəsində araşdırılma aparılmış və məhkəmənin qanuni qüvvəsini almış qərarı olmadan əmək münasibətlərinə birtərəfli qayadada xitam verilmişdir. İddiaçı hesab edir ki, işdən azad olunmasının səbəbi prokurorluqda aparılan araşdırma ilə əlaqədar olmuş, lakin Agentlik tərəfindən araşdırmanın nəticəsi gözlənilmədən və heç bir əsas olmadan onun əmək müqaviləsi ləğv edilmişdir. Lakin bildirir ki, X32 Regional Təhsil İdarəsinin tabeliyində olan Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbin direktoru İddiaçı qanunsuz hərəkətləri barədə daxil olmuş həmin məkətbin müəllimi X5 müraciətinə əsasən 26.02.202-cü il tarixdə məktəbdə yoxlama keçirilmiş və ciddi nöqsanlar aşkarlanmışdır. Belə ki, iki kiçik xidmətedici işçinin- X1 və X20 öz vəzifə funksiyalarının yerinə yetirmədikləri, heç bir ərazini təmizləmədikləri, onların işinin digər işçilər arasında bölüşdürüldüyü müəyyənləşdirilmişdir. Məktəbin təşkilatıçısı Ülviyyə Qəhrəmanovanın ötən tədris ilində Vİİb, cari tədris ilində Vİİİb sinfində qeyri-rəsmi olaraq rəhbərlik etdiyi, valideyn iclasları keçirildiyi və sinif jurnallarının onun tərəfindən yazıldığı, həmin siniflərdə rəhbərliyə isə məktəb müəllimi Lemon İbrahimovanın tarifləşdirildiyi, hər ay sinif rəhbərliyi üçün ödənilmiş əmək haqqının L.İbrahimova tərəfindən Ü.Qəhrəmanovaya nağd şəkildə ödənildiyi müəyyən edilmişdir. Texniki işçilərin- X21, X39, X11, X22 və X12 məktəbdə texniki işçi kimi işə qəbul olunduqları, 2023-cü ilin iyun ayına kimi onlara əmək haqqı ödənilsə də işə gəlmədikləri, 2023-cü ilin may-iyun ayından işdən azad olunduqları müəyyən edilmişdir. Məktəbdə yoxlama keçirilən vaxt işdə olan texniki işçilər izahat verərək həmin şəxsləri tanımadıqlarını bildirmişlər. Qeyd olunan hallar barədə məktəbdə xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və həmin akt iddiaçı və məktəbin direktor müavinləri tərəfindən imzalanmışdır. Yoxlama zamanı aşkar edilmiş nöqsanlarla bağlı işçilərin izahatları alınmış və aktda qeyd olunan nöqsanlar işçilərin izahatları ilə də təsdiqlənmişdir. Yəni əmrin verilməsi üçün əsas kimi X42 Təhsil İdarəsinin müdiri Elçin Kərimovun əsaslandırması, məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 03 saylı protokolu, izahatlar və aktlar göstərilmişdir. Mingəçevir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-115/2024 nömrəli qərarından görünür ki, cinayət təqibi zamanı iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə əsas olmuş aktda qeyd olunan nöqsanlara yol verildiyi və həmin nöqsanlar nəticəsində büdcə vəsaitinin mənimsənildiyi təsdiq edilmişdir. Qərara əsasən iddiaçı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində qeyd olunan cinayətləri törətmişdir. O, cinayət nəticəsində vurulmuş 26280,25 manat ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizini-6571 manat məbləği dövlət büdcəsinə tamamilə ödədiyi üçün Cinayət-Prosessual Məcəlləsinin 43.2.2ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı şəhərin təcrübəli direktoru olub. O, direktorun məsləhətçisi olmuşdur. Bu şəxs göstərilən nöqsanlara yol verməmiş, həmişə sözün düzünü deymiş, bu səbəbdən onu sevməmişlər. Cinayət işindən xəbəri olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X40 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, həmkarlar komitəsinin sədri seçilmişdir. Yoxlama gəlib İddiaçı işdən azad edilməli olduğunu demiş, iclas belə keçirilməmişdir. Sektor müdiri Sevinc iddiaçının işdən azad edilməsi üçün qol çəkməli olduğunu bildirmişdir. O etiraz etmiş, imza çəkməmiş, 3 saat sektorda qalmışdır. Müəllimlər və laborantlar da etiraz etmişlər. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir; Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə direktorun təlim-tərbiyə işləri üzrə müavini, xx.xx.2005ci il tarixdə direktor vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir; xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdən görünür ki, Mingəçevir şəhər 4 nörməli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir; xx.xx.2024-cü il tarixli məktəbin işçiləri tərəfindən tərib edilmiş aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə X42 Təhsil İdarəsinin əməkdaşları Afət və Əli adlı şəxslər aktı tərtib edənlərə mənəvi və psixoloji təsir göstərərək, məcburi izahat almışlar, izahat verməyəcəklərini bildirdiklərində onları işdən çıxarmaqla hədələmişlər. Aktı tərtib edənlər izahatların etibarsız hesab edilməsi üçün onu tərtib etmişlər; xx.xx.2024-cü il tarixli X7 tərəfindən verilmiş izahatdan görünür ki, hazırki Vİİİb sinfinə iki ildir dərs bölgüsündə onun adına sinif rəhbərliyi əmrlə verilir. Lakin o, sinifdə rəhbərlik etməmişdir. Valideyn iclaslarını keçirmək, sinif jurnallarını yazmaq Ülviyyə Qəhrəmanova tərəfindən icra olunub. Hər ay 32 manat nağd pul verirdi. Uşaqlarla Ülviyyə müəllimə işləyirdi; xx.xx.2024-cü il tarixli Qəhrəmanova Ülviyyə tərəfindən verilmiş izahatdan görünür ki, o, 3 ildir məktəbdə təşkilatçı işləyir. 2022-2023-cü, 2023-2024-cü tədris illərində İ yarımilin sonuna qədər Vİİİb sinfinə rəhbərlik etmişdir. Valideyn iclasları onun tərəfindən keçirilmiş, sinif jurnalı yazılmışdır. Əmək haqqı Lemon İbrahimovanın adına tarifləşib. Hər ay əmək haqqını Lemon İbrahimova ona nağd şəkildə ödəmişdir; xx.xx.2024-cü il tarixli X26 tərəfindən verilmiş izahatdan görünür ki, 1993-cü ildən bəri məktəbdə işləyir, bu müddətdə Cavadov Səbuhi, Qazıyev Asif, Qəhrəmanova Vəfa, Aslanova Ülkəri tanımamış və görməmişdir; xx.xx.2024-cü il tarixli X23, Həsənova Ləman, X8, X18 Şəfiqə, X1, X13, X2 tərəfindən verilmiş izahatlardan dan görünür ki, onlar Cavadov Səbuhi, Qazıyev Asif, Allahverdiyeva Vüsalə, Qəhrəmanova Vəfa, Salamov Ələddin, Aslanova Ülkər adlı iş yoldaşlarını görməmişlər. Salamov Ələddini ocaqçı kimi işlədiyini görmüşlər, fəhlə kimi yox; xx.xx.2024-cü il tarixli X24 tərəfindən verilmiş izahatdan görünür ki, adları çəkilən şəxslər işə gəlməmişlər. Həmin işçilərin əmək haqqı tabel cədvəllərində tərtib edilərkən onların adları tabel təyinat cədvəlində olduğu üçün onun tərəfindən tərtib edilməmiş və imzalanmamışdır. Buna səbəb işçilərin işə gəlməmələrini təsdiq edən davamiyyət jurnalında adlarının olmaması və tərfindən işə gəlmələrini görməməsi olmuşdur. Bu barədə o, direktora məlumat vermiş , tabelə imza atmayacağını bildirmiş və heç vaxt imzalamamışdır. Tabel cədvəlinə onun yerinə kim tərəfindən imza atıldığını bilməmişdir. İşə gəlməyən işçilər işdən azad edildikdən sonra tabeli imzalamışdır. Həmçinin iki xidmətedici işçi-X36 və X1 davamlı olaraq işə gəlsə də, heç bir ərazini təmizləməmişlər. Hər ikisi komputer üzrə müəyyən işlər görmüşlər; xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin kitabxana müdiri X27 direktor İddiaçı həyat yoldaşıdır. Bu isə Korrupsiyaya Qarşı Mübarizə Haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə ziddir. İki kiçik xidmətedici işçi - X1 və X36 öz vəzifə funksiyalarını yerinə yetirməyərək məktəbdə komputer otağında əyləşirlər. Məktəbin təşkilatçısı Ülviyyə Qəhrəmanova ötən tədris ilində VİİB, cari tədris ilində isə VİİİB sinfinə qeyri-rəsmi olaraq rəhbərlik edir, valideyn iclasları keçirir və sinif jurnalları onun tərəfindən yazılır. Qeyd edilən siniflər isə rəsmi olaraq Lemon İbrahimovanın adına tarifləşmişdir. Lakin hər ay sinif rəhbərliyi üçün ödənilmiş əmək haqqını L.İbrahimova Ü.Qəhrəmanovaya nəğd şəkildə ödəyib. Məktəbin texniki işçiləri X15, X39, X11, X22, X28 məktəbdə texniki işçi kimi qeydiyyatda olsalar da, işə gəlməmişlər. Qeyd edilənləri məktəbin təsərrüfat müdiri və texniki işçiləri yazılı izahatları ilə təsdiq etdilər və həmin adları qeyd edilən işçiləri tanımadıqlarını bildirdilər. Sözügedən texniki işçilərdən Səbuhi Cavadov və Asif Qazıyev xx.xx.2023-cü il tarixində 61 nömrəli əmrlə, Vəfa Qəhrəmanova, Ələddin Salahov və Ülkər Aslanova xx.xx.2023-cü il tarixində 92 nömrəli əmrlə məktəbdə tutduqları vəzifələrindən azad edilmişdirlər. Azad edilən tarixədək isə onlara əməkhaqqı ödənilmişdir; Mingəçevir şəhər 4 saylı tam orta məktəbin HK-nın xx.xx.2024-cü ildə keçirilmiş iclasının 03 saylı protokolundan görünür ki, Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru İddiaçı məktəbdə vəzifəsindən sui-istifadə edərək ciddi qanun pozuntularını nəzərə alaraq əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir; X47 Təhsil İdarəsinin müdiri X48 təhsil müəssisəsinin direktorunun vəzifəsindən azad olunması ilə bağlı Əsaslandırmasından görünür ki, Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbin müəllimi X16 tərəfindən məktəbin direktoru İddiaçı qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətə əsasən xx.xx.2024-cü il tarixdə məktəbdə yoxlama keçirilmiş və ciddi nöqsanlar aşkarlanmışdır. Belə ki, məktəbin kitabxana müdiri X27 direktor İddiaçı həyat yoldaşıdır. İki kiçik xidmətedici işçi - X1 və X36 öz vəzifə funksiyalarını yerinə yetirməyərək, heç bir ərazini təmizləmirlər. Onları işi digər işçilər arasında bölüşdürülüb. Məktəbin təşkilatçısı Ülviyyə Qəhrəmanova ötən tədris ilində Vİİ, cari tədris ilində isə VİİİB sinfinə qeyri-rəsmi olaraq rəhbərlik edir, valideyn iclasları keçirir və sinif jurnalları onun tərəfindən yazılır. Həmin siniflərdə rəhbərlik məktəbin müəllimi Lemon İbrahimovanın adına tarifləşmişdir. Hər ay sinif rəhbərliyi üçün ödənilmiş əmək haqqı L.İbrahimova tərəfindən Ü.Qəhrəmanovaya nəğd şəkildə ödənmişdir. Məktəbin texniki işçiləri -X15, X39 (direktorun qardaşı), X11, X22, X28 məktəbdə texniki işçi kimi qəbul olunub, 2023-cü ilin iyun ayına kimi onlara əmək haqqı ödənilsə də işə gəlməmişlər. 2023-cü ilin may-iyun ayından işdən azad olunmuşlar. Məktəbin yoxlama keçirilən vaxt işdə olan texniki işçiləri izahat verərək həmin şəxsləri tanımadıqlarını bildirdilər; Mingəçevir şəhər Məhkəməsinin 1(051)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2005ci il tarixdə Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 329-69/3-1-125K/2024 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı məhkəmənin qanuni qüvvəsini almış qərarı olmadan qanunvericiliyin tələblərinin pozularaq və əmək fəaliyyəti zamanı nöqsanlara yol vermədiyindən əsassız əmrlə əmək müqaviləsinə xitam verildiyinə istinad edərək, işdən azad edilmə barədə əmrin ləğv edilməsi, vəzifəsinə bərpa edilməsi, işəgötürənin qanunsuz əmri əsasında məcburi iş buraxdığı müddət üzrə əmək haqqı məbləğinin ödənilməsi, bu müddətin işçinin əmək stajına daxil edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi isə ərizə verərək, iddia müddətini tətbiq etməklə və əmrin verilməsi üçün əsas olan X42 Təhsil İdarəsinin müdiri Elçin Kərimovun əsaslandırması, məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 03 saylı protokolu, izahatlar və aktlar nəzərə alınmaqla iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı tərəf öz növbəsində iddia müddətinin ötürülməsində üzrlü səbəb kimi Mingəçevir şəhər Məhkəməsi tərəfindən qərar qəbul edilməsini gözlədiyini qeyd edərək, müddətin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ və Vİ hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-in 70-ci maddəsində göstərilmişdir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Göründüyü kimi, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Eyni zamanda qanunverici işçinin əmək müqaviləsi ləğv edilərkən işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi və əmrin əsaslandırılması ilə bağlı mühüm vəzifələr qoymuşdur. Əmək Məcəlləsinin 83 və 84-cü maddələrində əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu müəyyən edilmişdir. Həmin maddələrə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər, məlumatlar göstərilir. Göstərilən maddi hüquq normalarının müqayisəli şəkildə təhlili əsasında belə nəticəyə gəlmək olar ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə müəyyən edilsə də, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilə bilər və həmin hallar əmrdə göstərilməklə əsaslandırılmalıdır. Məhkəmə iddianın əsaslı olub-olmamasını araşdırmadan, ilk növbədə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsinin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin iddia müddətinin tətbiqinə dair mülahizələrini dinləyərək hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyini və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulan 1 aylıq iddia müddətin ötürüldüyünü nəzərə alaraq hesab edir ki, hazırki iddia rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar - 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Sadalanan maddələrin məzmunundan göründüyü kimi, burada əsas məqam işçinin öz hüququnun pozulduğunu bilməsindən ibarətdir. İddiaçının iddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra məhkəməyə müraciət edərək hüquq və qanuni mənafelərinin pozulduğunu iddia etmişdir. Halbuki yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı qanunvericilikdə konkret olaraq bir ay müddətlə məhdudlaşdırılmışdır. İddiaçı isə vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmri alsa da, xx.xx.2024-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət üçün iddia müddətini ötürmüşdür. İddiaçı bu qədər müddət ərzində məhkəməyə müraciət olunmamasını Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi barədə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qərar qəbul edilməsini gözləməsi ilə əlaqələndirmiş və ötürülmüş iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Hazırki işdə Mingəçevir şəhər Məhkəməsi tərəfindən baxılan cinayət işi ilə tərəflər arasındakı əmək mübahisəsində mövcud olan mübahisə predmeti, hər iki sahə üzrə hüquq pozuntularına görə dövlət hakimiyyət orqanlarının gəldiyi qənaət fərqli olduğundan və bir-birindən asılı edilmədiyindən, iddia müddətinin axımı iddiaçının vəzifəsindən azad edilməsi barədə əmrdən məlumatı olduğu dövrdən hesablanmalıdır. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi əsası kimi Əmək Məcəlləsini 70-ci maddəsinin “ç” bəndi çıxış edir. İddiaçı əmək münasibətləri zəminində özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Yəni əmək müqaviləsinə xitam verilməsi əmək münasibətləri çərçivəsində əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş tələblərə iddiaçı tərəfindən riayət edilmədiyindən cavab tədbiri kimi çıxış edir. İddiaçı Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir şəhər Məhkəməsinin həyata keçirdiyi ədalət mühakiməsi isə onun tərəfindən cinayət qanunvericiliyi ilə qadağan edilmiş əməlin təqsirli olaraq törədilməsi ilə əlaqədar olmuşdur. Yəni, Mingəçevir Şəhər Məhkəməsinin iş üzrə çıxardığı nəticə İddiaçı tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətinin törədilməsindən irəli gəlir. Beləliklə, qeyd edilən müddətin uzun dövrü əhatə etdiyini və həmin müddətin üzrlü səbəblərdən buraxılmasına əsas verən hal olmadığından məhkəmə hesab edir ki, ötürülmüş iddia müddəti bərpa edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45). Məhkəmə iddiaçının iddia tələbinin əmək hüquqlarının bərpa edilərək, xx.xx.2024-cü il tarixli, 329-69/3-1-125K/2024 nömrəli işdən azad edilmə barədə əmrin ləğv edilməsi, Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, işəgötürənin qanunsuz əmri əsasında məcburi iş buraxdığı müddət üzrə əmək haqqı məbləğinin ödənilməsi, bu müddətin işçinin əmək stajına daxil edilməsi hissəsi ilə bağlı qeyd edir ki, ümumiyyətlə, tələb əsassızdır. Çünki iş materiallarına əlavə olunmuş HK-nın xx.xx.2024-cü ildə keçirilmiş iclasının 03 saylı protokolundan, X14, X50, İddiaçı, X31 və X9 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan və Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin işçilərinin izahatlarından görünür ki, iddaçı İddiaçı məktəbdə direktor vəzifəsində əmək fəaliyyətini həyata keçirdiyi zaman müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol vermiş, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirməmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X49 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğvi barədə əmr verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. 23 fevral 2016-cı il Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs İddiaçı əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətsə də, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud olmuşdur. Təqsirləndirilən şəxs İddiaçı cinayət əməlini törətməsi nəticəsində vurduğu 26280,25 manat məbləğində xeyli miqdarda maddi ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmiş, eyni zamanda vurulmuş 26280,25 manat məbləğində maddi ziyanın 25 faizini dövlət büdcəsinə ödəmişdir. Yekunda məhkəmə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara almışdır. Qeyd olunan qərardan görünür ki, iddiaçı Qazıyev X25 şəhər 4 saylı tam orta məktəbində əmək münasibətlərində olduğu zaman cinayət əməlləri törətmişdir. Dövlət büdcəsindən məktəbə ayrılmış, qanunsuz və əvəzsiz olaraq mənimsədiyi 26280,25 manat məbləğində vəsaiti və onun iyirmi beş faizini dövlət büdcəsinə ödədiyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə barışdığından cinayət məsuliyyətindən azad olunmuşdur. Lakin artıq məlum olduğu kimi Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə o, bəraətverici əsas olmadan sadəcə cinayət məsuliyyətdən azad edilmiş, məktəb üçün ayrılmış vəsaitin mənimsənilməsi üzrə hadisənin olması və İddiaçı həmin hadisəyə aidiyyəti inkar olunmur. Yəni həmin qərar İddiaçı əmək münasibətləri çərçivəsində vəzifə səlahiyyətlərindən suiistifadə edərək, nəinki əmək qanunvericiliyi, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əməl etməməsinin göstəricisidir və onun tərəfindən fəaliyyəti zamanı hüquq pozuntularına yol verilməsinin əlavə təsdiqləyici qüvvəsi kimi çıxış edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məktəbdə direktor vəzifəsini icra edərkən nöqsanlara yol vermədiyini bildirsə də, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən əmək müqaviləsinin ləğvi ilə bağlı verilmiş əmrin əsassız olduğunu təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddianı işdən azad edilmə barədə əmrin ləğv edilməsi hissəsində əsassız olduğu üçün təmin olunmaması qənaətinə gəldiyindən hesab edir ki, prosessual qənaət prinsipi baxımından iddianın qalan hissələrinə qiymət verilməsi üçün lüzum yoxdur, bu səbəbdən də iddia tələbi qalan hissələrdə də rədd edilməlidir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən və tələb əsassız olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilmədiyindən tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya rüsumu şəxsin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş 50 manat məbləğində mediasiya rüsumu İddiaçı aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-830/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-830/2025
14.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver