Məhkəmə qərarları › İş №e-2(005)-84/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-84/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-84/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, QYA 03 saylı və xx.xx.2021-ci il tarixli, QYA 04 saylı müqavilələr üzrə ona təhvil verilməli olan 520.0 kv.m qeyri-yaşayış sahəsinin tam olaraq təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı təhvil verilməli olan 58,4 kv.m qeyri-yaşayış sahəsinin bu günə olan qiyməti 440.920 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat, dövlət rüsumu kimi ödənilmiş 732 manat olmaqla, ümumilikdə 442.652 manat pulun Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli, QYA 03 saylı müqaviləyə əsasən “İcraçı” Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən yaşayış binasının tikintisinin sərmayələşdirilməsində “Sərmayəçi” İddiaçı iştirak edir, bina istifadəyə verildikdən sonra A bloku 1-ci və 2-ci mərtəbələrdə 400 kv.m qeyri-yaşayış sahəsinin “Sərmayəçi”yə verilməsini “İcraçı” öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən 400 kv.m. qeyri-yaşayış sahəsinin dəyəri 340.000 manat (1 kv.m=850 manat) təşkil edir və qeyd olunan məbləğ iddiaçı tərəfindən tam olaraq cavabdehə ödənilmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixli maliyyə arayışı da verilmişdir. İddiaçı təmirə başlayan zaman müəyyən etmişdir ki, 1-ci və 2-ci mərtəbədə almış olduğu sahə 2 pəncərənin orta hissəsinə düşür. Bu səbəbdən də məcbur qalıb hər mərtəbədən 60.0 kv.m olmaqla, ümumilikdə 120 kv.m qeyri-yaşayış sahəsini cavabdehdən alır. Bununla bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli, QYA 04 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən 120 kv.m qeyri-yaşayış sahəsinin dəyəri 240.000 manat (1 kv.m=2000 manat) təşkil edir və qeyd olunan məbləğ iddiaçı tərəfindən tam olaraq cavabdehə ödənilmişdir. Bina istismara qəbul edildikdən sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışlarda 1-ci və 2-ci mərtəbənin ölçüləri ayrıayrılıqda 230.80 kv.m. yazılmışdır. Bu isə o deməkdir ki, cavabdeh 520.0 kv.m qeyriyaşayış sahəsinin pulunu ondan alsa da ona cəmi 461.6 kv.m sahə vermişdir. Qeyriyaşayış sahəsinin hüquqi statusunu və texniki göstəricilərini müəyyən etmək üçün "xxxx" MMC tərəfindən araşdırma aparılaraq xx.xx.2023-cü il tarixli, 163/KS/23 və 164/KS/23 nömrəli rəylər verilmişdir. Həmin rəylər ilə bir daha təsdiq olunur ki, 1-ci və 2-ci mərtəbənin ölçüləri ayrı-ayrılıqda 230.80 kv.metrdir. Belə olan vəziyyətdə cavabdeh 58,4 kv.m sahə əksik verərək müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, iddiaçı Dövlət Reyestr Xidmətinə müraciət edib çıxarış aldıqdan sonra bilmişdir ki, qeyriyaşayış sahəsinin ölçüləri müqavilədə göstəriləndən azdır. Qeyri-yaşayış sahəsi 1 ilə yaxındır təmir olunub. iddiaçı qeyri-yaşayış sahəsini alanda içi boş olub, yəni arakəsmələr və əlavə tikililər olmayıb. Ancaq sonradan əlavə tikililər aparıb. 520 kv metr sahə verilməli idi. Lakin həmin sahə təhvil verilməyib. MTK öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir. İddia tələbi təmin olunacağı təqdirdə qətnamənin icra mərhələsində problem yaranmaması üçün iddia tələbinə dəqiqləşdirmə edərək, pul tələbinə dəyişmişlər. Onlar hazırki bazar dəyərinə uyğun məbləğ tələb edirlər. Baxış keçirilən zaman orada görülən pilləkən qəfəsindən həm onlar, həm digər tərəf istifadə edir. Arada yaranan 9 kv metr fərq isə həmin pilləkən qəfəsini əhatə edir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın vəkili Vəkil2 bildirmişdir ki, iddiaçı artıq ikinci qeyri-yaşayış sahəsini alanda binanın tikintisi başa çatmışdır. Qeyriyaşayış sahəsi ölçülüb təhvil verilmişdir. İddiaçı 2-3 ildən çoxdur ki, qeyri-yaşayış sahəsindən istifadə edir. 2020-ci ildə iddiaçı 400 kv. metr qeyri yaşayış sahəsini aldıqdan sonra avto salon kimi icarəyə vermişdir. Avto salonun da içərisi tamamilə boş olmalıdır ki, maşınlar içəridə yerləşdirilə bilsin. Yəni qeyri-yaşayış sahəsinin arakəsmələri aradan qaldırılmış vəziyyətdə olur. Sonradan 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı əlavə olaraq 120 kv. metr sahə alır və qeyri-yaşayış sahəsini 2 hissəyə bölür və orada əlavə tikililər edir. Ondan sonra da həmin qeyri-yaşayış sahəsini icarəyə verir. Qeyri-yaşayış sahəsinə əlavə olaraq pilləkən qalxır və həmin sahə qeyri-yaşayış sahəsinin içindən ayrılmışdır. Ona görə də ölçülər düz gəlmir. Müqavilə ilə də sonradan çatışmayan sahəyə görə pul tələb edilməsi qadağandır. Çünki bu hal iddiaçıya əvvəlcədən məlum olmuşdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ekspert X2 bildirmişdir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə forması fərqlidir. Müqavilələrin əksəriyyətində Şəhərsalma Məcəlləsinin 59-cu maddəsindən fərqli qaydada hesablama, yəni çöldən-çölə, oxdan-oxa nəzərdə tutulsa da, hazırki müqavilədə əksinə Qanunun tələblərinə uyğun hesablama nəzərdə tutulmuşdur. Müqavilənin 3.7.2-ci bəndinə əsasən ümumi sahə 230 kv. metr təşkil edir, çöldən-çölə hesablama aparıldığı zaman isə sahə 250 kv metr olur. Son zamanlar Mənzil Tikinti Kooperativləri tərəfindən müqavilələrdə çöldən-çölə, çöl divarının ortasından yazılır. Oxdan-oxa hesablama da ölçünün çöl divarın ortasından hesablanması deməkdir. Tikinti aparılan zaman çöl divarın qalınlığı adətən 40 sm olur. Ortasında hesablama edildiyi zaman isə 20 sm içəri doğru hesablanır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, “Sərmayəçi" İddiaçı, Bakı şəhəri Nərimanov rayonu Əbdüləzəl Dəmirçızadə küçəsində yerləşən yaşayış binasının tikintisinin sərmayələşdirilməsində iştirak edir, “İcraçı” yaşayış binası istifadəyə verildikdən sonra “A” Bloku 1 və 2-ci mərtəbələrdə qeyri-yaşayış sahəsinin, ümumi sahəsi 400.0 m2 “Sərmayəçi”yə verilməsini öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə “Sərmayəçi” göstərilən qeyri-yaşayış sahəsinə görə ödənişi 2 nömrəli əlavə ilə ödəyir (1 kv.metrinin dəyəri 850 manat olmaqla). Göstərilən qeyri-yaşayış sahəsi qiymətləndirilir, 400 kv.m. qeyri-yaşayış sahəsinə görə ödəniləcək məbləğ 340000 manat təşkil edir; - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, “Sərmayəçi” İddiaçı, Bakı şəhəri Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən yaşayış binasının tikintisinin sərmayələşdirilməsində iştirak edir, “İcraçı ” isə yaşayış binası istifadəyə verildikdən sonra “A” Bloku 1 və 2-ci mərtəbələrdə qeyri-yaşayış sahəsinin, ümumi sahəsi 60.0 + 60.0 =120,0 m2 “Sərmayəçi”yə verilməsinə öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə “Sərmayəçi” göstərilən qeyri-yaşayış sahəsinə görə ödənişi 2 nömrəli əlavə ilə ödəyir (1 kv.metrinin dəyəri 2000 manat olmaqla). Göstərilən qeyri-yaşayış sahəsi qiymətləndirilir, 136 m2 qeyri-yaşayış sahəsinə görə ödəniləcək məbləğ 240000 manat təşkil edir; - xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən “Grand Narimanoff” yaşayış kompleksində, blok “A” ümumi sahəsi 400.0 kv/m 1-ci və 2-ci mərtəbələrdə qeyri yaşayış üçün tam ödəniş etmişdir. Borcu yoxdur; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2, zirzəmi, 6 saylı qaraj (yeni qaydalarla: Az1008, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi (ümumi sahəsi 230,80 kv.m) İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 230,80) İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/2876 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 22 dekabr 2020-ci il və 08 noyabr 2021-ci il tarixli müqavilələrin 3.2.7-ci bəndləri nəzərə alınmaqla qeyri-yaşayış sahələrinin hər birinin ayrı-ayrılıqda ümumi sahəsinin 230,8 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, F. Əsədov küçəsi 8,10,12 (yeni qaydalarla: ünvan 3 ünvanında 1-ci və 2-ci mərtəbələrdə yerləşən qeyri-yaşayış sahəsinin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə qeyri-yaşayış sahələrinin hər birinin ayrılıqda ümumi sahəsi 250,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza xərci 50 manat təşkil etmişdir; - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (daşınmaz əşyanın ölçüsü 230.80 kv.m) 1 kv.metrinin qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində aşağıdakı kimi müəyyən olunmuşdur: 1 kv.m: 7500 manat. ünvan 4, zirzəmi, 6 saylı qaraj (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (daşınmaz əşyanın ölçüsü 230.80 kv.m) 1 kv.metrinin qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində aşağıdakı kimi müəyyən olunmuşdur: 1 kv.m: 7600 manat. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh MTK ilə xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində müqavilələr bağlayaraq, birinci müqavilə üzrə 400 kv.m, ikinci müqavilə üzrə 120 kv.m sahəsi olan qeyri-yaşayış sahələri əldə etmişdir. İddiaçı 2023-cü ildə çıxarış alarkən hər iki qeyri-yaşayış sahəsinin ayrıayrılıqda 230,80 kv.metr, cəmi 461,6 kv.metr olduğunu müəyyən etmişdir. Hazırda iddiaçı müqavilələrdə göstərilən sahələrlə ona təqdim edilmiş sahələr arasında fərqin olduğuna istinad edərək, əskik verilmiş 58,4 kv.metr sahənin əvəzinə 442652 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh tərəf isə eskiz layihədə və müqavilələrdə pilləkən meydançasının nəzərdə tutulduğuna, ekspert rəyində isə pilləkən meydançasının nəzərə alınmadığına, müxtəlif ölçmə metodları ilə yaranan fərqin nəzərə alınmayacığının müqavilədə şərtləndirildiyinə istinad edərək iddiaya etiraz edir. Hazırki iş üzrə tərəflər arasındakı mövcud hüquq münasibətləri xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr əsasında yaranmışdır. Həmin müqavilələrin 1-ci bəndinə uyğun olaraq Sərmayəçi" İddiaçı, Bakı şəhəri Nərimanov rayonu Əbdüləzəl Dəmirçızadə küçəsində yerləşən yaşayış binasının tikintisinin sərmayələşdirilməsində iştirak etməyi, “İcraçı” yaşayış binası istifadəyə verildikdən sonra “A” Bloku 1 və 2-ci mərtəbələrdə ümumi sahəsi 400 və 120 kv.metr olan qeyri-yaşayış sahələrinin “Sərmayəçi”yə verilməsini öhdəsinə götürmüşdür. Müqavilələrin 3.2.7-ci bəndlərinə görə, daşınmaz əmlakın ümumi sahəsinin dəqiqləşdirilməsi hər iki tərəfin birgə iştirakı ilə tikinti işlərinin son mərhələsi qurtardıqdan sonra aparılacaqdır. Daşınmaz əmlakın ümumi sahəsinin ölçüsü dedikdə fasad, divar və konstruksiyaların, mənzillər, qeyri-yaşayış sahələri, ara divarlar, pilləkən meydançasının divarlarının daxili üzü başa düşülür. Mənzilin ümumi sahəsində (mətbəx, tualet, hamam) keçən su və kanalizasiya xətlərinin, havalandırma şaxtalarının sahələri, beton pərdələrin və sütunların sahəsi mənzilin ümumi sahəsinin ölçüsünə aid edilir. Mənzillərdə (qeyri-yaşayış sahələrində) quraşdırılmış daxili arakəsmələrin tutduğu sahə daşınmaz əmlakın ümumi sahəsi hesablanarkən ümumi sahəsinin ölçüsü kimi nəzərə alınır. Bağlanmış müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı binanın tikinti işlərini tam başa çatdırdıqdan sonra qeyri-yaşayış sahələrini alıcıya təhvil verməyi, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 390.4-cü maddəsinə uyğun olaraq, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilənlər baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (sahənin həcmi) baxımından qüsurlu mal verib-verməməsi və müqavilə şərtlərinə əməl edilibedilməməsinin müəyyənləşdirilməsidir. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1, 762.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Hazırki iş üzrə məhkəmə tərəfindən keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 22 dekabr 2020-ci il və 08 noyabr 2021ci il tarixli müqavilələrin 3.2.7-ci bəndləri nəzərə alınmaqla qeyri-yaşayış sahələrinin hər birinin ayrı-ayrılıqda ümumi sahəsinin 230,8 kv.m. təşkil etdiyi, qeyri-yaşayış sahəsinin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə isə hər birinin ayrılıqda ümumi sahəsinin 250,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir Lakin hazırki iş üzrə tərəflər bağlanmış müqavilələrin 3.2.8-ci bəndlərində tərəflər müvafiq icra hakimiyyəti orqanı və ya digər təşkilatlar tərəfindən aparılan ölçmə metodları ilə tikinti mərhələsi başa çatdıqdan sonra hər iki tərəfin iştirakı ilə aparılan ölçmə metodları arasında yaranan fərqin nəzərə alınmayacağı barədə razılığa gəlmişlər. Məhkəmə qeyd edir ki, hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə qeyri-yaşayış sahəsinin ölçüsü ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Mübahisələndirilən müqavilələrdə isə tikinti mərhələsi başa çatdıqdan sonra müxtəlif ölçmə metodları ilə aparılan ölçmə zamanı yaranan fərqin nəzərə alınmayacağı şərtləşdirilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf tikinti mərhələsi başa çatdıqdan sonra hər iki tərəfin iştirakı ilə ölçmə aparılmadığını bildirsə də, cavabdehin nümayəndəsi qeyri-yaşayış sahələri təhvil verilərkən ölçmə aparıldığını, pilləkən meydançasının da nəzərə alınmalı olması barədə razılaşdıqlarını, eskiz layihədə və müqavilədə bunun nəzərdə tutulduğunu, lakin ölçmə aparılması ilə bağlı yazılı akt tərtib edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, hər iki tərəfin izahatına əsasən 2021-ci ildə artıq binanın tikintisi başa çatmış, qeyri-yaşayış sahələri təhvil verilmiş, iddiaçı isə hər hansı pretenziya irəli sürmədən həmin sahələri qəbul edərək təmir işlərinə başlamışdır. Həmin sahə əvvəllər avtosalon kimi icarəyə verilmiş, sonradan əlavə 120 kv.metr sahə alınaraq, arakəsmələr əlavə edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, təhvil verilməli olan sahələrin qeyri-yaşayış sahələri olduğu nəzərə alınarsa, həmin sahələr təhvil alınan zaman onların sahələrinin müqavilə şərtlərinə uyğun olub-olmamasının ölçülməməsi ağlabatan deyildir. Hər bir halda müqavilədə hər iki tərəf sonradan müxtəlif ölçmə metodları ilə yaranan fərqin nəzərə alınmayacağını razılaşdırmışlar. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir və belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Beləliklə, məhkəmə tərəflər arasında bağlanmış müqavilələrin 3.2.8-ci bəndlərini nəzərə alaraq və müqavilə şərtlərinin məcburiliyi prinsipini rəhbər tutaraq hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olmadığından çatışmayan sahəyə görə pulun tutulması və ondan törəyən digər tələblər təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesabAZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar