Məhkəmə qərarları › İş №e-2(005)-873/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-873/2024

27.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-873/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Cavabdeh2inə qarşı əmrin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin xx.xx.2023-cü il tarixli 3-19/3-1-Kt-0981/2023 əmrinin ləğvi, İddiaçı “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, cavabdehlərdən tutularaq İddiaçı 1000 manat məbləğində vəkil xidmət haqqının əvəzi, 50 manat məbləğində ilkin mediasiya sessiyası xərcinin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin xx.xx.2023-cü il tarixli 3-19/3-1-Kt-0981/2023 əmri ilə İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad edilmişdir. Əmrin nüsxəsi indiyə qədər rəsmi şəkildə İddiaçı təqdim olunmamış, onunla son haqqhesab aparılmamışdır. Əmrdə göstərilən bütün səbəblər həqiqətə uyğun deyil və tamamilə əsassızdır. Buna görə də əmr ləğv olunmalı, İddiaçı “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ona ödənilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil yazılı izahatlda məhkəməyə müraciət edərək bildirdi ki, cavabdehin təqdim etdiyi Gənclər və İdman nazirinin xx.xx.2023-cü il tarixli 3-19/3-1- S-0965/2023 saylı əmri ilə “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin “2020-2023-cü ilin 9 ayı ərzində fəaliyyətinin monitorinqi məqsədi” ilə Gənclər və İdman Nazirliyinin 5 işçisindən ibarət komissiya yaradılmışdır. Komissiyaya tapşırılmışdır ki, “monitorinqin nəticəsi barədə arayışı 15 iş günü müddətində rəhbərliyə təqdim etsin”. Əmrin preambula hissəsində vurğulanır ki, Agentliyin dövlət büdcəsindən maliyyələşməsi Nazirlik tərəfindən həyata keçirilir. Bu həqiqətə uyğun olmayan cümlə ilə əmri əsaslandırmağa cəhd edilib. Maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirir. Prezidentin xx.xx.2019-cu il tarixli 901 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın 2.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi maliyyələşməni publik hüquqi şəxsin və ya publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında, rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparır və maliyyələşdirilmiş vəsait müqavilə əsasında publik hüquqi şəxsin bank hesabına köçürülür. Əvvəla, göründüyü kimi, Agentliyin monitorinq edilməli olan fəaliyyətinin əhatə etdiyi müddət əmrdə qeyri-müəyyən təsbit edilmişdir: “2020-2023-cü ilin 9 ayı”. Yalnız ehtimal etmək olar ki, əslində söhbət 2023-ü ilin 9 ayından gedir. Lakin əmrdə bu cür səhvin olması onun necə tələskənlik, qərəz və qeyri-peşəkarlıqla hazırlanmasından xəbər verir. Əslində, Nazirin belə əmr verməyə səlahiyyəti yoxdur. Belə ki, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Qanunun 6-cı maddəsinə görə Agentlik maliyyə sərbəstliyinə və öz büdcəsinə malik olmaqla fəaliyyətini onun Nizamnaməsi ilə nəzərdə tutulmuş funksiya və öhdəliklərini müstəqil şəkildə həyata keçirir. Qanunun 9-cu maddəsinə uyğun olaraq Agentliyin müşahidə şurasının tərkibi Nazirlik tərəfindən müəyyən olunur. Agentliyin Nizamnaməsinin 4.3-cü bəndində deyilir: “Agentliyin idmanda dopinqdən istifadənin qarşısının alınması və onunla mübarizə ilə bağlı strategiyasının hazırlanmasına və onun həyata keçirilməsinə ictimai nəzarəti Müşahidə Şurası həyata keçirir”. Nizamnamənin 4.5-ci bəndində həmin Şuranın, 4.11-ci bəndində isə onun sədrinin səlahiyyətləri təsbit edilib. Məsələn, 4.11.7-ci bənddə deyilir ki, sədr “Agentliyin maliyyə fonduna və onun fəaliyyətinin bütün istiqamətlərinə nəzarət edir”. Başqa sözlə, Agentliyin icra orqanı (direktoru) üzərində nəzarət (yoxlama, monitorinq və s.) apara bilən yeganə orqan Müşahidə Şurasıdır, hansısa komissiya yox. Neçə ildir ki, X10 tərkibini təsdiq etmir. Amma bu o demək deyil ki, Müşahidə Şurasının səlahiyyətlərini yaratdığı hansısa komissiyaya həvalə edə bilər. Həmçinin əmrdə komissiyanın səlahiyyətləri də müəyyən olunmayıb. Qanunun 3.0.4-cü maddəsinə əsasən idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizənin əsas prinsiplərindən biri də məxfilikdir, Agentliyin rəhbərliyi, o cümlədən İddiaçı həmin statusu və səlahiyyətləri naməlum olan komissiyaya məlumatları açıqlamalı da deyildi. Bu, həmçinin Agentliyin müstəqilliyi ilə də uzlaşmır. Ümumiyyətlə, Qanunun 5-ci maddəsinə əsasən Agentlik öz fəaliyyətini həmin Qanun, Ümumdünya Antidopinq Məcəlləsi, beynəlxalq standartlar, habelə onun vəzifələrini və hüquqlarını müəyyən edən digər normativ hüquqi aktlar, qaydalar və Nizamnaməsi əsasında həyata keçirir. Cavabdeh Nazirin sözügedən əmri hansı normativ hüquqi akta və ya Nizamnamənin hansı bəndinə əsasən verdiyini indiyədək bildirməyib. Vergi orqanının saytından görünür ki, 2023-cü ilin oktyabr ayında İddiaçı işdən azad edildikdən sonra Nizamnaməyə dəyişikliklər edilib. Bizdə olan məlumata görə Nazirlik postfaktum iddiaçının azad olunmasına qanuni don geyindirmək üçün Nizamnaməyə düzəlişlər edib. İddiaçı işdən azad edildiyi anda Nizamnaməyə görə Nazirin belə komissiya yaratmaq səlahiyyəti olmayıb. Nizamnaməyə sonradan bu istiqamətdə edilmiş düzəliş elə məhz ondan xəbər verir ki, Cavabdeh səlahiyyətsiz olduğunun fərqindədir. Cavabdehin nümayəndəsi şifahi olaraq Nazirliyin Əsasnaməsinə istinad etdi. Lakin bu da yanlış mövqedir. Belə ki, həmin Əsasnamənin 8.5-ci bəndində Nazirliyin belə bir vəzifəsi təsbit olunub: “müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət nəzarətini həyata keçirmək”. Yəni istədiyi hallarda və qaydada yox, “müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada”. Həmin qanunvericiliyin mövcudluğuna dair Cavabdeh heç bir sübut təqdim etməyib. Əsasnamənin 14.5-ci bəndində deyilir ki, Nazir “qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir”. Ən əsası Nazirin bu səlahiyyətinin kimə aid olması qeyd olunmayıb. Müqayisə üçün 14.3-cü bənddə deyilir ki, Nazir “müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir”. Burada tam aydındır və genişdir. Deməli, 14.5-ci bəndin Agentliyə aidiyyəti yoxdur. Müqayisə üçün İqtisadiyyat Nazirliyinin Əsasnaməsində belə bəndlər (səlahiyyətlərə dair) var: “3.0.96. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların vəzifələrini yerinə yetirmək üçün istifadə etdikləri məqsədli büdcə və digər vəsaitlərin xərclər smetalarını təsdiq etmək və onların təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək”; “3.0.100. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək və Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək”. Deməli, X4 Nazirliyinə verdiyi səlahiyyətləri Gənclər və İdman Nazirliyinə verməyib. Beləliklə, Komissiyanın yaradılması barədə əmrin özü qanunsuzdur. İddiaçı və Agentlik onlara hər hansı sənəd və məlumat vermək üzrə nəinki öhdəlik daşımırdı, buna hüquqları da yox idi. Cavabdehin təqdim etdiyi Nazirin xx.xx.2023-cü il tarixli 3-19/3-1-S-0965/2023 saylı əmri ilə Agentliyin xx.xx.2023-cü il tarixli 94/23 saylı əmrinin İddiaçıya aid olan hissəsi qismən ləğv edilmişdir. Yəni İddiaçı faktiki olaraq ezamiyyətdən geri çağırılmışdır. Əvvəla, əmri Nazir səlahiyyətlərini müvəqqəti icra edən kimi nazir müavini Mariana Vasileva imzalamışdır. Onun həqiqətən də bu səlahiyyətləri icra etməsi barədə təsdiqedici sənəd Məhkəməyə təqdim olunmayıb. Belə ki, hətta Nazirliyin saytından da görünür ki, xx.xx.2023-cü il tarixdə Xəyal adasında (Dreamland) qolf üzrə "Zəfər" turnirinin açılış mərasimində məhz və yalnız nazir müavini kimi iştirak edib. Nazir səlahiyyətlərini müvəqqəti icra edən kimi yox! Deməli, əmri səlahiyyətsiz şəxs imzalayıb. Digər tərəfdən, Nazirin belə əmr vermək səlahiyyəti ümumiyyətlə yoxdur. 14.5-ci bəndin Agentliyə aidiyyəti yoxdur. 14.6-cı bənddə əsasən isə Nazir “Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir”. Tutaq ki, lap bu bəndin Agentliyə aidiyyəti var. Bu halda ləğv əmrində Agentliyin əmrinin qanunvericiliyə zidd olması əsaslandırılmalı idi. Nazir hər bir qərarı ləğv edə bilməz axı. Qanunvericiliyə zidd olan qərarı ləğv edə bilər. Deməli, əmrin qanunvericiliyə zidd olmasını əsaslandırmalı idi. Amma heç indi də bunu sübut edə bilmir. Digər tərəfdən, İddiaçı həqiqətən də komissiyanın yaradılması ilə bağlı ezamiyyətdən müvəqqəti geri dönmüş və xx.xx.2023-cü il tarixdə Agentliyin binasında komissiya üzvləri ilə görüşmüşdür. Əmrdə bunun guya həmçinin xx.xx.2023-cü il tarixdə də baş verdiyi qeyd edilsə də, həqiqətə uyğun deyil. İddiaçı yalnız xx.xx.2023-cü il tarixdə Agentliyin binasında olub. Təsadüfi deyil ki, Komissiyanın xx.xx.2023-cü il tarixli aktında İddiaçının adı yoxdur. Yalnız xx.xx.2023-cü il tarixli Aktda İddiaçının adı var. Deməli, əmrdə yalan məlumat da var. Nəhayət, əmrin 3-cü bəndində onun surətinin məlumat üçün Agentliyə çatdırılmasının təmin edilməsi qeyd olunsa da, o, Agentliyə çatdırılmayıb. Buna dair heç bir sübut da yoxdur. Hər bir halda xx.xx.2023-cü il tarixi cümə günü olub. Təqdim etdiyimiz videoçəkilişlərdən görünür ki, Komissiya üzvləri həmin gün saat 18.44-də hələ də Agentliyin binasında olublar və aktı həmin radələrdə imzalayıblar (videoda bu anın bir nəfər tərəfindən telefonuna çəkməsi də görünür). İş günü bitmişdi. Nazir müavini əmrinin preambulasının ikinci abzasında o cümlədən xx.xx.2023-cü il tarixli akta istinad edir. Həmin gün ərzində də aktın Nazirə təqdim olunması və əmr verilməsi ağlabatan deyil. Ən yaxşı halda xx.xx.2023-ci il saat 19.00-dan sonra. Deməli, hər bir halda iş günü və iş həftəsi bitmişdi. xx.xx.2023-cü il tarixdə, yəni bazar günü isə İddiaçı ezamiyyətini davam etmək üçün xaricə getmişdir. Deməli, bu əmr barədə ona heç bir halda məlumat verilə bilməzdi. Başqa sözlə, İddiaçı işdən çıxarılanda ezamiyyətdə olub. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə görə isə işəgötürən tərəfindən işçi ezamiyyətdə olduğu vaxtda əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu əmr də məhz guya İddiaçının ezamiyyətdə olmadığını əsaslandırmaq üçün qayırılmışdır. Cavabeh həmçinin Komissiya üzvlərinin imzaları ilə təsdiq olunmuş dörd akt təqdim edib. xx.xx.2023-cü il tarixli aktda qeyd edilir ki, İddiaçı ezamiyyətə gedib və səlahiyyətlərini heç bir əməkdaşa həvalə etməyib. Guya buna görə də Komissiyaya heç bir sənəd təqdim olunmayıb. Əslində şəxsin ezamiyyətə getməsi mütləq olaraq səlahiyyətlərini kiməsə həvalə etməli olduğu anlamına gəlmir. Həmçinin Komissiyanın sənəd tələb etməyə səlahiyyəti də yoxdur. Hər bir halda Agentlik ilk gündə məsələni araşdırmalı idi. xx.xx.2023-cü il tarixli aktda bir sıra təqdim edilməmiş sənədlər sadalanır. Təqdim edilmiş sənədlər barədə isə heç nə deyilmir. Halbuki, həmin gün üzrə təqdim edilmiş 4 videodan görünür ki, sənədlər təqdim olunub. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarda da yenə də qeyd edilən sənədlərin bir hissəsinin təqdim olunmadığı vurğulanır. Lakin həmin günlərə dair də sənədlərin təqdim olunduğunu göstərən 5 video təqdim etmiş mövcuddur. Sonuncuda eyni zamanda qeyd edilir ki, İddiaçı “izahat verməkdən imtina edərək komissiya üzvlərinin belə bir səlahiyyətinin olmadığını, hesabat və izahatlarını yalnız nazirə verəcəyini bildirmişdir”. Yuxarıda da qeyd edildiyi kimi, Komissiyanın iddia etdiyi səlahiyyətlər Nazirliyin hərəkətsizliyi səbəbindən mövcud olmayan Müşahidə Şurasına mənsubdur. İddiaçı da məhz buna görə məsələni yalnız Nazirə məruzə edəcəyini bildirmişdir. Beləliklə, Nazirin xx.xx.2023-cü il tarixli 3-19/3-1-Kt0981/2023 əmri ilə İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Agentliyin direktoru vəzifəsindən azad edilməsi qanunsuz və əsassızdır. Əmr ona əsaslanır ki, guya İddiaçı nizam-intizam qaydalarına zidd hərəkət edib. Əmr ona əsaslanır ki, İddiaçı subordinasiya qaydalarına zidd olaraq Komissiyaya sənəd və məlumatları təqdim etməyib. Əslində imkan daxilində edib və bu, təqdim edilmiş videolardan görünür. Bununla belə etməsinə də zurərət olmamışdı. Çünki Komissiyanın yaradılması və fəaliyyəti qanunsuz olub. Beləliklə, əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadən heç bir əsası yoxdur. Nəhayət, əmr verilən gün İddiaçı ezamiyyətdə olub (ezamiyyət xx.xx.2023-cü il tarixdə bitməli idi), buna görə də işdən azad oluna bilməzdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nümayəndə iddiaçının öz vəzifəsini lazımınca icra etməməsi səbəbindən iş yerinin normal ahənginin pozulması, komisiyyanın fəaliyyətinə süni əngəllər yaradılması səbəbindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə müvafiq aktlar tərtib edildiyi və bu aktlar əsasında iddiaçının tutduğu vəzifəsindən azad edilməsinə dair qanuni əmr verildiyini, iddia ərizəsini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2016-cı il tarixli, ŞT-96 nömrəli əmrdən görünür ki, İddiaçı 21 dekabr 2016-cı il tarixindən “Azərbaycan Milli Antidopinq Agentliyi” X15 direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, ŞT-96 nömrəli əmrdən görünür ki, "Azərbaycan Milli Antidopinq Agentliyi” PHŞ-nın 2020-2023-cü ilin 9 ayı ərzində fəaliyyətinin monitorinqi məqsədilə komisiya yaradılmışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-19/3-19-İR- ŞM042/2023/1 nömrəli əmrdə qeyd olunur ki, Nazirliyin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən "Azərbaycan Milli Antidopinq Agentliyi"(AMADA) publik hüquqi şəxsdə keçirilən monitorinq zamanı müəyyən edilmişdir ki, AMADA-nın direktoru İddiaçı 29 sentyabr 2023-cü il tarixli 94/23 №-li əmrlə, direktor səlahiyyətlərini digər əməkdaşa həvalə etmədən, 2-7 oktyabr 2023-cü il tarixlərdə Latviyanın Riqa, 8-11 oktyabr 2023-cü il tarixlərdə isə Polşanın Varşava şəhərlərinə ezam edilmişdir. Eyni zamanda, məlum olmuşdur kı, İddiaçı ezam olunduğu ölkədən geri qayıtmış, 5-6 oktyabr 2023cü il tarixlərdə Bakı şəhərində yerləşən AMADA-nın inzibati binasında, iş yerində olmuş və komissiya üzvləri ilə müzakirələr aparmışdır. Bu barədə komissiya üzvləri tərəfindən müvafiq akt tərtib edilmişdir. Agentliyin rəhbərliyinin ezamiyyədə olması səbəbindən monitorinqin keçirilməsində ciddi əngəllər yaranmış və komissiyanın fəaliyyəti kobud şəkildə pozularaq, mümkünsüz olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, "Azərbaycan Milli Antidopinq Agentliyi" publik hüquqi şəxsin 29 sentyabr 2023cü il tarixli 94/23 nömrəli əmrində İddiaçı aid olan hissəsi qismən ləğv edilməsi və “Azərbaycan Milli Antidopinq Agentliyi" publik hüquqi şəxsin direktoru İddiaçı 06 oktyabr 2023-cü il tarixindən etibarən işdə hesab olunması və vəzifə səlahiyyətlərinin icrasına başlaması sənəd dövriyyəsi və vətəndaşların müraciətləri şöbəsi (M.Quliyeva) əmrin surətinin məlumat üçün "Azərbaycan Milli Antidopinq Agentliyi" publik hüquqi şəxsə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-19/3-İ-Kt- 0981/2023 nömrəli əmrdə qeyd olunur ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsisçisi olduğu "Azərbaycan Milli Antidopinq Agentliyi" (AMADA) publik hüquqi şəxsə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin səmərəli və qanunvericiliyə uyğun olaraq məqsədli istifadəsinin monitorinqi və 2020-2022-ci illər və 2023-cü ilin 9 ayı ərzində Agentliyin bu sahədə fəaliyyətinin araşdırılması məqsədilə nazirliyin 02 oktyabr 2023-cü il tarixli 3-19/3-1 -S- 0965/2023 nömrəli əmri ilə müvafiq komissiya yaradılmışdır. Araşdırmanın gedişatı zamanı AMADA-nın direktoru İddiaçı nizam-intizam və subordinasiya qaydalarına zidd olaraq, komissiyanın fəaliyyətinə süni maneələr törətməklə ciddi əngəllər yaratmış, əsassız olaraq müxtəlif bəhanələr gətirərək zəruri maliyyə sənədlərini və məlumatları komissiyaya təqdim etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş tabeçilik prinsiplərinə etinasız yanaşaraq, faktiki olaraq komissiyanın işini və icra intizamının normal ahəngini kobud şəkildə pozmuşdur. Bu səbəbdən də, nazirliklə AMADA arasında bağlanmış dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə 09 yanvar 2023-cü il tarixli müqavilənin 2.4.2-ci yarımbəndinə uyğun olaraq, nazirliyin səlahiyyətləri ilə bağlı verilmiş əmrin icrası mümkün olmamışdır. Bu barədə komissiya üzvləri tərəfindən müvafiq aktlar tərtib edilmişdir. Yuxarıda göstərilənlərə əsasan, “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 09 oktyabr 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi; “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsinin icrasının müvəqqəti olaraq “AMADA” phş-in direktor müavini Rüfət Bağırova həvalə edilməsi; Nazirlik üzrə 02 oktyabr 2023-cü il tarixli 3-19/3-1-S- 0965/2023 nömrəli əmrlə yaradılmış komissiyaya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhviltəslim işlərinin həyata keçirilməsinni tapşırılması; sənəd dövriyyəsi və vətəndaşların müraciətləri şöbəsinni (M.Quliyeva) əmrin surətinin məlumat üçün Gənclər və İdman Nazirliyinin tabeliyində olan digər qurumlara çatdırılmasının təmin edilməsi əmr edilmişdir. xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, aktı imza edən şəxslər Gənclər və İdman Nazirinin müşaviri X12, Daxili nəzarət və audit sektorunun müdiri X5, idman şöbəsinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri X9, Daxili nəzarətvə auditsektorunun baş məsləhətçisi X6, idman şöbəsinin Tibbi təminat sektorunun məsləhətçisi X13, Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin Maliyyə və insan resursları şöbəsinin müdiri X7 bu aktı tərtib etmişlər ki, “Azərbaycan Milli Antidopinq Agentliyi” PHŞ-nin direktoru İddiaçı 29.09,2023- cü İl tarixli 94/23 №-li əmrlə ölkə xaricinə ezamiyyə getdiyini və vəzifə səlahiyyətlərini heç bir əməkdaşa həvalə etməmişdir. Qeyd edilən məsələyə istinad edilərək, müvafiq əmrlə monitorinqin keçirilməsi üçün şərait yaradılmadı, heç bir sənəd təqdim edilmədi. Monitorinq keçirilməsinə süni əngəllər yaradılaraq, şərait yaradılmadı. xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, aktı imza edən şəxslər Gənclər və İdman Nazirinin müşaviri X12, Daxili nəzarət və audit sektorunun müdiri X5, İdman şöbəsinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri X9, Daxili nəzarət və audit sektorunun baş məsləhətçisi X6, İdman şöbəsinin Tibbi təminat sektorunun məsləhətçisi X13, Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin Maliyyə və insan resursları şöbəsinin müdiri X7 və hüquqşünası Cəfərli Murad bu aktı tərtib etmişlər ki, xx.xx.2023-cü il tarixli 3-19/3-1-S- 0965/2023 №- li monitorinq keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə əsas vəsaitlərin siyahısı, debitor yə kreditor öhdəliklərə dair məlumatlar, 2020-ci, 2021-ci illər üçün bank çıxarışları, davamiyyət cədvəlləri, 2020-ci, 2021-ci illər üçün dopinqin müəyyənləşdirilməsi üçün testlərin laboratoriyaya göndərilməsinə dair təsdiqedici sənədlər, müşahidə şurasının tərkibi, yığıncaqların qərar və iclas protokolları, “Terapevtik istifadəyə icazə” komitəsinin tərkibi, “İntizam” komitəsinin tərkibi, “Apellyasiya” komitəsinin tərkibi barədə məlumatlar, əmrlərin uçotu jurnalı, təsisçi qismində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təsdiqlənmiş Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin ştat cədvəli, strukturun, əməyin ödənişi fondunun və işçilərin faktiki say həddinin təsdiqlənmiş cədvəli təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, aktı imza edən şəxslər Gənclər və İdman Nazirinin müşaviri X12, Daxili nəzarət və audit sektorunun müdiri X5, idman şöbəsinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri X9, Daxili nəzarət və audit sektorunun baş məsləhətçisi X6, idman şöbəsinin Tibbi təminat sektorunun məsləhətçisi X13, Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin Maliyyə və insan resursları şöbəsinin müdiri X7 və Hüquq şöbəsinin müdiri Abasov Fərhad bu aktı tərtib etmişlər ki, xx.xx.2023-cü il tarixli 3-19/3-1-S- 0965/2023 s №li monitorinq keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə əsas vəsaitlərin siyahısı, 2020-ci, 2021-ci illər üçün bank çıxarışları, davamiyyət məlumatlarını əks etdirən kağız və ya elektron formatda sənədlər, 2020-ci, 2021-ci illər üçün dopinqin müəyyənləşdirilməsi üçün testlərin laboratoriyaya göndərilməsinə dair təsdiqedici sənədlər, əmrlərin uçotu jurnalı, təsisçi qismində Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi tərəfindən təsdiqlənməli olan Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin strukturu, əməyin ödənişi fondu və işçilərin faktiki say həddinin təsdiqlənmiş ştat cədvəli, bu olmadıqda müvafiq ştat cədvəlini təsdiq etmək səlahiyyətinin verilməsini əks etdirən gənclər və İdman naziri tərəfindən təsdiqlənmiş rəsmi sənəd “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə” müqavilə təqdim edilməmişdir. Ümumiyyətlə əsassız bəhanələr gətirilərək, qeyd edilən sənədlər təqdim edilməməklə monitorinqin həyata keçirilməsinə şərait yaradılmadı. xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, aktı imza edən şəxslər Gənclər və İdman Nazirinin müşaviri X12, Daxili nəzarət və audit sektorunun müdiri X5, İdman şöbəsinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri X9, Daxili nəzarət və audit sektorunun baş məsləhətçisi X6, İdman şöbəsinin Tibbi təminat sektorunun məsləhətçisi X13, Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin direktoru İddiaçı, Maliyyə və insan resursları şöbəsinin müdiri X7 və Hüquq şöbəsinin müdiri Abasov Fərhad bu aktı tərtib etmişlər ki, xx.xx.2023- cü il tarixli 3-19/3-1-S-0965/2023 №-li monitorinq keçirilməsi ilə bağlı xx.xx.2023- cü il tarixdə əsas vəsaitlərin siyahısı, 2020-ci, 2021-ci illər üçün bank çıxarışları, davamiyyət məlumatlarım əks etdirən kağız və ya elektron formatda sənədlər, 2020-ci, 2021-ci illər üzrə dopinqin müəyyənləşdirilməsi üçün testlərin laboratoriyada göndərilməsinə dair tesdiqeösci sənədlər, əmrlərin uçotu jurnalı, təsisçi qismində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təsdiqlənməli olan Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin strukturu, əməyin ödənişi fondu və işçilərin faktiki say həddinin ştat cədvəli, bu oimadıqda müvafiq ştat cədvəlini təsdiq etmək səlahiyyətinin verilməsini əks etdirən gənclər və idman naziri tərəfindən təsdiqlənmiş rəsmi sənəd təqdim edilməmişdir. Gənclər və idman nazirinin xx.xx.2023-cü il tarixli, 3-19/3-1-S- 0965/2023 №-İİ əmri İiə yaradılmış komissiya tərəfindən 02-xx.xx.2023-cü il tarixlərdə həyata keçirilməli olan monitorinq tədbirlərinə qurumun əməkdaşları tərəfindən süni maneənin yaradılması, qurumun direktoru və hüquq şöbəsinin müdirinin Latviyanın Riqa şəhərində ezamiyyədə olduğu dövrdə səlahiyyətlərini müvəqqəti icra edən müavinlərdən birinin monitorinq tədbirlərinin həyata keçirilməsinə lazımi şərait yaratmaması və normal ahənginin pozulması, o cümlədən komissiya üzvləri tərəfindən əhəmiyyətlilik dərəcəsi və ardıcıllığına görə tələb edilən rəsmi sənəd və məlumatların tam və operativ şəkildə təqdim edilməsinin təmin edilməsində müxtəlif bəhanələr gətirməklərinin həqiqi səbəbləri barədə suallar verildikdə qurumun direktoru İddiaçı şifahi izahat verməkdən imtina edərək komissiya üzvlərinin belə bir səlahiyyətinin olmadığını, hesabat və izahatlarını yalnız nazirə verəcəyini bildirmişdir. Növbəti aktan müəyyən olunur ki, Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin direktoru İddiaçı Maliyyə və insan resursları şöbəsinin müdiri X7 və Hüquq şöbəsinin müdiri Abasov Fərhad xx.xx.2023-cü il tarixli aktı imzalamaqdan imtina etmişlər. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 01:33-də Heydər Əliyev adına X2 istiqamətində çıxmış, xx.xx.2023-cü il tarixdə saat 02:57-də geri dönmüş, xx.xx.2023-cü il tarixdə saat 02:54-də Heydər Əliyev adına X3 istiqamətində çıxmış, xx.xx.2023-cü il tarixdə saat 05:37-də geri dönmüşdür. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı 21 dekabr 2016-cı il tarixindən “Azərbaycan Milli Antidopinq Agentliyi” X15 direktoru vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə İddiaçı 2-7 oktyabr 2023-cü il tarixlərdə Latviyanın Riqa, 8-11 oktyabr 2023-cü il tarixlərdə isə Polşanın Varşava şəhərlərinə ezam edilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-19/3-19-İR-ŞM042/2023/1 nömrəli əmri ilə “Azərbaycan Milli Antidopinq Agentliyi" publik hüquqi şəxsin direktoru İddiaçı 06 oktyabr 2023-cü il tarixindən etibarən işdə hesab olunması və vəzifə səlahiyyətlərinin icrasına başlamasına dair göstəriş verilmişdir. “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 09 oktyabr 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. İş materiallarından müəyyən olunur ki, iddiası İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-19/3-İ-Kt-0981/2023 nömrəli əmri ilə 09 oktyabr 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Yuxarıda qeyd olunan normanın məzmunundan aydın olur ki, işçi ilə bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək işəgötürənin tətbiq etdiyi intizam tənbeh tədbirlərindən biri, dərəcəsinə görə ən ağırıdır. Məhz bu səbəbdən də qanunverici işəgötürənə öz mülahizəsinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsini həmin əsasla ləğv etməsini qadağan etmiş, bu intizam tənbeh tədbirinin tətbiq edilməsi üçün əsasları göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İş materiallarında olan xx.xx.2023-xx.xx.2023-cü il tarixli aktlarda məhz İddiaçı öz vəzifə borcunu yerinə yetirmədiyinə görə işin normal ahənginin pozulduğu qeyd edilmiş və bu əsasla da müvafiq əmr verilmişdir. Həmin aktların məzmunundan və cavabdeh tərəfindən məhkəmə təqdim olunmuş video görüntülərdən yoxlamaq qrupuna, komissiya üzvlərinə baxış üçün tələb olunan sənədlərin verilmədiyi, komissiyanın fəaliyyətinə süni əngəllər yaratmaqla ümumilikdə işin normal ahənginin pozulduğu görüntüsü yaranır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, komissiya üzvlərinin olduğu və çəkiliş apardığı iş otağının kamera görüntülərindən aktların tərtib olunduğu tarixlərdə məzmunu görüntüdən müəyyən olunmayan sənədlərin komissiya üzvlərinə təqdim edildiyi görünür. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 19/3-19-İR-ŞM042/2023/1 nömrəli əmrində də İddiaçı ezam olunduğu ölkədən geri qayıtdığı, 5-6 oktyabr 2023-cü il tarixlərdə Bakı şəhərində yerləşən AMADA-nın inzibati binasında, iş yerində olduğu və komissiya üzvləri ilə müzakirələr apardığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, sözügedən aktlar iddiaçının vəzifə borcunu yerinə yetirməməsinin birmənalı sübutu kimi qəbul oluna bilməz. Belə ki, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-19/3-İ-Kt- 0981/2023 nömrəli əmrində İddiaçı vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən azad edilərkən istinad edilən yeganə hal xx.xx.2023-xx.xx.2023-cü il tarixli aktlarda qeyd edilənlər hallar olmuşdur. Halbuki bu aktlar digər sübutların yoxluğu halında iddiaçının vəzifə borcunu yetirməməsinin təsdiqi kimi qəbul edilə bilməz. İddiaçının vəzifəsindən azad edilməsi barədə əmrdə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmamışdır. Yəni işəgötürən digər tənbeh tədbirlərini tətbiq edə biləcəyi halda, hansı zərurətdən işçi ilə bağlanmış əmək müqaviləni ləğv etməsini əsaslandırmalıdır. Halbuki bu hal sözügedən əmrdə öz əksini tapmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır. İş materiallarından aydın olur ki, İddiaçı 2-7 oktyabr 2023-cü il tarixlərdə Latviyanın Riqa, 8-11 oktyabr 2023-cü il tarixlərdə isə Polşanın Varşava şəhərlərinə ezam edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ölkəni tərk etmiş, xx.xx.2023-cü il tarixdə geri dönmüş, xx.xx.2023-cü il tarixdə yenidən ölkəni tərk etmişdir. Göründüyü kimi İddiaçı ezamiyyə əmrinə uyğun olaraq hərəkət etmişdir. İddiaçı ezamiyyədə olmasının işin normal ahəngini pozması səbəbindən həmin əmrin ləğv edilməsi özlüyündə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsası ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə iclasında iddiaçının vəkili xx.xx.2023-cü il tarixli aktın iş vaxtından sonra tərtib edildiyini və buradan da bu akta əsasən İddiaçı ezamiyyə əmrinin ləğv olunmasına dair Nazirliyin vaxt etibarı ilə daha sonra əmr verdiyini bildirdikdə cavabdeh tərəf bu hallara etiraz etməmiş, bu hal mübahisələndirilməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş kamera görüntülərdən xx.xx.2023-cü il tarixdə yoxlama aparmış komissiya 18:44 tarixindən sonra aktı tərtib etdiyi müəyyən olunur. Belə ki, bu video görüntülərdə audio yazı qeydə alınmasa da, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş eyni tarixli video-audio görüntü ilə cavabdehin təqdim etdiyi video-audio görüntü arasında eyniyyat olması və saatın 18:44 olması müəyyən edilir. Buradan da komissiya üzvlərinin apardıqları video çəkilişdə aktın tərtib edilməsini tarixini öncəki saat (15:00-15:30 aralığı) qeyd etdikləri aydın olur. Bütün bunları nəzərə alaraq xx.xx.2023-cü il tarixinin həftənin cümə günü, yəni sonuncu iş günü olması və İddiaçı ezamiyyə əmrinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə gecə saatlarında (iş günü başlamamışdan xeyli müddət əvvəl) ölkəni tərk etməsi nəzərə alınarsa, o zaman iddiaçının onun barəsində verilmiş ezamiyyə əmrinin ləğv edilməsi və işdə hesab edilməsinə dair əmrdən məlumatlı olması mümkünsüzdür. Cavabdeh tərəf də iddiaçının qeyri-iş günlərində bu əmrdən xəbərdar edildiyini sübuta yetirməmişdir. Yəni ezamiyyə əmrinin ləğv edildiyi barədə məlumatlı olmayan iddiaçı həmin əmrə uyğun olaraq ölkəni tərk etmişdir və ezamiyyə müddətinin sonunda da geri dönmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işçinin barəsində qeyri iş vaxtı akt tərtib edilməsi və bu akta əsasən əmr verilməklə həmin gündən içşinin işdə hesab edilməsi və daha sonra vəzifələrinin icrasını lazımınca icra etməməsi əsası ilə onun vəzifəsindən azad edilməsi ədalətli deyil. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etiraz etsə də, iddianın əsassızlığına dair hər hansı dəlil təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırki halda isə cavabdeh iddiaya etirazını əsaslanıra bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin xx.xx.2023-cü il tarixli 3-19/3-1-Kt-0981/2023 əmrinin ləğv edilməsi İddiaçı “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və bu hissədə təmin edilməlidir. Məhkəmə vəkillə bağlanmış müqavilə üzrə onun tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş 1000 manat məbləğində pulun və mediasiya sessiyasında iştirakla əlaqədar ödənilmiş 50 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən tutulub X8 verilməsi hissəsində iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının vəkilin xidmətindən istifadə etməsi iş materiallarında olan vəkil orderindən, müqavilədən və ödəniş qəbzlərindən aydın olduğu üçün məhkəmə vəkil xərcinin cavabdehdən tutulmasını qanuni hesab edir, lakin tutulmalı olan məbləğə münasibətdə tələb olunan vəkil xərcinin 500 manat məbləğində tutulmasını daha ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 78.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin xx.xx.2023-cü il tarixli 3-19/3-1-Kt- 0981/2023 əmri ləğv edilsin. İddiaçı “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsinə bərpa edilsin, məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilsin. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən vəkil xərcinə görə 500 manat, mediasiya xərci olaraq 50 manat pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar