Məhkəmə qərarları › İş №e-2(005)-875/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-875/2023

29.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-875/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızına qarşı “kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzil onların paylı mülkiyyətindədir, İddiaçı2 cavabdehlə 2004-cü ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuş, ailə qurduqdan sonra cavabdehi həmin mənzilə qeydiyyata salmışlar, bir müddət orada birlikdə yaşamışlar, birgə nikahdan övladları olmamış, cavabdehlə münasibətləri pozulmuş, məhkəmə qətnaməsi ilə aralarında nikah pozulmuş, bundan sonra cavabdeh həmin mənzildən anasına məxsus başqa mənzilə çıxıb getmiş, hazırda da anası ilə anasının mənzilində yaşamaqdadır. İddiaçı sonradan başqa xanımla ailə qurmuş, həmin xanımdan 3 övladı olmuşdur, hazırda hamısı birlikdə mübahisəli mənzildə yaşayırlar. Cavabdehin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onların hüquqlarını pozur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(005)-2555/2009 saylı qətnaməsi, nikahın pozulması haqqında AZ-İ 106469 saylı şəhadətnamə və məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Vətəndaşlıq X2 Xidmətinin verdiyi xx.xx.2023-cü il tarixli cavabla müəyyən edilmişdir ki, İddiaçı2la cavabdehin 2004-cü il tarixdə bağladığı nikah 2009-cu ildə pozulmuş, pozulma 2010-cu ildə dövlət qeydiyyatına alınmış, cavabdeh sonradan yeni nikaha daxil olmamışdır. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə cavabdehin anası ilə yaşadığı mənzilin ünvanı Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi ev 18 mənzil 1 kimi göstərilmişdir. DİN-nin ******* saylı arayışı ilə müəyyən edilir ki, həqiqətən də cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. Məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş sənədlərlə müəyyən edilmişdir ki, mübahisəli mənzil 1993-cü ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ½ hissədə İddiaçı1, ½ hissədə isə digər İddiaçı2 verilmiş, hazırda da eyni qaydada onların xüsusi paylı mülkiyyətindədir və bununla bağlı adlarına müvafiq çıxarış vardır. Məhkəmə iclasında şahidlər X3 və X1 oxşar məzmunlu ifadələr verərək göstərmişlər ki, cavabdehlə İddiaçı2 ailə münasibətləri bitdikdən sonra cavabdeh mübahisəli evdən çıxıb getmiş və həmin vaxtdan da orada yaşamamışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh İddiaçı2la 2004-cü il tarixdə nikaha daxil olmuş, məhkəmə qətnaməsinə əsasən onlar arasında olan nikah 2009-cu ildə pozulmuşdur. Mübahisəli mənzil hərəsinə ½ hissədə olmaqla iddiaçıların paylı mülkiyyətindədir, cavabdeh həmin mənzildə qeydiyyatda olsa da, 2009cu ildən mənzildən çıxıb getmiş və orada yaşamamışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh İddiaçı2la 2004-cü il tarixdə nikaha daxil olaraq, mübahisəli mənzilə gəlin köçdüyündən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi tətbiq edilməlidir. Belə olan halda aydın olur ki, cavabdeh mənzilə köçən zaman mənzilin ½ hissəsi İddiaçı2 mülkiyyətində olduğundan cavabdehin həmin mənzildən istifadə hüququ yaranmışdır. Cavabdehin həmin mənzildən istifadə hüququ olsa da, o, 2009-cu ildən mənzildən çıxıb getdiyindən və orada yaşamadığından, həmçinin bu illər ərzində mübahisəli mənzillə bağlı hər hansı iddiası olmadığından məhkəmə hesab edir ki, onun mübahisəli mənzilə hər hansı ehtiyacı olmamışdır və hazırda da yoxdur. Cavabdehin həmin mənzildə formal qeydiyyatda qalması isə iddiaçıların mülkiyyət hüquqlarını pozur. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehin həmin mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilsin. Hazırkı qətnamə Musayeva (Hüseynova) Emma Tofiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar