Məhkəmə qərarları › İş №e-2(005)-884/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-884/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-884/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Maraqlı şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Maraqlı şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1753,13 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 40/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, ondan 21221,64 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun Maraqlı şəxs ASC-nin xeyrinə tutulması, tutmanın ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X8, ev 100A ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi və borcun əmlakın açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Maraqlı şəxs ASC tərəfindən cavabdeh təşkilata onun həmin bankda olan AZ93JBBK**********000324557 nömrəli hesabından xx.xx.2022-ci il tarixdə 1753,13 manat məbləğində pul EBBT132675 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə və Suraxanı Rayon Məhkəməsinin 2(010)-40/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X8, ev 100A ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin hərracının təşkili üçün xidmət haqqı olaraq ödənilmişdir. Lakin, həmin daşınmaz əmlakın hərracı keçirilməmiş, onun özü tərəfindən bank qarşısında olan öhdəliyi icra edildiyindən, bank tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Suraxanı Rayonu İcra şöbəsinə müraciət edilərək, icra sənədinin geri qaytarılması xahiş edilmiş və xx.xx.2022-ci il tarixli qərarla icra sənədi məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda, Maraqlı şəxs ASC-nin cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli 3353İB nömrəli məktubu ilə cavabdehdən pulun banka qaytarılması xahiş edilsə də, bu günədək qeyd olunan 1753,13 manat məbləğində pul cavabdeh tərəfindən qaytarılmamışdır. Maraqlı şəxs ASC-nin İdarə Heyətinin sədri X12-nin imzası ilə olan xx.xx.2022-ci il tarixli məktubla cavabdehə ödənilmiş 1753,13 manat məbləğində pulun tələb edilməsi hüququ ona güzəşt edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilata 1753,13 manat məbləğində pula münasibətdə tələbin ona güzəşt edilməsi ilə bağlı məlumat və pulun 10 gün müddətində qaytarılması ilə bağlı xəbərdarlıq ünvanlanmış və həmin xəbərdarlığın cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alınmasına baxmayaraq, hazıradək pul qaytarılmamış və ya tələbin təmin edilməsinə yönələn heç bir hərəkət edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 5116/2022 saylı qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X7 iddianın əsassız olduğunu qeyd edərək təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-40/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X5 banka olan 17473,23 ABŞ dolları əsas, 3748,41 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 21221,64 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borcunun ödənilməsini təmin etmək məqsədi ilə tələbin X5 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X8 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X8 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X8 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunan məbləğdən 21221,64 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun iddiaçıya ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması, ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X8 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinin satıldıqdan sonra bir ay ərzində boşaldılması və İddiaçı, X2 və X3 həmin evi tərk etmədiyi halda onların evdən çıxarılması qət edilmişdir; Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərovun xx.xx.2021-ci il tarixli sifariş məktubunun surətindən görünür ki, Cavabdeh MMC-dən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X8 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 manat müəyyən edilməklə hərracdan satılması və hərracın sifariş alındıqdan ən geci 2 ay müddətinə keçirilməsi xahiş olunmuşdur; Cavabdeh MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 05 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X8 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 55000 manat müəyyən edilmişdir; xx.xx.2022-ci il tarixli bildirişlərin surətindən görünür ki, hərracın keçiriləcəyi vaxt, tarix və yer barədə İddiaçı və X1 bildiriş göndərilmişdir; Cavabdeh MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 05-1 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X8 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın təkrar satış qiyməti 46750 manat müəyyən edilmişdir; xx.xx.2022-ci il tarixli bildirişlərin alınmasına dair xəbərnamələrin surətlərindən görünür ki, Cavabdeh MMC hərracın keçiriləcəyi vaxt, tarix və yer barədə İddiaçı və X1 bildiriş göndərmişdir; “525-ci qəzet”in xx.xx.2022-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X8 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixində açıq hərracın keçiriləcəyi elan edilmişdir; “525-ci qəzet”in xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli buraxılışlarının çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X8 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində açıq hərraca çıxarılan və alıcısı olmadığı üçün hərracı baş tutmamış elan olunan əmlaklar siyahısına daxil edilmişdir; Maraqlı şəxs ASC-nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, bank X1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X8 ərazisində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinin bank tərəfindən 35062,50 manata alınmasına razılıq vermişdir; “Capital Auction” LLC-nin hesab üzrə çıxarışından görünür ki, sonuncunun hesabına bank tərəfindən xx.xx.2022-ci il tarixdə 1485,70 manat məbləğində pul mədaxil olunmuş və büdcəyə ƏDV borcuna görə 267,43 manat məbləğində pul ödənilmişdir; Maraqlı şəxs ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X8, ev 100A ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair hərracın təşkil edilməsi üçün Cavabdeh MMC-yə Maraqlı şəxs ASC tərəfindən ödənilmiş 1753,13 manat xidmət haqqının geri tələb edilməsi ilə bağlı tələb bank tərəfindən İddiaçı güzəşt edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin sifarişi əsasında Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac təşkil edilmişdir. Həmin hərracların keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş və xəbərnaməyə imza etdirilməklə çatdırılmışdır. Lakin alıcısı olmadığı üçün hərraclar baş tutmamış, bu barədə qəzetdə elanlar verilmiş və xx.xx.2022ci il tarixli məktubla əmlakın əldə edilməsi banka təklif edilmişdir. Bank əmlakı əldə etməyə razılıq vermiş, əmlakın əldə edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə 1753,13 manat məbləğində xidmət haqqını ödəmiş, həmin xidmət haqqından 267,43 manat vergi məbləği ödənilmiş, sonradan tərəflər borcun ödənilməsi ilə bağlı razılığa gəldiklərindən bank ilə həmin əmlakın əldə edilməsinə dair protokol imzalanmamış və icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda iddiaçı hərracın keçirilmədiyinə (əmlakın əldə edilmədiyinə) istinad edərək Cavabdeh MMC-yə xidmət haqqı olaraq ödənilmiş 1753,13 manat pulun cavabdehdən tutularaq ona qaytarılmasını məhkəmədən xahiş edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Eyni Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə uyğun olaraq, verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edildikdə bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulur. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbinin qanuni əsasının mümkün variantları isə Mülki Məcəllənin 386cı maddəsində sadalanmışdır. Həmin maddədə öhdəliyin yaranmasının üç əsası göstərilmişdir ki, buna müqavilə, zərər vurulması və əsassız varlanma aiddir. Öhdəliyin əmələ gəlməsinin digər əsasları isə ümumi şəkildə “bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar” kimi qeyd edilmişdir. Lakin hazırkı işdə həmin əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının müqavilə üzrə cavabdehdən ödəniş kimi və ya Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin pozulması nəticəsində zərər kimi pul vəsaiti tələb etməsi əsassızdır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki iddia tələbi Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən də təmin edilə bilməz. Belə ki, həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). İddia tələbinin Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin edilməsi üçün iddiaçıya məxsus pul vəsaitinin hüquqi əsas olmadan cavabdeh tərəfindən götürülmüş və ya onda qalmış olması, bunun nəticəsində isə sonuncunun əsassız varlanmış hesab olunması ilə bağlı hallar hazırki işdə mövcud deyildir. Belə ki, işin mübahisəsiz hallarından da görünür ki, Cavabdeh MMC Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən verilmiş sifariş əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq hərracı təşkil etmiş və hərrac baş tutmadığından ipoteka predmeti banka təklif edilmiş, bank isə almağa razılıq vermişdir. Həmin hərracın keçirilməsi ilə bağlı xidmət haqqı da bank tərəfindən ödənilmişdir. Eləcə də həmin xidmət haqqından vergi (ƏDV) ödənilmişdir. Belə olan halda əsassız varlanma qaydasında hərracın keçirilməsi ilə bağlı ödənilən xidmət haqqının hərrac təşkilatından geri tələb edilməsi əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 21.2, 1096 və 1097.1-ci maddələri nəzərdən keçirildiyi halda da iddia təmin edilə bilməz. Belə ki, həmin maddələrin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırkı işdə sadalanan hallar, o cümlədən cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyildir. Çünki cavabdeh hərracın təşkilatçısı olmuş və yuxarıda qeyd edildiyi kimi göstərdiyi xidmətə görə haqq almışdır. Sonradan tərəflərin razılığa gəlməsi isə ödənilmiş xidmət haqqının geri tələb edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən hərracın keçirilməsi ilə bağlı ödənilmiş xidmət haqqının hərrac təşkilatından tələb edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Belə ki, bank tərəfindən ödənilmiş olan xidmət haqqı nəticəsində iddiaçının zərərə düşməsinə hərrac təşkilatının hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi səbəb olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, hərrac təşkilatının qanunvericiliklə müəyyən edilmiş vəzifələri məhz hərracın təşkili ilə bağlıdır. Qanunvericiliklə müəyyən edilmiş tədbirlər həyata keçirildikdən sonra, hərraca qoyulmuş əmlakın həmin əmlakı əldə etməyə razılıq verən şəxs tərəfindən sonradan əldə edilməməsi, hərrac təşkilatının qüsuru hesab edilə bilməz. Belə ki, təşkilat əmlakın hərracdan satılması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraca dair mövcud qanunvericilik normalarının pozulması müəyyən edilmədiyindən və cavabdehdən ödənilmiş xidmət haqqının geri tələb edilməsi üçün heç bir qanuni əsas mövcud olmadığından iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı (Maraqlı şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Maraqlı şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar