Məhkəmə qərarları › İş №e-2(005)-915/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-915/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-915/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh3, onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kommunal xidmətlərə görə xidmət haqqı borcunun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və X2rşı iddia ərizəsi və sonradan MPM-in 53-cü maddəsinə əsasən X6 cavabdehlər sırasından çıxarılmasına dair iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərilmiş xidmətlərin əvəzi olaraq 3.601 manat əsas, 389 manat cərimə olmaqla, cəmi 3.990 manat məbləğin Cavabdeh2, 1.328 manat əsas, 143 manat cərimə olmaqla cəmi 1.471 manatın Cavabdeh1 və 1.914 manat əsas, 206 manat cərimə məbləği olmaqla, cəmi 2.120 manatın Cavabdeh3 İddiaçı MTK-nın xeyrinə tutulması, həmçinin ödənilmiş 128 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı MTKnın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 105, məhəllə 1951 ünvanında yerləşən yaşayış binası, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində, "xxxx" MTK ilə birgə tikilmişdir. Adı keçən MTK-ların birgə fəaliyyəti ilə bağlı razılaşmaya əsasən binanın mənzil və qeyri-yaşayış sahələrinin ayrı-ayrı şəxslərə verilməsinə dair müqavilələr "xxxx" MTK tərəfindən bağlanmışdır. Binanın inşası tamamlanandan sonra İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Yaşayış binası 6 ildən çoxdur ki, istismara verilmişdir. Mənzil və qeyri-yaşayış sahələri ayrı-ayrı mülkiyyətçilərin istifadə və sərəncamındadır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 da bu mülkiyyətçilərdən (payçılardan) biridir. Mənzil (payı) sahəsi onlara verilməsi üçün MTK arasında hər biri ilə aşağıdakı “mənzilin alqı-satqı” müqaviləsi bağlanmışdır: Cavabdeh2 ilə 23 may 2013-cü il tarixdə, 2/11 saylı müqavilə əsasında binanın 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən, sahəsi 99 kv.m. olan 3 otaqlı, 11 saylı mənzil; Cavabdeh1 ilə 11 may 2013-cü il tarixdə, 13/D saylı müqavilə əsasında binanın 2-ci girişi, 7-ci mərtəbəsində yerləşən, sahəsi 99 kv.m olan 3 otaqlı, 13 saylı mənzil və Cavabdeh3 ilə 24 avqust 2017-ci il tarixdə, 23/a saylı müqavilə əsasında binanın 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən, sahəsi 97 kv.m olan 2 otaqlı, 21 saylı mənzil onlara ayrılıb istifadələrinə verilmiş və hazırda da onların sərəncamındadır. Binanın təhvilindən sonra, binaya xidmətlərin göstərilməsinin təşkili, xidmət haqqının hesablanması və qiymətlərin müəyyən edilməsi ilə bağlı, bina sakinlərinin iştirakı ilə adı çəkilən hər iki MTK-nın təsisçilərinin xx.xx.2017-ci il tarixdə ümumi yığıncağı keçirilmişdir. Həmin yığıncağın Qərarına əsasən 1 kv.m. mənzil sahəsinə görə aylıq xidmət haqqı 0,50 man., qeyriyaşayış üçün isə 1 manat müəyyən edilmişdir. Cavabdehlər xidmətə görə ilk vaxtlar ödənişlər etmiş, lakin sonradan ödənişləri bəzi aylar üzrə etməmiş, son zamanlar isə ümumiyyətlə ödəniş etməkdən yayınmışlar. Bəhanələri də ondan ibarətdir ki, sakinlərin hamısı ödəsin, sonra biz ödəyəcəyik. Doğrudur bina sakinlərindən bir neçəsi ödənişləri vaxtında etmir, eləsi də vardır ki, uzun müddətdir ki, ödəmir. Lakin bu cavabdehlərin hər birinin fərdi istifadəsində olan mənzilə görə hesablanılan kommunal xərclərin ödənilməməsi üçün əsas ola bilməz. Ona görə ki, binanın saxlanılması və kommunal xidmətlərin göstərilməsi üçün xərclərin hesablanması ümumi qayda olsa da, ödəniş hər bir sakin üçün ona məxsus əmlakın sahəsinə görə, fərdi qaydada müəyyən edilən öhdəlikdir. Cavabdeh2 məxsus 11 saylı mənzilin sahəsi 99 kv.m. olmaqla, kommunal xidmətlərin aylıq məbləği 49 manat 50 qəpikdir. Cavabdeh əvvəllər az da olsa aylar üçün ödənişlər etmiş, lakin 2019-cu ilin may ayından sonra isə ümumiyyətlə ödəniş etmədiyindən xx.xx.2022-ci il tarixə 3.601 manat, Cavabdeh1 məxsus 13 saylı mənzilin sahəsi 99 kv.m, olmaqla, kommunal xidmətlərin aylıq məbləği 49 manat 50 qəpikdir və 2019-cu ilin oktyabr ayından sonra ödəniş etmədiyindən xx.xx.2022-ci il tarixə 1,328 manat, Cavabdeh3 məxsus 21 saylı mənzilin sahəsi 97 kv.m. olmaqla, kommunal xidmətlərin aylıq məbləği 48 manat 50 qəpikdir və əvvəlki ayları natamam ödəsə də 2019-cu ilin iyul ayından sonra ümumiyyətlə ödəniş etmədiyindən xx.xx.2022-ci il tarixə 1.914 manatdır. Bu müddətlər ərzində göstərilmiş kommunal xidmətin ödənilməsi ilə bağlı yaranmış öhdəliyin vaxtında və lazımı qaydada icra edilməsi cavabdehlərə dəfələrlə təklif olunsa da, nəticəsi olmamışdır. Ona görə də məsələnin məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Bundan başqa, kommunal xidmətlərin hesablanması və ödənilməsinin müəyyən edilməsi barədə MTK-nın ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarına əsasən üzürsüz səbəbdən bir aydan çox ödənilməmiş məbləğə hər gecikdirilmiş gün üçün 0,01% cərimə hesablanılır. Gecikdirilmiş məbləğlərə hesablanılacaq cərimə Cavabdeh2 389 manat, Cavabdeh1 143 manat və Cavabdeh3 206 manat təşkil edir və həmin məbləğin ödənilməsi də cavabdehlərdən tələb olunmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim edərək bir illik iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaya etiraz edərək onun təmin edlməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi X9 iddianın əsassız olduğunu qeyd etməklə onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Ali Məhkəmənin oxşar işlərdəki mövqeyinə görə bu cür işlərdə iddiaçı tərəfindən smeta xərcləri ilə bağlı sənəd təqdim edilməlidir. Belə sənəd təqdim edilmirsə, iddia əsaslı hesab edilə bilməz. Hazırkı işdə də smeta xərcləri barədə heç bir sənəd təqdim edilməmiş, iddiaçı tərəfindən qanunsuz olaraq birtərəfli məbləğ müəyyən edilmişdir. Həmin məbləğin ödənilməsi onlardan tələb edilə bilməz. Eləcə də iddia tələbində ödədikləri məbləğlər nəzərə alınmamış və mənzillərinin kvadratına uyğun olmayan rəqəmlər yazılmışdır. Bu səbəbdən iddia tələbi təmin oluna bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 305 №-li sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 1951 saylı məhəllədə çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi və tikintisi üçün 1428 kv.m. torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın (MTK) istifadəsinə verilmişdir; İddiaçı MTK və "xxxx" MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli əsaslı tikintiyə dair podrat müqaviləsinə əsasən İddiaçı MTK Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 305 №-li sərəncamı ilə ona ayrılmış sahəni oradakı yarımçıq yaşayış binasının tikintisini yerinə yetirmək üçün "xxxx" MTK-nın sərəncamına vermək, sonuncu isə tikinti norma və qaydalarına uyğun olaraq müəyyən olunmuş müddətdə və öz vəsaiti hesabına tikinti işlərini icra etmək barədə razılığa gəlmişlər. Müqavilənin 2.3-cü bəndinə əsasən mənzil satışını birbaşa "xxxx" MTK həyata keçirir və satışdan əldə olunan vəsait təyinatı üzrə tikintiyə xərclənir; xx.xx.2012-ci il tarixli podrat müqaviləsinin 1 saylı əlavəsindən görünür ki, "xxxx" MTK-nın tikinti işlərini 15 mart 2012-ci il tarixdə başlayıb 01 otyabr 2015-ci il tarixdə başa çatdıracağı və binanı hazır vəziyyətdə İddiaçı MTK-ya təhvil verəcəyi nəzərdə tutulmuşdur; 11 mart 2013-cü il tarixli, 13/D saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə "xxxx" MTK və Cavabdeh1 arasında bağlanmış və müqavilə ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 1951 saylı məhəllədə tikilən çoxmərtəbəli binanın 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 98,1 kv.m. olan 13 saylı mənzilinin hər kv.m. üçün 1000 manat ödənilməsi şərti ilə sonuncuya verilməsi barədə razılıq əldə olunmuşdur; 12 noyabr 2013-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 98100 manat pul vəsaitini "xxxx" MTK-ya ödəmişdir, qalıq borcu yoxdur; Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 1951, ev 105, 13 saylı mənzil (yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 99, M7, m.1) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına dövlət reyestrində qeydə alınmışdır. Çıxarışa görə, mənzilin ümumi sahəsi 89,6 kv.m təşkil edir; 24 avqust 2017-ci il tarixli, 23/a saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə "xxxx" MTK və Cavabdeh3 arasında bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 1951 saylı məhəllədə tikilən çoxmərtəbəli binanın 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 92 kv.m. olan 21 saylı mənzilinin hər kv.m. üçün 1250 manat ödənilməsi şərti ilə sonuncuya verilməsi barədə razılıq əldə olunmuşdur; 24 avqust 2017-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh3 115000 manat pul vəsaitini "xxxx" MTK-ya ödəmişdir, qalıq borcu yoxdur; Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 1951, ev 105, 21 saylı mənzil (yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 97, M7, m.1) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 adına dövlət reyestrində qeydə alınmışdır. Çıxarışa görə, mənzilin ümumi sahəsi 86,8 kv.m təşkil edir; 23 may 2013-cü il tarixli, 2/11 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə "xxxx" MTK və Cavabdeh2 arasında bağlanmış və müqavilə ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 1951 saylı məhəllədə tikilən çoxmərtəbəli binanın 2-ci giriş, 6-cı mərtəbə, 3 otaqlı ümumi sahəsi 125,5 kv.m. olan 11 saylı mənzilinin hər kv.m. üçün 1050 manat ödənilməsi şərti ilə sonuncuya verilməsi barədə razılıq əldə olunmuşdur; 23 may 2013-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 131775 manat pul vəsaitini "xxxx" MTK-ya ödəmişdir, qalıq borcu yoxdur; İddiaçı MTK-nın təsisçilərinin birgə ümumi yığıncağının 28 avqust 2017-ci il tarixli iclas protokolunun surətindən görünür ki, həmin iclasda İddiaçı MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərindən istifadələrində olan mənzillərin hər 1 kv.m. üçün 0,50 manat, qeyri-yaşayış sahələrinin hər 1 kv.m. üçün isə 0,60 manat məbləğində pulun ödənilməsi, həmin ödənişlərin hər növbəti ayın 10-una kimi ödənilməsi, üzrsüz səbəbdən bir aydan çox ödənilməmiş məbləğə hər gecikdirilmiş gün üçün 0,01% cərimə hesablanması qərara alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 105-ci məhəllə ünvanında tikilmiş İddiaçı MTK-ya məxsus binada yerləşən mənzillərin mülkiyyətçiləridir. İddiaçı, MTK tərəfindən sakinlərə kommunal xidmətlərin göstərildiyinə və MTK-nın təsisçilərinin birgə ümumi yığıncağının 28 avqust 2017-ci il tarixli iclas protokoluna istinad etməklə xx.xx.2022-ci il tarixə Cavabdeh3 (1 giriş (97, 7 mərtəbə, mənzil № 21) 1914 manat, X1 (2 giriş (99), 6 mərtəbə, mənzil № 11) 3601 manat və X5 (2 giriş (99), 7 mərtəbə, mənzil № 13) 1328 manat ödənilməmiş kommunal borclarının olduğunu əsas gətirərək hazırkı iddia tələbini irəli sürmüşdür. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil Məcəlləsinin 125.1, 125.2 və 125.4-cü maddələrinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək (m.125.2.4) mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərindəndir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququ vardır. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələrindəndir. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir (Mənzil Məcəlləsinin 138.1 və 138.4-cü maddələr). Həmin Məcəllənin 140.3-cü maddəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.1 və 141.2-ci maddələrinə əsasən çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: - binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; - mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; - idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır (Mənzil Məcəlləsinin 141.3 və 141.4-cü maddələri). Mənzil qanunverciliyinin müvafiq normalarının məzmunundan göründüyü kimi, qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Belə ki, binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Ümumi yığıncaq binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. İxtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı ümumi yığıncaqda müəyyən edilir. Əgər yığıncaqda həmin haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilməzsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mülkiyyətçilər sözügedən haqqı bir qayda olaraq yazılı müqavilə əsasında ödəməlidirlər. Eyni zamanda çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Əgər binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilməzsə, bu halda binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələnin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar. Beləliklə, qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur. Hazırkı işdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105, məhəllə 1951 ünvanındakı yaşayış binasının sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələri və ya digər qanuni tədbirlər görmələri müəyyən edilmir. Bu həmçinin o deməkdir ki, binaya faktiki nəzarəti əlində saxlayan iddiaçı təşkilat çoxmənzilli binanın idarə edilməsi üçün yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun formada binanın sahə mülkiyyətçiləri tərəfindən idarəedici təşkilat kimi seçilməmişdir. Eyni zamanda sözügedən çoxmərtəbəli yaşayış binasının yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi istiqamətində tədbirlər görüldüyü, müsabiqə nəticəsində hər hansı təşkilatın (o cümlədən iddiaçı təşkilatın) qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi üçün seçilmədiyi də işin mübahisəsiz halıdır. Belə olan halda, sahə mülkiyyətçiləriləri (o cümlədən hazırkı işdəki cavabdehlərin) iddiaçı MTK ilə qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamaq vəzifəsinin daşıyıcı da olmamışlar. Qeyd olunduğu kimi, İddiaçı MTK-nın inşası tamamlanaraq mənzilləri və qeyriyaşayış sahələrini ayrı-ayrı şəxslərin (sahə mülkiyyətçilərinin) istifadə və sərəncamına verilmiş bina üzərində faktiki nəzarəti hazırkı tarixədək əlində saxlaması mənzil qanunvericiliyinin tələblərinə uyğun gəlmir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105, məhəllə 1951 ünvanındakı yaşayış binası 6 ildən çoxdur ki, istismara verilmişdir, həmin binadakı mənzil və qeyri-yaşayış sahələri ayrı-ayrı mülkiyyətçilərin istifadə və sərəncamındadır. Bununla belə, binaya nəzarət edən kooperativin (iddiaçının) qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi təmin edilməmişdir. Halbuki, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Lakin qeyd olunmalıdır ki, mövcud vəziyyətdə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmasa da, çoxmənzilli binanın faktiki idarəçiliyi MTK tərəfindən həyata keçirildiyindən formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq özgə işlərini tapşırıqsız yerinə yetirmə qaydalarına istinad edilməklə faktiki göstərilmiş kommunal xidmətlərə görə kommunal borclarının tutulması tələb oluna bilər. Bu zaman nəzərə alınmalı olan vacib hal ondan ibarətdir ki, kooperativdə ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. MTK-nın üzvlərinin kommunal xidmətlərə, çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir və bu haqqın miqdarı mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydada keçirilən MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı ilə təsdiq edilməlidir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. İcrası məcburi olan qərarlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Hazırkı iş üzrə iddiaçı məhz MTK-nın təsisçilərinin birgə ümumi yığıncağının 28 avqust 2017-ci il tarixli iclas protokoluna və maliyyə arayışına əsaslanmaqla iddia tələbini irəli sürmüşdür. Lakin məhkəmə hesab edir ki, həmin sənədləri mötəbər sübut kimi qəbul etmək mümkün deyildir. Belə ki, sözügedən protokolun surətində iclasda İddiaçı MTK-nın və "xxxx" MTK-nın təsisçilərinin, o cümlədən 27 nəfər mənzil və 5 nəfər qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin iştirak etdiyi göstərilsə də, mülkiyyətçilərin kimlər olduğu, konkret kimlərin həmin iclasda iştirak etdiyi göstərilməmiş, onların iradə ifadəsinin təsdiqi (imzası) həmin protokolda öz əksini tapmamışdır. Protokol sadəcə yığıncağın sədri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bu baxımdan protokolda qeyd edilən 30-a yaxın sahə mülkiyyətçilərinin həmin iclasda həqiqətən iştirak edib-etmədiklərini, ümumi yığıncağın qanunauyğun şəkildə keçirildiyini və kommunal xidmətə görə ödənilməli olan haqqın məbləğinin ümumi yığıncağın qanuni şəkildə qəbul edilmiş qərarı ilə müəyyənləşdirildiyini müəyyən etmək mümkün olmamışdır. Bu hal isə öz növbəsində həqiqiliyi şübhə doğuran qərara əsaslanaraq iddia tələbinin təmin edilməsini istisna edir. Eyni zamanda o da vurğulanmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Məhərrəmovanın şikayəti üzrə 22 sentyabr 2020-ci il tarixli Qərarına əsasən çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya (müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək) riayət olunması faktının yoxlanılması daxildir. Həmin işdə Konstitusiya Məhkəməsinin Plenumu xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verilmədiyinə görə kommunal xidmətlərin tutulmasına dar iddianı təmin edən apellyasiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan kassasiya instansiyası məhkəməsinin qərarını qüvvədən düşmüş hesab etmişdir. Hazırki iş üzrə isə cavabdehlər tərəfindən dəfələrlə məhkəmə hazırlıq iclaslarında xərclər smetası tələb edilsə də, eləcə də məhkəmə tərəfindən həmin sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilsə də, iddiaçı yalnız sonuncu məhkəmə baxış iclasında MTK-nın xərclərini göstərən arayışı təqdim etmişdir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, müvafiq sənədlər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməmiş və hansı səbəbdən baxış iclasında təqdim edildiyi əsaslandırılmamışdır. Qeyd olunmalıdır ki, həmin sənədlər sübut kimi qəbul edilsə belə onların mötəbərliyi şübhə altına alınır. Belə ki, arayışda müxtəlif xidmətlərə görə konkret xərclər göstərilsə də, həmin xərclərin nəyə, hansı sənədlərə əsaslanaraq arayışda əks olunduğunu, həqiqətən həmin xərclərin çəkildiyini, təsdiq olunmaq üçün sahə mülkiyyətçilərinin ümumi yığıncağına təqdim edildiyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, hazırki iş üzrə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin mütləq ödənişlərinin, kommunal xidmətə, binanın saxlanması və təmirinə görə haqqın miqdarı qanuna müvafiq qaydada keçirilmiş kooperativin üzvlərinin ümumi yığıncağının qərarı ilə təsdiq edilməli, tələb olunan illər üçün xərclər smetası haqqında hesabat tərtib edilməli və təsdiq olunmaq üçün sahə mülkiyyətçilərinin ümumi yığıncağına təqdim edilməli olmasına baxmayaraq, kommunal xidmətlərin ödənilməsini tələb etmək hüququ verən həmin vəzifələrdən hər hansı birinin iddiaçı MTK tərəfindən qanuna uyğun şəkildə yerinə yetirilməsi müəyyən edilməmişdir. Məhkəmə vurğulayır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Hazırkı işdə də iddiaçının istinad etdiyi halları sübut etmək vəzifəsinin onun üzərinə düşməsinə baxmayaraq idda tələbini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı iş materiallarında isə iddiaçının tələb etdiyi məbləği cavabdehlərin ödəməli olduğuna dair etibarlı sübutlar mövcud deyildir. Bu baxımdan iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarına görə sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiq ediilməsinə dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kommunal xidmətlərə görə xidmət haqqı borcunun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kommunal xidmətlərə görə xidmət haqqı borcunun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar