Məhkəmə qərarları › İş №e-2(005)-916/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-916/2023

30.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-916/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili ŞahbazovTural Şamil oğlunun, Azərbaycan Respublı̇ kası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2, Bakı şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Elm və Təhsil Nazirliyinə və Bakı şəhəri Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Elm və Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin K-693/1 nömrəli, 22 iyul 2022-ci il tarixli və cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 10 avqust 2022-ci il tarixli K-973 saylı əmrib müvafiq hissəsinin ləğv edilərək məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa olunmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı AR Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsinin xx.xx.2017-ci il tarixli K-941 nömrəli əmri ilə Bakı şəhər 169 saylı orta məktəbə dirtektor vəzifəsinə təyin edilmişdir. Bu müddət ərizində İddiaçının rəhbərlik etdiyi 169 saylı orta məktəb Sabunçu rayonunda dəfələrlə nəticələrinə əsasən 1-ci yerə çıxmışdır. Bu səbəblərə əsasən Bakı şəhər Təhsil İdarəsi tərəfindən diplom və təşəkkümamə ilə təltif edilmişdir. Bakı şəhər Təhsil İdarəsinin xx.xx.2022-ci il 316-01/06 saylı məktubu ilə təşəkkür elan edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə F-268 saylı AR Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “İntizam Tənbehinin tətbiq edilməsi barədə” əmr imzalanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, İddiaçı ilə bağlanmış müqavilənin son günü xx.xx.2022-ci il tarixdə bitməli idi. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli əmr qanunsuz hesab olunmalıdır. Belə ki, əmrə diqqət yetirsək görərik ki, əmək müqaviləsinə xitam verilmə xx.xx.2022-ci il tarixə nəzərə alınmışdır. Bu isə qanunvericiliyin tələbinə ziddir. Bakı şəhər Təhsil İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə son haqq hesab köçürülməmiş və əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qəbul edilən əmrə diqqət yetirsək görərik ki, cavabdeh əmrə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilsin. Lakin əsas olaraq qeyd etdiyi AR Təhsil Nazirliyinin əmri xx.xx.2022-ci il tarixə nəzərdə tutulmuşdur. İddiaçı Bakı şəhəri 169 saylı orta məktəbdə direktor vəzifəsi ilə əlavə olaraq müəllim kimidə çalışmışdır. Lakin cavabdehlər tərəfindən bunların heç biri nəzərə alınmamışdır. Bir əmr imzalamaqla 2 əmək müqaviləsinə birdəfəlik xitam vermişdir. Buradan da açıq aydın görsənir ki, cavabdehlər iddiaçıya qarşı necə bir mövqedə olmuşlar. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili ŞahbazovTural Şamil oğlu ayrı-ayrılıqda iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. İddiaçı izahatında bildirdi ki, 2017-ci ildən Bakı şəhəri 169 saylı orta məktəbin direktor müavini, 2019-cu ildən həmin məktəbin direktoru vəzifəsində, eyni zamanda müəllim vəzifəsində işləyib. Özü də həmin məktəbin məzunudur, həyat yoldaşı Qarabağ müharibəsinin qazisidir. Direktor vəzifəsini tutduğu müddət ərzində heç vaxt onun barəsində inzibati tənbeh tədbirləri görülməyib, əksinə həmişə təltif edilib, təşəkkürnamə alıb. İşlədiyi müddət ərzində məktəbin göstəriciləri dəfələrlə yaxşılaşıb. İşdən çıxarılmasını yalnız avqust ayında “Outlook” sistemi üzərində e-mailə daxil olan məktubdan öyrənib. Ona heç kim nə intizam tənbehi barədə, nə də əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verməyib. Direktor vəzifəsindən uzaqlaşdırılmaqla yanaşı müəllim kimi də məktəbdə işinə son verilib. Dəfələrlə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edib, gedib-gəldikdən sonra Bakı şəhəri Təhsil İdarəsinin əmrləri ona təqdim edilib. Lakin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrləri ilə hələ də tanış olunmayıb, əmək kitabçası ona qaytarılmayıb. Son haqq-hesab yalnız dekabr ayında onun maaş kartına köçürülüb. Avqust ayına qədər vəzifələrini icra edib, həta ona məzuniyyətə çıxmağa da icazə verilməyib, əmək müqaviləsinə xitam verilməsi ondan gizlədilib. Son dövrlərdə evinə çox uzaqda yerləşən bir məktəbə müəllim vəzifəsində işə başlayıb. Lakin yolu çox uzaqdı, ixtisasında da uyğun deyil. Bütün bu faktlara əsaslanaraq müvafiq əmrlərin qanunsuz və ədalətsiz olduğunu düşünür. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublı̇ kası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbinin təmin edilməməsini xahiş etdi. O bilrdirdi ki, əmək müqaviləsinə intizam tənbehi ilə bağlı yox, müddət başa çatdığından xitam verilib. Direktorların işə qəbulu və əmək müqavilələrinə xitam verilməsi sırf Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətində olan məsələdir, Bakı şəhəri Təhsil İdarəsinin eyni məzmunlu əmri verməsi Naziriliyin əmrinin icrasını təmin etmək məqsədi güdür. Əmrin verilməsində qanunvericiliyin bütün tələblərinə riayət edilib. Buna görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını və şahid ifadələrini dinləyib, toplanmış sübutlara və işin araşdırılmış halları ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, müvafiq iddia tələbinə dair iddiaçı tərəfin irəli sürdüyü dəlillər əsaslıdır və buna görə də iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 27 yanvar 2022-ci il tarixli, 316-01/06 saylı məktubundan görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təsdiq edilmiş F-265 nömrəli, xx.xx.2021-ci il tarixli əmrin 1 nömrəli əlavəsinə əsasən müxtəlif səbəblərdən təhsilini başa vura bilməyən şəxslərin eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında iştiraklarının təmin edilməsi məqsədil 2021/2022-ci tədris ili üçün ümumi təhsil proqramı üzrə ekternat qaydasında onlayn müsahibə komissiyası yaradılmışdır. Yaradılmış komissiyanın üzvü olaraq onlayn müsahibənin təşkili zamanı yüksək səviyyədə iştiraka və göstərilə fəallığa görə iddiaçıya təşəkkür edilir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 21 iyul 2022-ci il tarixli, F-268 saylı “İntizam tənbehinin tətbiq edilməsi” barədə Əmrindən görünür ki, müəssisəyə rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Bakı şəhəri 169 saylı tam orta məktəbin direktoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi nəzərə alınsın. Əmrin verilməsi üçün əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 iyul 2022-ci il tarixli, 06 nömrəli əmri. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 10 avqust 2022-ci il tarixli, K-973 saylı “Əmək müqaviləsinə xitam verilməsi” barədə Əmrindən görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 169 saylı nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 21 iyul 2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilir. Əmrin verilməsi üçün əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2022-ci il tarixli, K-693/1 nömrəli əmri. “İntizam tənbehinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrindən görünür ki, müəssisəyə rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Bakı şəhəri 169 saylı tam orta məktəbin direktoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İnsan resursları şöbəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdıqda müqaviləyə xitam verilməsi üçün müvafiq tədbirlərin görülməsi həvalə edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Əmrindən görünür ki, Bakı şəhəri 169 saylı tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 21 iyul 2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bənsinə əsasən xitam verilir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 24 fevral 2022-ci il tarixli, F-82 nömrəli əmrnə əsasən, Bakı şəhəri 169 saylı tam orta məktəbdə keçirilən monitorinqin nəticələrinə dair arayışdan görünür ki, Məktəbin pedaqoji v texniki işçilərinin şəxsi işləri yoxlanılarkən işçilərin şəxsi qovluqlarında bir sıra kadr uçot vərəqələrinin, tərcümeyi-hal və digər sənədlərin 2010-cu ildən etibarən yenilənmədiyi, bundan əlavə üç ildə işə təyin olunmuş işçilərlə yazılı şəkildə əmək müqavilələrinin bağlanmadığı müəyyən edilmişdir. Əmr kitabına baxış keçirilərkən əmrlərin bir qismində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hər hansı maddəsinə istinad olunmamış, eyni zamanda əsas hissəsində qeydlər tam şəkildə göstərilməmiş, son 20 gündə isə əmr kitabıda ümumiyyətlə heç bir qeyd aparılmamışdır.Məktəbin kitabxana müdiri X1 25 oktyabr 2021-ci il tarixdə çalışmanın yaş həddinə çatmasında baxmayaraq,məktəb rəhbərliyi tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, kitabxana müdiri ilə bağlanmış əmək müqaviləsi işçi çalışmanın yaş həddinə çatdıqda deyil, məktəb üzrə xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 222 nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən ləğv edilmiş, daha sonra xx.xx.2021-ci il tarixli 224 nömrəli əmrlə isə yenidən müddətli əmək müqaviləsi bağlanmışdır.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə oşəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Kitabxana müdiri X2 əmək müqaviləsi yuxarıda qeyd olunan əmrdə göstərildiyi kimi, 25 oktyabr 2022-ci il tarixdən ləğv olunsa da, əmək müqaviləsinə xitam verilməsi və yenidən əmək müqaviləsinin bağlanması ilə əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində 28 dekabr 2021-ci il tarixdə qeydiyyta alınmışdır. Əlavə olaraq məktəbin əmr kitabında müəllimlərin tədris planına əsasən dərs yükünün bölünməsi barədə verilən əmrdə fənlərin ardıcıllığı gözlənilməmiş, eyni zamanda müəllimlərin dərs yükünün cəmi göstərilmiş,lakin hansı siniflər üzrə bölgünün həyata keçirilməsi qeyd olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 28 mart 2023-cü il tarixli, 3-17-5/2-9718/2023 saylı məktubundan görünür ki, İddiaçı 169 nömrəli tam orta məktə direktor vəzifəsinə təyin edilməsi ilə bağlı müddətli əmək müqaviləsinə xitam bildirişi 19 oktyabr 2022-ci il tarixdə sistemə daxil edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 20 dekabr 2017-ci il tarixdə Bakı şəhəri 169 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsinə təyin edilmiş, eyni zamanda həmin vaxtdan direktor vəzifəsini müvəqqəti icra etmişdir. 22 aprel 2019-cu il tarixdə həmin məktəbin direktoru vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 iyul 2022-ci il tarixli 06 nömrəli Əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2022-ci il tarixli, K-693/1 saylı Əmri və Bakı şəhəri Təhsil İdarəsinin 10 avqust 2022-ci il tarixli K-973 nömrəli Əmrləri ilə xx.xx.2022-ci il tarixdən iddiaçının əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək hər iki əmrin ləğv edilməsini, vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeydolunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 43-cü maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsibib 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı Nazim qızının işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-693/1 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Y Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən müqavilənin müddətinin qurtarması şərtdir. Məhz sadalanan halın mövcudluğu əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan halın mövcud olması arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən isə görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin qurtarmasına görə 21 iyul 2022-ci il tarixdən xitam verilsə də, bildiriş elektron informasiya sisteminə 19 oktyabr 2022-ci il tarixdə daxil edilmişdir. Yəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi xx.xx.2022-ci il tarixdən deyil, 2 ay 27 gün sonra, yəni xx.xx.2022-ci il tarixdən hüquqi qüvvəyə mindiyindən, tərəflər üçün əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqi nəticələr də xx.xx.2022-ci il tarixdən yaranmışdır. Digər tərəfdən, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi, müqavilə müddəti bitdikdən sonrakı bir həftə ərzində cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə yerləşdirilmədiyindən, əmək müqaviləsinə xitam verilməsi barədə əmr hüquqi qüvvəyə minməmiş, əmək münasibətləri davam etdirilmişdir. Bununla da, tərəflər arasında bağlanmış əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmuşdur ki, həmin müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi qanunsuz olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 22 aprel 2019-cu il tarixdə direktor vəzifəsində müddətli əmək müqaviləsi ilə əmək fəaliyyətinə başlasa da, əmək müqavilələrinin elektron bildiriş sistemindən çıxarışdan 2019-cu ildən 2022-ci ilədək əmək müqavilələrinin heç biri görünmür. Yəni cavabdeh 2020-ci il və 2021-ci il üçün əmək müqavilələrinin uzadılması barədə müvafiq bildirişləri sistemə daxil etməyib. Digər tərəfdən, ikin müddətli əmək müqaviləsi 22 aprel 2019-cu il tarixdə bağlandığı halda, hansı əsasla əmək müqaviləsinin müddətinin 15 iyul 2022-ci il tarixdə bitməsi anlaşılan deyil. Cavabdeh tərəf əmək müqaviləsinin qurtardığı tarixin dəyişdirilməsi barədə iddiaçının razılığının olub-olmamasına dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin cavabdeh tərəf ilkin əmək müqaviləsini, iddiaçının əmək kitabçasını da məhkəməyə təqdim etməmişdir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “b” bəndi ilə xitam verilməsi barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-867 saylı əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Bakı şəhəri Təhsil İdarəsinin 10 avqust 2022-ci il tarixli, K-973 saylı əmri ilə bağlı məhkəmə qeyd edir ki, həmin əmrin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22 iyul 2022-ci il tarixli, K-693/1 saylı əmri çıxış etdiyindən, həmin əmr də yuxarıda sadalananlara əsasən məhkəmə tərəfindən ləğv edildiyindən, sözügedən əmr də ləğv edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən (“Təhsil haqqında “ Azərbaycan Respublikası Qanununun 29.0.13 və 30.2-ci maddələri) məktəb direktorlarının işə qəbul və işdən azadedilmə məsələləri Azərbayan Respublikası Təhsil nazirinin səlahiyyətinə aid edilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Nazirliyin əmri mövcud olduğu halda, Bakı şəhəri Təhsil İdarəsi tərəfindən daha sonrakı tarixə eyni məzmunlu əmrin qəbul edilməsinin hansı zərurətdən yarandığı cavabdeh tərəfindən əsaslandırılmamışdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, K-693/1 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya maddəsinə əsasən əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh AR Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-693/1 saylı və cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-973 saylı əmrləri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı Bakı şəhəri 169 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilsin. xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar