Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-980/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 182/K nömrəli işdən çıxarma əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh Cəmiyyətin Biləsuvar filialına direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra öz əmək funksiyalarının icrasında müsbət mənada fərqləndiyi üçün müəssisə rəhbərliyi tərəfindən xx.xx.2020-ci il tarixindən həmin cəmiyyətin Sabirabad rayonunda yerləşən Mərkəzi anbarına “anbar müdiri” vəzifəsinə keçirilmişdir və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İşlədiyi müddətdə daim öz əmək funksiyalarını həmişə vaxtında və lazımi qaydada, yəni vicdanla, layiqincə, məsuliyyətlə və vaxtında icra etmiş, nümunəvi işçi kimi kollektivdə tanınmışdır. Həmçinin, əmək fəaliyyəti dövründə ona müəssisə rəhbərliyi tərəfindən heç bir intizam tənbehi verilməmişdir. Dəfələrlə bayram günlərində və digər əlamətdar günlərdə müəssisə rəhbərliyi tərəfindən barəsində həvəsləndirmə tədbirləri tətbiq edilmiş və mükafatlandırılmışdır. xx.xx.2023-cü il tarixdə Cəngi poliqonuna utilizasiya üçün 65 adda çəkisi təxminən 22 tona yaxın olan dərman vasitələri təhvil verilməli olduğu halda, daxili araşdırma nəticəsində 45 adda təxminən 17-18 ton dərman vasitəsinin göndərildiyi və nəticədə 4-5 tona yaxın vaxtı keçmiş istifadəyə yararsız dərman vasitəsinin utilizasiyadan yayındırıldığı məlum olmuşdur. Məsələnin araşdırılması üçün müəssisə rəhbərliyinin müvafiq qərarı ilə komissiya yaradılaraq məsələnin araşdırılması komissiyaya həvalə edilmiş, həmin komissiya isə müəyyən etmişdir ki, baş anbardar X3, 3 anbardar - X12, X7 və X8, sürücü ekspeditor X4, həmçinin gözətçi rəhbəri X9 qeyd olunan 4-5 ton istifadəyə yararsız dərman məhsullarını 09 və 26 sentyabr 2023-cü il tarixlərində anbardan qanunsuz olaraq çıxararaq öz şəxsi məqsədləri (satış məqsədləri üçün) üçün istifadə etmişlər. Araşdırmanın yekununda anbara lazımi nəzarət etmədiyi əsas göstərilməklə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinin xitamına dair cavabdehin xx.xx.2023-cü il tarixli, 182/K nömrəli əmri əsassızdır və ləğv edilməlidir: Əvvəla, cəmiyyətin mərkəzi anbarı həftənin 6 günü fəaliyyət göstərdiyi halda, o, əmək müqaviləsinə əsasən 5 günlük iş rejimi üzrə çalışmışdır. İstifadə müddəti keçmiş dərman preparatlarının anbardan oğurlanması hadisəsi isə məhz 09 və 26 sentyabr 2023-cü il tarixlərdə - yəni, şənbə günü baş tutmuşdur. Həftənin şənbə günü baş verən bu hadisəyə anbar müdiri kimi o, yox, təhlükəsizlik kameraları vasitəsilə “təhlükəsizlik şöbəsi”nin monitorinq bölməsi əməkdaşları nəzarət etməli idilər. Lakin, həmin şöbənin əməkdaşı olan gözətçi rəhbəri baş anbardar və digər anbardarlarla əlbir olaraq öz qanunsuz əməllərini həyata keçirməyə nail olmuşlar. Baş vermiş hadisədən sonra gözətçi rəhbəri X9 işdən çıxarılsa da, onun tabe olduğu şöbə rəhbərinə və ya digər əməkdaşlara nə bir intizam tənbehi verilmiş, nə də həmin şəxslər işdən çıxarılmamış, əvəzində onun müqaviləsinə xitam verilmişdir. Bundan əlavə, əmrdə işdən çıxarılma səbəbi kimi, anbar işinin düzgün təşkil edilməməsi, yəni anbarda mövcud olan aqrokimyəvi dərmanların uçotunun düzgün aparılmaması nəticəsində faktiki qalıq ilə anbar qalığı arasında fərqin yaranması və bununla da əmək müqaviləsi üzrə üzərinə düşən vəzifəni yerinə yetirməməsi göstərilmişdir. Halbuki, komissiya mərkəzi anbarda sistem üzrə aqrokimyəvi dərman preparatlarını saymış və nəticə olaraq elektron sistem üzrə məmulata uyğun olduğunu müəyyən etmişdir. Yoxlama aktında da onun heç bir pozuntuya yol vermədiyi göstərilmişdir. Utilizasiyaya gedən dərman qalığındakı fərqin səbəbi kimi isə iki hal qeyd edilə bilər: 1. Onun kooperativ yazışmalarda da qeyd etdiyi kimi vaxtı keçmiş dərman preparatlarının qablarının partlayıb dağılması; 2. Yuxarıda qeyd edilən oğurluq hadisəsi. Bundan başqa vaxtı keçmiş dərmanlar mərkəzi anbarda “vaxtı keçmiş anbar” adlandırılan xüsusi yer ayrılmış utilizasiya məntəqəsinə göndərilənə qədər müvəqqəti saxlanıldı. Onlar orada üzərinə “əl vurmaq olmaz”, “zəhərli maddələrdir” kimi qeydlər yazılmaqla saxlanılır. Həmin dərmanların vaxtında utilizasiyaya getməsi üçün dəfələrlə aidiyyəti vəzifəli şəxslərə (anbar müdiri işlədiyi dövrlərdə) kooperativ məktublar göndərərək məlumat vermiş və AQTA-ya müraciət edilməsini xahiş etmişdir. Ancaq illər boyu ya məktubuna cavab almamış, ya da “AQTA-ya müraciət edilib, cavab gözləyirik” kimi cavablar almışdır. Ümumiyyətlə, vaxtı keçmiş dərman preparatları insan sağlamlığına ciddi şəkildə mənfi təsir göstərə bilər. Bu dərmanların saxlanc yerində hansı qaydada saxlanılması, necə idarə edilməsi, qalıqlarının necə sayılması, uçot dərəcəsinin necə aparılması və ya ümumiyyətlə onlarla necə rəftar edilməsi qaydalarına dair ona və digər anbar əməkdaşlarına heç bir təlim verilməmiş, onlarla təmasda olarkən qoruyucu geyim təmin olunmamışdırlar. Eləcə də qeyd edilən vaxtı keçmiş anbarın necə idarə edilməsi haqqında təşkilatın heç bir prosedur qaydası və ya təlimatları mövcud olmamışdır. Əlavə olaraq, müəssisədəki ikili idarəetmə mexanizminə əsasən, anbardar və ya baş anbardar vəzifəsində çalışan işçilər inzibati qaydada onun tabeçiliyində fəaliyyət göstərsələr də, funksional olaraq mal-material menecerinə tabe olmuşlar. Dərman vasitələrinin yararlılıq müddətini nəzarətdə saxlamaq isə birbaşa anbardarın və baş anbardarın əmək funksiyalarına aid olmuşdur və bu işi onlar mal-material meneceri ilə razılaşdırmaqla qarşılıqlı şəkildə həyata keçirməli idilər. Qeyd edilən məqamlar baş anbardarın və anbardarın xx.xx.2021-ci il tarixli vəzifə təlimatında da öz əksini tapmışdır. Beləliklə də, anbar müdirinin dərman vasitələrinin istifadə müddətinə nəzarət etmək səlahiyyəti və ya əmək funksiyası olmamışdır. Əksinə, anbarda olan malların istifadə müddətlərini nəzarətdə saxlamaq, onların utilizasiyasını təşkil etmək, malların anbara daxil olmasına və çıxışına nəzarət etmək yuxarıda göstərilən qanun pozuntularına və mənimsəmə hallarına yol vermiş işçilərin - baş anbardar T.İbrahimovun, anbardarlar E.Əmənov, N.Əlizadə və R.Cavadzadənin əmək funksiyalarına aid olmuşdur. Buna baxmayaraq, aparılmış araşdırma nəticəsində onun barəsində ən ağır intizam tənbehi olan işdən çıxarılma qərarı verilmişdir. Əmrdə onun konkret olaraq hansı əmək vəzifəsindən irəli gələn öhdəliyini icra etmədiyi konkret olaraq göstərilməmişdir. xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş X14 təlimatında konkret olaraq əmək funksiyalarının dairəsi müəyyən edilmişdir. Həmin təlimatda anbarda saxlanılan malların yararlılıq müddətinin nəzarətdə saxlanılması ilə bağlı hər hansı bir öhdəliyi müəyyən edilməmişdir. Göstərilənlərə baxmayaraq, müvafiq elektron məktublarla (kooperativ yazışma) utilizasiyası zəruri olan dərman vasitələri barədə mal-material menecerinə, maliyyə direktoruna və onun müavininə məlumat vermişdir. Bütün bunlar anbarda saxlanılan malların yararlılıq müddətinə nəzarətin onun əmək funksiyalarına aid olmamasına baxmayaraq, bu barədə aidiyyəti vəzifəli şəxslərə vaxtında məlumat verdiyini sübuta yetirir. Beləliklə, təsdiq edilmiş vəzifə təlimatı üzrə əmək funksiyalarına aid olmayan işlər üzrə müəssisənin digər işçilərinin yol verdiyi pozuntulara görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi tamamilə qanunsuz və əsassızdır. Həmin əmr verilən zaman Əmək Məcəlləsinin 186-cı maddənin 3-cü hissəsinin tələbləri də nəzərə alınmamışdır. Belə ki, həmin maddəyə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Lakin, onun müəssisədə işlədiyi müddət ərzində daim öz əmək funksiyalarını qüsursuz və yüksək peşəkarlıqla həyata keçirdiyi, əmək fəaliyyəti dövründə ona heç bir intizam tənbehin verilmədiyi, eləcə də yol verilən pozuntularda onun heç bir təqsirinin olmadığı, həmin pozuntulara nəzarət etmək və onların qarşısını almaq imkanlarının olmadığı nəzərə alınmamış və əsassız olaraq işdən çıxarılmağına dair əmr verilmişdir. Həmçinin, sözügedən əmrdə konkret əsaslandırma həyata keçirilməmiş, yol verilmiş pozuntuların digər işçilərin təqsiri ucbatından baş verdiyi və ümumiyyətlə onun əmək funksiyalarına aid olmadığı nəzərə alınmamış, nəticədə Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbləri pozulmaqla əsassız olaraq onun əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsinə görə, guya anbar müdiri vəzifəsində çalışmasına baxmayaraq, iddiaçı faktiki olaraq anbarda mövcud olmuş mal-materialın təhlükəsizliyinə, salamatlığına və saxlanılmasına görə məsuliyyət daşımamışdır. İddiaçının yuxarıda qeyd edilən dəlilinə münasibətdə bildirir ki, “Anbar müdiri” vəzifəsi üzrə xx.xx.2021-ci il tarixli vəzifə təlimatının “məsuliyyətləri” başlığı altında olan 4-cü bəndin 1-ci abzasına əsasən, anbar müdiri malmaterial qalıqlarının əməliyyat sistem ilə uyğunluğuna cavabdehlik daşıyır. Lakin, vəzifə təlimatının tələblərinə baxmayaraq, iddiaçının səhlənkarlıqla əmək funksiyalarının, vəzifə borcunun yerinə yetirilməsi nəticəsində birbaşa onun tabeçiliyində olan və anbarda çalışan əməkdaşlar tərəfindən mənimsəmə və oğurluq əməlləri törədilmişdir. Belə ki, iddiaçının anbarda mövcud olmuş mal-materiallara nəzarət etməməsi səbəbindən, anbar işçiləri tərəfindən mütəmadi olaraq qanunsuz əməllər törədilmiş və Cəmiyyətin mərkəzi anbarında saxlanılan aqrokimyəvi maddələrin dəqiq həcmlərinin təyin edilməsi ilə bağlı müəssisədaxili əmr əsasında yaradılmış komissiya tərəfindən hüquqazidd əməllərin törədilməsi aşkarlanmışdır. Beləliklə, əmək vəzifələrinin kobud şəkildə pozulması nəticəsində işəgötürən olaraq cavabdeh ilə mərkəzi anbar işçiləri arasında mövcud olmuş əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Mərkəzi anbarda çalışmış sözügedən işçilər, yəni Baş anbardar - X3 xx.xx.2023-cü il tarixdə, sürücü-ekspeditor X6 xx.xx.2023-cü il tarixdə, anbardar - X7 xx.xx.2023-cü il tarixdə, anbardarlar - X8 və X12 isə xx.xx.2023-cü il tarixdə işdən azad edilmişdirlər. Mərkəzi anbarın işçi heyəti ilə cavabdeh arasında mövcud olmuş əmək müqavilələrinə xitam verilməsi 2023-cü ilin noyabr ayının yekun və dekabr ayının ilk günlərinə təsadüf etdiyi üçün mərkəzi anbarda işin ahəngi pozulmuşdur. Belə ki, sözügedən şəxslərin işdən ayrılması və onların əvəzinə ixtisaslaşdırılmış yeni işçilərin işə qəbul edilməsi prosesi qısa müddətdə qeyri-mümkün olduğundan anbar işinin təşkilində ciddi problemlər yaranmışdır. Belə olan halda, mərkəzi anbardan vaxtlı-vaxtında aqrokimyəvi maddələrin cavabdehin regionlarda yerləşən filiallarına çatdırılmaması istehsalat prosesində boşdayanmalara səbəb olmuşdur. Beləliklə, iddiaçı tərəfindən vəzifə borcunun səhlankarlıqla, etinasızlıqla yerinə yetirilməsi müvafiq iş yerində işin normal ahənginin pozulmasına səbəb olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında mərkəzin mal-material anbarında 256.045 manat məbləğində əksik gəlmə aşkar edildiyi qeyd edilmişdir. Maliyyə arayışında qeyd edilmiş həmin 256.045 manat məbləğ müəssisəyə zərər vurulduğu görüntüsü yaratmağa xidmət edir və vaxtı keçmiş malların qiymətlərini əks etdirir. Yəni, əgər həmin maliyyə arayışında qeyd olunan mallar (dərman vasitələri) istifadəyə yararlı olsaydı, onların bazar dəyəri həmin məbləğdə müəyyən edilə bilərdi. Lakin, həmin malların istifadə müddəti keçdiyindən yararsız məhsul hesab edilərək utilizasiyaya göndərilmiş, vaxtı keçmiş mallar anbarına yerləşdirilmişdir. Beləliklə, vaxtı keçmiş və istifadəyə yararsız məhsullara görə 256.045 manat məbləğində zərərin müəyyən edilməsi ağlabatan deyil. Eləcə də, nə “Mərkəzi anbarda saxlanılan aqrokimyəvi maddələrin dəqiq həcmlərinin təyin edilməsi ilə bağlı yaradılmış komissiya”nın hesabatında, nə də iddiaçı ilə bağlı verilmiş işdənçıxarma əmrində “vaxtı keçmiş” və ya “yararsız, utilizasiyaya göndərilən” sözlərindən istifadə edilməmişdir. Həmin malların yenidən satışı, istifadəsi, satılması mümkün deyildir. Onların hər hansı formada istifadəsi insan sağlamlığı və ya ətraf mühit üçün ciddi təhlükə mənbəyi ola bilər. Bu səbəbdəndir ki, həmin vaxtı keçmiş mallar anbarına yerləşdirilmişdir. Sual olunur, heç bir dəyəri olmayan və vaxtı keçmiş mallar anbarına yerləşdirilmiş malların dəyəri necə ola bilər ki 256.045 manat məbləğində müəyyən edilsin?. Real və faktiki bazar dəyəri olmayan malların oğurlanması cavabdehə (işəgötürənə) necə zərər vura bilərdi?. Cavabdeh sanki, belə təsəvvür yaradır ki, oğurlanmış mallar (dərman vasitələri) istifadə üçün yararlı və vaxtı keçməmiş dərmanlar olmuşdur. Lakin, həmin məhsullar tamamilə istifadəyə yararsız olmuşdur və onların bazar dəyəri olmamışdır. Göstərilənlərlə yanaşı, MMC-nin baş inzibati direktoru R.İsmayılov, baş əməliyyat direktoru V.Ağayev, təhlükəsizlik şöbəsinin rəisi E.Həsənov, mal-material şöbəsinin rəisi Q.Hüseynov və mal-material üzrə nəzarətçi K.Süleymanzadənin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktda 65 adda (31876275 ədəd) pestisid, gübrə və toxum istifadəyə tam yararsız olduğu üçün həmin məmulatların utilizasiya edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin, 05 sentyabr 2023-cü il tarixdə cavabdeh müəssisə tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, MMC-nin Sabirabad şəhəri, H.Əliyev prospekti 2 ünvanında yerləşən anbarında olan 65 adda istifadəyə yararsız pestisidlərin məhv edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, Cavabdeh MMC yuxarıda qeyd edilən sənədlərdə etiraf etmişdir ki, utilizasiyaya göndərilən mallar tamamilə istifadəyə yararsız olmuşdur. Bu isə həmin malların heç bir dəyərinin olmadığını və onların oğurlanmasının işəgötürənə 256.045 manat məbləğində zərər vurmadığını sübuta yetirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”na əsasən, həmin qaydalar istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsini və ya məhv edilməsini tənzimləyir. Qaydaların 2-ci bəndinə əsasən, istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qabları haqqında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra – Agentlik) məlumat verməlidirlər. Qaydaların 3-cü bəndinə əsasən, Agentlik istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti təşkilatların iştirakı ilə inventarlaşdırma komissiyası yaradır. Qaydaların 4-cü bəndinə əsasən, inventarlaşdırma komissiyası sahibkarın iştirakı ilə istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu, toksikoloji təsirini, ətraf mühitin çirklənməsi və saxlanılma vəziyyətini öyrənərək 1 ay müddətində Agentliyə rəy təqdim edir. Qaydaların 11-ci bəndinə əsasən, sözügedən zəhərli maddələr qanunvericiliklə müəyyən olunmuş qaydada toksikoloji maddələrin utilizasiyası ilə məşğul olan firmaları cəlb etməklə və ya onlar tərəfindən hazırlanmış zərərsizləşdirmə metodlarından istifadə etməklə məhv edilməlidir. Lakin, hazırkı mübahisə üzrə belə bir komissiya yaradılması barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, komissiya tərəfindən istifadəyə yararsız məhsullara (dərmanlara) baxış keçirilməmiş, beləliklə də utilizasiya prosesi qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirilmişdir. Nəticə etibarı ilə vaxtı keçmiş dərman vasitələrinin məhv edilməsinin qanunvericilikdə müəyyən edilmiş qaydaları işəgötürən (cavabdeh) tərəfindən pozulmasına baxmayaraq, sonda İddiaçı heç bir təqsiri olmadığı halda işdən çıxarılmışdır. 4. Göstərilənlərlə yanaşı, “Mərkəzi anbarda saxlanılan aqrokimyəvi maddələrin dəqiq həcmlərinin təyin edilməsi ilə bağlı yaradılmış komissiya”nın rəhbəri cavabdeh müəssisənin Təhlükəsizlik və daxili nəzarət şöbəsinin rəisi Elşən Həsənov olmuşdur. Müəssisədə törədilmiş oğurluq faktı üzrə əsas məsuliyyət də həmin şöbənin üzərində olmuşdur. Çünki təhlükəsizliyə nəzarət, müəssisədə törədilə biləcək oğurluq hallarının qarşısının alınmasına birbaşa həmin şöbə cavabdehlik daşımışdır. Lakin, məhz həmin şöbənin əməkdaşlarının iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən İddiaçı işdə olmadığı vaxt müəssisənin anbarından vaxtı keçmiş malların oğurlanması həyata keçirilmişdir. Komissiyaya rəhbər olaraq Təhlükəsizlik və daxili nəzarət şöbəsinin rəisi Elşən Həsənovun təyin edilməsi komissiyanın işində qeyriobyektivliyin olmasını açıq-aşkar göstərir. Belə ki, E.Həsənovun öz tabeliyində olan əməkdaşlar bilavasitə həmin oğurluq cinayətinin törədilməsində yaxından iştirak etmişlər. Halbuki, həmin şöbə rəhbərinin və tabeçiliyindəki əməkdaşların birbaşa əmək funksiyası müəssisədən oğurluq hallarının qarşısını almaq və belə hallarla mübarizə aparmaqdan ibarət olmuşdur. Yəni, müəssisədən edilmiş oğurluğun qarşısının alınmasında birbaşa cavabdehlik məhz komissiya sədrinin rəhbərlik etdiyi şöbənin üzərinə düşmüşdür. Belə olan halda, E.Həsənovun özü də intizam məsuliyyətinə cəlb edilmək və intizam tənbehi almaq təhlükəsi ilə üz-üzə olmuşdur. Nəticə etibarilə, E.Həsənov məsuliyyətdən yaxa qurtarmaq və intizam tənbehi almamaq üçün bütün məsuliyyəti iddiaçının, yəni anbar müdiri İddiaçı üzərinə atmış, bununla da onun işdən çıxarılmasına nail olmuşdur. Bu səbəbdən də, komissiya sədri araşdırmada marağı olan şəxs olduğundan komissiyanın araşdırması tam obyektiv olmamış və əsassız olaraq İddiaçı əleyhinə materiallar toplanmışdır. Vaxtı keçmiş mallarla bağlı anbarda olan hansı dərman vasitələrinin istifadə müddəti ötərsə, bu zaman anbardar (baş anbardar) funksional tabeçilik üzrə mal-material menecerinə məlumat verir, mal-material meneceri təsdiq etdikdən sonra həmin məhsulların vaxtı keçmiş məhsullar anbarına göndərilməsi həyata keçirilir. Mal-material üzrə menecer də funksional tabeçilik üzrə ona tabe olan anbardar və baş anbardara münasibətdə işini düzgün təşkil etməmişdir ki, 256.045 manat məbləğində mal utilizasiyaya getmişdir. Lakin, “Mərkəzi anbarda saxlanılan aqrokimyəvi maddələrin dəqiq həcmlərinin təyin edilməsi ilə bağlı yaradılmış komissiya”nın üzvlərindən biri də Malmaterial X1muşdur. Beləliklə, bu şəxs də fikirləri özündən yayındırmaq və məsuliyyətdən yaxa qurtarmaq üçün bütün pozuntularda iddiaçı anbar müdiri İddiaçı təqsirkar çıxarmış və komissiya üzvü kimi İddiaçı təqsirli hesab edilməsi onun xeyrinə, mənafeyinə uyğun olmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, mərkəzi malmaterial anbarında 256.045 manat məbləğində əksik gəlmə aşkar edilmişdir. Lakin, bu günədək həmin malların oğurlanmasında iştirak etmiş mütəşəkkil dəstə üzvləri barəsində və ya malların utilizasiyasına nəzarət etməli olan aidiyyəti əməkdaşlar barəsində nə hüquq mühafizə orqanlarına məlumat verilmiş, nə də onlara qarşı vurulmuş zərərə görə mülki iddia qaldırılmışdır. Göründüyü kimi öz izahatlarında törətdikləri cinayəti etiraf edən təqsirli şəxslərə qarşı heç bir məsuliyyət tədbiri görülməməsinə baxmayaraq, həmin pozuntuların baş verməsində heç bir təqsiri olmayan İddiaçı barəsində ən ağır intizam tənbehi verilmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Baş vermiş oğurluq hadisəsində İddiaçı iştirakı olmamış və o, planlaşdırılmış bu cinayətdən xəbərsiz olmuşdur. Həmin malların istifadə müddəti keçmişdir və onlar istifadəyə yararsız məhsullar olmuşdur, onların mərkəzi anbarın digər işçiləri tərəfindən oğurlanması da heç cavabdeh müəssisənin qanunla qorunan mənafeyinə zərər vurmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin və yazılı izahatın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X5 iddianın əsassız olduğunu qeyd edərək təmin edilməməsini xahiş etmiş, izahatında həmçinin göstərmişdir ki, poliqona məhv olunmaq üçün ümumilikdə 455591 manat dəyərində aqrokimyəvi maddələr təhvil verilməli olduğu halda, həmin maddələrin 256045 manat dəyərində olan hissəsi təhvil verilməyərək qanunsuz olaraq satılmışdır. Halbuki, Nazirlər Kabinetinin qərarına asasən bu cür maddələrin məhv edilməsi nəzərdə tutulur, onların satışa çıxarılması zəhərlənmə hadisələrinin və kütləvi insan təlafatının baş verməsinə səbəb ola bilər. Bu cür hadisəyə görə isə şirkətin məsuliyyəti yarana bilər. Ümumiyyətlə bu vəziyyət anbar müdirinin öz işinə məsuliyyətsiz yanaşmasına dəlalət edir. Anbardan 3 dəfə oğurluq edilməsinə baxmayaraq, onun yalnız yalnız yanvar ayının 14-ündə bundan xəbəri olub. Həmin tarixədək o, bu maddələrin necə daşınması, harada saxlanılması, uçotunun necə aparılması və həmin maddələrin qalığı barədə məlumatı olmamışdır. İddiaçının xx.xx.2021-ci il tarixdə vəzifə təlimatında konkret olaraq yazılıb ki, anbar müdiri anbara daxil olan məhsulların qəbuluna, qeydiyyatına və saxlanılmasına məsuliyyət daşıyır. Bundan başqa anbar qalıqları barədə məlumat almaq zərurəti olduqda, o, öz işçilərindən bu barədə məlumat əldə etməlidir va mal-material qalıqlarının əməliyyat sistemi ilə uyğunluğuna məsuliyyət daşıyır. Anbar müdirinin ișçiləri də 70-ci maddənin “ç” bəndi ilə işdən azad ediliblər və barələrində intizam tənbeh tədbiri də görülüb. İddiaçı barədə ən ağır intizam tənbehinin tətbiq edilməsinə gəldikdə isə, əvvəlla Əmək Məcəlləsinin 186-ci maddəsinə əsasən bu işəgötürənin mülahizəsinə buraxılıb. Digər tərəfdən baş vermiş hadisədə intizam xətasının dərəcəsi ağırdır. Ən azından ona görə ki, oğurluq olub, işçilər müəyyən əməllər törədiblər, amma anbar müdirinin xəbəri olmayıb. Bundan əlavə, cəmiyyət rəhbəri tərəfindən yaradılan komissiyanın hesabatında anbar hesabatlarının dəqiqliklə aparılmadığı, Cəngi poliqonuna göndərilən 6 adda məhsulun siyahı ilə uyğunluq təşkil etmədiyi, dərmanların saxlanılması zamanı növlər üzrə yerləşdirmə, adlar və istifadə müddətlərini bildirən bildiriş lövhələrinə rast gəlinmədiyi göstərilmişdir ki, bunların hamısı anbar müdiri tərəfindən təşkil edilməli idi. Amma heç biri anbar müdiri tərəfindən həyata keçirilməmişdir. Həmçinin utilizasiyaya gedən vaxtı keçmiş dərmanların içərisində istifadayə yararlı dərmanların aşkarlanması da anbar müdirinin işini düzgün qurmadığını göstərir. Necə ola bilər ki, bu məhsulların vaxtı keçmir, amma vaxtı keçmiş malların içərisində olur və bunlardan anbar müdirinin xəbəri olmur. Komissiyanın hesabatında həmçinin qalıq dərmanların balans dəyərinin 256045 manat olduğu göstərilib ki, şirkətə məhz həmin məbləğdə ziyan dəymişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarına görə, iddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə idarə aparatı üzrə anbar müdiri (mərkəzi anbar müdiri) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə isə “X14 Təlimatını” imzalamışdır. Həmin təlimatda anbar müdirinin əsas vəzifə öhdəlikləri kimi, anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanmasını təmin etmək; həm şöbə daxilində, həm də şirkətin digər şöbələrilə əlaqədə sənədləşmənin təmini; anbar təsərrüfatı üzrə istehsal proseslərini, əməyin təşkili və əmək şəraitinin öyrənilməsi, əmək məhsuldarlığının artım ehtiyatlarının aşkar edilməsi işlərinə rəhbərlik edir; anbarlarda və sahələrdə iş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fənd və metodlarından istifadə, ağır, fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması və əməyin elmi təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlərini təşkil edir; mədaxil-məxaric sənədlərin tərtib edilməsinin və təhvil verilməsinin qaydalarına riayət etməsini və hesabatların aparılmasını təmin etmək; mal-material dəyərlərinin inventarlaşdırma işlərində iştirak etmək; nəzarət etdiyi bütün işləri əvvəlcədən planlaşdırmaq, riskləri qiymətləndirmək; riskin qiymətləndirilməsi zamanı hər-hansı bir təkmilləşmənin gözdən keçirilməsindən və lazımi halda tətbiq olunmasından əmin olmaq, səlahiyyətləri kimi, anbar qalıqları barədə məlumatlar tələb etmək; anbarların inventarizasiyasının həyata keçirilməsini rəhbərliyin məlumatı əsasında tələb etmək; mal qalıqlarının hərəkəti üzrə həyata keçirilməsini tələb etmək, məsuliyyətləri kimi isə, mal-material qalıqlarının əməliyyat sistemilə uyğunluğuna cavabdehlik və mal-material qalıqların verilmiş bölgü üzrə hərəkətini təmin etmək göstərilmişdir. İşin müəyyən olunmuş digər halına görə, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 182/K saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əsası kimi işçilərin izahatlarının və cəmiyyətin icra direktorunun 51 saylı əmri ilə yaradılmış komissiyanın 15 noyabr 2023-cü il tarixli hesabatının olduğu göstərilən həmin əmrdən aydın olur ki, Mərkəzi anbarda anbar müdiri vəzifəsində çalışan iddiaçı “...anbar işinin düzgün təşkil edilməməsi, yəni anbarda mövcud olan aqrokimyəvi dərmanların uçotunun düzgün aparılmaması nəticəsində faktiki qalıq ilə anbar qalığı arasında fərqin yaranması və bununla da əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələrini yetirmədiyi...” səbəbindən işdən çıxarılmışdır. Həmin əmrə əsas təşkil edən və cəmiyyətin Mərkəzi anbarında saxlanılan aqrokimyəvi maddələrin dəqiq həcminin təyin edilməsi ilə bağlı yaradılmış Komissiyanın xx.xx.2023-cü il tarixli hesabatında, vaxtı keçmiş və istifadəyə yararsız dərmanların Cəngi poliqonuna təhvil verilən zaman Mərkəzi anbarın baş anbardarı Tural İbrahimov tərəfindən düzgün çeşidlənərək faktiki miqdar üzrə təhvil verilmədiyi, onunla poliqon rəhbəri Alim Kərimov arasında heç bir sənəd və miqdar göstərilmədən ümumi təhvil-təslim aktı imzalandığı, bunun poliqonda elektron tərəzi və işıqlandırma sisteminin olmaması ilə əsaslandırıldığı, yoxlama zamanı isə T.İbrahimovun bildirdiyi kimi utilizasiya üçün nəzərdə tutulmuş bütün dərmanların siyahı üzrə tam olaraq göndərilmədiyinin məlum olduğu, sayım nəticəsində 2647 kq/litr və 31 adda utilizasiya üçün nəzərdə tutulan dərmanların anbarda qalmasının, həmçinin (4 ədəd) 4 litr Algamek 1.8 EC 1.0 lt istifadə müddəti 06.2024 tarixdə bitəcək dərmanın aşkarlandığı, həmin dərmanın anbara mədaxil edilməsi göstərişi verilsə də, yalnız xx.xx.2023-cü il tarixdə Akt tərtib edildiyi, lakin anbara mədaxilə edilmədiyi, utilizasiya üçün nəzərdə tutulan dərmanların bir hissəsinin anbardar Nurlan Əlizadə tərəfindən göndərilmədiyi, poliqon rəhbərinin 26 adda ümumi çəkisi 9675 kq/litr dərmanın təhvil verilmədiyini bildirdiyi, xx.xx.2023-cü il tarixində yerində baxış və sayım nəticəsində 45 adda 11123 kq/litr pestisidin, 6 adda (Maksim XL 20 lt, Son Round 1 lt, Axial 5 lt, Adsız dərmanlar 22 qutuda, Pambıq toxumu 25 kq, Amafos gübrəsi 10 kq) siyahıda qeyd olunmayan məhsulların aşkanlandığı, 100 litr Plemax pestisidindən litrinin müəyyən edildiyi, qalan 90 litr barədə komissiyaya cavab verilmədiyi, müşahidə kameralarına baxış zamanı xx.xx.2023-cü il tarixdə İmişli İFT filialından daxil olmuş vaxtı keçmiş 850 lt Traktor Super EC və 290,8 kq Emarebeno 05 SG dərmanının səliqə ilə steçlənməsinə baxmayaraq, utilizasiyaya göndərilən mallar arasında həmin dərmanlara nə Cəngi poliqonunda və nə də Mərkəzi Anbarda səliqəli qablaşdırmada və sayda rast gəlinmədiyini, toplanmış məlumatların təhlilindən sonra Mərkəzi Anbarda sayım aparıldığı, bu zaman bütün qablaşdırmaların çeşidlənərək vizual və ədəd hesabı ilə yoxlanıldığı, 17 adda dərmanın hər birindən təxminən 0.4 lt olmaqla ağızlarının açılaraq yoxlama aparılması üçün AKT əsasında AQTA-ya verilməsinin, 2 ədəd (5 lt və 1lt) qabda Humat Kalium dərmanının qabının deşilərək aşmasının, 13,38 kq Amino Asid məhsulunun isə artıq olmasının, bu halın alış zamanı şirkət tərəfindən artıq göndərməsi səbəbindən yaranmasının müyyən olunduğu, sayımla bağlı digər uyğunsuzluqların aşkar edilmədiyi, kamera araşdırması zamanı isə Mərkəzi Anbarın işlərinin – baş anbardar Nurlan Əlizadənin, anbardar Rəşad Cavadzadənin, anbardar Elvin Əmənovun, gözətçi rəhbəri Südeyib Şükürovun və sürücü Etibar Sadıqovun əlbir olaraq xx.xx.2023-cü il tarixdə saat 12:47-də 17-18 palet dərmanı sataraq mənfəət əldə etmək məqsədilə GPS qurğusu olmayan 77JH823 DNN nəqliyyat vasitəsilə oğurlamalarının təsbit edildiyi, bu səbəbdən siyahı üzrə utilizasiya poliqonuna balans dəyəri 455591 manat olan vaxtı keçmiş dərman göndərilməli olduğu halda, fiziki olaraq 256045 manat balans dəyərində dərmanın göndərilməsinin müəyyən edildiyi qeyd edilmiş, o cümlədən xüsusi olaraq vurğulanmışdır ki, 1. anbar otaqlarında havalandırma sistemləri olmadığından içəridə əzilmə səbəbindən sıradan çıxmış dərman iyindən durmaq olmur. 2. Dərmanların üst-üstə yığılması səbəbindən qablaşdırmanın pozulması halları müşahidə olunur. Bu səbəbdən dərman anbarında rəflərin quraşdırılması imkanlarının dəyərləndirilməsinə zərurət var. 3. Anbarın istifadəsində olan nəqliyyat vasitələrinin hərəkət trayektoriyalarının müşahidə edilməsi zamanı məlum olmuşdur ki, 77JH823 DNN İsuzi NPR yük maşını xx.xx.2023-cü il tarixdən Mərkəzi Anbarın istifadəsinə verilsə də, bugünədək GPS avadanlığı quraşdırılmamışdır. Komissiya həmin hesabatın yekununda nəticə olaraq göstərmişdir ki, 1. Anbar hesabatlarının tam dəqiqliklə aparılmadığı müşahidə edilmişdir. 2. Cəngi poliqonuna göndərilən 6 adda məhsul siyahı ilə uyğunluq təşkil etməmişdir. 3. Dərmanların saxlanılması zamanı növlər üzrə yerləşdirmə, adlar və istifadə müddətlərini bildirən bildiriş lövhələrinə rast gəlinmədi. 4. İstifadəyə yararlı və istifadə müddəti bitmiş dərmanların qarışması və ya saxlanılması halına rast gəlindi. 5. Utilizasiyaya verilmiş dərmanların siyahı üzrə çeşidlənməməsi və dəqiq hesabatının aparılmaması ciddi uyğunsuzluqdur. 6. Utilizasiya üçün nəzərdə tutulmuş qablaşdırılması normal olan vaxtı keçmiş 31 adda, 2565.40 lt və 82 kq dərmanların bilməyərəkdən anbarda qalması inandırıcı deyil. 7. Eyni zamanda sistem üzrə qeydiyyatda 1 lt olan, istifadəyə yararlı 4 lt Algamek 1.8 EC dərmanının vaxtı keçmiş dərmanların içərisində aşkarlanması ciddi şübhələr yaradır. 8. GPS avadanlığı quraşdırılmadığı üçün 77JH823 DNN İsuzi NPR yük maşını ilə 01.08xx.xx.2023-cü il tarixi aralığında 21 dəfə dərman daşınması həyata keçirilmiş, lakin GPS izləməsi əldə etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixində GPS quraşdırılmışdır.
9. Utilizasiyaya göndərilən məhsulların əksik gəlməsi yalnız qablaşdırmanın pozulması ilə deyil, eyni zamanda anbarın məsul şəxsləri tərəfindən mənimsəmə halına yol verilməsi kimi ehtimal olunur. 10. Utilizasiya üçün nəzərdə tutulmuş dərmanlarda 10001 İt/kq əskik gəlmənin daha ətraflı araşdırılaraq hüquqi qiymət verilməsi üçün toplanmış materiallar əsasında hüquq-mühafizə orqanlarına müraciət ünvanlansın. 11. Baş vermiş oğurluq hallarının təsdiq olunmasını nəzərə alaraq, MKT-nin bütün anbarlarında baş ofisdən təyin edilmiş komissiyanın iştirakı ilə tam inventarizasiyanın aparılması məqsədəmüvafiq hesab olunur. Tərəflərin izahatlarından aydın olur ki, sözügedən komissiyanın araşdırması zamanı anbardan dərman preparatlarını çıxardaraq satmaqda şübhəli bilinən işçilərin (baş anbardar, anbardar, gözətçi və sürücü vəzifəsində çalışan və yuxarıda adları qeyd edilən şəxslərin) izahatları alınmış və həmin izahatlarında onlar bu halı etiraf etmişlər. Bu səbəbdən həmin işçilərlə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarından həmçinin aydın olur ki, araşdırma zamanı iddiaçının da izahatı alınmış, iddiaçı həmin izahatında sözügedən hadisədən xx.xx.2023-cü il tarixdə məlumatlı olduğunu, birgə çalışdıqları kollektivin onun, rəhbərliyin və təhlükəsizliyin inamından istifadə edərək dələduzluğa əl atmasının onu üzdüyünü və bundan məyus olduğunu göstərmişdir. Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. Beləliklə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə idarə aparatı üzrə anbar müdiri (mərkəzi anbar müdiri) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə “X14 Təlimatı”nı imzalamışdır. MMCnin baş inzibati direktoru, baş əməliyyat direktoru, təhlükəsizlik şöbəsinin rəisi, malmaterial şöbəsinin rəisi və mal-material üzrə nəzarətçinin tərtib etdikləri xx.xx.2023-cü il tarixli aktla, 65 adda dərman preparatlarının istifadəyə tam yararsız olduğu üçün Mərkəzi Anbarın uçot hesabından silinərək utilizasiya edilməsi məqsədəmüvafiq hesab edilmiş, xx.xx.2023-cü il tarixdə onların məhv edilməsinə köməklik edilməsi xahişini özündə əks etdirən məktubla MMC-nın adından AQTA-ya müraciət ünvanlanmış, bundan sonra istifadəyə yararsız dərmanlar utilizasiya üçün Cəngi poliqonuna göndərilsə də, müəssisə rəhbərinin əmri ilə yaradılmış komissiya tərəfindən həmin dərmanların siyahı üzrə tam olaraq göndərilmədiyi müəyyənləşdirilmiş, o cümlədən Mərkəzi Anbarın işçilərinin – baş anbardar Nurlan Əlizadənin, anbardar Rəşad Cavadzadənin, anbardar Elvin Əmənovun, gözətçi rəhbəri Südeyib Şükürovun və sürücü Etibar Sadıqovun əlbir olaraq xx.xx.2023-cü il tarixdə balans dəyəri 256045 manat olan 17-18 palet dərmanı satmaq məqsədilə GPS qurğusu olmayan 77JH823 DNN nəqliyyat vasitəsilə aparmaları təsbit edilmişdir. Həmin işçilər izahatlarında sözügedən halı etiraf etdiklərindən onlarla bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Komissiyanın araşdırması çərçivəsində iddiaçının da izahatı alınmış, xx.xx.2023-cü il tarixdə isə onun əmək müqaviləsinə anbar işini düzgün təşkil etməməsi, yəni anbarda mövcud olan aqrokimyəvi dərmanların uçotunu düzgün aparmaması nəticəsində faktiki qalıq ilə anbar qalığı arasında fərqin yaranması və bununla da əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirməməsi səbəblərindən eyni əsasla (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən) xitam verilmişdir. Hazırda iddiaçı onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olduğuna istinad edərək, həmin əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə haqq ödənilməsini xahiş edir. Cavabdehin mövqeyinə görə isə, iddiaçının əmək funksiyalarını və vəzifələrini səhlənkarlıqla yerinə yetirməsi nəticəsində müəssisəyə zərər vurulduğundan əmək müqaviləsinə düzgün olaraq xitam verilmişdir. İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük vermir. Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinin tələbinə görə isə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə hallar olaraq göstərilmişdir. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə mühüm vəzifələr qoymuşdur. ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan, ilk növbədə, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası;həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84.2-ci maddəsinə görə isə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrdən görünür ki, əmrdə iddiaçının əmək müqaviləsinə ümumi əsaslandırma ilə – onun (iddiaçının) anbar işini düzgün təşkil etməməsi, yəni anbarda mövcud olan aqrokimyəvi dərmanların uçotunu düzgün aparmaması nəticəsində faktiki qalıq ilə anbar qalığı arasında fərqin yaranması və bununla da əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirməməsi səbəblərindən xitam verildiyi göstərilsə də, bu pozuntunun xarakteri, konkret olaraq nədən ibarət olması (hansı konkret fakta əsaslandığı) və hansı nəticələrə səbəb olduğu ümumiyyətlə izah olunmamışdır. Məhkəmə hesab edir ki, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin ümumiyyətlə və ya kifayət qədər (konkret faktlar/hərəkətlər və onların hansı nəticələrə səbəb olduğu göstərilmədən) əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Cavabdeh təşkilatın məhkəmə iclaslarında iştirak edən nümayəndəsi də pozuntunun konkret olaraq nədən ibarət olmasının məntiqli izahını verə bilməmiş, ümumi şəkildə iddiaçının vəzifə öhdəliklərini səhlənkarlıqla yerinə yetirdiyini, bunun nəticəsində isə birbaşa onun tabeçiliyində olan və anbarda çalışan əməkdaşlar tərəfindən mənimsəmə və oğurluq əməllərinin törədildiyini bildirmişdir. Məhkəmənin qənaətinə görə, cavabdehin nümayəndəsinin istinad etdiyi həmin halın baş verməsində iddiaçının təqsiri olmamışdır. Ən azından ona görə ki, müəssisə rəhbərinin əmri ilə yaradılmış komissiya həmin hadisənin baş anbardar Nurlan Əlizadənin, anbardar Rəşad Cavadzadənin, anbardar Elvin Əmənovun, gözətçi rəhbəri Südeyib Şükürovun və sürücü Etibar Sadıqovun tərəfindən xx.xx.2023-cü il tarixdə - yəni, həftənin şənbə günündə törədildiyi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, həmin gün iddiaçının istirahət günü olmuşdur. Həmçinin, Komissiyanın hesabatında da göstərilir ki, oğurluqda iştirak edən bütün şəxslər Mərkəzi Anbarın müdiri İddiaçı bu işlərdən xəbərsiz olduğunu bildirmişdirlər (hesabatın 4-cü səhifəsinin 2-ci abzası). Cavabdeh özü də, iddiaçının əməlin törədilməsi ilə hər hansı birbaşa əlaqəsinin olmadığını təsdiq etmişdir. Cavabdeh etirazında iddiaçının işçilərə kifayət qədər nəzarət etməməsi nəticəsində müəssisədə oğurluq hadisəsinin baş verdiyini, buna görə həmin işçilərin işdən azad olunduğunu, yeni işçilərin tapılmasının vaxt apardığını, nəticədə anbar işinin təşkilində ciddi problemlər yarandığını, iddiaçının vəzifə borcunu səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməsinin müvafiq iş yerində işin normal ahənginin pozulmasına səbəb olduğunu qeyd etmişdir. Lakin nəzərə alınmalıdır ki, istifadə müddəti keçmiş malların digər şəxslər tərəfindən aparılması səbəbindən onların işdən azad edilməsində, bunun nəticəsində isə müəssisədə işin ahənginin pozulmasında iddiaçının hər hansı bir təqsirinin olduğu müəyyən edilmir. Faktiki olaraq digər şəxslərin törətdikləri əməllərə görə iddiaçı barəsində ən ağır intizam tənbehi tətbiq edilmişdir. Digər tərəfdən iddiaçının hər hansısa pozuntuya yol verdiyi müəyyən edilmiş olsa idi belə, qanunvericiliyin tələblərinə əsasən bu halın Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onun əmək müqaviləsinə xitam verilməsinin səbəbini təşkil edə bilməsi üçün, bunun cavabdeh müəssisədə mənfi nəticələr (yəni, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və ya işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) doğurması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun (əgər belə pozuntu varsa) Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilərdi. Xüsusilə nəzərə alınmalıdır ki, iş materiallarından utilizasiyadan yayındırılan məhsulların dövriyyədə olmaqla gəlir əldə edilməsi nəzərdə tutulan deyil, vaxtı keçərək istifadəyə yararsız hesab edildiyi üçün məhv edilməsi nəzərdə tutulan məhsullar olduğu aydın olur. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olubolmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, 2019-cu ildən müəssisədə işləməsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Halbuki MMC-yə məxsus məhsulları qanunsuz daşıyan şəxslər müəyyən edilmiş, cavabdehin izahatına əsasən iddiaçı həmin məhsulların daşınmasında hər hansı bir formada iştirak etməmiş, buna baxmayaraq, onun barəsində qanunsuz hərəkətləri həyata keçirən digər şəxslərlə eyni tənbeh tədbiri (əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək) tətbiq edilmişdir. Bu isə əmək münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında təmin edilməsi və mütənasiblik kimi prinsiplərin pozulması ilə nəticələnmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 182/K nömrəli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-nin Mərkəzi anbarında Anbar müdiri vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.3-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Bu mənada məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Cavabdeh MMC-nin 23 noyabr 2023-cü il tarixli, 182/K nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəllər tutduğu Mərkəzi anbarda Anbar müdiri vəzifəsinə bərpa edilsin və ona 23 noyabr 2023-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərgiz Tağıyeva