Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-996/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) “məzuniyyət haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4.656 manat məbləğində ödənilməmiş məzuniyyət pulunun və 67 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğinin, cəmi 4.723 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixli əmrlə Cavabdeh MMC-yə satış üzrə menecer vəzifəsinə işə qəbul olunmuş və bununla bağlı tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə üzrə üzərinə düşən vəzifələr tərəfindən layiqincə icra edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən onu işdən azad etmişdir. Bununla belə, bir təşkilatda işlədiyi 8 il ərzində ona məzuniyyət pulu ödənilməmişdir. Son haqq-hesab ödənildikə isə məlum olub ki, Şirkət ona həmin məzuniyyət pulunu verməyib. Və bununla bağlı tərəfindən müraciətləri nəticə vermədiyindən aidiyyəti üzrə Əmək Müfəttişliyinə şikayət etməli olub. Şikayəti əsaslı olduğuna görə isə (İXM-nin 192.4-cü maddəsinin tələbləri pozulmuşdur) Cavabdeh MMC barəsində MN № ******* olan inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmə qərarı verilib. Yuxarıda göstərilənlərə baxmayaraq Cavabdeh MMC bu gün də ona ödənilməmiş məzuniyyət pulunu verməkdən imtina edir. Qanunvericiliyin tələbinə görə tərəfindən aidiyyəti üzrə Mediasiya Təşkilatına müraciət olunaraq mübahisənin həll edilməsini xahiş etmişdi. Lakin, Cavabdeh MMC imtina etdiyinə görə mediasiya təşkilatı ona arayış təqdim etmək məcburiyyətində qalıb. Cavabdeh MMC tərəfindən ona işlədiyi dövr üzrə məzuniyyət pulunun ödənilməməsi tam qanunsuz olmaqla onun konstitusion hüquqlarını pozur. Onun əmək haqqı aylıq 650 manat olmaqla, (çıxılmalar nəzərə alınaraq) hesaba köçürülən 582 manat təşkil etmişdir. Və ən azından 21 təqvim günü məzuniyyəti nəzərə almaqla 8 il ərzində bu 168 gün təşkil edir. Beləliklə də, 8 il x 582 manat = 4,656 manat ödənilməmiş məzuniyyət pulu Cavabdeh MMC-dən alınaraq ona ödənilməlidir. Cavabdeh MMC-dən onun xeyrinə 4.656 manat məbləğində ödənilməmiş məzuniyyət pulunun tutulmasına dair qətnamə qəbul edilməlidir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Cavabdeh MMC-nin hazırki rəhbərliyi hüquqi şəxsin 2017-ci ildə təsis payını almışdır. "xxxx" ASC-nin İddiaçı aid bank hesabından çıxarışdan da göründüyü kimi Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixdə 683,76 manat məzuniyyət pulu ödəniş edilmişdir. Hesabdan çıxarışdan da göründüyü kimi həmin dövr ərzində İddiaçı əmək haqqı 187,70 manat təşkil etmişdir. Cavabdeh MMC-nin hazırki rəhbərliyi tərəfindən hüquqi şəxsin 2017-ci ildə təsis payı əldə ediləndən sonra 57/K-2017 fm saylı xx.xx.2017-ci il tarixli əmr ilə İddiaçı xx.xx.2014-cü il - xx.xx.2017-ci il ərzində 87.5 təqvim günü hesablanmış 683,76 manat məzuniyyət pulu ödənilmişdir. Cavabdeh MMC-nin 37m-3/fm-2018 saylı xx.xx.2018-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə iyun ayı üzrə 167,32 manat məzuniyyət pulu ödənilmişdir. Cavabdeh MMC-nin 31m/fm-2019 saylı xx.xx.2019-cu il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə iyun ayı üzrə 415,86 manat məzuniyyət pulu ödənilmişdir. Cavabdeh MMC-nin 69m-5/-2020fm saylı xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə noyabr ayı üzrə 562,04 manat məzuniyyət pulu ödənilmişdir. Cavabdeh MMC-nin 26m-3/fm-2021 saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə iyun ayı üzrə 567,25 manat məzuniyyət pulu ödənilmişdir. Cavabdeh MMC-nin 60/2022f saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən İddiaçı 406,47 manat məzuniyyət pulu ödənilmişdir. Yuxarıda göstərilən əmrlərdən göründüyü kimi İddiaçı tərəfindən məzuniyyətə çıxarılması ilə bağlı ərizə ilə Cavabdeh MMC-yə müraciət edilmiş və müraciətləri ilə bağlı müvafiq əmrlər tərtib edilərək ona məzuniyyət pulları ödənilmişdir. Bundan başqa iddiaçının Cavabdeh MMC-nin direktoru X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tərtib edilmiş MN № ******* nömrəli xx.xx.2022-ci il tarixli protokola istinad etməsi isə əsassızdır. Belə ki, həmin protokolda pozuntunun hansı dövrü əhatə etməsi ilə bağlı heç bir bənd qeyd edilməmişdir. Göründüyü kimi həmin maddənin tərkib hissəsi olaraq çox sayda pozuntular sadalanır. Həmin protokolda isə məhz məzuniyyət haqlarının verilməsinə dair xüsusi qeyd yoxdur. İddiaçının öz mövqeyini sübut edə biləcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tələb etdiyi müddət ərzində məzuniyyət hüququndan istifadə etmədiyini bildirmiş olsa da, bu işdə olan sübutlarla təkzib olunur. İddiaçının məzuniyyət haqqında ərizəsinin və müvafiq əmrin olması iddianın əsassızlığını sübut edir. Bundan başqa məzuniyyət hüququndan istifadə etməmişdirsə, qeyd edilən müddət ərzində də hüquqlarının pozulması ilə bağlı müraciət edə bilərdi. Lakin şikayət məhz işdən azad olunduqdan sonra verilmişdir. İddiaçının mövqeyi əsassızdır. Beləliklə o, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, 8 il işlədiyi dövrdə ona 21 günlük məzuniyyət yazılsa da, 2-3 gün onlara icazə verilirdi, qalan günləri onlar işləyirdilər. Onlar hər gün işə giriş və çıxışlarda tabelə imza ediblər. 2021-2022-ci illərdə isə barmaq izi ilə işə gəlirdilər. Həmin sənədlər təqdim edilsə idi, onun məzuniyyət vaxtı da hər gün işə gəlib-getməsi öz təsdiqini tapardı. Onlar il ərzində ən yaxşı halda maksimum 7 gün məzuniyyətə çıxa bilərdilər. O da hamısını eyni anda deyil, ərizə əsasında 2-3 gün olaraq çıxırdılar. Məzuniyyət istəyəndə iş yerindən əlyazma ilə ərizə istəyirdilər. Cavabdeh həmin ərizələri təqdim etməyib. 2016-cı ildən 650 manat maaş alıblar. Cavabdeh bildirir ki, 683 manat məzuniyyət pulu verilib, o, üç aylıq əmək haqqları idi. Belə ki, “Nurgün” şirktində 3 ay işləyiblər, “NBC” bankda onlara kart hesabı açılıb, 387 manat Cavabdeh MMC-nin də onlara verəcəyi var idi, o, həmin puldur, məzuniyyət pulu deyil. Məzuniyyət pullları ilə bağlı həmişə müraciət edəndə ona deyirdilər ki, son haqq-hesab ödənildikdə veriləcək. O, işin məhkəməyə getməsini istəməsə də, cavabdeh onunla pulun ödənilməsi ilə bağlı hər hansı bir razılıq əldə etməmişdir. Beləliklə o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, şirkətdə 2017-ci ildə təsisçi dəyişikliyi olub. Əmək haqqı 187 manat idi. İddiaçıya 2017-ci ilin 27 sentyabrında 683 manat üç illik məzuniyyət hesablanaraq verilmişdir. Ondan sonrakı dövrdə əmrlər var, məzuniyyət pulları köçürülüb. İnzibati tənbeh tətbiqi ilə bağlı qərarda isə qeyd edilmir ki, pozuntu konkret nəyə görə olub.1 gün belə gecikmə olarsa inzibati tənbeh tətbiq edilə bilər. Bu, 8 ildə məzuniyyət pulunun ödənilmədiyi anlamına gəlmir. Əmrlər, köçürmələr, ərizələr bunu təsdiq edir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ******* nömrəli, xx.xx.2014-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdeh MMC-də satış üzrə menecer vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixində sifariş üzrə agent vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə isə ƏM-in 68-ci maddəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilmişdir; - Cavabdeh MMC-nin 57/k-2017 saylı, xx.xx.2017-ci il tarixli əmrinin surətindən görünür ki, cəmiyyətin satış meneceri İddiaçı xx.xx.2017-ci il tarixdən AR Əmək Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun olaraq sifariş üzrə agent vəzifəsinə keçirilməsi, xx.xx.2014-xx.xx.2017-ci il dövrü üzrə istifadə edilməmiş məzuniyyətə görə 87,5 təqvim günü müddətinə pul əvəzinin ödənilməsi əmr edilmişdir; - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “sifariş üzrə agent” vəzifəsinə aylıq əmək haqqı 200 manat olmaqla işə qəbul edilmişdir. Əsas məzuniyyətin müddəti 21 təqvim günüdür; - İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2017-xx.xx.2018-ci iş ilinə aid növbəti məzuniyyətin verilməsini xahiş etmişdir; - Cavabdeh MMC-nin 37/m/fm-2018 saylı, xx.xx.2017-ci il tarixli əmrinin surətindən görünür ki, cəmiyyətin sifariş üzrə agenti İddiaçı xx.xx.2017-xx.xx.2018-ci iş ili üçün xx.xx.2018-ci il tarixdən 21 təqvim günü müddətində növbəti məzuniyyətin verilməsi qərara alınmışdır. O, xx.xx.2018-ci il tarixdən işə başlamalıdır; - İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2018-xx.xx.2019-cu iş ilinə aid növbəti məzuniyyətin verilməsini xahiş etmişdir; - Cavabdeh MMC-nin 31m/fm-2019 saylı, xx.xx.2019-cu il tarixli əmrinin surətindən görünür ki, cəmiyyətin sifariş üzrə agenti İddiaçı xx.xx.2018-xx.xx.2019-cu iş ili üçün xx.xx.2019-cu il tarixdən 21 təqvim günü müddətində növbəti məzuniyyətin verilməsi qərara alınmışdır. O, xx.xx.2019-cu il tarixdən işə başlamalıdır; - İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2020-xx.xx.2021-ci iş ilinə aid növbəti məzuniyyətin verilməsini xahiş etmişdir; - Cavabdeh MMC-nin 26m-3/fm-2021 saylı, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, cəmiyyətin sifariş üzrə agenti İddiaçı xx.xx.2020-xx.xx.2021-ci iş ili üçün xx.xx.2021-ci il tarixdən 21 təqvim günü müddətində növbəti məzuniyyətin verilməsi qərara alınmışdır. O, xx.xx.2021-ci il tarixdən işə başlamalıdır; - İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2019-xx.xx.2020-ci iş ilinə aid növbəti məzuniyyətin verilməsini xahiş etmişdir; - Cavabdeh MMC-nin 69m-5/fm-2020fm saylı, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, cəmiyyətin sifariş üzrə agenti İddiaçı xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün xx.xx.2020-ci il tarixdən 27 təqvim günü müddətində növbəti məzuniyyətin verilməsi qərara alınmışdır. O, xx.xx.2020-ci il tarixdən işə başlamalıdır; - İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdən öz xahişinə əsasən işdən azad edilməsini xahiş etmişdir; - Cavabdeh MMC-nin 60/2022f saylı, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, cəmiyyətin sifariş üzrə agenti İddiaçı xx.xx.2022-ci il tarixdən öz xahişinə əsasən, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndinin tələblərinə uyğun olaraq işdən azad edilməsi və ona xx.xx.2021-xx.xx.2022-ci il dövrü üzrə istifadə edilməmiş 19.25 təqvim günü müddətində məzuniyyətə görə pul əvəzinin ödənilməsi qərara alınmışdır; - İnzibati xəta haqqında MN seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, İddiaçı əmək və məzuniyyət haqlarının ödənilməsində əmək qanunvericiliyinin tələbləri pozularaq İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir; - Bakı Şəhəri Nərimnaov Rayon Məhkəməsinin 2(005)-996/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı məzuniyyət haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, mülki iş müvafiq ekspert rəyinin alınması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə iki dəfə göndərilmiş, lakin hər ikisində ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixli əmrlə Cavabdeh MMC-yə satış üzrə menecer vəzifəsinə işə qəbul olunmuş, daha sonra xx.xx.2017-ci il tarixdən sifariş üzrə agent vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı məzuniyyətə rəsmi olaraq çıxsa da, faktiki olaraq işə gəldiyini, məzuniyyət pulunun və ya onun əvəzi olan kompensasiyanın ödənilmədiyini əsas gətirərək, 4656 manat məbləğində pulun cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23, 24-cü maddələrində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ, eləcə də məzuniyyət hüququ və məzuniyyət haqqının ödənilməsini tələb etmək hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini əks etdirir. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (2-ci maddənin 3-cü hissəsi). Əmək Məcəlləsinin 154.2-ci maddəsinə görə, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Əmək Məcəlləsinin məzuniyyət hüququnun həyata keçirilməsi qaydalarını müəyyən edən normalarına əsasən, işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (Əmək Məcəlləsinin 87.5, 140.5, 135.2, 143.2 və 144.2-ci maddələri). Əmək Məcəlləsinin 83.2 və 172.4-cü maddələrinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Hazırki iş üzrə iddiaçı cavabdeh təşkilatda işlədiyi 8 il ərzində əmək məzuniyyətinə çıxmaq barədə ərizələr yazsa da, faktiki olaraq işə gəldiyini, eləcə də məzuniyyət haqqı və ya istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin verilmədiyini bildirir. Məhkəmə tərəfindən ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilmiş, mülki iş iki dəfə Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, lakin zəruri sübutlar təqdim edilmədiyindən ekspertizanın keçirilməsindən imtina edilmişdir. Ekspert vəsatətləri dəfələrlə cavabdeh tərəfə göndərilsə də, sübutların məhkəməyə təqdim edilməsi tələb edilsə də, cavabdeh ekspertizanın keçirilməsi üçün bütün zəruri sübutları təqdim etməmişdir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına bağlanan hüquqi nəticədən fayda görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarda istisna qayda müəyyən edir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Hazırki iş üzrə cavabdehin, xx.xx.2014-xx.xx.2022-ci illər üzrə iş vaxtının tabel uçotu, hesablanmalı olan əmək haqqı, məzuniyyət haqqlarının ödənilməsi ilə bağlı digər sübutları məhkəməyə təqdim etmək vəzifəsi olmuşdur. Bu hüquqi mövqedən çıxış edən məhkəmə müvaqif sənədlərin təqdim edilməsi məqsədi ilə tərəfə dəfələrlə məhkəmə sorğusu göndərsə də, sübutlar tam şəkildə təqdim edilməmiş, bu səbəbdən ekspertiza keçirilməsi, məzuniyyət haqllarının və ya onun pul əvəzinin tam şəkildə ödənilib-ödənilməməsi, ödənilməmişdirsə, hansı məbləğdə borcun mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Əvvəlki illərdə hansı məbləğdə məzuniyyət pulunun ödənilməsi və s. barədə məlumatların (müvafiq əmrlər, işçilərin iş vaxtının aylıq uçot cədvəl və s.) işəgötürəndə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin sübutlar cavabdeh tərəfindən tam şəkildə təmin edilmədiyindən, iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında tələb edilən məbləğ müəyyən olunmuş hesab edilməlidir. O da qeyd edilməlidir ki, cavabdeh əvvəlki dövrlər üzrə zəruri sübutların onlarda olmaması səbəbindən təqdim edilməsinin mümkünsüzlüyünü bildirsə də, məhkəmə bununla bağlı qeyd edir ki, bu hal yaranmış hüquq münasibətlərində daha zəif tərəf olan işçinin ziyanına şərh edilməməlidir. Belə ki, əmək münasibətlərində işəgötürən işçiyə münasibətdə daha çox imkanlara, o cümlədən inzibati imkana malikdir və bu baxımdan, işəgötürənin inzibati idarəçiliyi ilə bağlı halları sübut etmək yükünün işçinin üzərinə qoyulması hüquq bərabərliyinin, mənafelərin haqqədalətlə təmin olunması prinsipləri ilə ziddiyyət təşkil edir. Hazırki halda iddia tələbinin əksini sübut etmək vəzifəsinin cavabdehdə olmasını, cavabdehin həmin halı mötəbər sübutlarla təkzib edə bilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 2014-2022-ci illər üçün ödənilməmiş əmək məzuniyyəti haqqının (və ya pul əvəzinin) tutulması barədə iddia tələbi təmin edilməlidir.Tutulacaq məbləğlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində məzuniyyət müddətini hər il 21 gün olmaqla, 8 il üçün ümumilikdə (halbuki müəyyən dövr üzrə əmrlərdə 27 gün qeyd olunmuşdur) 4656 manat pul tələb edir. Məhkəmə qeyd edir ki, 8 il üzrə ödənilməyən məzuniyyət haqqının məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və bu məbləğin məhkəmə tərəfindən hesablanması mümkün olmadığından, Mülki Prosessual Məcəllənin 97.5 və 106.2-ci maddələrinin tələbinə uyğun olaraq həmin məbləğ müəyyən edilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmçinin qeyd olunmalıdır ki, X2 tərəfindən 22 sentyabr 2022-ci il tarixli protokolla cavabdeh barəsində İddiaçı təqdim etdiyi əmək haqqına dair bank çıxarışı əsasında əmək və məzuniyyət haqlarının ödənilməsində əmək qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən edilmiş və cavabdeh barəsində inzibati tənbeh tətbiq edilmişdir. Cavadehin bank çıxarışına əsasən xx.xx.2017-ci il tarixində 87,5 təqvim günü üçün 683.76 manat məzuniyyət haqqının ödənilməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin pulun əvvəlki aylar üzrə ödənilməmiş əmək haqqı olduğunu, məzuniyyət formal rəsmiləşdirilsə də işə gəlib getdiyini, gələrkən hər gün qol çəkdiyini, daha sonra isə kart, barmaq izi vuraraq işə gəldiyini, il ərzində ən çoxu əlyazma ilə ərizə yazaraq 7 gün müddətində məzuniyyətə çıxdığını bildirmişdir. Digər tarixlərə ödənilmiş və məzuniyyət dövrü ilə ilə üstüstə düşən məbləğlərə münasibətdə iddiaçı həmin məbləğin əmək haqqı olduğunu, əmək haqqı məbləği ilə eynilik təşkil etdiyini, bunun isə mümkünsüz olduğunu bildirmişdir. Göründüyü kimi, tərəflərin etirazlarının qanunauyğun şəkildə araşdırılması yalnız xüsusi biliyə malik ekspertin rəyi əsasında mümkün ola bilərdi. Məhkəmə tərəfindən qeyd edilən halları təkzib edən sübutların, eyni zamanda məhkəmə ekspertizasının aparılması üçün zəruri olan sənədlərin cavabdeh tərəfindən təqdim edilməsi üçün kifayət qədər çox vaxt verilərək lazımi şərait yaradılmasına baxmayaraq, o, sübutları tam şəkildə təqdim etməmiş, bununla həm obyektiv, tam və hərtərəfli məhkəmə araşdırmasına mane olmuş, həm də mülki iş üzrə icraatın xeyli müddət uzanmasına səbəb olmuşdur. Beləliklə, cavabdeh ekspertizanın keçirilməsinə mane olduğundan, yəni ekspertizanın keçirilməsi üçün zəruri sənədləri tam şəkildə təqdim etmədiyindən məhkəmə, ekspertiza təyin edilən faktı – məzuniyyət haqlarının məbləğini təsdiq olunmuş hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Dövlət rüsumu ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 67 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə uyğun olaraq, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə görə isə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki iş üzrə iddiaçı tərəfindən 67 manat dövlət rüsumu ödənildiyindən, məhkəmə prosessual qənaət prinsipi baxımından hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara və işin hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 4.656 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 67 manat pul, cəmi 4723 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5, 106.2, 216-220, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 4.656 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 67 manat pul, cəmi 4723 (dörd min yeddi yüz iyirmi üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-996/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-996/2023
27.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver